Kaspi. - 2018.- 25 sentyabr. - ¹ 158. - S. 15.

 

Azərbaycan xalqının parlament idarəçiliyi səviyyəsinə yüksəldiyini dünyaya sübut edən Məclisi-Məbusan

 

Cümhuriyyət parlamentinin iclaslarında təhsil işinin təşkili və inkişafına dair müzakirəyə çıxarılmış və qəbul edilmiş qanunlara baxış

 

Rafiq  Səfərov,

Azərbaycan  Respublikasının  Milli Arxiv İdarəsinin sənədlərin nəşri şöbəsinin baş  məsləhətçisi

 

(əvvəli ötən sayımızda)

Azərbaycan Parlamenti tərəfindən 1919-cu ilin martından 1920-ci ilin aprelinədək olan müddətdə qəbul edilmiş qanun və qərarların bir çoxunu qeyd edək:

- Bolşeviklər  tərəfindən  müsadirə  edilmiş, sonralar isə hökumət mətbəəsinin  mülkiyyətinə verilmiş mətbəə  əmlakının  sahibi Abuzər Orucova  468.380 rubl pul vəsaitinin verilməsi. /20 mart 1919/; Hərbi mükəlləfiyyətlər haqqında  Nizamnamənin maddələrinə əlavələrin edilməsi. /17 aprel  1919/.

Qəbul  edilmiş  həmin qanuna görə, dəmiryolu məktəblərində təhsil alan və çağırış yaşına çatmış  müsəlman gənclərin hərbi qulluğa çağırılması təxirə salınır, təhsillərini başa  vurduqdan sonra isə dəmiryolu alaylarına həqiqi hərbi  xidmətə  çağırılırdılar. 

- Aşağı ibtidai məktəblərin müəllim və qulluqçularının, onların  nəzdindəki  sənət  və  kənd  təsərrüfatı  şöbələrinin, əl  işləri  siniflərinin  saxlanılması üzrə  qulluqçuların  məvacibləri haqqında müvəqqəti  qanun /12 may 1919/; 

- Qadın orta təhsil müəssisələrinin əsasnamələrinə əlavə və düzəlişlərin edilməsi /02 iyun 1919/;  Qazax, Nuxa, Şuşa, Quba, Zaqatala, Salyan, Bakı və Gəncədə qısamüddətli (iki aylıq) pedaqoji kursların açılması /17 iyul 1919/; 

 Həmin  qanuna əsasən qısamüddətli kursların  saxlanılması üzrə  xərclərin  ödənilməsi  üçün dövlət xəzinəsindən Xalq Maarif Nazirliyinin sərəncamına iki milyon 390  min rubl vəsait ayrılmışdır. 

- Bakı Dövlət Universitetinin  təsis edilməsi /01.sentyabr 1919/; Təhsil almaq məqsədi ilə xaricə göndərilmiş tələbələrə yol xərci və təqaüdlərin verilməsi üçün Xalq Maarif Nazirliyinin sərəncamına 7 milyon rubl məbləğində pul vəsaitinin ayrılması /01.09.1919/; Xalq məktəblərinin kitabxanalarına ana dilində yeni kitabların alınması üçün Xalq Təhsil Nazirliyinin sərəncamına 1 milyon rubl məbləğində pul vəsaitinin ayrılması /18.09.19/;  Azərbaycan  Respublikasında  Dövlət  qulluqçularının  və  mülki  idarələrdə  çalışan  əməkdaşların  əmək  haqqları  barədə /27.09.19/; Göyçayda realnı məktəbin açılması /03.11.19/;

- Kişi orta təhsil müəssisələrində olduğu kimi, qadın orta təhsil müəssisələrində  də sinif rəhbərinin köməkçisinin vəzifəsinin təsis edilməsi /17.11.19/; Bakı sərbəst feldşer məktəbinin Xalq Səhiyyə Nazirliyinin tabeçiliyinə verilməsi / 11.12.19/;  Xalq Maarif Nazirliyi nəzdində 1 yanvar 1920-ci ildən etibarən yeni beş xalq məktəbləri müfəttişləri vəzifələrinin təsis edilməsi /01.03.20/;  

