Respublika. - 2018.- 15 sentyabr. - ¹ 205. - S. 4-5.

 

Türk-islam ordusunun xilaskarlıq missiyası

 

Atamoğlan Məmmədli

 

Azərbaycan və Anadolu türklərini taleyin acılı-şirinli günləri birləşdirir. Bununla əlaqədar olaraq tarixin yaddaşında bir çox olaylar silinməz izlər buraxmışdır. Şanlı tarixə malik olan bu iki qardaş xalq 100 il bundan əvvəl yenidən zamanın sınağına çəkildi. Onların birlikdə təşkil etdiyi Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarında öz qanları ilə tarix yazaraq Bakını bolşevik-erməni işğalından azad etdilər. Azərbaycan və Osmanlı türklərinin qardaşlığına, dostluğuna dair tarixin qoynunda çoxsaylı olaylar, qəhrəmanlıq nümunələri yatır. Hətta taleyüklü məsələlərin həllində belə, bu xalqlar düşmüş olduqları çətin, ağır vəziyyətlərdə bir-birinə yardım əllərini uzatmışlar. Ötən əsrin əvvəllərində Balkan müharibələri, bunların ardınca Birinci Dünya savaşları zamanı peşəsindən və yaşından asılı olmayaraq Azərbaycanın bir sıra vətənpərvər insanları, ziyalıları islam-türk dünyasının mərkəzi olan Osmanlı Türkiyəsinin müdafiəsinə qalxdılar. Tezliklə iş elə gətirdi ki, müharibənin sonunda Osmanlı dövləti Azərbaycanın yenicə elan olunmuş istiqlaliyyətinin müdafiəsinə gəlməli oldu. Osmanlı dövləti özünün hərbi-siyasi və iqtisadi durumunun ağır olmasına baxmayaraq, Qafqaz müsəlmanlarının, xüsusilə də Azərbaycan türklərinin taleyinə biganə qalmadı və qala da bilməzdi.

Yenicə özünün istiqlaliyyətini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti öz ərazi bütövlüyünü, əldə etdiyi tarixi nailiyyəti qorumaq üçün lazımi orduya malik deyildi. Daşnakların 10 min nəfərdən artıq silahlı ordusuna qarşı 500-600 nəfərlik azərbaycanlı silahlı birliyi dururdu. Vəziyyət olduqca ağır idi. Paytaxt üçün nəzərdə tutulmuş Bakı şəhəri də daxil olmaqla ölkə ərazisinin böyük bir hissəsi işğal altında idi, onun suveren hüquqları hələ tam bərpa olunmamışdı.

Azərbaycan parlamenti çıxılmaz hərbi-siyasi vəziyyətdə 1918-ci il mayın 29-da Azərbaycanın tarixi İrəvan şəhərini ətraf rayonları ilə birlikdə erməni daşnak hakimiyyətinə güzəştə getməli oldu. Lakin bir şərtlə ki, daşnak qoşunları bir daha dinc azərbaycanlı kəndlərinə hücum etməyəcəklər. Fətəli xan Xoyski qəti surətdə bildirmişdi ki, əgər bu şərt pozulsa, onda həmin ərazilərin güzəşt edilməsindən söhbət gedə bilməz. Lakin ermənilər bu şərti nəinki tezliklə pozdular, bu azmış kimi, Azərbaycanın Zəngəzur, Naxçıvan, Dərələyəz, Göyçə və Qarabağ bölgələrində erməni-daşnak hərbi birləşmələri dinc müsəlman kəndlərini viran qoymağa, əhaliyə divan tutmağa başladı. Məsələn, Zəngəzurda bir dəstə mömin müsəlman öz soydaşlarının hovuza doldurulmuş qanı ilə dəstəmaz almağa məcbur edildi. Bundan imtina etdiklərinə görə daşnaklar onları yerindəcə güllələdilər.

