Türküstan qəzeti. - 2018.- 18-24 sentyabr. - ¹ 80. - S. 12.

 

1917-1920-ci illərdə İrəvan və ətraf bölgələrdə azərbaycanlıların ardıcıl soyqırımları törədilirdi

 

İlqar Niftəliyev,

AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi tərəfindən 1919-cu il iyunun 10-da Ermənistandakı diplomatik nümayəndə Məmməd Xan Təkinskiyə göndərilmiş şifrəli teleqramda təlimat verilirdi ki, İrəvan quberniyasında dağıdılan müsəlman kəndlərinin nümayəndələrinin köməyi ilə müsəlmanların əhali itkisi, mülkiyyətinə dəyən ziyan, adı və soyadı, yaşı və yaşayış yeri, cinsi göstərilməklə öldürülən şəxslər, əsir götürülmüş adamlar haqqında məxfi şəkildə statistik məlumatlar toplayıb Xarici İşlər Nazirliyinə göndərsin.

Verilmiş təlimata uyğun olaraq M. X. Təkinskinin yardımı ilə İrəvan müsəlman milli şurası təcili şəkildə İrəvan quberniyasında yaşayan azərbaycanlıların dözülməz vəziyyəti haqqında Avropa və Amerikanın böyük dövlətləri üçün məlumat hazırlayıb Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdi. Məlumatda deyilirdi: “Silahlı və qarətçi erməni dəstələri şəhərlərdə, qəzalarda və kəndlərdə, hətta Ermənistan dövlətinin paytaxtı İrəvanda da ac qurdlar kimi müsəlmanlara hücum çəkirlər, hər gün gecə vaxtı üç-dörd müsəlman kəndi basqınlara, qarətlərə və qətllərə məruz qalır. Bu nəhayətsiz zorakılıq şəraitində yaşaya bilməyən müsəlmanlar hər gün öz əmlakını atıb, abad yurd-yuvalarını tərk edirlər; hara baxırsan, minlərlə yetim və dul qadın, müflisləşmiş və köməksiz kişiləri görürsən. Minlərlə müsəlman kəndlisini hökumət öz doğma kəndlərinə buraxmır, hüquqsuz və ev-eşiksiz, ac-yalavac və çıl-çılpaq insanlar miskin həyat sürür, xəstəliklərə tutulur, köməksiz və himayəsiz küçələrdə ölür, məhv olurlar. Əgər belə vəziyyət yenə davam edərsə, Ermənistanda yaşayan müsəlmanlar labüd məhvə məhkumdurlar”.

Bu cür faktlar o dövrün digər sənədlərində də öz əksini tapmışdır. Belə ki, İrəvan şəhəri (1917-ci il Qafqaz təqviminin məlumatına görə İrəvanda 12605 nəfər müsəlman yaşayırdı) paytaxt kimi ermənilərə peşkəş ediləndən dərhal sonra ermənilər şəhərin azərbaycanlı əhalisinə qarşı müntəzəm terrora əl atdılar. İrəvanda müsəlman əhalisinə qarşı zorakılıqların şahidlərindən biri 1919-cu ildə yazırdı: “İrəvandakı müsəlman bazarı tamamilə yandırıldı, mallar qarət olundu. Az-çox salamat qalmış dükanları hissə-hissə talayırdılar... Ermənilər tərəfindən tutulmuş evlərin də başına bu oyunlar açılır... Yüzlərlə belə ev saymaq olardı. Müsəlmanların meyvə bağları, üzümlükləri və bağçaları vəhşicəsinə məhv edilirdi. Müsəlmanlar o qədər müdafiəsiz və qanundan kənardırlar ki, günün günorta çağı, daha gecələri demirəm, hətta şəhərin müsəlmanlar yaşayan hissəsində onların pal-paltarlarını, əgər bir işə yarayırsa, soyundurub əllərindən alırlar. Müsəlmanların pulunu və qiymətli zinət əşyalarını əllərindən alırlar... Etiraz etdikləri halda, yerindəcə güllələnirlər. Onların şəxsi evləri də qarətdən və zorakılıqdan qurtula bilmir, təpədən dırnağa kimi silahlanmış erməni gəncləri “artıq” əşyaları talayıb aparırlar. Gün batmamış müsəlmanlar evlərinə tələsir, qapı və pencərələrini tamamilə bağlayırlar... İrəvan müsəlmanlarının keçirdikləri məhrumiyyətləri, əzabları və işgəncələri qələmə almaq mümkün deyildir. Çoxları dözmür, başlarına hava gəlir, vaxtından qabaq qocalırlar. Bütün bunlar indinin özündə də Ermənistanın paytaxtı İrəvanda baş verməkdədir”.

