Bakı Xəbər. - 2018.- 25 sentyabr. - ¹ 162. - S. 11.

 

1918-ci ildə erməni daşnaklarla mübarizənin Maştağa-Kürdəxanı-Zabrat cəbhəsi...

 

4-cü məqalə

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

1918-ci ilin avqust-sentyabr aylarında Bakı quberniyasının mərkəzi və paytaxt uğrunda  hay-daşnak,  bolşevik-rus və ingilis-fransız qüvvələrinə qarşı Azərbaycan Milli Ordusu, könüllü müdafiə dəstələri və 5-ci Qafqaz İslam Ordusunun bölmələri tərəfindən aparılmış amansız vuruşmaların getdiyi yerlərdən biri də Maştağa-Kürdəxanı-Zabrat cəbhəsi olub. Bu dövrdə bu cəbhənin qərargahlarından biri  Mərdəkan kəndində yerləşirdi.

 

Döyüşlərdən sonrakı müddətdə Qazi türk əsgərlərinin bir neçəsi Azərbaycanla bağlı həyatını məhz bu kənddə keçirib ki, onlardan biri də Polad Əfəndi (1896-1967) olub. O, Türkiyənin Trabzon vilayətində Axu kəndində doğulub.  Erkən yaşlarından Qara dəniz sahilindəki Hacıbəy şəhəri (indiki Odessa şəhəri) limanında atası ilə birgə liman müəssisələrində işləyib (1914-1916-cı illərdə) və burada bir sıra siyasi təşkilatların tədbirlərində iştirak edib. Nəricədə siyasi əqidəsinin formalaşmasında o dövrün siyasi-hərbi təbəddülatları və həmin  mühitin təsiri böyük olub. Bu siyasi dünyagörüşünün  izi onun sonrakı ictimai-siyasi həyatına təsirsiz ötüşməyib.

Vətənində olarkən Azərbaycanda mənfur (və əbədi) düşmənlər tərəfindən  törədilən soyqırım faciələrindən xəbər tutan Ər-Polad tərəddüd etmədən sıravi əsgər kimi 5-ci Qafqaz İslam Ordusunun tərkibində döyüşməyi qərara alır və bu istəyini kerçəkləşdirə bilir. Bu ordunun sıralarında  Gəncə, Qarabağ, Göyçay, Şamaxı qəzalarında savaş yaşantıları keçirərək  Bakı şəhəri və onun ətrafındakı (xüsusilə Əmircan-Bülbülə-Qaraçuxur cəbhəsində) döyüşlərdə iştirak edir. Müharibədən sonrakı dövrdə  əldə edilmiş dincliyin, asayişin qorunması, yerli milli döyüşçü dəstələrinin yetişdirilməsi vəzifələrinə rəğmən, komandan Nuru paşanın tapşırığına əsasən taleyini Azərbaycana bağlayan Polad Əfəndi əvvəlcə paytaxtda, sonra isə Mərdəkan kəndində məskunlaşır. O, rus dilində mükəmməl danışırmış. Məhz bu amili nəzərə alaraq o, 1922-ci ilin dekabr ayında Moskva şəhərində keçirilmiş Sovetlərin I qurultayının iştirakçısı olub. Oradan qayıtdıqdan sonra Azərbaycan KP MK-nın şöbələrinin birində işləyib. Və qısa müddətdən sonra Zaqatala rayonunda qəza  cinayət-axtarış idarəsində məsul vəzifələri yerinə yetirib. Bu etnik-milli tərkibinə görə mürəkkəb nahiyədə asayişin bərpa edilməsində, yerli silahlı qruplaşmaların zərərsizləşdirilməsində var qüvvəsini sərf edir. Məsuliyyətli olduğu və hərbi qaydalara vicdanla əməl etdiyindən, yenidən Bakı şəhərinə qayıdaraq Mərdəkan kəndindəki Çörəkbişirmə zavodunun müdiri olur (1937-ci ildən sonra). Ağır müharibə illərində bu kəndin, eləcə də ətraf yaşayış yerlərinin çörək-ərzaq qıtlığının ödənilməsində imkanlarını səfərbər edərək iştirak edir, xeyirxahlığından hamıya pay düşür, qapısına gələni naümid geri qaytarmır Polad Əfəndi.

