Paralel. - 2018.- 28 sentyabr. - ¹ 164. - S. 10.

 

Tolerantlıq həm milli, həm də bəşəri məsələdir

 

Azərbaycandakı tolerant mühiti bu həqiqəti özündə əks etdirir

 

 Azərbaycan həm milli, həmdə dini müxtəlifliklər baxımında çox mürəkkəb coğrafi məkanda yerləşir. Ölkəmizdə bütün səmavi dinlərə sitayiş edən insanlarla yanaşı, həm də 30-dan çox azsaylı xalq və etnoslar məskunlaşıb. Bu səbəbdən də, Azərbaycanda dini və milli mənsubluq baxımından kifayət qədər həssaslıq var. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan dini və milli tolerantlıq baxımından dünya dövlətləri arasında lider ölkələr sırasındadır.

Zaman-zaman dünyanın müxtəlif ölkələrində fərqli dinlər, təriqətlər arasında ixtilaflar, qarşıdurmalar müşahidə olunsa da, ölkəmiz tarixin heç bir dönəmində belə hallarla qarşılaşmayıb. Bu da heç şübhəsiz ki, Azərbaycan xalqının tolerintlığında və dövlətimizin yürütdüyü mükəmməl dini və milli siyasətindən irəli gəlir. Azərbaycanda bütün səmavi və qeyri-səmavi dinlərin nümayəndələrinin ibadət evlərinin olması da, bunun bariz nümunəsidir. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanların münasibətlərinin qarşılıqlı hörmət əsasında formalaşması, artıq Azərbaycanı bütün dünyaya tolerantlıq nümunəsi kimi tanıdıb.

Hazırda istənilən cəmiyyətdə sabitlik və təhlükəsizliyin mövcudluğunu şərtləndirən əsas amillərdən biri də, dini dözümlülük, müxtəlif dinlərə sitayiş edən insanların birgəyaşayışa hörmət etmələridir. Son zamanlar sosial fenomenə çevrilən dini tolerantlıq həm də multikulturalizmin əsas təzahür elementlərindən birinə çevrilib. Azərbaycanı digər ölkələrlə müqayisə edərkən, onun modern tərəqqi yolunda irəlilədiyini, yüksək dini tolerantlığın artıq mədəniyyətimizin ayrılmaz tərkib hissəsinə çevrildiyini əsas xüsusiyyət kimi göstərmək olar.

Qloballaşan dünyada milli-mənəvi dəyərlər, mədəni fərqliliyin qorunub-saxlanması və gələcək nəsillərə ötürülməsi vacib olduğu qədər də çətindir. Multikulturalizm məkanı sayılan Azərbaycan tolerantlığı isə dözümlülüyü ilə bərabər, özünəməxsus mədəniyyəti ilə dünya ictimaiyyətinin nəzərini cəlb edir. İstər dini, istərsə də milli və etnik mədəniyyət müstəvisində tolerant bir xalq olan Azərbaycan xalqı özünə mənsub olan və ölkəmizin qanunlarını pozmayan istənilən milli-mənəvi dəyərlərin daşıyıcılarına hörmətlə yanaşır. Ölkəmizdə kiminsə dini əqidəsinə, milli mənsubiyyətinə görə təzyiqə məruz qalması faktı yoxdur. Özünəməxsus dini və milli ənənələri olan Azərbaycanda yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır, eyni zamanda bu dəyərlərin qorunub inkişaf etdirilməsinə şərait yaradılır.

 Azərbaycanın dövlət strukturlarında, rəhbər orqanlarda və digər qurumlarda müxtəlif xalqların nümayəndələri təmsil olunurlar. Bu da Azərbaycanda bütün xalqlara bərabər münasibətin təcəssümüdür.

Çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Azərbaycan xalqı, bu dəyərləri özünün həyat tərzinə çevirməyi bacarıb. Azərbaycanın tolerant dövlət kimi formalaşması, multikultural dəyərlərə böyük önəm verməsi və mövcud sahədə apardığı uğurlu siyasət, artıq dünya birliyi tərəfindən də uğurlu bir nümunə kimi təsdiq olunub. Bu mənada, qlobal səviyyədə baş verən antisemitizm və dözümsüzlük hallarının aradan qaldırılmasında, multikulturalizmin Azərbaycan modeli uğurla tətbiq edilə bilər. Bütün dinlərə, mədəniyyətlərə əsrlər boyu hörmətlə yanaşan Azərbaycanda bütün millətlər və din mənsubları rahat yaşayır və öz adət-ənənələrinə, dinlərinə sadiq qala bilirlər.

Ölkəmizdə tarixən mövcud olan tolerant və multikultural ənənələr həm də hüquqi və siyasi müstəvidə tam təsdiqini tapıb. Azərbaycanda mövcud olan tolerantlıq, bütün dünyəvi dinlərin burada sərbəst fəaliyyət göstərməsi, ölkəmizin dünyəvi dövlət imicini formalaşdırır və bir vizit kartı rolunu oynayır. Bu da imkan verir ki, Azərbaycan yüksək mədəniyyətə malik tolerant dövlət kimi humanitar sahələrdə beynəlxalq tədbirləri gerçəkləşdirsin. Bu tədbirlərdə müzakirə olunan dəyərlər həm ölkə daxilində, həm də ölkə xaricində insanlara sülh, əmin-amanlıq, qarşılıqlı hörmət bəxş etməyə yönəldilib.

