Palitra. - 2018.- 15 sentyabr. - ¹ 157. - S. 7.
Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri: Siyasi portretlər, hüquqi irs, ədliyyə və məhkəmə islahatları
Azərbaycan ədliyyəsi - 100
Səyyad Məcidov,
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının müəllimi,
hüquq üzrə fəlsəfə doktoru
Xalqımızın qabaqcıl şəxsiyyətləri,mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhvali-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır
(Ümummilli lider Heydər Əliyev)
(əvvəli ötən sayımızda)
Teymur bəy Makinski - III hökumət kabinetinin ədliyyə naziri
“Ermənilər dinc əhalinin evlərinə hücum edib, çox zaman onları öldürür, həbs edir, əmlaklarını müsadirə edirlər. İndiyədək bu cinayətlərəgörə kimsə cəzalandırılmayıb”.(Teymur bəy Makinski)
Azərbaycan Cümhuriyyətinin III hökumət kabinetinin (26.12.1918-14.03.1919) ədliyyə naziri Teymur bəy Makinski olub. Qeyd edək ki, Teymur bəyin ədliyyə naziri kimi fəaliyyəti barədə tarixi mənbələrdə informasiyalar bir qədər məhduddur.
Teymur bəy Məhəmmədqulu bəy oğlu Makinski 1874-cü ildə İrəvan şəhərində anadan olub, İrəvan gimnaziyasında oxuyub, 1916-cı ildə Varşava Universitetinin Hüquq fakültəsini birinci dərəcəli diplomla bitirib. Sənədlərdə onun hüquqşünas ixtisası üzrə təkcə Tiflis Məhkəmə Palatasının üzvü kimi fəaliyyətindən bəhs olunur. Makinskinin daha çox Azərbaycanın ictimai-siyasi həyatında rolu ilə bağlı tarixi mənbələrdə məlumatlar üstünlük təşkil edir. Milli azadlıq hərəkatının fəal iştirakçılarından və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü olmuş T.Makinski Milli Şuranın 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanun”una əsasən seçkisiz Parlamentin tərkibinə daxil edilir.
Teymur bəyin ədliyyə sistemində fəaliyyətə başlaması o dövrün ictimai tələbatından irəli gələn məsələ idi. Məlumdur ki, Cümhuriyyətin ilk illərində Ədliyyə Nazirliyi bir struktur qurum kimi tam formalaşmamışdı. Lakin nazirlikdə ilk dəfə olaraq ədliyyə nazirinin müavini ştatı təsis olunur. 1918-ci il iyunun 27-də T.Makinski ədliyyə nazirinin müavini təyin edilir, 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-ə qədər F.Xoyskinin 3-cü hökumət kabinəsində ədliyyə naziri, 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olub.
Qeyd edək ki, T. Makinskinin istər ədliyyə naziri, istərsə də diplomat kimi hüquq və beynəlxalq hüquq üzrə Azərbaycan üçün xidmətləri danılmazdır.
Əvvəla, Makinski ədliyyə nazirinin müavini kimi ədliyyə və məhkəmə sahəsində bilavasitə aparılan işlərdə əsas icraçılardan biri olub. Çünki həmin zamanlarda ədliyyə naziri olmuş F.Xoyski daha çox baş nazir kimi siyasi məsələlərlə məşğul olmuş, cari hüquqi məsələləri onun müavini Makinski və yeni formalaşmaqda olan komandası həyata keçirib. Əlbəttə, daha sonra nazir kimi də Makinski ədliyyə və məhkəmə sahəsində işləri davam etdirmişdi.
İkincisi, Makinski diplomat kimi ölkəmizin beynəlxalq hüquqi maraqlarını qorunması işində cəsarətli addımlar atmış, Ermənistanın Azərbaycana hərbi təcavüzünü ilk dəfə diplomatik formada hesabatında qeyd etmiş, ermənilərin törətdikləri cinayətlərə görə cəzasızlığı və bu prosesin hüquqi nəticələrini əsaslandırmışdır. T.Makinski 2 may 1920-ci ildə hesabatında yazırdı: “Ermənilər dinc əhalinin evlərinə hücum edib, çox zaman onları öldürür, həbs edir, əmlaklarını müsadirə edirlər. İndiyədək bu cinayətlərə görə kimsə cəzalandırılmayıb... Mən dəfələrlə bu barədə notalar verdim. Lakin nəticəsi olmadı. Əksinə, yenidən başladı. Bütün bunlar onu göstərir ki, Ermənistan hökumətindən müsəlman əhaliyə qarşı xoş münasibət gözləmək mümkün deyil.” Hesabatda, həmçinin diplomatik nümayəndəliyin əməkdaşlarına qarşı zorakılıqlardan da bəhs edilirdi. Onun belə mövqeyi, təbii ki, erməniləri ciddi narahat etmiş və hətta Ermənistan hökuməti onu həbs etmək üçün cinayət işi də açmışdı. T.Makinski Gürcüstanın İrəvandakı daimi nümayəndəliyinin yardımı ilə İrəvanı tərk edərək Tiflisə gedir. Mənbələrdə onun sonrakı taleyi ilə bağlı dəqiq məlumat yoxdur.
