Paralel. - 2018.- 19 sentyabr. - ¹ 157. - S. 10.

 

Multikultralizm siyasəti qədim mədəni tarixə malikdir

 

Mədəni müxtəliflik dünyada ən çox qarşıdurma, ixtilaf, gərginlik və  münaqişəyə səbəb olan faktorlardandır. Ona görə də, bu gün dünya yad mədəniyyətlərin inteqrasiyası üzərində ciddi düşünməyə məcburdur. Hazırda dünyanın siyasi elitası bu prosesin adını "multikulturalizm" qoysa da, onun tarixi dünya mədəniyyətinin yüzilliklərindən qaynaqlanır. Məsələn, müasir dönəmdə dünya dövlətlərinə multikulturalizm nümunəsi göstərən bir sıra xalqların, o cümlədən də oğuz türklərinin bu istiqamətdə yaranan ənənələrinin tarixi orta əsirlərə gedib çıxır. Tək azərbaycanlılar deyil, bu gün multikultural cəmiyyət qura bilən xalqların hamısının tarixində yad mədəniyyətlərə hörmətlə yanaşılıb, milli-mədəni fəlsəfəsində humanizmə xüsusi yer verilib. Məsələn, İsveç mədəniyyətini araşdırsaq, tamamilə onlara yad mədəniyyət mən sublarına tarxin müxtəlif mərhələlərində necə qucaq açdıqlarının şahidi olarıq.

Bu gün multikulturalizmin İsveç modeli, məhz həmin ənənələr üzərində təşəkkül tapıb.

Yad mədəniyyətlərə sayğı siyasəti mədəni plüralizmin inkişafına münbit şərait yaradır ki, bu da yuxarıda sadaladığımız problemlərdən cəmiyyəti etibarlı şəkildə qoruyur. Multikulturalizm siyasəti ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə bağlıdır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Çoxmədəniyyətlilik siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Ona görə də, bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda dövlətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı, həm də milli və dini azlıqlar da dəstəkləyirlər.

Mədəni müxtəlifliyi qoruyan siyasətin nəzəri əsasını liberalizm, xüsusən də  liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərləri təşkil edir. Ona görə də multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burada irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Lakin multikulturalizmlə liberalizm arasında bir mühüm fərq də var. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını önə çəkir. O, bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. Multikultralizm müxtəlif mədəniyyətlərin paralel yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə vəhdət təşkil edir.

Multikulturalizm həm də cəmiyyətdə təzahür edən çoxnövlü mədəni müxtəlifliyin növlərindən biridir. Bundan başqa, biz multikulturalizmlə əlaqədar olan izolyasionizm (təcrid etmə), assimilyasiya və aparteid kimi  digər təzahürləri də qeyd edə bilərik.

UNESCO-nun baş direktoru İrina Bokova çıxışlarından birində bildirib ki, müasir dünyada mədəni müxtəliflik həyatımızı zənginləşdirən, bizə bir yerdə inkişaf etmək imkanı yaradan yeni ideya və perspektivlər təqdim edir: "Multikulturalizm bizə mədəni müxtəlifliyin böyük üstünlüklərini, o cümlədən bəşəriyyətin zəngin qeyri-maddi mədəni irsini vurğulamaq, qarşılıqlı anlaşmaya və mədəniyyətlərarası dialoqa əsaslanan daha dinc dünya qurmağa sadiq qaldığımızı bəyan etmək imkanı yaradır".

Onu da qeyd etmək vacibdir ki, bəşəriyyətin mədəni müxtəlifliyinin gücündən və yaradıcı potensialından istifadə etmədən BMT-nin "2030 - Dayanıqlı inkişaf məqsədlərinin gündəliyi"ndə nəzərdə tutulan 17 hədəfə çatmaq mümkün deyil. Çünki bütün dünyada mədəni azlıqlar ümumi irsimizi məhv edən, xalqlar və onların tarixləri arasında mühüm əlaqələri zəiflətməyə çalışan ekstremistlərin hədəfi olur. Digər tərəfdən isə şəhərlərin nəzarətdən çıxan inkişafı onların sosial müxtəlifliyini və məişətini yoxa çıxarmaq təhlükəsini yaradır. Buna görə də XXI əsrdə bizə yeni humanizm konsepsiyası lazımdır. İnsan haqlarına əsaslanan UNESCO əmindir ki, müxtəliflik bizi daha güclü edir və mədəniyyətlərarası dialoqun, dayanıqlı inkişafın və sülhün bərqərar olmasında mədəni müxtəlifliyin böyük rolu var.

Hazırda dünyada baş verən qloballaşma prosesləri də multikultralizmə birmənalı təsir göstərmir. Çünki bu prosesə hərə öz baxışlarına uyğun töhfə verməyə çalışır. Ona görə də dünya birlikləri qloballaşmanın ana prinsiplərini aydın şəkildə bəyan etməlidirlər. Hər bir siyasi hakimiyyətə və onun liderinə aydın olmalıdır ki, qloballaşma yad mədəniyyətlərin lider mədəniyyətə uyğunlaşdırılması deyil, bütün mədəniyyətlərə meydan açmaq kimi anlaşılmalıdır.

Bir sıra tədqiqatçıların nəzərincə, qloballaşma şəraitində multikulturalizm mədəniyyətin əsas fəaliyyət prinsipi kimi mədəniyyətlərin pozitiv qarşılıqlı əlaqəsini, dialoqunu deyil, əksinə "lider" mədəniyyətin (və ya mədəniyyətlərin) "periferiya" mədəniyyətlər üzərində hegemonluğunu təmin etməyə, mahiyyət etibarilə milli mədəniyyətlərin vəhdətinin və homogenliyin qarşısını almağa, onlar arasında fərqlərin aradan qaldırılmasına gətirib çıxarır.