Yeni Bəyazid qəzasının Göyçə rayonunun 5-ci sahəsinin səlahiyyətli nümayəndəsi İsmayıl Sultanovun 1919-cu ildə Gəncə qəza rəisinin adına daxil olmuş məlumatında deyilirdi: “Ararat Respublikası qoşunlarının Yeni Bəyazid qəzasının Göyçə rayonunun dinc müsəlman kəndləri üzərinə hücumları başlamışdır. Hazırda 60 min əhalisi olan 22 kənd dağıdılmış, yandırılmış və boşaldılmışdır. Ermənilərin və erməni hökumətinin keçmiş qonşularına və müsəlman təbəələrinə qarşı törətdikləri qeyri-insani qanlı əməlləri görəndə insanı dəhşət bürüyür. Ermənilər xahişlərə, yalvarışlara və müsəlman əhalisinin ah-vaylarına məhəl qoymurlar. Erməni döyüşçüləri əllərinə düşmüş müsəlmanları sağ buraxmırlar, əksinə, görünməmiş işgəncələr verir, qadınları, uşaqları, qocaları və gəncləri öldürürlər. Yalnız az sayda qadın və yeniyetmə qızlar müstəsnalıq təşkil edir... Sağ qalan qaçqınlar qoşun tərəfindən təqib olunur... dərələrdə və qarlı zirvələrdə gizlənir... qar içində batır və kütləvi surətdə qırılırlar. Ararat Respublikası vəzifəsini başa vurmuşdur. Göyçə rayonunda daha müsəlmanlar qalmayıb. Bu günə kimi Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi məhv edilmişdir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin müttəfiq dövlətlərin Cənubi Qafqazdakı ali komissarına göndərdiyi məktubdan görünür ki, 1919-cu ilin avqust-sentyabrında erməni qoşunları tərəfindən Üçmüədzin, Sürməli, İrəvan, Yeni Bəyazid qəzalarındakı azərbaycanlı kəndləri yenidən dağıdılmışdı. Üçmüədzin qəzasında bir kənd belə salamat qalmamışdı. “Dağıntıda qoşun hissələri ilə birlikdə yerli erməni əhalisi də iştirak edirdi. Qarabağ erməniləri isə xüsusi amansızlıq nümayiş etdirirdilər. Həmişəki kimi, qaçanlar istisna olmaqla, kişilər əsasən küt alətlərlə öldürülmüş, qadınlar isə zorlanmış və əsir götürülmüşdür”. Erməni qoşunlarının komandanı general Dro öz qoşunlarının bu hərəkətlərini “arxa cəbhənin təmizlənməsinin” zəruriliyi və “strateji şəraitlə” izah edirdi. AXC Daxili İşlər Nazirliyinin fondunda saxlanılan xüsusi siyahı-sənəddə təkcə 1919-cu ilin son iki ayı ərzində ermənilər tərəfindən Üçmüədzin qəzasında 62, Sürməli qəzasında isə 34 müsəlman kəndinin məhv edildiyi göstərilir. İrəvan qəzası haqqında sənəddə bircə sətir yazılıb: “Zəngibasar kəndlərindən başqa, qalan bütün yaşayış məntəqələri məhv edilmişdir.” 1919-cu il sentyabrın 2-də AXC-nin himayədarlıq nazirinin səlahiyyətli nümayəndəsi Teymur xan Makinskinin Himayədarlıq Nazirliyinə göndərdiyi teleqramda deyilirdi: “Son günlərin hadisələri müsəlmanların vəziyyətini faciəli hala saldı. İrəvan, Yeni Bəyazid, Üçmüədzin qəzalarından 15 minədək müsəlman mühacirət etdi. Hazırda Ermənistan sərhədlərində müsəlmanların sayı nisbətən az qalıb, lakin bu az say da talanların və qorxu təzyiqi altında gündən-günə azalır. Beləliklə, İrəvan quberniyasında müsəlmanların ümumi sayı azı 70000 - ən çoxu 80000 təşkil edir”.