Bakı və ətraf ərazilərdə ağalıq edən erməni-bolşevik hakimiyyətinin yerli azərbaycanlılara münasibətdə yeritdiyi azğın təqib və soyqırım siyasəti də yenicə Tiflisdən Gəncəyə köçmüş Azərbaycan Milli hökumətindən təxirəsalınmaz tədbirlər görülməsini tələb edirdi. Bu zaman Azərbaycan xalqının yeganə ümid və güvənc yeri Osmanlı Türkiyəsi idi. Tezliklə mühüm bir addım atıldı. Azərbaycanın milli qüvvələri təcili qaydada Osmanlı hökumətindən yardım almaq üçün onunla əlaqələr qurmağa çalışırdılar. Bu işdə rus əsirliyindən qaçaraq Gəncəyə gəlmiş osmanlı zabiti Hüsaməddin Tuğac bəyin rolu böyük oldu. Az sonra Gəncədəki Azərbaycan Milli Komitəsinin tapşırığı və Nəsib bəy Yusifbəylinin yaxından köməyi ilə Nağı Şeyxzamanlı, Ömər Faiq Nemanzadə, acarların nümayəndəsi Cəlal Həmşizadə və axıskalı Əbraim bəydən ibarət bir qrup nümayəndə heyəti Türkiyəyə yola düşdü. Onların məqsədi təmsil etdikləri icmaların adından osmanlı ordusunu öz vətənlərinə dəvət etmək idi.

Bu zaman Osmanlı hökumətinin hərbi naziri olan Ənvər Paşa Azərbaycan və Quzey Qafqazda Osmanlı dövlətinin himayəsində müstəqil dövlətlər qurmaq istiqamətində fəal siyasət yeritməyin tərəfdarı idi. Tezliklə bütövlükdə Qafqazı işğaldan azad etmək məqsədilə Osmanlı Sultanının əmri ilə bu bölgəyə bir ordu göndərmək barəsində qərar qəbul olundu. Ənvər Paşa özünün kiçik qardaşı albay (polkovnik) Nurunu bu orduya komandan təyin etdi. Ona lazımi təlimat və hərbi zərurətdən irəli gələrək vaxtından əvvəl Paşa (general) rütbəsi də verildi. Bu təyinatdan sonra Nuru Paşa 1918-ci il martın 25-də Mosula, mayın 25-də isə oradan Gəncəyə gəlib Qafqaz İslam Ordusunu yaratmağa başladı. Qardaşı Ənvər Paşa kimi, o da turançılıq idealları ilə yaşayırdı və türk xalqlarını vahid dövlət halında birləşdirmək arzusunda idi.

Bu ordunun missiyası Qafqazı azad etdikdən sonra işğal altında olan digər islam ölkələrinə də yardım göstərməyi nəzərdə tuturdu. Xatırladaq ki, yüksək hərbi səriştəyə malik sərrast nişançı olan Nuru Paşa hələ 1911-ci ildə Benqazi döyüşündə şəxsən 100 italyan əsgərini məhv etmişdi. Mudros müqaviləsindən sonra ingilis-fransız qüvvələri Nuru Paşanı axtarışda olan 7 yüksəkrütbəli Osmanlı zabitinin siyahısına salaraq hətta onu “milliyyətçi-residivist” adlandırmışdı. Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, “Cənubi Qafqaz nümayəndələri ilə türk nümayəndələri Batumda müzakirələr apararkən Nuru Paşa ilə bərabər tabeliyində olan bir çox zabitlər — İran və Qarabağ istiqamətindən Gəncəyə daxil oldular. O zaman müdhiş bir anarxiyaya məruz qalan, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə, Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qəbul etmişdi”.

Nuru Paşa Gəncəyə gəldikdən dərhal sonra burada və ətraf bölgələrdə dağınıq halda olan milli müqavimət dəstələrini təşkil etməyə başladı. O, Gəncədə və onun ətrafında cərəyan edən hadisələrin tam təhlilini apararaq durumu doğru-düzgün dəyərləndirdi. Sonra Osmanlı dövlətinin üçüncü ordu komandanlığına tarixi əhəmiyyətli bir məlumat göndərdi. O, bildirirdi ki, “Gəncədə milli hərbi birlik adında təşəkkül edən 600 nəfərlik bir qüvvə vardır... Azərbaycanın milli bir ordu yaratmaq imkanı mövcuddur. Əsgərliyə layiq çox insan vardır. Muğan kimi bölgələrdə 10 min tona yaxın buğda və ərzaq mövcuddur. Fəqət ordu təşkili üçün paltar, silah və cəbbəxana yoxdur. Paşa həzrətləri bu xüsusda yardım edilməsini rica edir və əlavə edir ki, əsgərin təlim və tərbiyəsi üçün buraya gələn əsgər heyəti Mosulda qaldı. Bir müddətə qədər gəlməyəcəkdir. Təşəkkül edəcək əsgərə komanda etmək üçün mümkün olduğu qədər müəllim zabit və kiçik zabitin ezam olunmasını rica edirəm”.

