Paralel. - 2018.- 22-24 sentyabr. - ¹ 160. - S. 10.

 

Multikultural dəyərlərin Azərbaycan nümunəsi

 

İvanovka - özünəməxsusluğu ilə tanınan məşhur məskən

 

 Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri elementlərində biridir. Multikulturalizm kimi, tolerantlıq da ümumbəşəri xarakter daşıyır. Bunu siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edən Azərbaycan hökuməti multikulturalizmi, tolerantlıqı və dini dözümlülüyü dövlət siyasəti səviyyəsində inkişaf etdirir.

Bu da məlumdur ki, Azərbaycan çağdaş dünyada zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik ölkə kimi tanınır. Milli-mədəni müxtəliflik, etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə kimi, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Azərbaycanda bu gün mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük tarixi təcrübənin zənginləşdirilməsini, bu istiqamətdə qazanılan unikal nailiyyətlərin təbliğini zəruri edir. Lakin bu təcrübə heç də boş yerdən yaranmayıb. Tarixən Azərbaycan torpaqlarında məskunlaşan bütün xalqların, etnosların bugünədək gəlib çatan, davam və inkişaf edən ənənələrinin qorunub saxlanmasında multikultural dəyərlərin, insanlara tolerant münasibətlərin böyük rolu olub. Azərbaycanda bütün xalqların nümayəndələri dinc-yanaşı yaşamaqla, başqa ölkələrə də böyük multikulturalizm və tolerantlıq nümunəsi sərgiləyirlər. Məhz, ölkəmizdə mövcud olan multikultural mühitin nəticəsidir ki, Azərbaycanda istənilən bir millətin nümayəndəsinə, onların məskunlaşdıqları bölgəyə özəl münasibətlər var. Belə bölgələrdən biri də Azərbaycanda öz adı, adətləri, milli-mədəni dəyərləri, hətta istehsal etdikləri məhsulları ilə tanınan İvanovka kəndidir.

Tarixə nəzər salsaq, görərik ki, molokanlar Azərbaycan ərazisinə XIX əsrin birinci yarısında köçürülüblər. Molokanların həm də özünəməxsusluğu ilə seçilən maraqlı tarixi var. Belə ki, onlar Rusiyanın kilsə islahatlarını qəbul etmədiklərinə və köhnə ayinlərə sadiq qaldıqlarına görə, ölkənin mərkəzindən əyalətlərə, o cümlədən Qafqaza sürgün ediliblər. Köhnə ayinçilər hələ 300 il əvvəl Həştərxana, Melitopolsk qəzası ərazisindəki Moloçnaya çayı sahilinə köçürülüblər. Bəzi mənbələrə görə, elə buna görə də onları "molokan" adlandırıblar.

Digər mənbələrə, molokanların köçürülməsinin başqa səbəblərinin olduğu da qeyd edilir. Molokanların Azərbaycana köçürülməsinin səbəblərində biri kimi, həm də çar rusiyasının istila etdiyi əraziləri ruslaşdırmaq siyasəti olduğu bildirilir.

Səbəbindən asılı olmayaraq, rusların(molokanların) Azərbaycan ərazilərinə yerləşdirilməsi tarixi faktdır. Molokanların kompak şəkildə məskunlaşdıqları ərazilərdən biri də, qədimlərdə adı Həftəran olan İsmayıllı rayonunun İvanovka kəndidir. Sonradan kəndin adı molokanların Azərbaycana köçürülməsinə başçılıq etmiş Qriqori İvanovun şərəfinə İvanovka adlandırılıb.

Molokanlar respublikamızın bir neçə kəndində bugünədək yığcam şəkildə yaşasalar da, ən məşhur molokan kəndi İvanovkadır. İsmayıllı rayonunda yerləşən İvanovka kəndi molokan adət-ənənələrinin yaxşı qorunub saxlandığı ən böyük yaşayış məskənlərindən biridir. Bəzi məxəzlərdə Azərbaycandakı ən böyük molokan kəndi olan İvanovkanın yaşının 200 ildən çox olduğu deyilir. Rayon mərkəzindən 14 kilometrlik məsafədə yerləşən kəndin ərazisi 8 min hektardan çoxdur. İvanovka əhalisi bu gün də adət-ənənələrini, folklorunu və məişətini qoruyub saxlaya bilir.