Himayədarlıq Nazirliyinin məlumatına görə, təkcə Yeni Bəyazid, Üçmüədzin və İrəvan qəzaları üzrə 1919-cu ilin sonunda qaçqınların sayı 200 min nəfərə çatmışdı. Azərbaycanın xarici işlər naziri M. Y. Cəfərovun Ermənistandakı həmkarına 1919-cu il sentyabrın 22-də göndərdiyi notada 1918-ci ilin yanvarından etibarən ermənilərin İrəvan quberniyası ərazisində törətdikləri vəhşiliklər xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Notada qeyd edilirdi ki, 1918-ci ilin dekabrında İrəvan quberniyasından türklərin çəkilməsindən sonra Sasun polku İrəvan qəzasının Qaraxaç (Qaraarxac) və Vediçay kənd icmalarının müsəlmanlarını tərksilah etmiş, Qədili, Şahablı, Qaraxaç, Dəhnəz, Qarabağlar, Ağasıbəyli və s. kəndlərini darmadağın etmiş, demək olar ki, adları çəkilən kəndlərin sakinlərinin hamısını öldürmüşlər. Eyni aqibətlə Milli Dərəsi rayonunun bəzi kəndləri də üzləşmişlər.

Daha sonra notada qeyd edilirdi ki, təqribən həmin vaxt erməni ordusu Yeni Bəyazid qəzasının Basarkeçər rayonunun kəndlərini mühasirəyə almış, Qızılvəng, Subatan, Zağalı kəndlərinin əhalisini qırmışdır. Şahab kəndində uşaqları təndirə atıb yandırmışlar. Azərbaycan tərəfinin dəfələrlə Ermənistanda müsəlmanların ağır vəziyyətinə və onlara qarşı törədilən zorakılıqlara etiraz etməsinə baxmayaraq, Ermənistan hökuməti heç bir tədbir görmürdü. Əksinə, 6 avqust 1919-cu il tarixli notasında erməni tərəfi yenə də bəyan edirdi ki, Ermənistan hökuməti üçün “ağ və qara vətəndaş” yoxdur.

Azərbaycan Parlamentinin 1920-ci il yanvarın 5-də keçirilən iclasında qaçqınların məsələsi müzakirə edilmişdi. Həmin iclasda çıxış edən Mustafa Vəkilov Ermənistandan 300 min qaçqının gəldiyini qeyd edərək onların çox ağır vəziyyətdə sərhədyanı qəzalarda yerləşdikləri haqqında məlumat vermişdi.

Vəziyyət o dərəcədə böhranlı idi ki, İrəvan quberniyası ərazisində dinc müsəlman əhalisinin məhv edilməsi və erməni silahlı qüvvələri tərəfindən törədilən vəhşiliklərlə əlaqədar hətta İranın Qacar hökuməti adından Britaniya komandanlığına şahzadə Əla-üssəltənə etiraz təqdim edilmişdi. Memorandumda göstərilirdi ki, çıxılmaz vəziyyətə düşən Naxçıvan əhalisi İrana yardım üçün müraciət etmiş və onun himayədarlığını xahiş etmişdi.