1918-ci il iyunun 4-də Osmanlı hökuməti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında bağlanan müqavilənin 4-cü maddəsinə əsasən (məhz həmin bənddə Azərbaycanın Türkiyədən hərbi yardım istəməyi nəzərdə tutulurdu) Azərbaycan dövlətinin rəsmi müraciətinə uyğun olaraq üçüncü ordu komandanı Vəhib Paşa 1918-ci il iyunun 7-də belə bir əmr verdi: “Beşinci Qafqaz Firqəsinin heyətinin Qazax üzərindən Gəncəyə göndərilməsini rica edirəm. Firqənin Ağstafa stansiyasından Gəncəyə qədər qatarla nəqliyyatı üçün indidən hazırlıq buyururuq və bunun üçün lazım olan hər şeyi Qazağa göndərin. Müsəlman zabitlərindən Gəncəli İbrahimzadə Nazim Əfəndi Ağstafa stansiyası ilə Gəncə arasındakı nəqliyyatı tənzim üçün əvvəlcə Batumdan Gəncəyə göndərilmişdi. Məmurlarımız Nazim Əfəndi ilə təmas etsinlər, firqənin nəzdində ikinci Qafqaz Kolordusu telsiz stansiyanın verilməsini rica edirəm. Firqə indilik əmrinizdə və Gəncədə qalacaqdır, əfəndim”.

Batumda imzalanmış müqavilə əsasında Türkiyənin 5-ci Qafqaz diviziyası Gümrü və Qazax istiqamətində iki qrup halında Qazağa gəldi. Qeyd edək ki, Beşinci Qafqaz diviziyasının komandiri qəhrəman və yenilməz sərkərdə Mürsəl bəy idi. O, ömrünün sonunadək Mürsəl Paşa Baku adını daşımışdı. Bu diviziyanın Baş qərargah rəisi isə igid zabit Rüşdü bəy idi. Belə bir maraqlı fakta da diqqət yetirmək lazımdır ki, Birinci Dünya savaşı sonu Balkanlardan ölkələrinə dönən türk zabitləri əslində tərxis olunmalı idilər. Çünki, onlar artıq yorulmuşdular və bəziləri də müxtəlif ağırlıqda yara almışdılar. Lakin Bakını xilas etmək üçün azərbaycanlılara yardım göstərilməsinin gərəkdiyini eşidən bu qorxubilməz savaşçılar sadəcə olaraq “gedəlim!” dedilər. Bu ordunun tərkibində 6.500 azərbaycanlı vuruşurdu. Onlardan bəziləri Türkiyənin ən ali mükafatı olan “Məcidiyyə” ordeni ilə təltif olunmuşdu. General-mayor Cavad bəy Şıxlinski (Əliağa Şıxlinskinin qardaşı oğlu) və olduqca cəsur general Teymur bəy Novruzov bu ordenlə təltif olunmuşdu. Nuru Paşa əsas qərarlarını general Əliağa Şıxlinski ilə birgə qəbul edirdi. Bu iki türk sərkərdəsi türk və rus hərb sənətinin incəliyinə bələd idilər.

