Kaspi. - 2018.- 22-24 sentyabr. - ¹ 157. - S. 7.
Azərbaycan xalqının parlament idarəçiliyi səviyyəsinə yüksəldiyini dünyaya sübut edən Məclisi-Məbusan
Cümhuriyyət parlamentinin iclaslarında təhsil işinin təşkili və inkişafına dair müzakirəyə çıxarılmış və qəbul edilmiş qanunlara baxış
Rafiq Səfərov,
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin sənədlərin nəşri şöbəsinin baş məsləhətçisi
Azərbaycan Xalq Cümhuriyyəti - Müsəlman Şərqində yeganə parlamentli respublika kimi tarixə daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti ( Məclisi- Məbusan) 7 dekabr 1918 ci ildən - 27 aprel 1920-ci ilədək olan müddətdə, cəmi on yeddi ay fəaliyyət göstərmiş və fəaliyyətdə olduğu müddət ərzində özünün işgüzarlıq qabiliyyətini nümayiş etdirərək Azərbaycan xalqının parlament idarəçiliyi səviyyəsinə yüksəldiyini dünyaya sübut etmişdir.
Müttəfiq Dövlətlərin Ali Şurası 1920-ci il yanvarın 11-də Azərbaycanın və Gürcüstanın müstəqilliyini de-fakto tanımışdır . Parlamentin bu tarixi hadisəyə həsr edilmiş 14 yanvar 1920-ci il tarixli iclasında Xarici İşlər Naziri F.X.Xoyski çıxış edərək qeyd etmişdir: "Möhtərəm məbuslar! 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz istiqlaliyyətini elan etdi. Lakin müstəqilliyini elan etmək az idi. Bizim sərbəst həyata layiq olduğumuzu bütün dünyaya sübut etmək lazım idi. Budur, azərbaycan xalqı il yarım ərzində Avropaya sübut etdi ki, o, sərbəst yaşamağa və sərbəst surətdə özünü idarə etməyi bacarır. Azərbaycan xalqının həyat qabiliyyətli olduğuna inanan Avropa, bizim müstəqilliyimizi tanımağı lazım bildi. Azərbaycanın ilk hökuməti yaradılanda mən ona başçılıq edirdim və indi bizim müstəqilliyimizin tanınması haqqında xəbəri sizə çatdırmağı mən özümə böyük xoşbəxtlik sayıram”.
Xalqımızın Zaqafqaziya Seymindən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasına qədər keçdiyi olduqca gərgin , məsuliyyətli və şərəfli tarixi yol, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru, professor Ataxan Paşayevin rəhbərliyi altında hazırlanmış və 2006-cı ildə çapdan çıxmış "Zaqafqaziya Seyminin Müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları” sənədlər toplusunda ətraflı əks edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı 1918-ci il dekabrın 7-də Bakı şəhərində, Nikolayev ( indiki İstiqlaliyyət) küçəsində yerləşən H.Z.Tağıyevin qızlar məktəbinin binasında (indiki Əlyazmalar İnstitutunun binası) həyata keçirildi. Azərbaycan Parlamenti bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk Parlament kimi tarixdə iz qoydu . "Müsavat” fraksiyasının təklifi ilə Ə.Topçubaşov Parlamentin sədri, H.Ağayev isə onun birinci müavini seçilmişdi. Lakin Ə.b.Topçubaşov Paris sülh konfransına yola düşdüyü üçün Parlamentin fəaliyyətinə H. Ağayev rəhbərlik edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 17 ay fəaliyyət göstərmiş və bu müddət ərzində onun 145 iclası - ilk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də keçirilmişdir. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yüksək işgüzarlıq qabiliyyətini nümayiş etdirə bilmişdir. Azərbaycan Parlamentinin qəbul etdiyi qanun və qərarların hamısı müstəqil ölkənin ilk qanun və qərarları kimi çox əhəmiyyətli olmuşdur. Qeyd edirik ki, fəaliyyətdə olduğu müddət ərzində Azərbaycan Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq olunmuşdur. Parlamentdə müxtəlif komissiyalar: maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilərin keçirilməsi üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar fəaliyyət göstərirdi.
