Paralel. - 2018.- 18 sentyabr. - ¹ 156. - S. 10.

 

Azərbaycan multikulturalizmi dünyanı özünə cəlb edir

 

Xarici KİV-lər də Azərbaycan multikulturalizmi modelinə böyük maraq göstərirlər

 

 Azərbaycanda yaşayan milli azlıqların, azsaylı xalqların, etnik qrupların adət-ənənələrinin, həyat tərzinin, mədəniyyətlərinin, dillərinin qorunub saxlanılmasında ölkəmizdə mövcud olan tolerant və multikultural mühit əhəmiyyətli rol oynayıb. Multikulturalizmin Azərbaycan modeli bu gün artıq ölkəmizin hüdudlarını aşaraq dünyayın bir çox ölkələrində nümunəvi bir model kimi qəbul olunur. Yəni multikulturalizm dəyərləri, artıq bir ölkə çərçivəsindən çıxaraq, dünyəvi məna, mahiyyət kəsb etməkdədir. Burada  multikulturalizmin Azərbaycan modelinin dünyanın aparıcı mətbuat orqanlarında yer almasının da böyük təsiri olub.

Belə ki, dünyanın bir çox ölkələrinin KİV-ləri multikulturalizmin Azərbaycan modelinin mahiyyətini əks etdirən yazılara öz səhifələrində geniş yer ayırıblar. Buna Bolqarıstan KİV-də yer alan məqalələri misal göstərə bilərik. Bolqarıstan  mətbuatında keçən ilin may ayında Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu geniş işıqlandırılıb. Məqalələrdə qeyd edilib ki, müxtəlif mədəniyyət və sivilizasiyaların qovuşağında yerləşən bu unikal məkanda mövcud olan multikulturalizm, tolerantlıq və birgəyaşayış norma və dəyərləri bir nümunə kimi bütün dünyada öyrənilməli və təbliğ olunmalıdır.

Bolqarıstanın aparıcı mətbu orqanı olan "Standart" qəzeti, "Fokus" və "Cross" informasiya agentlikləri, www.novinite.com internet xəbər portalları forum haqqında ingilis və bolqar dilində məqalələr yayımlayıb. İki ildən bir keçirilən bu forumun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqun təşviqi məqsədi ilə yaradılan "Bakı Prosesi" layihəsinin bir hissəsi olduğu həmin məqalələrdə öz əksini tapıb. "Bakı prosesi" layihəsi çərçivəsində həyata keçirilən digər tədbirlər barədə də həmin məqalələrdə ətraflı məlumat verilib. Məqalələrdə inam azadlığı, bərabər imkanlar, uğurlu idarəetmə, eləcə də, müxtəlifliyə qarşı tolerantlığa və hörmətə əsaslanan cəmiyyətlərin formalaşdırılması yollarının forum çərçivəsində müzakirə olunduğu qeyd edilib. Yazılarda dövlət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, siyasətçilər, ekspertlər, sülhməramlı səfirlər, jurnalistlər, görkəmli ziyalılar və fəalları bir araya gətirən bu forumun mədəniyyətlərarası dialoqun əhəmiyyətinin dünyaya yayılması istiqamətində yarada biləcəyi imkanlardan söz açılır.

Bolqarıstanın www.mediapool.bğ xəbər saytında "Azərbaycan Prezidenti multikulturalizmin müdafiəsində" adı altında dərc olunan məqalədə də forum haqqında bəhs edilib. Məqalədə Prezident İlham Əliyevin forumun açılışında iştirak etdiyi və iştirakçıları müxtəlif mədəniyyətlərin birgə sülh içində yaşaya biləcəyinin real olduğunu sübut etmək üçün birgə səylərin göstərilməsinə çağırdığı əks olunub.