Sənəddə daha sonra qeyd edilir ki, “...əhalinin əksər hissəsinin müsəlmanların təşkil etdiyi bu vilayətlərə ermənilərin təcavüzü mümkün məhvedici nəticələri üzündən böyük əndişə doğurur”. Lord Kerzona məlumatında P. Koks qeyd edirdi: “Mən İran hökumətindən aldığım və erməniləri İrəvanda, Naxçıvanda və Qarsda müsəlmanlara qarşı vəhşiliklər törətməkdə ittiham edən memorandumun tərcüməsini əlavə etməyi və bu iğtişaşlara son verilməsi üçün müttəfiq hökumətlərin üzərinə məsuliyyət qoymağı özümə şərəf bilirəm”. İranın Xarici İşlər Nazirliyinin 1919-cu il 21 oktyabr tarixində Böyük Britaniyanın diplomatik missiyasına göndərdiyi depeşada göstərilirdi: “Şübhə yoxdur ki, Britaniyanın diplomatik missiyasının İrəvanda, Naxçıvanda, Qarsda və Ermənistanın bütün sərhədi boyunca bu yaxınlarda baş verən olaylar, ermənilərin bu bölgələrin müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər, qətliamlar və qarətlər haqqında xəbəri var. Xarici İşlər Nazirliyi həmçinin belə bir məlumat almışdır ki, ermənilər bu bölgələrdə milliyyətindən asılı olmayaraq bütün müsəlmanlara qarşı zorakılıq aktı törətmək fürsətinin birini belə əldən qaçırmamışlar. Müsəlman ailələri məhv edilir, heç bir günahı olmadan kişilər və uşaqlar öldürülür, qadınlar cinsi təcavüzə məruz qalır, onların bütün əmlakı qarət edilir. Erməniləri əsla təhrik etməyən bir çox kəndin əhalisi məhv edilmişdir... Millətlərin və dünyanın azadlığına dair Böyük Dövlətlərin niyyətlərindən xəbəri olan Xarici İşlər Nazirliyi rəsmən bu informasiyanı diqqətinizə çatdırır və xahiş edir ki, Britaniya hökumətinin məmurlarına ermənilərin bu cinayətkar əməllərinin qarşısını almaq və Ermənistanla sərhəddə yaşayan dinc əhalinin həyatını müdafiə etmək tapşırılsın. Onlar həm Böyük Dövlətlərin təmsilçiləri kimi, həm də erməni barbarlığının şahidləri kimi bu cinayətkar əməllərin qarşısının alınması və müqəssirlərin cəzalandırılması üçün tədbirlər almalıdırlar”.

Böyük Britaniya hökuməti tərəfindən xüsusi olaraq Cənubi Qafqaza ezam edilmiş Britaniya ali komissarı ser Oliver Uordrop da Ermənistan hökumətinin yerli müsəlmanlara qarşı törətdikləri cinayətlər haqqında hökumətə göndərdiyi çoxsaylı raportlarda xəbər verirdi. Onun 1919-cu il oktyabrın 2-də Londona göndərdiyi raportunda deyilirdi: “Bu yaxınlarda ermənilər Yeni Bəyazid, Aleksandropol və İrəvan bölgələrində 60 müsəlman kəndini dağıtmışlar”.

Bu cinayətlər o qədər kütləvi hal almışdı ki, hətta ermənilərin içərisində müəyyən dairələr bu faciəli hadisələrə etiraz etməli olmuşdular. Ermənistan parlamentinin eser fraksiyası Daxili İşlər Nazirliyinə ünvanladığı sorğuda bildirilirdi ki, “...son üç həftə ərzində İrəvan, Üçmüədzin və Sürməli qəzalarının bir sıra tatar (azərbaycanlı-İ.N.) kəndləri… qarət və qətllərə məruz qalaraq, tatar (azərbaycanlı-İ.N.) əhalisindən “təmizlənir”. Yerli hakimiyyət nəinki buna maneçilik törədir, hətta özü baş verən qarət və talanlarda iştirak edir...”

Erməni müəllifi A. Lalayanın qeyd etdiyi kimi, daşnak hökumətinin təxminən 30 aylıq hakimiyyəti dövründə Ermənistanda müsəlmanların sayı 77 faiz azalmışdı. 1918-1920-ci illərdə Ermənistanın daşnak hökumətinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti əyani şəkildə göstərirdi ki, daim öyünən ermənilər əslində, müstəqil dövləti idarə etməyi bacarmır və digər xalqlarla dinc yanaşı yaşaya bilmir, üstəlik, onlara qarşı düşmənçilik edir, soyqırımları törədirlər.