Azərbaycan Respublikasının Dövlət Arxivlərində saxlanan tarixi sənədlər təsdiq edir ki, Azərbaycan Hökuməti ilə yanaşı Azərbaycan Parlamenti də öz fəaliyyətində ölkədə təhsilin, maarifin inkişaf etdirilməsi məsələlərinə mühüm yer ayırmışdır. Respublikada xalq maarifi və təhsilin inkişafı, savadsızlığın və geriliyin aradan qaldırılmasına, eləcə də məktəb-təhsil işinin geniş surətdə yayılmasına nail olunması Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökumətinin qarşısında duran vacib məsələlərdən biri idi. Xalq Maarif Naziri Nəsib bəy Yusifbəylinin 1918-ci ilin dekabrında Bakı Qubernatoruna göndərdiyi məktubda qeyd edilirdi: "..1917-ci il çevrilişinədək Rusiya hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq, xalqın maariflənməsi işinə çox az qayğı göstərmişdi... Xalq maarifinin daşıyıcıları olan xalq müəllimləri çar hökuməti tərəfindən müxtəlif təhqir və təqiblərə məruz qalırdılar... Həmin hökumətin ucbatından hazırda Azərbaycanın bütün ərazisi boyu məktəblərə böyük ehtiyac duyulur və indi Nazirlik bütün qüvvəsini yeni məktəblərin, müəllim kurslarının və s. açılmasına yönəldərək mümkün qədər qısa müddətdə ölkədə maarif və təhsil işini lazımi səviyyədə qurmağa çalışır. Çünki, indiki zamanda yalnız savadlı xalqın sərbəst yaşamağa hüququ və imkanı vardır. Ölkənin gələcək taleyi bu işlərin müvəffəqiyyətindən çox asılıdır”.
Ölkədə təhsil və maarifə olan ehtiyacların ödənilməsi üçün bu sahəyə xüsusi diqqətin yetirilməsinin, zamanın tələbi olduğu həmin məktubda öz əksini tapmışdır. Qeyd edirik ki, Parlamentin müzakirəsinə çıxarılmış bir sıra qanun layihələri məhz təhsil və maarif quruculuğu işləri ilə bağlı idi. Ölkədə təhsil sisteminin inkişaf etdirilməsinə yönəlmiş qanun və qərarların qəbul edilməsi böyük əhəmiyyət kəsb etmişdir. Təhsil sisteminin dağılmasının qarşısının alınmasına, onun dəyişdirilərək milli mənafelərə uyğun yenidən qurulmasına, məktəb islahatlarının aparılmasına və tədris-tərbiyə işlərinin milli köklər üzərində yenidən qurulmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi üçün Parlament və Hökumət tərəfindən qəbul edilmiş qanun və qərarların tarixi əhəmiyyəti danılmazdır.
Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 26-da keçirilmiş 5-ci iclasında F.X.Xoyskinin sədrliyi ilə yeni təşkil olunmuş Hökumətin bəyannaməsi elan edildi. Həmin bəyannamədə təhsil-maarif məsələlərinə xüsusi yer ayrılmışdır. Parlamentə daxil olmuş müxtəlif partiya və fraksiyaların bəyannamələrində də təhsil məsələlərinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Azərbaycan Parlamentinin 8 yanvar 1919-cu il tarixli 7-ci iclasında dövrünün tanınmış müəllim və pedaqoqu - Rəşid bəy Əfəndiyevin qardaşı, pedaqoji təhsilli Abdulla bəy Əfəndiyev "Əhrar” fraksiyasının bəyannaməsini səsləndirərkən, ölkədə təhsil-maarif işinin əhəmiyyətinə toxunaraq qeyd edirdi: "...Azərbaycan Cümhuriyyətinin maarifə olan ehtiyacı başqa ehtiyacının fövqündədir. Ümumfəlakətlərin birinci səbəbi maarif yoxluğudur, xalq təhsili işində icbari ümumi təhsil tətbiq edilməlidir. Məktəb seminariyaları, peşə və kommersiya məktəblərinin şəbəkəsi genişləndirilməlidir. Bu il Universitet də açılmalıdır. Məktəblər kifayət qədər müəllimlərlə təmin olunmalıdır. Məktəblər milliləşdirilməlidir. Geniş yayılmış bir sıra kitabçaların, jurnal, dərslik və təlimatların ucuz qiymətə nəşr edilməsi üçün tədbirlər görülməlidir. Dövlət təşkilatlarında bütün kargüzarlığın milli türk (Azərbaycan-R.S.) dilində aparılması üçün tədbirlər görülməlidir. Hökumət məmurlarının hazırlanması üzrə xüsusi məktəblər açılmalıdır”.
