Paralel. - 2018.- 21 sentyabr. - ¹ 159. - S. 10.

 

Ölkəmizdə dini tolerantlıq siyasi mədəniyyətin başlıca amillərindəndir

 

Azərbaycan dünya miqyasında dinlərarası dialoqun inkişafında və təşkilində mühüm təcrübəyə malikdir

 

 Bəzi kulturoloqlar fərqli mədəniyyətlərin normal ünsiyyət qurmasında siyasi təsirləri tamamilə inkar edirlər, multikultural mühitin formalaşmasını, yalnız lider xalqın ənənələri ilə məhdudlaşdırırlar. Lakin məsələyə bir qədər konseptual prizmadan baxanda bu tezisin tamamilə səhv olduğu aydınlaşır. Belə ki, müasir və qədim dünyada ən azı əksər siyasətçilər öz hədəflərinə çatmaq üçün milli fərqlərdən istifadə edib və edirlərsə, münbit siyasi mühit olmadan multikulturalizmə necə nail olmaq mümkündür?

Başqa sözlə desək, siyasətçiləri milli fərqlərdən istifadə etməklə - milli münaqişələr törətməklə öz siyasi məqsədlərinə çatmaqdan, milli kimlikdən bir vasitə kimi istifadə etməkdən çəkindirmədən müxtəlif xalqlar arasında hər hansı bir ünsiyyət qurmaq mümkün deyil.

Azərbaycan-Ermənistan, Gürcüstan-Abxaziya, Dinestpryanı və s. münaqişələr bunun bariz nümunəsidir. Ona görə də milli birgəyaşayış münasibətlərinin formalaşmasında siyasi faktorun təsirləri mütləq nəzərə alınmalı, milli və dini multikulturalizmi inkişaf etdirmək istəyən siyasi hakimiyyət ən azından öz daxili və xarici siyasətində milli fərqlərdən istifadə etməməlidir. Siyasi hakimiyyətin bu cür yanaşma sərgiləməsi zaman axarında vətəndaşın da siyasi mədəniyyətinə təsir edir - milli və ya dini fərqlər fərdlərin düşüncəsində birinci pillədən bir qədər geriləyir və nəticədə milli-dini baxımdan liberal bir cəmiyyət formalaşır. Fərqli dinlərə münasibət vətəndaşların siyasi mədəniyyətinin inkişafında önəmli çəkiyə malikdir. Demokratiya yolunu tutan, bu dəyərlərə əsaslanıb inkişaf etmək istəyən siyasi mədəniyyətlərdə dini dözümlülük, tolerantlıq, insanların inanclarına hörmətlə yanaşmaq vacib şərtlərdəndir. Bir qayda olaraq dini tolerantlıq olmayan cəmiyyətlərdə vətəndaşların siyasi mədəniyyət səviyyəsinin yüksəltmək çətin olur. Bu baxımdan ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolunda irəliləyir. Ölkəmizdə siyasi mədəniyyətin başlıca struktur formalarından biri kimi, məhz dinlərə münasibət, dini tolerantlıq çıxış edir.

Tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin, bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən Azərbaycan təcrübəsi nümunədir. Çoxmillətli, çoxkonfessiyalı, dünyəvi dövlət olan Azərbaycanda əsrlərdən bəridir ki, dini etiqad azadlığı mövcuddur. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilib. Ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də, məhz Azərbaycanın qədim şəhəri olan Şəkinin yaxınlığında yerləşir.

Dövlət tərəfindən məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırması da, ölkəmizdə mövcud olan multikulturalizmin və tolerintlığın bariz nümunəsidir. Hazırda ölkəmizdə fəaliyyət göstərən məscidlərin sayı 2000-dən artıqdır. Son illərdə 140 məscid tikilib, 80 dini ocaq təmir olunub. Ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 535 islam, 35 digər təmayüllü dini icma, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Başqa dinlərə, konfessiyalara hörmət ölkəmizin tolerantlıq ənənələrinin çoxəsrlik tarixindən xəbər verir. Azərbaycanda müxtəlif dini konfessiyalar üçün yaradılan şəraitin özü tolerantlıq nümunəsidir. Azərbaycanda yaşayan xristianlar, yəhudilər, katoliklər və digərləri də ölkəmizi doğma vətənləri hesab edirlərd. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaradılıb, dövlət -din münasibətləri sivil prinsiplərə, multikulturalizm və tolerintlı meyarlarına uyğun tənzimlənir.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanın humanitar sahədə, yəni, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün bir mərkəz kimi formalaşmasına öz təsirini göstərib.

