Paralel. - 2018.- 26 sentyabr. - ¹ 162. - S. 10.

 

Multikulturalizm sivilizasiyalar arasında dialoqa zəruri imkanlar yaradır

 

Müasir dünyada sivilizasiyalararası toqquşmalar və ziddiyyətlər dərinləşməkdədir

 

 Son illər multikulturalizm və tolerantlığın təməl prinsiplərindən olan sivilizasiyalararası dialoq mövzusu ilə bağlı ölkəmizdə, eləcə də beynəlxalq məkanda aparılan fəal diskussiyalar, beynəlxalq konfranslar, simpoziumlar çağdaş dünyamızda bu ideyanın nə qədər mühüm aktuallıq kəsb etdiyindən xəbər verir.

Multikulturalizmin və tolerantlığın əksi isə sivilizasiyalar arasında qarşıdurmaların güclənməsi və dünyanın sonu demək olardı. Ona görə də, bu məsələ BMT, UNESKO və digər beynəlxalq təşkilatlar, habelə bir çox dövlət başçıları tərəfindən dəfələrlə gündəmə gətirilib, qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsi zərurəti qeyd olunub. Sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı zənginləşməsi üçün belə bir dialoqun qaçılmaz olduğu bütün görüşlərdə qeyd olunur.

Bu gün bəşəriyyət qarşısında duran həlli vacib ən mühüm məsələ Şərq və Qərb, digər hallarda İslam və xristian sivilizasiyaları arasında dialoq mühiti yaratmaq, onlara aid mütərəqqi dəyərlərin qarşılıqlı mübadiləsini təmin etməkdən ibarətdir. Lakin bütün cəhdlərə baxmayaraq, sivilizasiyalar arasında gedən toqquşmalar və ziddiyyətlər müasir dünyada zaman getdikcə dərinləşir. Bu zaman hər bir xalqın milli-mənəvi və dini dəyərlərinin qorunması zərurəti dövrün aktual məsələlərindən birinə çevirilir. İlk baxışda təbii və mütərəqqi görünən bu meyllər bəzi hallarda bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi dinc yanaşı yaşamaq kimi ali dəyərə kölgə salır, onun etnik, irqi, dini, siyasi dözümsüzlük kimi səciyyələnən ksenofobiya ilə əvəzlənməsinə rəvac verir. Milli özünəməxsusluğu qorumaq instinkti və bəhanəsi altında son nəticədə, başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük halları artmaqda davam edir. Müasir dünya dövlətlərinin müxtəlif istiqamətlərdə yaxınlaşmasını şərtləndirən qloballaşma prosesi və onunla əlaqədar meyarlar insan hüquqlarına birbaşa təsir göstərir. Dünyada gedən bu proseslərin qloballaşması insan hüquqlarına yeni yanaşmalar müəyyən edir. Lakin bu, heç də onların ümumi başlanğıc prinsiplərini dəyişdirmək anlamına gəlməməlidir.

Bu gün dünyada yaranmış mövcud vəziyyət etnik-milli dözümlülüyün, habelə, tolerantlıq və multikulturalizm kimi dəyərlərin bəşəriyyət üçün önəmini daha da artırır. Multikulturalizm bu gün müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amillərdən biri kimi çıxış edir. Bu dəyərlər sistemi ayrıca bir ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların, dövlətlərin milli-mənəvi mədəniyyətinə, inteqrasiyasına yönəldilib. Humanist və demokratik nəzəriyyə və ya ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümü kimi meydana çıxır. Yəni multikultural cəmiyyət olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

Multikulturalizm həm də mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı dialoqunun həyata keçirilməsinə zəruri imkanlar yaradır. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini, nailiyyətlərini öyrənmədən onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil. Eyni zamanda, bu dəyərlər olmadan qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqunu qurmaq da çox çətin məsələdir. Bu mənada multikulturalizmi qloballaşma səviyyəsinə gətirməklə, sözügedən pilləyə yüksəlmək mümkündür. Bunun üçün sivil dünyanın hər bir ölkəsi həmin pilləyə çatmaq üçün özünəməxsus multikultural dəyərləri sistemini yaratmalıdır.

Azərbaycanın bu sahədəki təcrübəsi isə bütün dünyaya nümunədir. Sirr deyil ki, ölkəmizin tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Tolerantlıq, dini, milli-mənəvi və irqi dözümlülük milli mentalitetimizin ayrılmaz cəhətlərindən biridir. Məhz bunun nəticəsdir ki, yüzilliklər boyunca və indinin özündə də Azərbaycanda xalqlar vahid və mehriban bir ailə kimi yaşayıb və yaşayır. Etnik, dini icmalar arasında dözümlülük əlaqələri formalaşıb, milli, irqi, dini ayrı-seçkiliyə yol verilməyib, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşayıblar.

Təəssüf doğuran hal budur ki, müasir dünyada milli və mənəvi dəyərlərin qarşılıqlı inteqrasiyasının tam əks olaraq, multikulturalizmin və tolerintlığın inkişafına yaradılan süni qarşıdurmalar çoxsaylı problemlər ortaya çıxıb. Bu gün dünyanın bir çox nöqtələrində din və məzhəb qarşıdurmalarının, etnik toqquşmaların şahidi oluruq.

