Xalq qəzeti. - 2018. - 14 sentyabr. - ¹ 205. - S. 6.

 

Qafqaz İslam Ordusu və Azərbaycanın xilası

 

Azərbaycan Xalq Cümhuriyyəti – 100

 

Anar İsgəndərov,

tarix elmləri doktoru, professor

 

(əvvəli qəzetin ötən sayında)

1918-ci il iyulun 9-da Şərq Ordular qrupunun quruluşunda aparılan dəyişikliklərdən sonra 5-ci Qafqaz diviziyası 3-cü Ordunun tabeliyindən çıxarıldı. Şərq Ordular qrupunun rəhbərliyində dəyişikliklər edilərək Vəhib paşanın yerinə Xəlil paşa təyin edildi. İstanbulda olarkən baş qərargahda Xəlil paşanın qarşısında belə bir vəzifə qoyulmuşdu ki, Batum-Tiflis dəmir yolundan faydalanaraq Xəzər dənizinə çıxsın, burada Bakıdan Ənzəliyə gedən dəmir yolunu nəzarət altına alsın ki, sonra Qəzvin-Həmədan yolundan istifadə edərək Bəsrə körfəzinə çıxmaq və İrandakı ingilis qüvvələrini məhv etmək mümkün olsun. Həmin vəzifənin yerinə yetirilməsi üçün əvvəlcə Bakının ələ keçirilməsinin zəruriliyi vurğulanırdı. Xəlil paşanın nəzərinə o da çatdırıldı ki, Bakıda ermənilərdən və ruslardan təşkil edilmiş silahlı dəstələr Gəncəyə doğru hərəkətə başlamışdılar. Ənvər paşa Şərq Ordular Qrupu Komandanlığına Xəlil paşanı təyin etməklə, heç şübhəsiz ki, Qafqazda və yaxın bölgələrdə cərəyan edən hərbi proseslərə rəhbərliyi daha çox etibar etdiyi bir şəxsə tapşırmış və Qafqaz İslam Ordusunu da birbaşa onun tabeliyinə vermişdi.

Qafqaz İslam Ordusunun say tərkibi ilə bağlı rəqəmlər müxtəlifdir. Bir çox mənbələrdə Azərbaycana gələn türk qoşun hissələrinin ümumi sayının 6 min və az sonra onlara qatılmış olan azərbaycanlı qüvvələrin 10-12 min nəfər olduğu vurğulanır. Bəzi mənbələrdə Qafqaz İslam Ordusuna qoşulan azərbaycanlıların sayı 4 min, türklərin isə 10 min nəfərdən ibarət olduğu iddia olunur. Belə bir reallığı inkar etmək olmaz ki, təkcə 5-ci Qafqaz diviziyasındakı əsgər və zabitlərin sayı 7733 nəfər olmuşdur. Hadisələrin bu rəqəm ətrafında cərəyan etdiyini nəzərə alsaq, onda azərbaycanlıların sayının 4 min nəfərdən bir az çox olduğu real görünür.

Türk qoşun hissələri Azərbaycana gəldiyi gündən qaynar döyüş şəraitinə düşdülər. Bolşevik-daşnak qüvvələri həm Şamaxı yolu, həm də dəmir yolu xətti ilə Qərbə doğru irəliləməkdə idi. Bakı Sovetinin rəhbəri Stepan Şaumyan Gəncədə fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyəti hökumətini məhv etmək üçün bütün gücü ilə hücuma keçmişdi. Qafqaz İslam Ordusunun belə bir vaxtda hər hansı bir ləng hərəkəti neçə-neçə kəndin itirilməsi, 100 minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi demək idi. Ona görə də Qafqaz İslam Ordusu komandanlığı Şərqə doğru hərəkətin başlanmasına qərar verdi. Nuru paşa yaxşı dərk edirdi ki, Gəncə ətrafında mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı erməniləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etmək onun birinci vəzifəsi idi.

