525-ci qəzet. - 2018.- 14 sentyabr. - ¹ 158. - S. 6.
Tariximizin şanlı səhifəsi: Bakının qurtuluşu o dövrün mətbuatında
1918-ci il sentyabr ayının 15-i - Bakının düşməndən azad olunduğu gün Azərbaycan tarixinin ən şanlı səhi-fələrindən biridir.
Əli Məmmədbağəroğlu,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Bu tarixi hadisənin sevincini o zaman yenicə nəşrə başlamış "Azərbaycan" qəzeti ilk sayında bəyan edib və həmin tarixi Qurtuluş günü kimi qeyd etmişdi. Sentyabrın 16-da Gəncə şəhərində qəzetin işıq üzü görmüş ilk nömrəsində dərc olunmuş "Bakının süqutu" adlı məqalədə qəhrəman sərkərdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını düşməndən azad etməsindən bəhs olunurdu. Çar Rusiyasının süqutundan sonra yüz ildən artıq əsarətdə saxladığı Azərbaycanın şimal hissəsini əldən vermək istəməyən keçmiş imperiyanın varisi olan Sovet Rusiyası Azərbaycanda, xüsusilə onun mərkəzi Bakı şəhərində nəyin bahasına olursa-olsun öz hakimiyyətini qoruyub saxlamağa çalışırdı. 1918-ci ilin aprelində Bakıda Stepan Şaumyanın rəhbərliyi ilə yaranan Xalq Komissarları Soveti iyul ayının sonunda hakimiyyəti Mərkəzi Xəzər Diktaturasına təhvil verdi. Onun da hakimiyyəti çox uzun çəkmədi. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin dəvəti ilə gələn və milli hərbi qüvvələrimizin də daxil olduğu Qafqaz İslam Ordusu Azərbaycan paytaxtını düşməndən xilas edib Milli Hökumətin Gəncədən Bakıya köçməsini təmin etdi.
O zaman Bakının qurtuluşuna aid milli mətbuatımızda olduğu kimi, digər ölkələrin dövri mətbuatında əks tərəfdən hadisəyə münasibət bildirilən yazılar yer almışdı. Bütün bu baş verənlər haqqında Rusiya mətbuatında da yazılar dərc olunur və aydın məsələdir ki, bu yazılarda məsələyə fərqli baxış öz əksini tapırdı. Belə yazılardan biri həmin günlərdə Həştərxan şəhərində nəşr olunan "İzvestiya" qəzetində getmişdir. Hadisədən bir az sonra "Azərbaycan" qəzeti 1918-ci il 4 oktyabr tarixli 6-cı nömrəsində həmin yazının tərcüməsini dərc edib. Yazıda daha çox diqqəti cəlb edən məqam rus əsgərləri ilə bir cəbhədə Qafqaz İslam Ordusuna qarşı vuruşan erməni daşnaklarının alçaq, rəzil və dar macalda öz silahdaşlarını belə atıb qaçaraq xəyanət etməsidir. Bakı hadisələrini öz gözləri ilə görüb, baş verənləri şəxsi müşahidəsilə qələmə alan jurnalist təmsil etdiyi qəzetin, ölkənin maraqlarından çıxış etsə də, erməni daşnaklarının xain və satqın olduqlarını açıb göstərməklə onları belə xarakterizə edir: "Bunlar (yəni daşnaklar - Ə.M.) bu axırıncı zamanı keçmiş bolşeviklər zamanındakı kimi yenə də müfəttin və xainlik rolunu gözəlcəsinə ifa etdilər. ... alçaq və rəzil bir zatdan heç vəqt alicənab və qəhrəmanlıq gözləmək olmaz. Dinc əhalini soymaq, cəbhəni sındırmaq bunların köhnə adətidir".
Qeyd edək ki, "İzvestiya" qəzetindən götürülərək "Azərbaycan" qəzetində tərcüməsi verilən və müəllifi qeyd edilmədən dərc olunmuş "Bakının son dəqiqələri" adlanan məqalədə Bakıda 1918-ci il sentyabr ayının 15-də baş verənlərə Rusiya tərəfindən ozamankı siyasi yanaşmanın bugünkü siyasət arenasında çox oxşar məqamlarının olduğunu nəzərə alıb, yazının məğzinə ətraflı şərh vermədən, olduğu kimi, dilinə və üslubuna toxunmadan, yalnız bəzi ərəb-fars sözlərinin mənasını göstərməklə oxuculara təqdim etməyi lazım bildik.
"BAKININ SON DƏQİQƏLƏRİ"
"Azərbaycan" qəzeti, 4 təşrini-əvvəl sənə 1918, nömrə 6.
Hacıtərxanda nəşr edilən "İzvestiya" (bolşevik) qəzetəsi axırıncı Bakı hadisələrinin böylə bir lisanla təsvir ediyor:
Sübh saət 3-də şəhər bombardman edilüb, gündüz saət 12-ə qədər top atəşi davam etməkdə idi. Bu zaman makinalı tüfəng atəşi başlayub, davanın yaxın zamanda itmamə (axıra çatacağna) yetəcəgini əhaliyə andırırdı.
