Paralel. - 2018.- 20 sentyabr. - ¹ 158. - S. 10.

 

Azərbaycan tarixən tolerant və çoxkonfessiyalı unikal bir ölkə kimi tanınıb

 

Burada qarşılıqlı etimad və hörmətə əsaslanan milli və dini münasibətlər mövcuddur

 

 Azərbaycan bir çox millətlərin nümayəndələrinin özlərini rahat və doğma vətənlərindəki kimi hiss etdiklər ölkələrdən biridir. Tarixi mənbələr də göstərir ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri, o cümlədən də yəhudilər, artıq min illərdir yaşayırlar. Dünyada yəhudilərin kompakt yaşadığı iki məkan var. Onlardan biri Yerusəlim, digəri isə Azərbaycan Respublikasının Quba rayonudur. Azərbaycanda yəhudilərə həmişə tolerant və dözümlü münasibət göstərilib. Bunun təm əksinə olaraq, dünyanın aparıcı demokratik ölkələrindən sayılan Fransada yəhudi qəbiristanlığı, sinaqoqları dəfələrlə təhqir olunub. Azərbaycanda isə belə hadisələrə heç vaxt yol verilməyib. Bu gün dünyanın bir çox ölkələrini təmsil edən siyasətçilər, din xadimləri də elirf edirlər ki, İstər dini, istərsə də milli  münasibətlər baxımdan Azərbaycan dünya üçün açıq bir dövlətdir.

Bildiyiniz kimi, bir müddət əvvəl, Bakıda həyata keçirilən tikinti -quruculuq işləri ilə bağlı yəhudilərin ibadət etdiyi sinaqoqun sökulməsi məsələsi ortaya çıxdı. Bu məsələyə çox ciddi yanaşan dövlətimizin başçısı, prezidenti İlham Əliyev göstəriş verdi ki, yeni sinaqoq tikilənə qədər ona toxunulmasın.

Bu da məlum fakidır ki, Bakıda sayları az olmasına baxmayaraq, katoliklərin də öz dini ayinlərini icra etmələri üçün dövlət hesabına kilsə tikilib. Müstəqillik əldə etdikdən sonra Azərbaycan hökuməti ölkəmizdə formalaşan dini tolerantlıq mühitinin qorunub-saxlanması və daha da möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görüb. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə 500-dən çox İslam, 30-dan çox qeyri-islam təmayüllü dini icma, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılması da, ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Avropanın ən iri sinaqoqlarından biri də, məhz Bakıdadır. Ölkəmizdə iki yəhudi ibtidai məktəbi, üç yəhudi uşaq bağçası fəaliyyət göstərir.

Bütün bunlarla yanaşı, ölkəmizdə yaşayan xalqların nümayəndələrinin Azərbaycan haqqında düşüncələrini onların öz dillərindən eşitmək, yəqin ki daha maraqı olar. 2018-ci ilin may ayında Azərbaycan dini liderlərinin Los-Anceles və San-Fransiskoya səfər edən nümayəndələr arasında Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev də olub. Amerikada çıxan "Jewish Journal" nəşrində onun "Kaliforniyaya tarixi səfər zamanı dinlərarası harmoniyanın və multikulturalizmin Azərbaycan modeli nümayiş etdirildi" sərlövhəli məqaləsi dərc olunub. Müəllif yazır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanın müsəlman, Avropa yəhudiləri, xristian pravoslavlar və alban-udi xristian icmalarının rəhbərləri olublar. Səfərin məqsədi Azərbaycanda multikultural, dinlərarası harmoniyanın və tolerantlığın unikal modelinin təcrübəsini bölüşmək, dinlər arasında möhkəm sülhün və qarşılıqlı anlaşmanın mümkünlüyü məsələsini müzakirə etmək olub. Müəllif səfərin Amerika Yəhudi Komitəsinin Los-Anceles və San-Fransisko regional bölmələri tərəfindən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevlə sıx əməkdaşlıq şəraitində təşkil edildiyini yazıb: "Artıq 20 ildir ki, Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında yaxşı münasibət yaranıb. Baş direktor Devid Harris başda olmaqla Komitənin nümayəndə heyəti son 11 ildə hər il Azərbaycana səfər ediblər. Azərbaycan bu Komitənin rəsmi səfərlərinin illik təqvimində yer alan az sayda ölkələrdən biridir".

M.Yevdayev yazır ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Kaliforniyada bir sıra dini liderlərlə, Kaliforniya qanunveric orqanların üzvləri və yerli yəhudi icmasının rəhbərləri ilə görüşüblər. Bu görüşlərdə Azərbaycanda ta qədimdən mövcud olan tolerantlıq və multikulturalizm ənənələri, müsəlman, pravoslav-xristian, katoliklər, protestantlar, yəhudilər və digər konfessiyaların mümayəndələrinin əsrlər boyu dostluq və qarşılıqlı hörmət şəraitində yaşadıqları bildirilib. Qeyd edilib ki, Azərbaycan bəlkə də kiçik ölkə sayıla bilər, lakin bu ölkənin rəhbərliyi dinlər arasında harmoniya, anlaşma və sülhün qorunub saxlanması istiqamətində çox mühüm işlər görür. Yazıda qeyd olunanlar, Azərbaycanın bir çox millətlərin və dini konfessiyaların dinc-yanaşı yaşamasının mümkün olduğu unikal, nümunəvi bir ölkə olduğunu deməyə əsas verir.