Siyasi baxışlarına görə təhlükəsizliyini də nəzərə alınmayaraq Osmanlı Türkiyəsi Ordusu tərkibində Azərbaycanın düşmənlərinə qarşı döyüşdüyü üçün 1949-cu ildə sürgünə göndərilir – uzaq Krasnoyarsk ölkəsinə, İrkutsk vilayətinə və bu ağır, üzücü həyatını 1956-cı ilədək yaşayır.

Sürgündən qayıtdıqdan sonra siyasi-hüquqi bəraət alıb Ər-Polad.

Sürgünə yola salınmazdan əvvəl daşnak-bolşevik istintaq sorğusunda  Polad Əfəndi – “körpə balalarıma kim baxacaq” – sorğusunu edir, cavab qısa və kəskin olur:

- Sənin uşaqların azərbaycanlıdır, onlara Azərbaycan baxacaq.

Ər-Polad 1937-ci ildə ailə qurmuşdu mərdəkanlı Böyükxanım Sadıq qızı Əliyeva (1924-2005) ilə. Bu izdivacdan 4 oğul (Sadəddin (1956), Vaqif (1957), Canpolad (1961), Həsən (1964), və bir qız (Aişə (1947) dünyaya göz açıb. Sürgündən qayıtdıqdan və bəraət aldıqdan sonra da əvvəlki vəzifəsində çalışıb.

O, 1967-ci  ildə vəfat edib, Mərdəkan kənd qəbirstanlığında dəfn olunub.

Mərdəkan kəndində yaşayan Qazi türk döyüşçülərindən biri də Şövqü Məhəmmədəli oğlu Qapançızadə (1894) idi. O, Türkiyənin İzmir vilayətindən olub. 5-ci Qafqaz İslam Ordusunun tərkibində gizir (bölük komandiri)  kimi döyüşüb, Bakı şəhəri cəbhəsinə kimi.

Hərbi-döyüş  həyatını  Ər-Poladla birgə keçən Şövqü Əfəndinin sonrakı həyatı paytaxtın Buzovna kəndi ilə bağlı olub. Bu kənddə mühasibatlıq edib, təsərrüfat işlərində çalışıb. 1923-cü ildə mərdəkanlı Gülzar Hüseynalı qızı (1905-1960) ilə ailə quran Qazi Əfəndi 5 övlad böyüdüb – 4 oğul (Şünasib (1925-1987), Şəfi (1931-1996), Şaiq (1933-2000), Şövkət (1940-2009) və bir qız Şadiyə (1928-1991).

Keçən əsrin 30-cu illərində Qala-Maştağa inzibati ərazisi üzrə sahə müvəkkili vəzifəsində  işləyib və 1941-ci ildə həbs olunaraq repressiya edilib. Müharibə olacağı təqdirdə həbs oluncağını ailəsinə-doğmalarına bildiribmiş, ürəyinə nəsə damıbmış... Həbsindən sonra ondan heç bir xəbər alınmayıb...

Yalnız keçən əsrin 50-ci illərinin 1-ci yarısında bəraət olunması barədə ailəsinə rəsmi bildirişlə məlumat verilib.

İzmir şəhərində yaşayan bacısı Zəkiyyə ilə yazışması məlum idi. Deyilənə görə, Şövqü Əfəndi Azərbaycana böyük qardaşının yerinə gəlibmiş.

5-ci Qafqaz İslam Ordusunun birləşmiş düşmən qüvvələri ilə ən ağır döyüşlərindən biri 1918-ci ilin iyun ayında Göyçay-Bığır-Qaraməryəm cəbhəsində baş verib. Bu savaşlarda Azərbaycan Milli Ordusunun döyüşçüləri ilə yanaşı yerli könüllü müdafiə dəstələri də qəhrəmanlıqla döyüşüb. Cəbhənin bu istiqamətində (ümumiyyətlə Azərbaycan sərhədləri hüdudunda) yerli könüllülərin döyüş hazırlığına cəlb edilməsi, onlarla ilkin hərbi hazırlıq  təlimlərinin keçirilməsi Osmanlı Türkiyəsinin əsgər-zabit heyətinin başlıca vəzifələrindən idi. Odur ki, Göyçay-Bığır-Qaraməryəm cəbhəsində bu istiqamətdə yerinə yetirilən tapşırıqlardan biri yüzbaşı Ər-Xalid Əfəndiyə həvalə edilmişdi. O, indi Yenikənd inzibati-ərazi dairəsinə aid olan Xəlitli kəndinin (o vaxt 10 evdən ibarət olan kiçik oba olub) könüllü döyüşçü dəstəsini (Papır Qafur oğlu, Cəbrayıl Mikayılov, Abdulla Abdullayev, Cəbrayıl Ağa oğlu, Rəsul Hacı Beydulla oğlu və başqaları) döyüşə hazırlayıb və onlara rəhbərlik edib. Bu kənd Göyçay şəhərindən 7 km cənub-qərb istiqamətində, Göyçay-Ucar yolu üstündə yerləşir. Ər-Xalid Bığır-Qaraməryəm döyüşlərində sağ qolunun aşağı hissəsindən qəlpə yarası alıb, Göyçay şəhərində hərbi xəstəxanada müalicə olunarkən Yenikənd kəndinin ağsaqqalı Hacı Beydulla (onun oğlu Rəsul da bu döyüşdə iştirak edib) onu sağalması üçün evinə gətirir və sağaldır, sonra isə həyətindəki evi onun yaşayış yerinə çevirir.