Aslan bəy Səfikürdski –IV hökumət kabinetinin ədliyyə naziri
“Xalq məhkəməyə deyil, məhkəmə xalqa xidmət etməlidir”.
(Aslan bəy Səfikürdski)
Cümhuriyyətin dördüncü hökumət kabinetinin ədliyyə naziri Aslan bəy Səfikürdski olub və nazir olduğu dönəmdə ədliyyə və məhkəmə sisteminin inkişafı ilə bağlı bir sıra demokratik xarakterli strateji qərarlar qəbul edilib.
Aslan bəy Ağalar bəy oğlu Səfikürdski 1881-ci il sentyabrın 30-da Gəncə qəzasının Səfikürd kəndində (indiki Goranboy bölgəsi) anadan olub. 1901-ci ildə Gəncə klassik gimnaziyasını bitirir və həmin ildə Xarkov Universitetinin Hüquq fakültəsinə qəbul olunur. 1902-ci ildə öz xahişi ilə Sankt-Peterburq Universitetinə köçürülür. Orada inqilabi tələbə tətillərinə qoşulur və ona görə də universitetdən xaric edilir, daha sonra isə bərpa olunur. 1907-1911-ci illərdə Gəncədə ədliyyə orqanlarında andlı müvəkkil köməkçisi işləyib. 1911-1918-ci illərdə Aslan bəy Şuşa Şəhər Dumasında cinayət işləri üzrə iclasçı, sonralar isə andlı müvəkkil vəzifələrində çalışıb, Qazax qəzasından Cümhuriyyətin ali qanunverici orqanına - Parlamentə deputat seçilib.
Ümumiyyətlə, A.Səfikürdskinin ədliyyə və məhkəmə-hüquq sahəsində xidmətləri ilə bağlı aşağıdakıları qeyd edə bilərik:
1) Xalqın siyasi hüquqları, o cümlədən özünütəyin hüququnun ilk təşəbbüskarı kimi çıxış edib. A.Səfikürdski hələ 1915-ci ildə Kiyevdə keçirilmiş qeyri-rus millətlərinin qurultayında ilk dəfə "Azərbaycan muxtariyyəti" məsələsini qaldırmışdı.
2) Mart soyrqırımına hüquqi qiymətin verilməsini tələb edən şəxslərdən biri olub. Zaqafqaziya Seyminnin Müsəlman Sosialistləri Blokunun lideri kimi A.Səfikürdski Bakıda 1918-ci il 31 martda müsəlman əhaliyə qarşı cinayətlərin qarşısının dərhal alınmasını və cəzalandırılmasını tələb etmişdi.
3) Məhbusların hüquqlarının müdafiəçisi kimi çıxış edir, parlamentin 1918-ci il dekabrın 25-də keçirilən iclasında siyasi məhbusların amnistiyası üzrə yaradılan 5 nəfərdən ibarət komissiyasının üzvü seçilir, bu səlahiyyətindən istifadə edərək əfvi-ümuminin kənd yerlərindən olan siyasi məhbuslara tətbiq edilməsini parlamentdə təklif edir və təklif qəbul olunur.
4) Azərbaycan tarixində unikal inteqrasiya modeli olan Ədliyyə və Əmək Nazirliyi eyni qurumda birləşdirilir və öncəki kabinetlərdə əmək naziri olmuş A.Səfikürdski N.Yusifbəylinin 1919-cu il martın 14-də təşkil etdiyi kabinetdə ədliyyə və əmək naziri təyin olunur.
5) A.Səfikürdskinin göstərişi ilə Ədliyyə Nazirliyi yanında Azərbaycanda ilk dəfə olaraq hüquq elmi üzrə mükəmməl kitabxana yaradılır.