Azərbaycan xalqına və torpağına böyük məhəbbət və sevgi bəsləyən Nuru Paşa ordu hissələrini gücləndirmək üçün Gəncədə hərbi lisey və qısamüddətli hərbi kurslar da təşkil etdi. Eyni zamanda, yenicə yaranmış Azərbaycan korpusuna azərbaycanlılardan ibarət bir neçə nizami alay, Dağıstan süvari alayı və bunlardan başqa aramsız olaraq axın-axın Azərbaycanın hər tərəfindən gələn könüllülər də daxil olurdu. Hüseyn Baykara yazırdı ki, “hərbi təlim-tərbiyənin vaxtı az olduğu üçün vuruşma zamanı çoxlu tələfat olurdu. Buna baxmayaraq, döyüş meydanından əsla geri çəkilməyərək — “Biz buraya ölməyə gəldik, dönməyə yox!” deyərək vuruşur və getdikcə döyüş havasına alışırdılar. Azərbaycan korpusunun təşkili başa çatdıqdan sonra ona polkovnik-leytenant Həbib bəy Səlimov komandanlıq edirdi”. O, Xalq Cümhuriyyətinin ən cavan və ən cəsur generalı oldu. Yeganə azərbaycanlı general idi ki, Peterburqda Nikolay Baş Hərbi Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdi (Təsadüfi deyil ki, Azərbaycanın bolşeviklər tərəfindən işğalı zamanı ilk güllələnən generalı da məhz Həbib bəy Səlimov oldu).

Rüşdü bəy Qafqaz İslam Ordusu barəsində yazırdı ki, ilk yaradılışında cənub qrupunun qüvvələri belə idi: 4-cü piyada alayı (azəri alayı), 1-ci və 2-ci tabur, iki süvari bölüyü, azərbaycanlı süvarilərdən ibarət daha bir bölük, iki qrup dağ və rus səhra topundan ibarət olmuşdur. Bundan başqa, ordu alaylarına verilən Azərbaycan səhra topçu bölüyü öküz ilə daşındığı üçün şose yolundan kənara çıxa bilmirdi. Ancaq bu heyvanlar düşmənin zirehli avtomobillərini, zirehli qatarlarını qaçırmaqda və toplarını susdurmaqda çox yararlı olurdu. Toplar əsasən Türkiyə cəbhəsini tərk edərək Rusiyaya dönən rusiyalı əsgərlərdən Azərbaycan partizanları tərəfindən zorla alınmışdı.

Bu topların mərmiləri rus alaylarından qənimət olaraq ələ keçirilmiş və olduqca çox idi. Belə ki, Azərbaycan korpusunda olan silahlar Rusiyada istehsal olunmuşdu. Buna görə də mərmi sarıdan çətinlik çəkilmirdi. Amma Osmanlı ordusunda istifadə olunan silahlar üçün mərmi çatışmırdı. Döyüş zamanı Osmanlı ordusunu, Azərbaycan korpusunu Azərbaycan hökuməti və xalqı ərzaqla təmin edirdi. Bu, ordu ilə xalqın birliyinin parlaq nümunəsi idi.

Azərbaycan xalqı hər yerdə xilaskar türk ordusunu böyük sevinclə qarşılayırdı. Bu da təbii hal idi. Məsələn, Qafqaz İslam Ordusu komandanlığından 5-ci Qafqaz diviziyasının komandanlığına, Bakıya hücum zamanı verilən bir əmrdə aşağıdakı qeydlər çox əhəmiyyətlidir. Orada deyilirdi ki, “Bakıya yaxın olan müsəlman kəndlərinin silahlı yardımla bərabər, sizə ət, su, çörək və digər ərzaqla yardım edəcəkləri də şübhəsizdir. Baxmayaraq ki, indiki vaxtda siz həmin kəndlərdən 70 km aralıdasınız”. Xalq böyük coşqu və sevinclə qəhrəman və xilaskar türk ordusuna minnətdarlıqla dolu çoxsaylı müraciət ünvanlayırdı. 1918-ci ilin yayında xalqın Nuru Paşaya göndərdiyi məktublardan birində deyilirdi: “Ey türk əsgəri! Bakını azad edə bilməsən, Bakıda sənin şərəfinə hazırlanan süfrələr sahibsiz qalacaq, sənin üçün kəsilən qurbanlar düşmənə qismət olacaq. Şəhəri azad edə bilməsən, müsəlman gəlinlərin duvaqlarını düşmən açacaq, sənin müzəffər olmağın üçün qalxan əlləri zalımlar kəsəcək”.

Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşa da Bakının azad edilməsinə böyük önəm verirdi. Bunu yaxşı başa düşən Nuru Paşa şəhərin düşmən qüvvələrindən azad edilməsi üçün gecə-gündüz yorulmadan çalışırdı. Bu məqsədlə Qafqaz İslam Ordusu ciddi hazırlıq işləri aparmışdı. Ordu müəyyən hazırlığını başa çatdırdıqdan sonra Bakıya doğru hərəkət etmək qərarına gəldi.

Qafqaz İslam Ordusunun bölmələri iyun ayının 28-də düşmənə ilk zərbəni endirdi, Qaraməryəmi və Göyçayı ələ keçirdi, sonra isə Ağsu və Kürdəmiri azad etdi. Bu xilaskar ordu iyulun əvvəlindən başlayaraq iki istiqamətdən Bakı üzərinə hücuma keçdi: birincisi — Ağsudan Şamaxıya, digəri də dəmiryolu boyunca Hacıqabul-Bakı istiqamətində irəliləməkdə idi. İyulun 3-də xilaskar ordunun hissələri artıq Bakıya xeyli yaxınlaşdılar. Ordu hissələri iyulun 31-də Nəvahiyə, axşamüstü isə “Qurd Qapısı”na gəlib çatdılar. Bakıya hücuma son hazırlıq üçün yenidən qüvvələr toplanıldı və milis dəstələri səfərbər olundu. Bakının düşmən qüvvələrindən azad edilməsin də kəşfiyyat məlumatlarının əhəmiyyəti böyük idi. Həmin hadisələrin iştirakçısı və canlı şahidi olan tanınmış mühacir M.Ə.Rəsuloğlu öz xatirələrində yazırdı ki, “Türk ordusu qərargahına xəritə, plan çatdırmaq üçün Müsavat Partiyası bütün qüvvəsilə çalışırdı. Hər gün dəniz və quru yolla türk ordusu qərargahı nəzdində olan dostumuz Abbas bəy vasitəsilə şəhərdəki əsgərlərin hərəkəti haqqında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bolşeviklər bu məlumatın sürətlə öyrənilməsinə heyrət edirdilər”.

Bakıya qəti hücum protokolu hazırlanırdı. Bununla əlaqədar olaraq Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın sentyabrın 10-da verdiyi əmrdə bildirilirdi: “1. Bakıya qəti hücum üçün hazırlıq aparılacaq və bu hazırlıq haqqında 11.09.1918-ci ildə axşam saat 21-ə qədər mənə bildiriləcəkdir. 2. İndiyə qədər Şərq cəbhəsi komandanlığı əmrində olan 5-ci və 15-ci diviziyalar cənub qrupu halında mənə tabe olacaqdır...”. Həmin əmrdə digər qüvvələrin fəaliyyət istiqamətləri ilə yanaşı, belə göstəriş də vardı: Beşinci diviziya Hacı Həsən - Erməni kənd istiqamətində, 15-ci diviziyanın böyük bir hissəsi isə Biləcəri-Erməni kənd istiqamətində, digər süvari və milis hissələri Balaxanı-Sabunçu cəbhəsində Hövsandan Əhmədli və Keşlə üzərinə hücum edəcəklər. Azərbaycan qüvvələrinə aid zirehli qatar isə Heybət stansiyası yaxınlığında Qurd-Qapısındakı düşməni məşğul edəcək”.

Sentyabrın 13-də axşam Qafqaz İslam Ordusu komandanı “Sarıxaçlı kilsə istiqamətində irəli!” — deyə orduya müraciət əmri verdi. Bu əmr Bakıya qəti hücumun sentyabrın 14-də başlayacağını bildirirdi. Sentyabrın 14-də səhər tezdən, hələ günəş çıxmamış xilaskar ordu Şubanı dağlarından enərək Yasamal yamaclarına çıxmış və əl bombaları ilə düşməni məhv edərək şəhərin girişində dayanmışdı. Otuz altı saatlıq qanlı döyüşdən sonra ağ bayraqlı avtomobildə İran konsulu ilə bərabər döyüş yerinə gələn düşmənin qərb cəbhəsi üzrə komandanı şəhəri təslim etməyə hazır olduğunu bildirdi. Bakının işğaldan azad edilməsində 17 erməni, 9 rus və 10 gürcü zabiti ilə birlikdə 1.151 erməni, 383 rus, 4 ingilis və müxtəlif millətlərdən olan 113 əsgər əsir alındı. Eyni zamanda düşmənin çoxlu sayda silah-sursatı da müsadirə edildi. Bakı uğrunda döyüşlərdə 15-ci diviziya və 5-ci Qafqaz diviziyası 1.000-ə qədər şəhid verdi. Ümumilikdə isə döyüşlər zamanı şəhid olanların sayı isə təxminən 1.200 nəfər olmuşdur.