Ər-Xalid əslən Türkiyənin Qars vilayətindən olub. Osmanlı Türkiyəsinin I Dünya müharibəsində Şərqi Anadolu cəbhəsində rus-erməni hücumları (1915-1916-cı illərdə) zamanı onun 9 nəfərlik ailə üzvlərini (atası, anası, bacı-qardaşlarını) vəhşi hay-daşnaklar qətlə yetirmişdi. 1918-ci ilin oktyabr ayında Nuru Paşanın başçılığı ilə 5-ci Qafqaz İslam Ordusu Azərbaycanı tərk etdikdə Ər-Xali doğma vətənində ata ocağı olmadığı üçün geri qayıtmayıb, həyatının sonrakı dövrünü Azərbaycanla bağlamağı qərara alıb. Qeyd etmək lazımdır ki, Osmanlı Türkiyəsinin bir neçə döyüşçüsü 1918-ci ildən sonra Göyçay qəzasının Cəyirli və Qızılağac kəndlərində də yaşayıb.

Ər-Xalid Hacı Beydullanın oğlu Rəsulla (1892-1962) dostlaşıb və kənddə təsərrüfat işlərində çalışıb. Sonrakı illərdə İbrahim Rəsul oğlunun (1924-2002) dükanında işləyib (etibarlı, düzgün və mədəniyyətli olduğu üçün). Bu işində o, dükanın gözətçisi və keçmiş döyüşçüsü Abdulla Abdullayevin oğlu İsa ilə (1913-2003) dostlaşır. Xalid bəy bu kənddə Xədicə Həmzə qızı Xəlilova (1918-2008) ilə ailə qurmaq istəsə də, bu niyyəti alınmayıb və ömrünün sonunadək tək yaşayıb.

Yolçu İbrahim oğlu Beydullayevin (1968) dediyinə görə, 1978-ci ildə Qazi döyüşçünün yaşadığı evin damından 2 taxta çamodan tapılıb. İçində ona aid əsgər geyimləri (genbalaq qalife şalvarları), papağı, çəkməsi və əsgər kəməri var idi. Rüstəm Əfəndi Yusif oğlu (1976) isə bildirir ki, Ər-Xalidin İsa Abdulla oğluna bağışladığı xəncər indi əziz yadigar kimi saxlanır.

Xalid Əfəndi 1973-cü ildə 74 yaşında vəfat edib, məzarı Xəlitli kənd qəbirstanlığındadır (Molla Qara türbəsinin yaxınlığında).

Ümumiyyətlə, 1918-ci ildə hay-daşnak quldurlarının Göyçay qəzasında törətdiyi qırğınlarla bağlı (ancaq onlar bu kəndə daxil ola bilməmişlər) kənd sakinlərindən Sonabəyim Allahverdi qızı Hacıyevanın (1909-1992), Cəmilə Soltanəli qızı Abdullayevanın (1928-1993) söylədikləri və  Musayev Musa İsa oğlunun (1932), Əbülfət Məmmədismayıl oğlu Xəlilovun (1952), Elxan Məhəmməd oğlu Məmmədovun (1954) yaddaşında olanlar, yazıya köçürülənlər faciəvi tariximizə işıq salan faktlardır.

Bu döyüşlərdə qazilik pilləsinə yiyələnən Ər-Xalid  həm də bu kəndin adında əbədiləşib. Belə ki, Xəlitli kəndinin adı yaşayış məntəqəsi kimi əslində Xalid Əfəndinin adından yaranıb və el arasında ləhcə-şivə  xüsusiyyətələrinə uyğun Xəlitli kimi rəsmiləşib.