Bütün bunlar Azərbaycanın tarixən tolerant və çoxkonfessiyalı ölkə olduğunu sübut etməklə yanaşı, həm də ərazisində mövcud olan bütün dini konfessiyaların inkişaf etdirilməsi üçün dövlət dəstəyinin yüksələn xəttlə davam etdirilməsinin bariz nümunəsidir. Ölkəmizdə ümumiyyətlə, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli və dini münasibətlər olub. Dinlərarası dialoq və əməkdaşlıq da, belə münasibətlərə təkan verib.

Prezident İ.Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını dini bayramları münasibəti ilə təbrik edir.  Dövlət tərəfindən yürüdülən bu siyasətin nəticəsidir ki, çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətlər hər zaman yüksək səviyyədə olub. Müxtəlif millətlərə, dinlərə mənsub insanların birgə və mehriban yaşadığı Azərbaycan Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olmaqla, mədəniyyətlər və sivilizasiyalararası dialoqa da böyük önəm verir. Bu cür milli siyasətin məntiqi nəticəsidir ki, son illər ölkəmizdə dini tolerantlıq və multikulturalizm mövzusunda bir sıra beynəlxalq tədbirlər keçirilib. Azərbaycan sözün həqiqi mənasında mədəniyyətlər və dinlərarası dialoq mərkəzinə çevrilib. Prezident İlham Əliyev tərəfindən müxtəlif xalqlar və millətlər arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi" təşəbbüsünün irəli sürülməsi də, bu proseslərə yeni güc qatıb.

Onu da xüsusi qeyd etmək lazımdır ki, müasir beynəlxalq münasibətlər sistemi çərçivəsində dünyanın hər bir nöqtəsində yaşayan insanlar arasında münasibətlərin gələcək inkişafının konturlarının müəyyən edilməsində, bu istiqamətdə elmi nailiyyətlərin müzakirəsində "Bakı prosesi" beynəlxalq platforma olaraq mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu platformanın hərəkətverici qüvvəsinə çevrilməsində Bakı humanitar forumları, son on ildə ölkəmizdə keçirilən müxtəlif beynəlxalq konfrans və tədbirlər də dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Çünki Azərbaycan dövləti bütün dinlərin, mədəniyyətlərin, etnosların bərabər imkanlar əsasında birgə yaşamasını, elmin, təhsilin, qanunvericiliyin və insan kapitalının inkişafına yönəlik gələcək rifahın müəyyən edilməsini əsas tutan siyasət yürüdür. Bu siyasət digər ölkələrlə münasibətlərin formalaşmasında prinsipial məsələlərdən biri kimi qarşıya çıxmaqla, ölkəni tolerantlıq və multikulturalizmin təmin edildiyi model dövlət kimi təqdim edir.

Multikulturalizmin Azərbaycan modeli dinlərin bərabər inkişaf imkanlarını və etnik qrupların birgə yaşamasını təmin edir. Bu model eyni zamanda, digər inanc və mədəniyyətlərə mənsub müxtəlif qruplara hörməti və təmsilçiliyi özündə ehtiva edir.

Dini və milli tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycanda yəhudilik, xristianlıq və İslam kimi üç dinin, həmçinin, müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması, həm də tarixi dəyərlərlə bağlıdır.

Müvafiq qanunvericiliyin, eyni zamanda, məqsədyönlü dövlət siyasətinin göstəricisi olaraq, bir sıra digər fəaliyyətləri də qeyd etmək yerinə düşər. Hazırda Azərbaycanda müsəlman icmaları ilə paralel şəkildə qeydə alınan qeyri-müsəlman dini icmaların fəaliyyətini tənzimləyən "Dini etiqad azadlığı haqqında" qanun və bu qanundan irəli gələn məsələlərin icrasını həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var. Komitə ölkədə müxtəlif dini konfessiyalara bərabər imkanlar və şərait yaradır.

Milli mədəniyyətlərin qorunması onların dilinin, milli adət-ənənələrinin qorunması deməkdir. Eyni coğrafiya daxilində yaşayan bütün xalqların milli ruhunun yaşadılması da, vahid milli dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayır. Bu eyni zamanda, xalqların rifahı və dövlətçiliyin möhkəmlənməsi deməkdir.

Bu gün ölkəmizdəki qədim alban abidələri, müxtəlif xalqlara mənsub dini və tarixi abidələr, Xınalıq, Malakan, Lahıc, Buduq, Nic, Krasnaya Sloboda kimi  tarixi-coğrafi məkanlar dövlət səviyyəsində qorunur. AMEA-da milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasını öyrənən şöbə, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası, etnik və milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqələndirən şura var.

Bundan başqa, tolerantlıq və multikultural dəyərlər demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyi deməkdir. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi prinsiplərinin qorunması da, demokratiyanın əsas göstəricilərindəndir.

Sosial hadisə olan tolerantlıq və multikulturalizm həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə, cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə möhkəm sülh deməkdir. Sivilizasiyaların qovuşduğu Azərbaycanda dini, milli, irqi tolerantlıq xalqımızın qazandığı ən böyük nailiyyətdir.

 

 “Paralel”in Araşdırma Qrupu