Paralel. - 2018.- 27 sentyabr. - ¹ 163. - S. 10.

 

Multikultiralizmin Azərbaycan təcrübəsi dünyada tədqiqat obyektinə çevrilib

 

Qərb miqrasiya prosesinin sürətlənməsi nəticəsində yaran disbalansı miqrantları asimilyasiya etməklə aradan qaldırmağa çalışır

 

 Müasir Azərbaycan dünyada sayca çox az ölkələrdən biridir ki, onun  üçün multikulturalizm dövlət təbliğatının deyil, dövlət siyasətinin əsas elementidir.

Qloballaşan dünyamızda multikulturalizm fəlsəfəsinin müxtəlif formada qəbul olunduğunu görünük. Məsələn, Qərbi Avropada multikulturalizmin əsas ideyası şəxsiyyəti heçə endirmək, onu fərddən ortabab insana çevirmək, ona hansısa süni dəyərləri və ya davranış qaydalarını zorla qəbul etdirməkdən ibarətdir.

Azərbaycanda isə multikulturalizm tamamilə təbii dəyərdir. Onun əsas ideyası şəxsiyyətin öz imkanlarını maksimum reallaşdırmasına şərait yaratmaqdır. Multikulturalizmin Azərbaycan və Avropa modelləri arasında əsas prinsipial fərq də, məhz budur.

Rusiyanın tanınmış siyasi anlitiki, tarix elmləri üzrə fəlsəfə doktoru, Oleq Kuznetsov Bakıda keçirilən "Erməni terroru Azərbaycan multikulturalizminə qarşı: 1918-1920" mövzusunda beynəlxalq konfransda iştirakı zamanı mətbuata veridyi açıqlarmalarında da qeyd edib ki, multikulturalizm mövzusu Azərbaycan üçün formal yox, təbii bir prosesdir. Bunu sübutu üçün bir faktı göstərmək kifayətdir ki, Azərbaycanda hər il multikulturalizm ideyası, multikulturalizm dəyərlərinin təbliği ilə bu və ya digər şəkildə bağlı olan çoxsaylı tədbirlərə ev sahibliyi edir.

Azərbaycanda bir neçə elmi mərkəzdə, o cümlədən Azərbaycan Dillər Universitetində həm multikulturalizm ideyaları öyrənilir, həm də multikulturalizmin Azərbaycan modelinin bütün dünyada anlaşılan və əlçatan olması üçün güclü nəzəri baza yaradılıb. Azərbaycan bu yolla həm Qərb ideologiyasının, Qərb təbliğatının müəyyən intellektual alternativini yaradır, həm də Azərbaycan cəmiyyətinin öz daxili qanunları üzrə inkişaf etməsinə, özünün milli maraqlarını nəzərə almasına imkan verir.

Bu baxımdan, multikulturalizm bir yaşam tərzi olaraq, beynəlxalq əlaqələrin, dini və milli münasibətlər zəminində əməkdaşlığın yaradılmasında mühüm əhəmiyyət kəsb edir. Bu gün, artıq daha çox ölkələr, xalqlar, müxtəlif beynəlxalq qurumlar, dini təsisatlar, insanlar dərk edirlər ki, kütləvi qırğın silahlarının durmadan artdığı, dövri olaraq baş verən iqtisadi və maliyyə böhranı şəraitində mövcud olmaq, inkişaf etmək, sosial rifahı təmin etməyin yeganə yolu əməkdaşlıq, mədəniyyətlərarası dialoqdur. Bu amillərin də təməli multikulturalizmə nail olmaq, onu yaşam tərzinə çevirməklə qoyulur.

Belə demək mümkünsə, İkinci Dünya Müharibəsindən sonra dünyanın siyasi səhnəsi və dövlət idarəçiliyi sistemi tamamiylə dəyişdi. Daha əvvəl mövcud olan ideologiya fərqləri aradan qalxdı. Artıq heç bir xalqı hər hansı bir siyası ideologiya (kommunizm, faşizm və s.) ilə identikləşdirmək mümkün deyil. Hər bir xalqı digərindən, yalnız onun mədəniyyətinə görə fərqləndirmək olar. Bununla belə, bəzi Qərb dövlətləri miqrasiya prosesinin sürətlənməsi nəticəsində yaran disbalansı miqrantları asimilyasiya etməklə aradan qaldırmağa çalışırdılar. Lakin bu, bütün azsaylı xalqlara qarşı siyasi haqsızlıq və qeyri-demokratik siyasət xətti idi. Ona görə də, hər bir xalq öz mədəni identikliyini qorumaq uğrunda mübarizəyə başladı. Bu da son nəticədə mədəniyyətlərin toqquşması anlayışını formalaşdırdı.

Məlumdur ki, bütün yuxarıda qeyd olunanları nəzərə alan Kanada dövləti  1971-ci ildə öz daxilindəki etno-mədəni müxtəlifliyi qorumaq və idarə etmək məqsədi ilə rəsmi şəkildə alternativ bir siyasi xətt elan etdi. Kanada hökuməti "Multikulturalizm"i dövlət siyasəti elan edərək, bununla bağlı hüquqi bazanı formalaşdırmağı qərara aldı. Daha sonra digər Qərb dövlətləri də, bu modeli öz ölkələrində tətbiq etməyə başladılar.

O dövür üçün multikulturalizm yeni bir termin idi və sözün hərfi mənasında "çoxmədəniyyətlilik" anlamına gəlirdi. Multikulturalizm siyasəti dedikdə isə bir dövlətin sərhədləri çərçivəsində müxtəlif mədəniyyətlərin qorunması, inkişafı və təbliğinə yönəlik humanist və demokratik dövlət siyasəti nəzərdə tutulur.