- Azərbaycan Milli Gimnaziyası nəzdində Uşaq bağçasının açılması /01.03.20/;

 Ali-ibtidai və orta məktəblərdə müəllimlərin əvəz  olunmasına görə əməyinin ödənilməsi /4 mart 1920/; Quba qəzasının Xuluq kəndində 01.10.1919-cu ildən etibarən ali-ibtidai məktəbin açılması /12.04.20/; Şuşa qəzasının Ağdam kəndində 01.10.1919-cu il tarixdən etibarən ali-ibtidai məktəbin açılması /12.04.20/  və b.

Beləliklə, Azərbaycan  Xalq  Cümhuriyyəti  Hökuməti  və  Parlamentinin  son  dərəcə   mürəkkəb  ictimai-siyasi  şəraitdə  fəaliyyət  göstərməsinə  baxmayaraq,  ölkədə  təhsil  və  maarifin, bütövlükdə  milli  mədəniyyətin  inkişaf  etdirilməsi  həmin  qurumların  daima   diqqət  mərkəzində  olmuş, bu  sahələrin inkişaf etdirilməsi üzrə son  dərəcə  mühüm  əhəmiyyətli qanun və qərarlar qəbul edilmişdir. 

Xalqımız yüzilliklər boyu arzusunda olduğu istiqlal nemətinə 1918-ci il mayın 28-də qovuşduqdan sonra ölkədə ümumtəhsil hərəkatı keyfiyyətcə yeni  mərhələyə qədəm qoymuş, milli hökumət və Parlament səviyyəsində savadsızlığın ləğvi istiqamətində mühüm qanun və qərarlar qəbul edilmiş, sistemli tədbirlər görülmüşdür. Məhz bu dövrdə Azərbaycan dilinin dövlət dili qəbul edilməsi, məktəblərin  milli  köklər üzrə yenidən qurulması, Azərbaycan dilinin təhsil-tədris və təlim-tərbiyə  dilinə çevrilməsi, ana dilli məktəblər şəbəkəsinin yaradılması, ümumi icbarı  ibtidai təhsilə keçid, çoxsaylı pedaqoji kursların və müəllim seminariyalarının  açılması, Azərbaycanda  ilk  müasir  ali  təhsil  və  elm  ocağı  olan  Universitetin  təsis edilməsi, dövlətin  himayəsi  altında  ilk  məktəbəqədər  tərbiyə müəssisələrinin  əsasının  qoyulması, milli  hərbi  məktəblərin  yaradılması, dövlət səviyyəsində azərbaycanlıların xaricdə  təhsil  almağa  göndərilməsi, əlifba  islahatı, ana dilində yeni dərslik və proqramların hazırlanması və digər  istiqamətlərdə mühüm  addımlar  atılmışdır. Azərbaycanda  ali  təhsilin  təşkili  və  inkişafı  tarixi  bilavasitə  universitetin  təşkili  tarixi  ilə  başlanır. Lakin  bununla  yanaşı  qeyd  edirik  ki, Cümhuriyyət  dövründə  respublikamızda   ali  təhsilin  təşkili  üzrə  bir  sıra  əhəmiyyətli  işlər görülmüşdür. Kənd  Təsərrüfatı  İnstitutu,  Pedaqoji  İnstitut,  Dövlət  Konservatoriyasının  təşkili  üzrə  layihələr  işlənib  hazırlanmış, Dövlət  İncəsənət  İnstitutunun  yaradılması  üzrə  layihənin  işlənib  hazırlanmasına  dair  müəyyən  işlərin  aparıldığı  barədə məlumatlar arxiv  sənədlərində öz əksini tapmışdır. Lakin məlum  səbəblər ucbatından  həmin  dövrdə   yuxarıda  adları  çəkilən  ali  məktəblərin  təşkili  üzrə  başlanan işləri  sona   çatdırmaq  mümkün  olmamışdır. Azərbaycanda  ali  təhsilin  təşkili  və  inkişafı  tarixi  bilavasitə  universitetin  təşkili  tarixi  ilə  bağlıdır. Azərbaycanda  ilk  ali  təhsil ocağı kimi Bakı Dövlət Universitetini təsis etmək mümkün  olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti  Parlamenti  tərəfindən  1919-cu  il  sentyabrın  1-də  "Bakı Dövlət Darülfünunu haqqında” qanun   qəbul  edilmiş, "Bakı  Dövlət  Darülfünunun Nizamnaməsi” isə sentyabrın 29-da  təsdiq  edilmişdir. Qanun  qəbul edildikdən sonra Universitetin əməli olaraq yaradılmasının  sürətləndirilməsində Zaqafqaziya  Universitetinin Bakıya köçmüş tanınmış rus  alimləri, professorları və müəllimləri - V.İ. Razumovski, N.A.Dubrovski, N.A.İşkov, A.A.Oşman  başqalarının  böyük  xidmətləri  olmuşdur. 