Yaxın və Orta Şərqdə dinin siyasiləşməsi prosesləri, konfessional təəssübkeşlik, etnik qarşıdurma və terror aktları, müxtəlif etnik qrupların və fərqli din mənsublarının birgə yaşadığı ölklərdə bəzi Qərb dairələri tərəfindən qızışdırılan vətəndaş müharibələri davamlı xarakter alır.

Bunun əksinə olaraq, son iyirmi ildə Azərbaycanda ilk növbədə vicdan azadlığının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti, bununla bağlı yaradılan hüquqi təminatlar Azərbaycanın multikultural ölkə kimi dünyada tanınmasını təmin edib. Azərbaycanın Konstitusiyası özünün demokratik mahiyyəti ilə cəmiyyət həyatının bütün sahələrində multikulturalizm düşüncəsini təsbit və təşviq edib.

Bəllidir ki, ictimai münasibətlər sisteminin sivil tənzimlənməsi cəmiyyət üzvlərinin əks mədəniyyətlərə dözümlülük səviyyəsindən asılıdır. Bu mənada, bir çox iqtisadi, siyasi, humanitar və beynəlxalq tədbirlərin keçirildiyi məkanı kimi, məhz Bakı şəhərinə üstünlük verilir.

Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzinə çevirib. Azərbaycan Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Davos Forumuna, III Qlobal Bakı Forumuna, habelə, ilk Avropa Oyunlarına və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.

Belə beynəlxalq forumlar, konfranslar vasitəsilə sivil dialoqların qurulması, ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılması, Bakının multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanına çevrildiyini deməyə əsas verir.

Tolerantlığa gəlincə, bu gün bəzi cəmiyyətlərdə dinin cəmiyyətin həyatında yerinin dəqiq müəyyən edilməsi orada ümumbəşəri dəyərləri, insan haqlarını, texniki və elmi inkişafı təmin edə bilib. Bəzi ölkələrdə isə əksinə, dinin mahiyyəti kimi, rolu da fərqli isiqamətə yönəldilib.

Azərbaycanda ötən əsrin 90-cı illərindən başlayaraq dini və etnik qrupları qıcıqlandırmaqla ölkədə dini qarşıdurma yaratmağa çoxsaylı cəhdlər edilib. Lakin onların məkirli cəhdləri uğursuzluqla nəticələnib. Bu gün ölkəmizdə bu sahədə vəziyyət sabitdir, dini və etnik qarşıdurma üçün heç bir əsas yoxdur. Əksinə, xalqımız qədimdən gələn ənənələrini yaşatmaqla ölkədə ictimai-siyasi sabitliyin qorunmasında dövlətin siyasətinə dəstək verir, eləcə də ölkənin bütün vətəndaşlarının xoşbəxt gələcəyinin qurulmasına öz töhfəsini əsirgəmir. Azərbaycanda bu gün milli və dini tolerantlıq hökm sürür. Heç kim dininə və əqidəsinə, irqinə, cinsinə, etnik, siyasi, sosial mənsubiyyətinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmır.

Bu gün dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda etnik və dini azadlıqların bütün hüquqları maksimum təmin edilib. Ölkəmiz özünün dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır. Dünyada davam edən etnik və dini münaqişələrin fonunda qədim Odlar Yurdu bütün etnik və dini qrupların eyni hüquqlara malik olduğu, dinc yanaşı yaşadığı bir tolerantlıq məkanı statusunu qazanıb.

Bunun tam əksi olan, Avropa və Qərb dəyərləri adı altında bəzi beynəlxalq mərkəzlər tərəfindən sürətlə və ardıcıl şəkildə həyata keçirməyə çalışdıqları dəyərlərin mənəvi tərəflərinin faciə olduğu artıq hər kəsə məlumdur.

Mənəvi deqradasiyanın Qərb cəmiyyətlərini hansı sosial-mənəvi nəticələrə gətirib çıxardığını, çoxsaylı faktlarla elə onların öz tədqiqatçılarının ciddi təhlilləri liə dilə gətirilir. Bu baxımdan, qloballaşma prosesində birtərəfli inteqrasiya ciddi problemlərə yol aça bilər. Bəzi dairələr müəyyən Qərb ölkələrinin iqtisadi və texniki inkişafını əsas götürərək, bizi onların mənəvi dəyərlərini də qəbul etməyə çağırır. Halbuki, Qərbin elmi-texniki inkişafını nümunə götürmək mümkün olsa da, milli mədəniyyət, mənəvi kriteriyalar hər bir cəmiyyətin, sivilizasiyanın spesifik dəyərlər sistemidir. Onun elmi-texniki inkişafa heç bir dəxli yoxdur. Məsələn, Yaponiya və Çində milli-mənəvi dəyərləri qorumaqla elmi-texniki tərəqqiyə nail olublar. Bundan belə nəticəyə gəlmək olar ki, inkişaf üçün milli-mənəvi dəyərləri itirməyə, onu yad dəyərlərlə əvəz etməyə ehtiyac yoxdur. Əsil inkişaf milli-mənəvi dəyərləri, qədim mədəniyyəti qorumaqla elmi-texniki, sosial-iqtisadi tərəqqiyə nail olmaqdır.

 

 “Paralel”in Araşdırma Qrupu