Bildiyiniz kimi, Azərbaycan son illərdə dünyada daha çox təbliğ olunan multikulturalizmin Azərbaycan modelini yaratmağa nail olub. Bu gün Azərbaycan dövləti multikulturalizmin Azərbaycan modeli dedikdə, məhz bu siyasəti nəzərdə tutur.

Bunu da xüsusi qeyd etmək zərurudir ki, multikulturalizmi dövlət siyasəti elan edən hər bir dövlət öz ölkəsində və bütünlüklə dünyada multikultural dəyərlərin qorunması və inkişa etdirilməsi prinsiplərinə sadiq qalmalıdır. Bu prinsiplərin həyata keçirilməsi isə multikulturalizmin siyasi əsaslarının olduğunu göstərir. Lakin hər hansı bir dövlətdə bu siyasəti qoruyub saxlamaq üçün həm də qanunvericilik bazası təkmilləşdirilməli və multikulturalizm siyasətinin hüquqi bazası formalaşdırılmalıdır. Məsələn, 1988-ci ildə Kanada da "Multikulturalizm qanunu"nu qəbul olunub.

 

Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi siyasət nəticəsində özünün mədəni müxtəlifliyini qorumaq üçün milli azlıqlar və dini qruplarla bağlı çox sayda normativ hüquqi aktlar qəbul olunub. Ümummilli lider Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunun əsasını qoydu və apardığı islahatlarla ölkədə tarixən mövcud olan etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının möhkəmlənməsini təmin etdi. Ulu öndərin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında da multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipləri aydın şəkildə öz əksini tapıb. Dövlət müstəqilliyi haqqında Konstitusiya aktında Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan edib.

Multikulturalizmin əsasını təşkil edən dövlət-din münasibətlərinə böyük önəm verən ulu öndər deyirdi: "... Azərbaycan müstəqil, demokratik dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə, dinindən, irqindən, siyasi mənsubiyyətlərindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir". Ulu öndərin müəyyənləşdirdiyi bu strateji kursa sadiq qalaraq inkişaf edən Azərbaycan az bir zaman kəsiyində dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırdı.

 

Ümummilli liderin siyasi kursunu inamla və uğurla həyata keçirən

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də çıxışlarında qətiyyətlə vurğulayır ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. Bu da məlum faktdır ki, qloballaşan dünyamızda xalqların sayı dövlətlərin sayından 10 dəfə çoxdur. Bu da onu deməyə əsas verir ki, hər bir dövlətin ərazisində ən azından 10 azsaylı xalq, yaxud etnik qrup məskunlaşıb. Əgər bu xalqların öz mədəniyyətlərini qoruyub saxlamaq hüququ olmasaydı, hər hansı bir coğrafi məkanda etnik münaqişələrin qarşısını almaq mümkün olmazdı. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikasının prezidenit İlham Əliyevin də qeyd etdiyi kimi, multikulturalizm siyasətinin alternativi ksenofobiya, antisemitizm, islamofobiya və ayrı-seçkilikdir.

Son zamanlar bəzi Qərb dövlətləri multikulturalizm siyasətinə qarşı çıxaraq bu ideyanın iflasa uğradığını iddia edirlər. Bu da məlumdur ki, əksər Avropa dövlətlərində yaranan çoxmədəniyyətlilik miqrasiya prosesinin nəticəsi olaraq sonradan meydana gələn bir müxtəliflikdir. Bu səbəbdən də, bir çox dövlətlər gəlmə mədəniyyətlərin yerli mədəniyyəti dəyişdirdiyi və ya məhv etdiyi iddiasındadırlar. Buna görə də Qərb dövlətləri multikulturalizm siyasətinə alternativ axtarışına çıxıblar və bunun üçün vahid Avropa dəyərləri və mədəniyyəti anlayışına ciddi  dəstək verməyə başlayıblar. Bu da son nəticədə gözlənilməyən mənfi tendensiyalara səbəb ola bilər.

Azərbaycan Avropada baş verənlərin tam əksinə olaraq, bu gün öz multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədər zəngindir və qədim tarixə malikdir.  Bu baxımdan Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir.

 Hazırda ölkəmizin təcrübəsi tədqiqat obyektidir və bir çox ölkələrdə öyrənilir, təşviq və təbliğ edilir. Bu istiqamətdə əməkdaşlığa maraq artır və əlaqələr ilbəil genişlənir. Azərbaycan xalqı birgəyaşayış təcrübəsi və həyat tərzi ilə sübut edir ki, multikulturalizm yaşayır və onun gələcəyi də insanların birgəyaşayışına xidmət edir. Yalnız onu qəbul etmək, təbliğ və təşviq etmək lazımdır. Buna böyük önəm verən cənab İlham Əliyev bildirib ki, Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Elə bu səbəbdən də ümumimilli lider Heydər Əliyev dönə-dönə vurğulayırdı ki, çox millətlilik, çox mədəniyyətlilik və çox konfensiyalılıq Azərbaycan xalqının sərvətidir. Bizim isə bir cəmiyyət olaraq missiyamız bu sərvəti qoruyub saxlamaq və inkişaf etdirməkdir. Hazırki şərait onu göstərir ki, Azərbaycan hökuməti və cəmiyyəti bu missiyanın öhtəsindən layiqincə gələ bilir.

 

“Paralel”in Araşdırma Qrupu