6) Azərbaycan Məhkəmə Palatası nəzdində andlı Müvəkillər Şurası yaradılır.
7) Ədliyyə və məhkəmə sistemində daha çox milli kadrların çalışmasına üstünlük verir, onların dövlət dilini bilməsini zəruri hesab edirdi.
8) Azərbaycanda 3 yeni dairə məhkəməsi - Şəki, Şuşa, Kürdəmir dairə məhkəmələri açılır. A.Səfikürdski deyirdi: “Xalq məhkəməyə deyil, məhkəmə xalqa xidmət etməlidir”.
9) Demokratik prinsiplərə uyğun olaraq ədliyyə və prokurorluq orqanlarının Ədliyyə Nazirliyi sistemində birləşdirilməsini təmin edir. A.Səfikürdski ədliyyə naziri, eyni zamanda Cümhuriyyətin baş prokuroru idi.
10) Ədliyyə Nazirliyi üzrə 1919-cu il 16 aprel tarixli əmrdən görünür ki, o, ədliyyə və məhkəmə sahəsində mütərəqqi islahatlar aparılmasına nail olmuş, Ədliyyə Nazirliyinin əsas vəzifələrini 3 istiqamətdə müəyyən etmişdir: a) Məhkəmələrin işlərinin yenidən qurulması. Burada əsas diqqət ölkənin bütün vətəndaşlarının qanuni hüquqlarının müdafiəsinin gücləndirilməsinə, əhalinin əmin-amanlığının və təhlükəsizliyinin təmin edilməsinə yönəldilirdi. b) Ədalət mühakiməsinin işinə geniş ictimaiyyətin, xalq kütlələrinin cəlb edilməsi. c) Seçkili məhkəmə orqanlarının əhalinin yaşayış yerlərinə yaxınlaşdırılması.
11) Korrupsiya və rüşvətxorluqla mübarizə aparan ilk nazir kimi tarixə düşüb. A.Səfikürdskinin rəhbərliyi ilə bu məqsədlə müstəqil orqan - xüsusi Təftiş İstintaq Komissiyasının yaradılması haqqında qanun layihəsi hazırlanıb parlamentə təqdim olunub və 1919-cu il iyulun 27-də bu barədə qanun qəbul edilib.
12) Azərbaycan penitensiar sistemində əsaslı islahatlar da məhz A.Səfikürdskinin zamanına təsadüf edir. Həbsxanalardakı acınacaqlı şəraitin, məhbuslarla pis rəftarın qarşısını almaq üçün Ədliyyə Nazirliyi parlamentə xüsusi qanun layihəsi, hökumətə isə Tədbirlər Planı hazırlayıb təqdim edib. Parlamentdə həmin təkliflər bəyənilir və həbsxana müfəttişliyi haqqında qanun qəbul olunur.
13) Azərbaycan tarixində ilk dəfə həbsxanalar Daxili İşlər Nazirliyindən alınıb Ədliyyə Nazirliyinə verilir, yeni struktur qurumlar formalaşdırılır, həbsxana müfəttişliyi, baş həbsxana həkimi və onun müavini vəzifələri təsis edilir.
14) Məhkəmə qərarlarının icrası işləri Quberniya idarələrindən alınaraq Ədliyyə Nazirliyinin həbsxana şöbəsinə həvalə edilir. Quberniya idarələri isə yalnız həbsxanaların tikintisi və təmiri işləri ilə məşğul olur.
Beləliklə, Aslan bəy Səfikürdski Azərbaycanın hüquq tarixində fundamental islahatların müəllifi kimi iz qoyub. Sovet dönəmində o həbs olunur və Rusiya həbsxanalarında çəzasını çəkdikdən sonra yenidən Bakıya qayıdır. Sovet rejimi tərəfindən daim təqiblərə məruz qalan Səfikürdski uzun sürən xəstəlikdən sonra 1937-ci ildə Bakıda vəfat edir.
Ümumiyyətlə, qeyd edək ki, bu il 100 illik yubiley tarixini qeyd edən Azərbaycan ədliyyəsi məhz yuxarıda siyasi portretlərinin çizgilərini qısa formada da olsa, ifadə etdiyimiz şəxsiyyətlərin cəfakeşliyi, istedad və bacarıqları sayəsində təşəkkül tapmış, onlardan bizə miras qalan hüquqi irs və hüquq mədəniyyətinin tərkib hissəsi olan milli dəyərlər bu gün də qorunub saxlanılır və daha da inkişaf etdirilir.