Universitetin ilk rektoru, professor V.İ.Razumovskinin Parlamentdəki çıxışından: " Parlamanın  hörmətə  layıq  üzvləri! Siz  böyük  və  tarixi  iş  gördünüz. Mən  çox  şadam  ki, Darülfünunun  təsisinə  bütün  partiyaların  vicdanlı  münasibət  bəslədiyinin  şahidi  oldum. Azərbaycanda, hətta  müsəlman  dünyasında  bu  böyük  hadisə - Darülfünun  təsisi  mərasimi  təntənəsini  qeyd  etməyə, nəinki   Parlamanı, buraya  toplaşan  kütlələrin  şəxsində  ictimai  fikri  də  gördüyümə  hədsiz  xoşbəxtəm...”

  Parlamentin  sentyabrın 1-də  qəbul  etdiyi  10  maddədən  ibarət  həmin  qanunda üniversitetin  4 fakültəsi  nəzərdə  tutulurdu: Şərq  şöbəsi  olan  tarix-filologiya, fizika-riyaziyyat, hüquq  və  tibb. Bakı  Dövlət  Universitetinin  yaradılmasında  M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyli, R.Kaplanov, S.M.Qənizadə, H.Ağayev, H.Şahtaxtinski  və  onlarca  digər  tanınmış  şəxslərin  böyük  rolu  olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil, maarif və mədəni quruculuq  sahələrində həyata keçirilmiş tədbirlər sonrakı  dövrlərdə  də  respublikamızda təhsilin  və  xalq  maarifinin  inkişafında  mühüm rol oynamışdır.

  Azərbaycan  Respublikasının  Prezidenti, ümummilli  lider H.Əliyevin 1998-ci  il yanvarın  30-da  imzaladığı  "Azərbaycan  Xalq  Cümhuriyyətinin  80  illiyinin  keçirilməsi  haqqında”  sərəncamda  qeyd  edilirdi: "Bu  dövlətin  qısa  bir  müddətdə  həyata  keçirdiyi  tədbirlər  xalqımızın  tarixində  böyük  iz  buraxmışdır. Milliyyətindən, siyasi  və  dini  mənsubiyyətindən, cinsindən  asılı  olmayaraq,  bütün  vətəndaşlara  bərabər  hüquqlar  verilməsi, dövlət  sərhədlərinin  müəyyən  olunması, Azərbaycan  dövlətçiliyi  atributlarının  qəbul  edilməsi, ana  dilinin  dövlət  dili  elan  olunması  Azərbaycanın  gələcək  müstəqilliyi  üçün  möhkəm  zəmin  yaratmışdır. Demokratik  dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi  quruculuq  sahələrində  atılmış  addımlar  Azərbaycan  Xalq  Cümhuriyyətinin  23  aylıq  fəaliyyətini  əks etdirən  əsas istiqamətlərdir”. 

   Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil, maarif və mədəni quruculuq sahələrində həyata keçirilmiş tədbirlər sonrakı dövrlərdə də respublikamızda təhsilin və xalq maarifinin  inkişafında  mühüm rol oynamışdır.