Bu forumda iştirak etmək üçün Azərbaycana səfər edən Bolqarıstanın vitse-prezidenti İliyana Yotova Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qəbul edilib. O, Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ilə görüş keçirib, Bakı Slavyan Universitetini ziyarət edib və Azərbaycan-Bolqarıstan Ticarət-Sənaye Palatasının açılışında iştirak edib. Bu barədə Bolqarıstan KİV-i, "24 Çasa", "Trud" qəzetləri, "BQNES" informasiya agentliyi, www.standartnews.com, www.novini.bğ və www.trud.bğ xəbər portalları ətraflı məlumat veriblər.

Dünyada mövcud olan multikultural modellərlə bağlı digər mühüm tədbirlərdən biri də, Bakıda bu ilin yayında keçirilib. İyulun 13-də ADU-nun Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasında "İtaliya və Braziliyanın multikulturalizm modelləri" adlı tədbir baş tutub. Braziliyanın Darsi Ribeiro Universitetinin professoru Leila Bexos, İtaliyanın Sapienza Universitetinin doktoru, türkoloq Federiko Renzi və digər qonaqlar tədbirdə iştirak ediblər.

Professor Leila Bexos bildirib ki, səfərinin əsas məqsədi Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti ilə tanış olmaq, Azərbaycan multikulturalizm modelini daha dərindən mənimsəməkdir. O, Azərbaycanın bu sahədə xeyli inkişaf etdiyini bildirib. Qonaq əlavə edib ki, Azərbaycan multikulturalizmi ilə bağlı, artıq xeyli məlumat toplayıb və burada öyrəndiklərini öz ölkəsində tətbiq etmək niyyətindədir.

İtaliyadakı multikulturalizm mühitindən söz açan türkoloq Federiko Renzi isə Azərbaycanın multikulturalizm sahəsində nümunəvi modelə sahib olduğunu deyib. F.Renzi Azərbaycan dövlətinin bu istiqamətdəki addımlarını yüksək qiymətləndirib. Tədbirdə qeyd edilib ki, Azərbaycan multikulturalizm ölkəsi kimi bütün dünyada tanınır. Azərbaycanın multikulturalizm modeli də, artıq bir çox ölkələr üçün nümunədir.

Bu nümunə digər ölkələrə də yaxşı tanışdır. Belə ki, Azərbaycan Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun İtaliyanın nüfuzlu "L Opinione" qəzetində dərc edilən müsahibəsində də sözügedən dəyərlərdən bəhs edilib. Prezident Adminstrasiyasının şöbə müdri Etibar Nəcəfovla müsahibəni tədqiqatçı-jurnalist Corcia Pilar Ciorici aparıb. E.Nəcəfov dünyanın bir sıra ölkələrində etnik və dini zəmində baş verən münaqişələrin fonunda zəngin etnik və dini müxtəlifliyə malik Azərbaycanda bu qəbildən heç bir qarşıdurmanın baş vermədiyini deyib. O, qeyd edib ki, Azərbaycan etnik, dini və mədəni müxtəlifliyə malik bir ölkədir və etnik-mədəni müxtəliflik tarixi prosesin nəticəsi kimi obyektiv xarakter daşıyır. Bu da xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşünün, fəaliyyətlərinin əsasını təşkil edir və həyatında müsbət rol oynayır.

E.Nəcəfov qeyd edib ki, etnik-mədəni müxtəliflik dövlət tərəfindən tənzimlənmədikdə və yaxud, düzgün tənzimlənmədikdə o, cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlərə, hətta münaqişələrə səbəb olur. Ona görə də bu müxtəlifliyin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edir. Şöbə müdiri bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan cəmiyyətindəki etnik-mədəni müxtəlifliyin assimilyasiya və ya izolyasiya siyasəti vasitəsilə deyil, multikulturalizm siyasəti vasitəsilə tənzimləndiyini deyib. Multikulturalizm siyasəti milli azlıqların etnik-mədəni dəyərlərinin qorunmasını təmin edir. O titul etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafına eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin yaradır. Bu isə cəmiyyətdə inteqrasiya proseslərini möhkəmlədirir.