Kütləvi mədəniyyətin yayılması da, mədəniyyətlərin özünəməxsusluğunun itirilməsi kimi qlobal təhlükəni reallaşdırır. Kütləvi mədəniyyət mədəni dəyərlərin və dilin eyniləşməsi, həyat tərzlərinin, geyimlərin, məişətlərin, musiqilərinin standartlaşmasına və universallaşması təhlükəsi yaratmaqla yanaşı, dominant mədəniyyətə texnoloji və informasiya üstünlüyündən istifadə edərək öz dəyərlərini, norma və standartlarını digərlərinə qəbul etdirmək imkanı yaradır. Bu aspektdən multikulturalizmin beynəlxalq səviyyəsindən də danışmaq lazım gəlir. Beynəlxalq münasibətlər baxımından mədəni müxtəliflik bütün bəşəriyyət üçün zəngin töhfədir və onun qorunması və dəstəklənməsi bütün dünyanın dayanıqlı inkişafı üçün vacib şərtdir.

Hazırda bütün dünyada multikulturalizmin geniş tətbiqini nəzərdə tutan bir çox aktlar, konvensiyalar mövcuddur. Bu sənədlərdə mədəni müxtəlifliyin qorunması üçün bütün dünyada geniş və tarazlı mədəni mübadilənin təmin edilməsi, mədəniyyətlərarası dialoqu, mədəniyyətlərarası qarşılıqlı fəaliyyəti, xüsusilə inkişaf etməkdə olan ölkələrin rolunu artırmaq nöqteyi-nəzərdən beynəlxalq əməkdaşlıq və həmrəyliyi gücləndirmək kimi rəhbər prinsiplər öz əksini tapır. Məlumdur ki, beynəlxalq səviyyədə multikulturalizm dəyərlərinin möhkəmləndirilməsi, yalnız insan hüquq və azadlıqlarına hörmət, dövlətlərin suverenliyi, bütün mədəniyyətlərə hörmət edilməsi və bütün mədəniyyətlərin bərabər ləyaqətə malik olmasının qəbul edilməsi, beynəlxalq həmrəylik və əməkdaşlıq, bərabər imkanlar, açıqlıq və tarazlıq, inkişafın iqtisadi və mədəni aspektlərinin tamlığı prinsiplərinə əməl edilməsi sayəsində mümkündür. YUNESKO-nun 2001-ci ildə qəbul etdiyi "Mədəni müxtəliflik haqqında" Ümumdünya bəyannaməsində qeyd edildiyi kimi, bioloji müxtəliflik canlı təbiət üçün neçə zəruridirsə, mədəni müxtəliflik də bəşəriyyət üçün bir o qədər vacibdir. Bu mənada o bəşəriyyətin ümumi nemətidir, indiki və gələcək nəsillərin mənafeyi naminə tanınmalı və möhkəmləndirilməlidir. YUNESKO-nun - "İnsan inkişafı - 2004" adlı məruzəsində qloballaşma şəraitində multikulturalizm strategiyasının əsas prinsipləri aşağıdakı kim təsbit olunub:

1.Ənənələrin mühafizəsi insan inkişafının qarşısını alan amilə çevrilə bilər. Ənənəvi dəyərlərin və adətlərin çoxu layiqincə qiymətləndirilməlidir. Ənənələri bütün vasitələrlə qoruyub saxlamağı tələb edən ifrat çağırışların insan inkişafına mənfi təsiri göstərməsi şübhəsizdir. Ənənələri seçim azadlığı ilə qarışdırmaq olmaz. Bəzi ənənələr mədəni azadlıqların genişlənməsi yolunda əsil maneəyə çevrilirlər.

Mövcud fərqlərə və müxtəlifliklərə hörmət etmək lazımdır. Əlbəttə, müxtəliflikləri nəyin bahasına olur- olsun qoruyub saxlamağa da zərurət yoxdur, ancaq bu müxtəlifliyi insanların mədəni azadlığına və həyatlarını zənginləşdirdiyinə kömək etdiyi şübhəsizdir.

Müxtəliflik insanların identikliyinin çoxcəhətli və bir-birini tamamlayan olduğu, onların özlərini təkcə yerli icmanın, öz ölkəsinin deyil, həm də bütün bəşəriyyətin hissəsi kimi hiss etdiyi qarşılıqlı asılı dünyada çiçəklənir. Qloballaşmanın inkişafı insanlarda təkcə yerli və milli identikliyin deyil, həm də dünyanın vətəndaşı kimi özünüdərkin inkişafını şərtləndirir.

İqtisadi və siyasi sahələrdə disproporsiya və bərabərsizliyin azaldılması ilə daha yoxsul və zəif birliklərin mədəniyyətlərinə təhlükə də azalır. Bir mədəniyyətin öz iqtisadi qüdrəti sayəsində başqaları üzərində üstünlüyünü aradan qaldırmaq üçün ideya və əmtəələrin axınındakı natarazlıq probleminin həllinə nail olmaq lazımdır.

Son nəticədə bütün qeyd olunanlar onu deməyə əsas verir ki, qlobalaşan dünyamızda sülhə və əminamanlığa nail olmaq istəyiriksə, multikulturalizm dəyərlərinin qorunmasının və bigəyaşayışın qaçılmaz olduğu prinsiplərini qəbul edərək, dinlər və mədəniyyətlər arasında dialoqa nail olmaq lazımdır.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanındaKİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunub

 

“Paralel”in Araşdırma Qrupu