Molokanların yeganə dini mənbəsi Bibliyadır. Onlar dini ayinləri, müqəddəsləri inkar edir, ikonalara inanmırlar. Molokanların məbədləri və keşişləri olmasa da, ibadətlərini öz evlərində yerinə yetirirlər. Bazar günləri isə bütün icma bir yerdə ibadət edir.

Azərbaycan ərazisində məskunlaşdıqları ilk vaxtlardan kənd sakinləri ilə molokanlar arasında yaxşı münasibətlər yaranıb. Bunun səbəblərindən biri də, Molokan etiqadının bir çox məsələlərdə İslamla səsləşməsidir. Belə ki, spirtli içki içmək, donuz əti yemək və s. molokanlar üçün də haram sayılır.

Evdən çıxanda qapılarını qıfıllamayan molokanlar həmişə inanlmaz dürüstlüyü ilə seçiliblər. Bir molokan tarlada və yaxud meşədə kiminsə itən əşyasını taparsa, onun sahibini öz kəndində, daha sonra isə qonşuluqdakı bütün kəndlərdə axtarar.

Molokan kişilər adətlərinə görə saqqal saxlamalıdırlar. Onlar saqqalsız ölməyi qəbahət sayırlar. Sağlam və səfalı yerlərdə, daim hərəkətli həyat tərzi keçirən molokanlar uzunömürlü olmaqları ilə də diqqət çəkirlər. Molokanların orta ömür müddəti 80 ildir.

Ən maraqlısı isə odur ki, İvanovka molokanları söyüş söymür, Allahdan qorxur və elliklə kolxozda işləyirlər.

Kolxoz demişkən, İvanovkada kolxoz təsərrüfatı 1936-cı ildə yaradılıb. Molokanlar kollektiv təsərrüfata tez alışıblar. Böyük Vətən müharibəsindən sonrakı ağır illərdə, 1953-cü ilin oktyabrında 27 yaşlı Nikolay Nikitin baxımsız və yoxsul vəziyyətə düşən təsərrüfata başçılıq etməyə başlayıb. Kəndin ən yeni tarixi də onun adı ilə bağlıdır.

N.Nikitin 1994-cü ildə dünyasını dəyişsə də, onun yaratdığı kolxoz təsərrüfatı bu gün də yaşayır. SSRİ dağılandan sonra ölkədəki bütün kolxoz təsərrüfat sistemi ləğv olunsa da, Azərbaycandakı yeganə kollektiv kolxoz təsərrüfatı, yalnız İvanovkada saxlanılaraq N.Nikitinin adını daşıyır. Kolxozun məhsulları bütün Azərbaycanda şöhrət qazanıb.

3 min nəfərdən çox əhalisi olan İvanovka kəndində molokanlarla yanaşı, ləzgilər və azərbaycanlılar da yaşayırlar. Kənddə sakinlərin rahat yaşaması üçün vacib olan bütün sosial və iaşə obyektləri, ötürücü stansiyalar fəaliyyət göstərir. Vaxtilə çox məşhur olan Mədəniyyət Sarayında isə sakinlər müxtəlif səpkili tədbirlər keçirirlər.

2004-cü ilin yay ayında bütün dünya molokanları imperator I Aleksandrın xristian molokanlara etiqad azadlığının verilməsi haqqında fərman imzalamasının 200 illiyini bayram ediblər. Prezident İlham Əliyev ölkənin molokan kəndlərinin bir qrup ağsaqqalını öz iqamətgahında qəbul edib. Prezident ölkənin ağır günlərində belə, Azərbaycanı tərk etmədikləri üçün ölkəsinin vətəndaşı olan molokavlara təşəkkürünü bildirərək onları əmin edib: "Bu gün sizin qarantınız mənəm".