Parlamentin 14 aprel 1919-cu il tarixli 29-cu iclasında N.Yusifbəylinin sədrliyi ilə təşkil edilmiş yeni Hökumətin bəyannaməsində də xalq təhsili məsələlərinə xüsusi yer ayrılmışdır. Hökumətin bəyannaməsində qeyd edilirdi: "…Müstəqilliyimizin həyata keçirilməsi və möhkəmləndirilməsi işində xalq təhsilinin hansı rol oynadığı hamınıza bəllidir. Hökumət bunu nəzərə alaraq təcili surətdə icbari ümumi təhsil haqqında qanun layihəsinin hazırlanmasını və bizim sənaye ölkəmizdə peşə təhsilinə xüsusi diqqət yetirilməsini vacib hesab edir.
Həmin qanun layihəsinə uyğun olaraq, payıza qədər ölkəmizdə ibtidai məktəb şəbəkəsinin yaradılmasına ümid edir. Hökumət mövcud ibtidai və orta məktəblərin bir hissəsinin milliləşdirilməsi yolu ilə ölkəmizin sayca çoxluq təşkil edən türk (azərbaycanlı-R.S.) əhalisi üçün məktəblər yaratmaqla yanaşı, sayca azlıq təşkil edən millətlərin uşaqlarının da orta təhsil almasının qayğısına qalmasını vacib hesab edərək, onların ana dilində olan məktəblərin saxlanmasını, lazımi hallarda isə dövlət vəsaiti hesabına yeni məktəblərin açılmasını vacib sayır. Hökumət məktəblərin milliləşdirilməsi üçün müəllim və dərsliklərin çatışmadığını etiraf edərək, yeni açılan müəllim seminariyalarında müəllimlərin hazırlanmasına və yaxud xaricdən dəvət olunmasına, həmçinin xüsusi komissiyalar yaratmaqla yeni dərsliklərin tərtib edilməsinə və onların xarici dildən tərcümə edilməsinə qüvvəsini sərf edəcəkdir. Ümid edirik ki, bütün bu tədbirlərin həyata keçirilməsi sayəsində yeni tədris ilinin əvvəllərindən etibarən kifayət qədər yaxşı avadanlıqla təchiz edilmiş və tədrisi türk (Azərbaycan-R.S.) dilində aparılan məktəblərə malik olmağa imkan verəcəkdir. O ki, qaldı ölkədəki ali-təhsil müəssisəsinə, məlumdur ki, Bakıda Kənd Təsərrüfatı İnstitutunun açılması barədə qanun layihəsi baxılmaq üçün Parlamentə təqdim edilmiş və gələn tədris ilinin əvvəllərindən etibarən isə Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi haqqında danışıqlara başlanılmışdır. Hökumət bu məsələlərin ölkəmiz üçün faydalı həll edilməsinə dair tədbirlər görəcəkdir. Aydındır ki, bizim Universitetdə dilimizi, ədəbiyyatımızı və tariximizi öyrənmək üçün kafedralar açılacaqdır”.
Qeyd: Fotolar Azərbaycan Respublikası Kino-Foto Sənədlər Arxivindəndir.
(Ardı var)