Sovet rejiminin süqutu və ölkəmizin müstəqillik əldə etdikdən sonrakı dövrdə formalaşan din- dövlət münasibətlər həm ölkəmizin ərazisində məskunlaşan xalqların milli birliyini gücləndirir, həm də Azərbaycanda multikulturalizmin və tolerantlığın uğurlu inkişafına xidmət edir. Azərbaycan artıq dünya miqyasında dinlərarası dialoqun inkişafında və təşkilində mühüm təcrübəyə malikdir. Bu da ölkəmizdə vicdan, insan haqqları, demokratik dəyərlərə meyilliyi gücləndirir, dinlər və millətlər arasında mövcud olan tolerantlığı möhkəmlədir.

İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşırlar. Dünyada çox az dövlətlər tapılar ki, Azərbaycandakı qədər tolerantlığın və dini dözümlülüyün təmin olunması üçün səylər göstərsin. Dövlət başçısı səviyyəsində müxtəlif konfessiyaların rəhbərləri ilə görüşlər keçirilsin, ayrı-ayrı xalqların dini mərasimlərində iştirakı təmin olunsun. Yüksək əxlaqi dəyərlərə əsaslanan tolerantlıq mühitində ölkəmizin bütün milli azlıqları, öz etnik-dini adət-ənənələrini, dil və mədəniyyətini bu günümüzə qədər qoruyaraq inkişaf etdirə biliblər.

 

İllərin təcrübəsi göstərir ki, İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan milli mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir. Dünya dini liderlərinin iştirakı ilə Bakıda keçirilən, "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" sammitində qeyd olunduğu kimi, dünyada sülhün təmin edilməsinin başlıca şərti tolerantlıqdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə keçirilən "Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir" mövzusunda Beynəlxalq Forumda separatizmi yaradan səbəblər, təhlükə mənbəyi olması, dövlətlərin müstəqilliyinin varlığı üçün törətdiyi fəsadlar, işğalçılıq siyasəti nəticəsində yaranan miqrantların üzləşdikləri əzab- əziyyətlər barədə ətraflı müzakirələr aparmaqla yanaşı, həm də Azərbaycanın bu istiqamətdə apardığı siyasət yüksək dəyərləndirilib.

Belə ki, tanınmış yəhudi tarixçisi və analitik Moşe Beker Azərbaycan yəhudilərinin tolerantlığın Azərbaycan modeli haqqında düşüncələrini Yəhudi Xəbərlər Agentliyi üçün belə şərh edib: "Bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır. Prezident İlham Əliyev ardıcıl olaraq sivilizasiyalararası dialoqun, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına yönəldilən təşəbbüs və çağırışlarla çıxış edir. Beynəlxalq humanitar forumlar, dünyanın dini liderlərinin Azərbaycanda keçirilən sammitləri müsəlman, yəhudi və xristianları narahat edən qlobal problemlərin müzakirəsinə əhəmiyyətli töhfə verir".

Bu da ondan irəli gəlir ki, Azərbaycan dövləti multikulturalizmi və tolerantlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqətdə saxlayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi, Azərbaycanda yaşayan müxtəlif dini icmaların başçılarından ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los-Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqunda Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbirin keçirilməsi də, bu siyasətin ardıcıllığından xəbər verir.

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 300-dək qonaq, o cümlədən xarici ölkələrin Los-Ancelesdə akkreditə olunmuş baş konsulları, yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, müxtəlif dinləri təmsil edən din xadimləri, seçkili orqanlarının üzvləri, eləcə də bir çox icmaların nümayəndələri, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak ediblər.

Tədbirin açılışında Sinay Sinaqoqunun kantoru Liza Peykot tərəfindən Azərbaycan himninin ifası rəğbətlə qarşılanıb. Sinaqoqun ravvini Erez Şerman belə bir əlamətdar tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə edib. O, 2015-ci ildə sinaqoqun böyük nümayəndə heyətinin Azərbaycana səfərini qeyd edərək, Azərbaycandakı dinlərarası tolerantlığın bütün qonaqlara yüksək təsir bağışladığını vurğulayıb.

Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles nümayəndəliyinin sədri Skot Edelman Azərbaycanın bütün müsəlman dünyasında oynadığı nümunəvi rolu xüsusi vurğulayaraq, AYK ilə Azərbaycan arasında qurulan dostluq əlaqələrinə yüksək önəm verdiklərini bildirib. S.Edelman ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən münasibətin yüksək səviyyədə olmasının Amerika yəhudiləri arasında böyük rəğbət doğurduğunu vurğulayıb.

DQİDK sədri Mübariz Qurbanlı tədbirdə çıxış edərək tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunlarının, zəngin ənənələrinin mövcud olduğunu qeyd edib.

 

 “Paralel”in Araşdırma Qrupu