Keçmişdən bugünədək özünəməxsus adət-ənənələrini qoruyub saxlayan, Azərbaycanda özəl bir xalq kimi ad qazanan molokanların görüşünə hazırda xaricdən çoxsaylı qonaqlar gəlir. Bu sırada Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq, tərcüməçi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksandr Duqinin İsmayıllı rayonunın İvanovka kəndinə səfərini qeyd etmək olar. A.Duqin ölkəmizə səfərinin məqsədi, Bakıda keçirdiyi görüşlər barədə özü məlumat verib. O, İvanovkada rusların yaşayış tərzi, adət-ənənələri, məşguliyyəti, mədəni həyatı ilə şəxsən tanış olmaq və hər şeyi onların dilindən eşitmək istədiyini bildirib. Nikitin adına kolxozun sədri Vasili Novoseltsev, ərazi nümayəndəsi Olqa Jabina, Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin direktoru Mixail Uryupin, bələdiyyə sədri Oleq Radayev görüşdə çıxış edərək, qonağa İvanovkanın tarixi barədə geniş məlumat veriblər. Əsasən rusların yaşadığı bu kəndin 2927 sakini, 822 ev təsərrüfatının olduğu bildirilib. Azərbycanda həyat tərzinə çevrilən tolerantlıq və multikultural dəyərlərdən bəhrələnən ivanovkalılar öz dillərini, adət-ənənələrini qoruyub saxladıqlarını, dövlət dəstəyi sayəsində torpaqdan səmərəli istifadə etdiklərini, çeşidli məhsullar yetişdirdiklərini deyiblər. Kənddə taxıl və digər məhsulların istehsal olunduğu, bir sıra məhsullar istehsal edən mini zavodların fəaliyyət göstərdiyi bildirilib. Eləcə də, kənd məktəbində dərslərin rus və Azərbaycan dilində tədris olunduğu söylənilib. Çıxışlarda İvanovkanın turizm imkanlarından da bəhs olunub. Kəndə hər il minlərlə yerli və xarici turistin gəldiyi qeyd edilib.

Rusiyalı politoloq A.Duqin molokanların Azərbaycana köç etməsinin tarixi və dini ayinlərini necə icra etdikləri ilə maraqlanıb. Molokan dini icmasının üzvləri Azərbaycana köç etmələrinin tarixi, burada öz adət-ənənələrini, dillərini və dini etiqadlarını qoruyub saxlamaqla yanaşı, yerli azərbaycanlı əhali ilə qaynayıb-qarışdıqlarını söyləyiblər. Qonağa bildiriblər ki, ibadət mərasimlərini sərbəst şəkildə həyata keçirən molokan icmasına seçilmiş şəxslər başçılıq edir. Kəndin rəhbər şəxsləri Heydər Əliyevin təşəbbüsü ilə saxlanan Nikitin adına kolxozun nailiyyətləri, yerli əhalinin məşğuliyyəti, adət-ənənələri barədə qonağa ətraflı məlumat veriblər.

Ərazi üzrə nümayəndə Olqa Jabina isə İsmayıllıda rahat, dinc şəraitdə yaşadıqlarını qeyd edib. O, Azərbaycan və rus mədəniyyətlərinin qarşılıqlı əlaqələrindən faydalandıqlarını, bu əlaqələrin onların həyat tərzinə çevrildiyini söyləyib. Rusiyalı politoloq İvanovkada insanların həyat tərzini, kəndin müasir infrastruktura malik olmasını yüksək qiymətləndirib. O, Azərbaycanda gördüyü, molokanlar üçün yaradılan hərtərəfli şəraitdən məmnunluq duyduğunu bildirib.

Göründüyü kimi, Azərbaycanda bütün etnoslara, azsaylı xalqlara xüsusi bir yanaşma mövcuddur. Bu isə özlüyündə insanlara multikultural, tolerant, bir sözlə, mükəmməl bir münasibətin təzahürü kimi meydana

çıxıb. Elə multikulturalizm də bir dövlətin sərhədləri daxilində müxtəlif xalqların, etnomədəni tərəflərin dinc-yanaşı yaşayıb inkişaf etməsini, öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olmasını diqtə edir. Onun bariz nümunəsini  Azərbaycanda xüsusi şöhrəti olan İvanovka kəndinin timsalında təqdim etdik.

 

“Paralel”in Araşdırma Qrupu