Bolşeviklər göstərdigi kibi, "gəlmə yardımçı"ların müvəffəqiyyəti olmadı. Müfəttin (fitnəkar) menşevik və inqilabçıların inandığı və gözlədigi bu beynəlmiləl dolandırıcıların kafi dərəcədə qüvvələri olmadıqları ümumə məlum (oldu). Ancaq axırıncı nəfəsdə keçmişdəki iştirakuyunları (kommunistləri) xatirəsinə gətirüb vəqtin keçməsinə heyflənirdi. Daşnaklar öz sö-zü üstündə durub, hərəkətlərində bərqərar idilər. Bunlar bu axırıncı zamanı keçmiş bolşeviklər zamanındakı kimi yenə də müfəttin və xainlik rolunu gözəlcəsinə ifa etdilər.
Hətta cəbhədən qaçan daşnakların matros və İngiltərə tərəfindən güllələnməsi çarə dəxi bu xainləri düşmən qarşısına çıkara bilməyordu. Çünki alçaq və rəzil bir zatdan heç vəqt alicənab və qəhrəmanlıq gözləmək olmaz. Dinc əhalini soymaq, cəbhəni sındırmaq bunların köhnə adətidir (seçdirmə - Ə.M.). Doğru, bunların arasında tək-tək qəhrəmanlar tapılırdı. Amma bunilə ümumdaşnakların eyb və nöqsanlarını məstur (gizli) etmək heç mümkün degil, zənn edəriz.
İmdi yalançı sosialist Ayollo Sadovski və Məlik Yolçuyanların siyasəti sayəsində Türkiyəyə keçən Bakının axırıncı dəqiqələrindən danışalım.
Sentyabrın 14-ü sabahdan axşam 7-yədək dışarı çıkmaq mümkün degil idi. Çünki küçələrdə qaravullar qoyulub, nəinki küçəyə çıkmağa, bəlkə pəncərələri açmaq qadağan edilmişdi.
Saət 8-də bazarlarda su paylayan quyular ətrafında camaat toplaşırdı. Bu vəqtlərdə dışarıda gəzüb dolaşmaq xətər(ə)dən xali degil idi. Yukarı bazarda patlayan bombadan xeyli növbədə dayanan arvadlar həlak oldu. Əhali küçədən qorka-qorka divar dibi ilə qomşu evlərə gedə bilirdilər. Şəhərin üstündə top səsləri kəsilməyordu.
Saət 9-da mən Hacınskinin dərya kənarında olan mülkünə gedib qəbiristan ətrafında dava gedişinə tamaşa edi-yordum. Bizim səngərlər düşmənin böylə hücumuna qarşı dura bilməyəcəyinə əmin idim. Düşmən tərəfindən atılan top güllələri bizim əsgərləri səngərlərdə rahat qoymayırdı. Bizim qoşunlar az dəstələr ilə Çənbərəkənd tərəfindən əsləhələri (silahları) dəxi qoyub qaçmağa başladılar. Bizim əsgərlərimiz əhalini yaddan çıkarıb özlərini paraxodlara doldurdular. Başda duranlar öylə şaşmışdılar ki, şəhərin müntəzəm surətdə köçürülməsi heç xatirlərinə gəlmiyordu. Xain siyasətçilər ancaq öz canlarını xilas etməgə çalışurdular. Hələ Bakı alınmamışdan üç həftə müqəddəm on beşdən ziyadə qoşunu qaçırtmaq üçün paraxodlar hazır etmişdilər.
İngiltərə ordusu türk hücumundan üç gün müqəddəm özünə yeddi paraxod alub yerləşmişdi.
Bolşevikləri Bakını atub qaçmaqda müttəhim edən "hökumət" özü də qadın və çocuqları burakub qaçırdı. Bunilə böylə axırıncı dəqiqələrədək cəbhələrdən gələn xəbərlər dava meydanında müvəffəqiyyətimizi andırırdı. Birdən cəbhədə düşmən qabağında duran qoşunları, xüsusən daşnakları və Biçeraxov dəstəsini paraxodlarda əgləşmiş gördük. Camaat isə hələ güllə-atəş altında qalmışdı. Çocuqlarını atub özünü xilas etmək istəyən anaların nalə və fəryadlarını eşitmək mümkün degil idi.
Paraxodlara əgləşən daşnak əsgərləri özlərindən başqa kimsəyi götürmək istəməyüb tələsik iskələlərdən (Dənizdə gəmilərin yanaşması üçün körpü) uzaqla-şurdular. Bu əsnada top güllələri iskələlərə düşüb yanğın ediyordu. Bununla da qadın və çocuq ilə məmlu (dolu) olan barjaya düşüb çok tələfata səbəb oldu. Əlbəttə, bu xainlik Bakı hökuməti (Mərkəzi Xəzər Diktaturası - Ə.M.) başçıları tərəfindən birinci degil. Mərkəzi Rusiyadan və inqilabın ən birinci müdafiə zəhmətkeşlərdən üz çöndərən xainlər yapdıqları cinayətlərdir. Məsul olacaqdırlar.