Müasir beynəlxalq münasibətlər sistemi çərçivəsində dünyanın hər bir nöqtəsində yaşayan insanların gələcək inkişafının konturlarının müəyyənləşdirilməsində, bu istiqamətdə elmi nailiyyətlərin müzakirəsində "Bakı prosesi" hərəkatı beynəlxalq platforma olaraq mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu platformanın mərkəzinə çevrilməsində Bakı humanitar forumlarının, son on ildə keçirilən müxtəlif beynəlxalq konfrans və tədbirlərin də çox böyuk rolu var və ölkə siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

 Prezident İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında bu tədbirin Azərbaycanda təşkilinin təbii hal olduğunu qeyd edib: "Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, ölkəmiz bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olub. Bu gün müstəqil Azərbaycan dövləti də öz siyasətini bu möhkəm təməl üzərində qurur".

Buna görə də yeni əsrin Azərbaycanı bu münasibətlər sistemini özündə cəmləşdirərək müasir dünyanın tolerantlıq simvollarından birinə və digər cəmiyyətlər üçün örnək modelinə çevrilib.

Dinlər arasında əmin-amanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkədə həm də demokratik dəyərlərin tərəqqisinə yol açıb. Yeni geosiyasi düzəndə slavyançılıq, avrasiyaçılıq, İslam, türkçülük, Avropa dəyərləri kimi axınların kəsişməsində yerləşən Azərbaycanın tolerant mühiti, multikultural və dözümlülük dəyərləri ölkəmizi bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirib.

Ölkəmizdə keçirilən bütün tədbirlərdə tolerantlıq və multikulturalizm  dəyərlərinin hansı səviyyədə təbliğ olunması açıq müzakirə predmetinə çevrilir və böyük diqqət cəlb edir. Belə tədbirlərdən biri kimi, bu ilin iyul ayında "Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin keçirdiyi tədbiri misal göstərmək olar. Tədbir Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi" layihəsinin icrasının başa çatdırılması münasibətilə həyata keçirilib.

Layihənin məqsədi cəmiyyətdə tolerantlıq dəyərlərinin daha geniş təşəkkül tapmasına yardım göstərmək olub. Layihə çərçivəsində Bakı şəhərində gənclər, tələbələr, vətəndaş cəmiyyəti fəalları, sosial şəbəkələrin fəal istifadəçiləri, qrup və səhifələrinin idarəçiləri, KİV əməkdaşları üçün "Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti" mövzusunda üç təlim keçirilib. Bu mövzuda keçirilən təlimlər yüksək təmsilçiliyi ilə diqqət çəkib. Təlimlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İlahiyyat İnstitutunun təmsilçiləri, AMEA-nın Fəlsəfə və Tarix institutlarının alimləri, nüfuzlu ilahiyyatçılar, ictimai fəallar, QHT rəhbərləri məruzəçi kimi dəvət olunublar. Təlimlər həmçinin, bu mövzularla yanaşı, ekspertlər, ilahiyyatçılar, vətəndaş cəmiyyəti fəalları arasında "Dövlətin din siyasəti necə olmalıdır?", "Tolerantlıq terminini Azərbaycan dilində hansı sözlə əvəz etmək olar?", "İslam dinində tolerantlıq ənənələri və İslam peyğəmbərinin bununla əlaqədar şəxsi nümunələri necə olub?", "Tolerantlıq Qərb ölkələrində necə başa düşülür?", "Yanaşma dəyişibmi?" kimi aktual suallar ətrafında müzakirələr və fikir mübadiləsi ilə fərqlənib. Layihə çərçivəsində təlim iştirakçılarından ibarət "Tolerant Azərbaycan" şəbəkəsi yaradılıb. Şəbəkənin sosial şəbəkələrdə səhifə və qrupu da yaradılıb. Şəbəkə üzvləri Azərbaycanın tolerant ölkə kimi tanıdılması, tolerantlıq ideya və dəyərlərinin təbliğ olunması istiqamətində fəaliyyət göstərəcək. Şəbəkənin yaradılmasının və onun vasitəsilə şaxələndirilmiş maarifçilik işinin aparılmasının gənclərin tolerantlıq dəyərlərini daha yaxşı anlamasına, təbliğinə əhəmiyyətli töhfə verəcəyi qeyd edilib.

Avqust ayının 17-də Naxçıvan MR, Culfa rayon icra hakimiyyətində "Multikulturalizm və dini məsələlər" mövzusunda keçirilən tədbirdə isə milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə xüsusi önəm verildiyi, dini bayramların yüksək səviyyədə keçirildiyi qeyd edilib. Naxçıvanda məscidlərdə İslam dininin əsaslarına uyğun olaraq ibadətlərin təşkil edildiyi, yeni mərasim evlərinin tikilərək istifadəyə verildiyi söylənilib. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi isə bu qədim diyardakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürü kimi dəyərləndirilib. Qeyd edilib ki, bu əlamətdar hadisə tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi tanınan Naxçıvanda İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadıldığını göstərir.

Beləliklə, hər bir dövlət üçün həm milli, həm də ümumbəşəri məsələ olan tolerantlıq Azərbaycanda mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi, tarixən dinlərin və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan ərazisində məskunlaşan dini-etnik qruplar burada özlərini heç zaman yad hiss etməyib. Onlar yerli əhali ilə qaynayıb-qarışaraq çox rahat yaşayıblar. Dini dözümlülüyün, tolerant mühitin formalaşdığı Azərbaycanda dövlət-din siyasəti daha da möhkəmlənib. Vətəndaşların vicdan azadlığı hüququ birbaşa Konstitusiyada "Dini etiqad azadlığı haqqında" qanunla təsbit edilib.

Bu gün dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində irəliləyişlər baş verir. Bunun əyani nümunəsi də, Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla yanaşı, xristian və yəhudi məbədlərinin də təmir və tikintisinə dövlətin yaxından dəstək verməsidir.

 

“Paralel”in Araşdırma Qrupu