Xalq qəzeti. - 2018.- 23 sentyabr. - ¹ 213. - S. 5.

 

1918-ci ilin Bakı zəfəri indiki nəsillər üçün hünər məktəbidir

 

İlham İsmayilov,

Azərbaycanlıların və digər Türkdilli Xalqların  Əməkdaşlıq Mərkəzinin sədri

 

XX əsrin əvvəllərində xalqımızın itirilmiş dövlətçiliyini birinci dəfə bərpa etmiş milli hakimiyyətin ilk elmi-məfkurəvi salnaməsini yaradan tarixçi-ideoloq Mirzə Bala Məmmədzadə şanlı Qafqaz İslam Ordusunun 1915-ci il sentyabrın 15-də Bakını türk-müsəlman aləminin düşmənlərinin birləşmiş qüvvələrindən azad etməsini bundan 4 ay əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə eyni dərəcədə önəmli hadisə adlandırmışdır. Doğrudan da, istiqlal mücahidlərimiz tarixin verdiyi ilk fürsətdən yararlanaraq, Azərbaycan Xalq Cümhuriyyətini elan etsələr də, zamanın hökmü ilə milli dövlətin sonrakı taleyi onun Quzey Azərbaycanın paytaxtı mövqeyi qazanmış Bakıda fəaliyyət göstərməsindən asılı olmuşdu.

 

O zaman min bir məşəqqətlə, qanlar bahasına bu tarixi zərurəti gerçəkləşdirmiş Qafqaz İslam Ordusunun şanlı rəşadəti Azərbaycan xalqının öz tarixi torpaqlanını qoruyub saxlamasını, burada mövcudluğunu davam etdirməsini təmin edən həlledici hadisə olmuşdur. Bakının işğaldan azad edilməsi, eyni zamanda, Azərbaycan--Türkiyə qardaşlığının tarixin sınağından çıxmış zəfəri kimi də yaddaşlara silinməz izlərlə həkk olunmuşdur. Bununla tarix dili bir, dini bir, məsləki ortaq olan hər iki xalqın gələcək yolunun eyniliyini də bir daha təsdiq etmişdir.

Düşmənlər tarixin bu hökmünü pozmağa çalışıb ölkələrimizi  70 il bir-birindən ayrı salsalar da, ürəklərdə və amallarda yaşayan sevgi tarixin yenidən işə qarışması ilə, Azərbaycanla Türkiyənin bu həsrətinə son qoydu. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə böyük Mustafa Kamal Atatürkün vəsiyyəti ilə bu günü onillər boyu gözləmiş Türkiyə onu ilk tanıyan dövlət oldu. Artıq 27 ildir ki, ölkələrimiz və xalqlarımız dostluq və qardaşlığın tarixin sınaqlarından çıxmış ulu yolu ilə çiyin-çiyinə addımlayır, sevinclərinin şirinliyini, kədərlərinin acılığını bir yerdə paylaşır.

Prezident İlham Əliyevin 2018-ci ili AXC ili elan etməsi qardaş Türkiyədə də sevinc və sayğı ilə qarşılanmış, bu ilin önəmli tarixi hadisələri hər iki ölkədə eyni sevgi ilə qeyd edilməkdədir. Azərbaycanın ikinci dəfə müstəqilliyini elan etdiyi 1991-ci ildən bəri hər il 28 May və 15 Sentyabr şənlikləri hər iki ölkədə böyük təntənə ilə keçirilir. 15 Sentyabr ötən illərdə Bakının işğaldan azad edilməsindən əlavə, həm də Azərbaycan və Türkiyə dostluğu və birliyi günü əlamətdarlığı ilə qeyd edilir.

Builki 15 Sentyabr isə öz miqyası və təntənələrinin möhtəşəmliyi ilə tarixi bir zirvə oldu. 100 il əvvəl azərbaycanlı və türk əsgərlərin qanı bahasına azad edilmiş Bakı şəhərinin küçə və meydanları hər iki ölkənin şəhidlərinin qanından rəng almış dövlət bayraqları ilə bəzədilərək könülləri riqqətə gətirən bir görkəm aldı. Şənliklərin baş mərasimi olan Azadlıq meydanındakı parad isə 100 il əvvəlin zəfərini qazanan və bu yolla qoşa addımlayan Azərbaycanla Türkiyənin indiki dostluğunu, siyasi-iqtisadi və hərbi qüdrətini iki dövlətin bir milləti, eləcə də bütün dünya qarşısında nümayiş etdirdi. Meydanda 100 il əvvəl olduğu kimi, hər iki xalqın əsgər və zabitləri bir yerdə addımlayıb keçdilər. Səmada isə hər iki ölkənin şahinlərinin çızdığı bayraqlarımızı andıran rənglər bir-birinə qarışdı.

Bu möhtəşəm paradı eyni təntənə ilə qəbul edən prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında 100 il əvvəlin qəhrəmanlığının, bu qardaşlığa sonrakı sadiqliyin və bugünkü güc-qüdrətimizin məna və mahiyyətini parlaq surətdə açıqlamaqla, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” adlandırdığı Azərbaycanla Türkiyənin ayrı-ayrılıqda və birlikdə çəkisini dünyaya bir daha bəyan etdilər.