E.Nəcəfov qeyd edib ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Eləcə də, multikulturalizmi dövlət siyasəti kimi qəbul edən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda etnik-mədəni müxtəlifliklərin yaşam tərzi, milli-mənəvi, dini münasibətləri multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir.

Azərbaycanda multikulturalizm siyasətinin uğurla aparılmasının səbəbləri barədə jurnalistin sualına cavab verən E.Nəcəfov bu modeli Qərb ölkələriylə müqayisəli şəkildə cavablandırıb. O qeyd edib ki, Qərb ölkələrində multikulturalizm siyasətinin aparılması ilk illərdə müəyyən müsbət nəticələr versə də, sonrakı dövrdə o, etnik-dini zəmində ziddiyyətlərin kəskinləşməsinə səbəb olub. Nəticədə Avropanın aparcı ölkələri kimi, Böyük Britaniya, Fransa və Almaniyanın dövlət başçıları multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olması səbəbindən iflasa uğradığını göstəriblər.

Azərdaycanda isə multikulturalizm siyasətinin uğurla aparılmasının bir çox obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər dedikdə, ilk növbədə tarixi və coğrafi amillər nəzərdə tutulur. Azərbaycan tarixən çoxmədəniyyətli bir dövlət olub. Tarixin bütün mərhələlərində Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələri birgə, əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda əlverişli multikultural mühitin olması tarixin müxtəlif mərhələlərində təqib olunan xalqların nümayəndələrinin kütləvi şəkildə bura köçməsinə səbəb olub. Məsələn, təxminən, 2600 il bundan əvvəl Babil hökmdarı tərəfindən təqib olunan yəhudilər İsraili tərk edərək Azərbaycana pənah gətiriblər.

Azərbaycan coğrafi baxımdan da müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir ərazidir. Belə ərazilərdə yerləşən ölkələrin xalqları da müxtəlif etnik, dini və mədəni qrupların nümayəndələri ilə qarşılaşaraq onlarla iqtisadi-ticarət və mədəni əlaqələrini inkişaf etdiriblər. Bu isə öz növbəsində belə ərazilərdə multikultural mühitin formalaşması üçün əlverişli şərait yaradıb.

Azərbaycanda multikulturalizm siyasətinin subyektiv səbəbləri dedikdə isə, ölkəni idarə edən dövlət xadimləri və Azərbaycan xalqı nəzərdə tutulur. Azərbaycan tarixinin müxtəlif mərhələlərində dövlət başçıları cəmiyyətdəki etnik-mədəni müxtəliflikləri elə tənzimləyiblər ki, burada etnik və dini zəmində ciddi münaqişələr baş verməyib. Bütün bunlar barədə məlumat verən E.Nəcəfov qeyd edib ki, Azərbaycanda multikultural mühit ölkənin müstəqil olduğu zamanda daha da güclənib. O, xatırladıb ki, 1918-ci ildə bütün müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində ölkədə yaşayan milli azlıqların nümayəndələrindən deputat və hökumətin tərkibində nazir vəzifəsinə təyin olunanlar var idi.

PA rəsmisi söyləyib ki, Azərbaycanda multikulturalizm siyasətinin əsasını Heydər Əliyev qoyub. Müasir dövrdə bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Qərb ölkələrində multikulturalizm siyasətinin iflasa uğradığı bəyan edildiyi bir dövrdə İ.Əliyev multikulturalizmin müasir dünyada alternativinin ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamofobiya, antisemitizm olduğunu bildirib və yeni tarixi şəraitdə multikulturalizmi inkişaf etdirərək onu ölkənin daxili və xarici siyasətinin mühüm istiqaməti kimi dünyaya təqdim edir.

Yuxarıda qeyd edilənlərin hamısı Azərbaycan multikulturalizm modelinin özündə hansı dəyərləri daşıdığına əyani sübutdur.

 

 “Paralel”in Araşdırma Qrupu