Bakının işğaldan azad edilməsinin sentyabrın 15-də baş verməsi əslində təsadüfi hal deyildi. Belə ki, həmin gün müsəlmanların müqəddəs Ramazan bayramı idi. Ənvər Paşa gizli olaraq Nuru Paşaya göndərdiyi təlimatda ona bərk-bərk tapşırmışdı ki, işlərini elə qursun ki, müsəlmanlar özlərinin müqəddəs bayramını öz vaxtında və öz paytaxtında qeyd edə bilsinlər. Beləliklə, artıq sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçmişdi. Nuru Paşa Bakının ələ keçirilməsilə bağlı hərbi nazir Ənvər Paşaya, Gəncədəki Azərbaycan Milli hökumətinə təbrik teleqramı göndərdi. Nuru Paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda ictimai asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin. Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər Paşanın çox böyük sevincinə səbəb oldu. O, Şərq ordular qrupu komandanı Xəlil Paşaya göndərdiyi teleqramında deyirdi ki, “Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm!”.

Ənvər Paşa öz növbəsində Nuru Paşaya göndərdiyi teleqramında yazırdı ki, “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ittihaf edirəm”.

Bakı şəhəri erməni-daşnak, rus-bolşevik işğalından azad edilən gün indiki Sahil bağı ərazisində (Sovet dönəmində “26-lar bağı”) Bayram mitinqi və Azərbaycan milli ordu hissələrinin ilk hərbi paradı keçirildi. Bunu Nuru Paşa general Səmədağa Mehmandarovla birlikdə təşkil etmişdi. Sonra bu əraziyə Hürriyyət meydanı adı verildi. Osmanlı türk qoşunları Azərbaycan Xalq Cümhuriyyətinə köməyə özlərinin qardaşlarını xilas etmək məqsədilə gəlmişdilər. Onlar savaş meydanlarında fədakarlıqla canlarından keçərək öz qardaşları qarşısında qanları bahasına təmənnasız mənəvi borclarını yerinə yetirdilər.

Qardaş türk əsgərlərinin Azərbaycanın istiqlalı uğrunda çarpışaraq verdikləri şəhid və mərhumların qanları ilə sulanan bu doğma məmləkətin torpaqları üzərində - Gəncə, Göyçay, Ağsu-Şamaxı-Bakı şose yolu boyunda, Müsüslü-Kürdəmir-Karrar-Hacıqabul-Bakı dəmir yolu boyunda, Salyan bölgəsində (hətta iki qardaş birlikdə şəhid düşmüşdü), Qarabağda və Kür çayı sahillərində, xalqın ziyarətgahına çevrilən bir çox tənha və toplu türk məzarlarına təsadüf olunur. İşdə bunlar millətinin köməyinə gəlmiş Anadolu məhmətçiyinin mübarək məzarlarıdır. Bu gün həmin məzarlar xalqımızın müqəddəs ziyarət yerlərindən biri, and yeri hesab olunur.

Azərbaycan Milli hökumətinin qatarla Qafqaz İslam Ordusunun ardınca irəliləyərək Bakıya doğru gəlməsi bu hərəkata həyati əhəmiyyət verməsindən irəli gəlirdi. Hökumətin vaqon-qərargahda keçirilən gərgin iclaslarında qəbul olunan qərarlar icra edilməsi üçün dərhal Azərbaycanın bütün bölgələrinə çatdırılırdı.