Paraddakı çıxışında dövlətimizin başçısı İlham Əliyev Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsini və Nuru paşanın rəhbərliyi ­altında Bakının və bir neçə şəhərin azad edilməsini tarixi hadisə kimi qədirbilən Azərbaycan xalqının heç vaxt unutmayacağını, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacağını söyləyəndən sonra bildirdi: “Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da paraddakı nitqində keçirilən təntənələrin mahiyyətinə toxunaraq dedi: “Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik. Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir”.

Prezident İlham Əliyev tarixdə türk birliyinin möhtəşəm örnəyini yaratmış iki xalqın və dövlətin indiki durumunu belə dəyərləndirdi:  “Bu gün Türkiyə--Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun”.

Bu dostluğun önəm və miqyasını açıqlayan Azərbaycan rəhbəri daha sonra qeyd etdi: “Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Biz birgə enerji-nəqliyyat layihələrini uğurla icra edirik. O layihələr ki, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır. Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir. Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər”.

Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan100 il əvvəlin şanlı qəhrəmanlığını məxsusi sayğı və sevgi ilə yad etdi: “Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən bütün şəhidlərimizi ehtiramla anırıq, onlara Allahdan rəhmət və ruhlarının şad olmasını diləyirəm. Onlar fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular. Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir”.

Paradda iki ölkənin dövlət başçıları bu gün dünyada hər hansı bir önəmli məsələnin Türkiyənin, regionda isə Azərbaycanın iştirakı olmadan həll edilmədiyini, Türkiyə Ordusunun dünyanın ən güclü silahlı qüvvələrindən biri, Azərbaycan hərbi potensialının isə dünyanın 50 ən güclü ölkəsi sırasında  yer almasını böyük qürurla səsləndirdilər. Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən təntənələrdən çıxan ciddi bir nəticə də məhz bu məsələ ilə bağlıdır. Doğrudan da, dünən olduğu kimi, bu gün də uğurlarımızın əsasında xalqlarımızın tarixi dostluğa sədaqəti, dövlətlərimizin siyasi həmrəyliyi, ölkələrimizin iqtisadi və hərbi qüdrəti dayanır.

Sonda bir məsələyə də öz münasibətimi bildirmək istəyirəm. 100 il əvvəl Bakı birliyimizin və hərbi qüvvələrimizin güçü ilə azad edildiyi kimi, bu gün də düşmənlərin hər cür məkr və təcavüz cəhdinin qarşısını Türkiyə və Azərbaycan ordularının qüdrəti, yüksək döyüş qabiliyyəti kəsir. Ölkələrimizin düşmənlərini də daim qorxuya salan məhz bu amildir. Paradda bu həqiqətlə bağlı səslənən mesajlar dərhal öz ünvanına yetişdi.

Tarixi qonşuluğa xəyanət etmiş Ermənistanın yeni sərsəm baş naziri N. Paşinyan ölkəsinin düşdüyü mat vəziyyətin müqabilində Azərbaycanın və Türkiyənin öz problemlərini həll etməyə yetərli qüdrətini pərdələmək üçün başqa bir arqument tapmayıb, Azərbaycan Prezidenti İlham Əliyevin dünyaca şöhrətli babasının adını və soyadını daşıyan oğlu Heydər Əliyevin öz ölkəsinin ordusunda xidmətə başlamasına düşməncəsinə rəng verməyə çalışdı.

Həqiqət budur ki, ölkədə həyata keçirilən zəruri hərbi quruculuq orduda xidmətə yararlı hər bir soydaşımızın Vətənə əsgəri borcunu yüksək səviyyədə yerinə yetirməsini tələb edir və buna şərait yaradır. On minlərlə gənc hər il yüksək vətəndaş anlayışı və böyük həvəslə orduda xidmət keçir. Bu məsələdə elə bir ciddi problem yoxdur. Bəzi imkanlı ailələrin öz övladlarını müxtəlif yollarla hərbi xidmətdən yayındırması kimi təsadüfi hallar isə ölkə rəhbərliyinin nəzarətindədir və ciddi ictimai qınaqla qarşılanır.

Bəli, Azərbaycan Prezidentinin yeganə oğlu ali təhsilini başa vuran kimi orduya yollanıb və bugünlərdə hərbi hissələrdən birində Vətənə sədaqət andı içməklə əsgəri borcunu yerinə yetirməyə başlayıb. O öz ölkəsinin müdafiəsində dayanıb. Ermənistan baş nazirinin oğlu isə işğalçı bir ordu əsgəri kimi bədnam və cinayətkar missiyanın daşıyıcısıdır.

Prezident İlham Əliyevin oğlunun hərbi xidmət keçməsi ölkənin bütün məmur və imkanlı ailələri üçün ciddi bir xəbərdarlıqdır. Azərbaycanın çörəyi ilə böyümüş hər bir sağlam gənc öz torpaqlarının müdafiəsində dayanmalıdır. Bakının işğaldan azad edilməsi təntənələri bu həqiqəti bir daha aktuasllaşdırdı: azğın, özgə torpaqlarını işğal etmiş, xoşluqla geri çəkilmək istəməyən  düşməni yalnız hərbi yolla əzib yurdumuzdan kənara atmaq olar. Bu baxımdan 1918-ci ilin Bakı zəfəri xalqımız üçün hünər və mübarizə məktəbidir.