Bakının azad edilməsində qəhrəman türk əsgərinin, onun igid sərkərdəsi Nuru Paşanın əvəzsiz xidmətlərini qeyd etmək lazımdır. Əvvəla, Nuru Paşa başda olmaqla türk əsgərləri belə bir düşüncəyə sahib idilər ki, onlar öz doğma torpaqları uğrunda ölüm-dirim savaşına qalxmışlar. Təəssüflər olsun ki, Bakının azad edilməsindən təxminən bir ay sonra Osmanlı dövləti müharibədə təslim olması barədə sazişə imza atdı. Müttəfiq dövlətləri Osmanlı qoşunlarının Qafqazdan, o cümlədən də Azərbaycandan geri çəkilməsini tələb etdilər. Çıxılmaz vəziyyətdə qalan Nuru Paşa ciddi səy göstərirdi ki, bu proses ləngisin və Azərbaycanda milli dövlət quruculuğu daha da möhkəmlənsin. Hətta Ənvər Paşanın Bakıya nəzarət üçün oraya bir tabur əsgər göndərməsinə belə, öz müttəfiqi olan almanlar razı olmamışdı. Əlavə edək ki, o zaman Osmanlı və alman generalları vahid bir qərargahda (iri bir çadır düşərgə daxilində) fəaliyyət göstərirdilər.

Nuru Paşa Bakıya daxil olandan sonra şəhərdə qayda-qanun yaradılması üçün ciddi fəaliyyətə başladı. O, Qafqaz İslam Ordusunun komandanı kimi hər gün saat 10-dan 12-yə qədər şəhər sakinlərini qəbul edirdi. Qəbula gəlmək istəyən şəxslər əvvəlcədən onun yavərinə növbəyə yazılırdılar. Ən başlıcası isə qısa zamanda onların problemləri həll olunurdu.

Osmanlı qüvvələrinin Bakıdan getməsi ərəfəsində, noyabrın 10-da axşam çağı Bakı şəhər əhalisi tərəfindən qəhrəman Nuru Paşanın şərəfinə yay klubunun zalında böyük və təntənəli bir ziyafət verildi. Klubun içi və dəhlizləri gözəl və qiymətli xalılarla, divarları isə ay-ulduzlu al bayraqlarla bəzədilmişdi. Orada həm böyük musiqi orkestri, həm də Osmanlı və Azərbaycan türklərinə məxsus milli sazəndə və xanəndələr vardı. Azərbaycan Milli hökumətinin Baş nazirindən tutmuş nüfuzlu və tanınmış şəxsiyyətlərinin əksəriyyəti məclis iştirakçıları arasında idi. İlk sözü AXC hökumətinin Baş naziri Fətəli xan Xoyski söylədi. O, Azərbaycan türklərinin əsarət zəncirindən xilas edilməsi yolunda tökülən Osmanlı türk qanına işarə edərək bildirdi ki, bu qan və bu qan tökülən mübarək yerlər heç bir vaxt unudulmaz və xatirdən çıxmaz.

Milli Şuranın sədri M.Ə.Rəsulzadə isə bildirdi ki, siyasi üfüqdə qara buludlar görünən kimidir, lakin bu qara buludlara qarşı Nurularımızın zülmət qovan nuru var. Bundan sonra nitq və alqışlara cavab olaraq Nuru Paşa gözəl İstanbul şivəsilə bəlağətli və səlis nitq söylədi. Ümumiyyətlə, bu şanlı hadisə qardaş qanı ilə yoğrulmuş şanlı bir qələbə, bütün cəbhələrdə qeyri-bərabər savaşlarda məğlubiyyətə uğrayan Osmanlı ordusunun bir hissəsinin azərbaycanlı könüllülərlə birlikdə 1.130 şəhid verərək qazandığı böyük zəfər idi. Həmin gün qazanılmış savaş gerçək bir hürriyyətə aparan zəfər idi. Bakını azad etdikdən sonra Nuru Paşa ordusunun bir hissəsini Qarabağa göndərdi. Parlaq döyüşlərdən sonra erməni-daşnak qoşunlarını darmadağın edərək Azərbaycanın bayrağını Şuşa şəhərinə də sancdı.