Həmin vaxt Gəncədə 20 mindən artıq erməni yaşayırdı. Şübhəsiz, şəhərin şərq hissəsində yerləşən ermənilər türk qoşunlarının Azərbaycana gəlməsi və Gəncədə qərargah yaratmaları ilə razılaşa bilmirdilər. Onlar Bakı Soveti qüvvələrinin Gəncəyə doğru sürətli hərəkətinin intizarında idilər. Gəncənin şərq hissəsində yaşayan ermənilər 600 nəfərlik silahlı dəstəyə malik idilər. Həmin silahlı dəstənin ixtiyarında hər cür atıcı silahlar, o cümlədən pulemyotlar və hərbi təchizat var idi.

Gəncə ermənilərinin tərksilah edilməsinə Nuru paşanın əmri ilə iyunun 10-da başlandı. İyunun 11-də Nuru paşa tərəfindən yaradılan Gəncə dəstəsi erməni məhəlləsini mühasirəyə aldı. Türk süvari alayının əsgər və zabitləri döyüşqabağı mövqe tutaraq 4 erməni müşahidəçisini və keşikçisini əsir götürdülər. İki türk zabiti erməni məhəlləsinə gedərək onlara tərksilah olunmağın zəruriliyini anlatdı. Ermənilər heç bir təklifi qəbul etmədilər və zabitləri atəşə tutdular. Sonra da bütün gücü ilə hücuma keçərək türk qüvvələrini mühasirəyə almağa cəhd göstərdilər. Baş verən ağır döyüşün gedişində Gəncə dəstəsindən 13 nəfər öldürüldü, 7 nəfər isə yaralandı. Gəncə dəstəsinin bölmələri bir qədər geri çəkilsə də, etibarlı mövqe tutaraq erməni hücumunun qarşısını aldı. Türk Ordusu rəhbərliyi Yelenendorfdan olan bir alman vasitəsilə ermənilərə xəbər göndərdi ki, əgər atəşi dayandırıb təslim olmasalar, erməni məhəlləsi toplardan bombardman ediləcək. Bu xəbərdarlıqdan sonra saat 11 radələrində bir keşiş, 1 erməni zabiti və bir komissar əllərində ağ bayraq Gəncə dəstəsinin qərargahına gəldilər. Danışıqlardan sonra ermənilər tərksilah olmağa razılıq verdilər. Lakin ermənilər bu vədlərinə də əməl etmədilər. Axşam düşdüyü üçün əməliyyatın iyunun 12-də davam etdirilməsi qərara alındı. İyunun 12-də türklər tərəfindən atılan top atəşləri erməniləri təslim olmağa məcbur etdi. Türk qoşun hissələri 3 gün ərzində erməni məhəlləsini mühasirədə saxlayaraq tərksilahı başa çatdırdılar. Beləliklə, Gəncə şəhərində Qafqaz İslam Ordusu üçün mövcud olan təhlükə aradan qaldırıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə türk qoşun hissələrinin Gəncəyə gəlməsi, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun təşkil edilməsi, Azərbaycanın milli qoşun hissələrinin yenidən qurulmasına başlanması, Şaumyan başda olmaqla, Bakı Xalq Komissarları Sovetinin rəhbərliyini ciddi təşvişə salmışdı. Gəncədə fəaliyyətə başlayan və Qafqaz İslam Ordusu tərəfindən müdafiə olunan Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 4-də 20 minlik Bakı Soveti qüvvəsi hərbi və dəniz işləri üzrə komissar Korqanovun 8 saylı əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başladı. Qırmızı ordunun tərkibindəki əsgər və zabitlərin böyük əksəriyyətini ermənilər təşkil edirdi. Gəncə istiqamətində hücuma keçən ordunun dörd komissarından üçü erməni idi.

Gəncəyə doğru hərəkətə başlamazdan əvvəl iyunun 6-da Korqanov əsgər və zabitlərə müraciətində deyirdi: “Siz Zaqafqaziyada fəhlə-kəndli inqilabının taleyini həll etməlisiniz. Əgər türk generalları qoşunları ilə Bakıya gələrlərsə, sovet hakimiyyətini məhv edəcəklər. Ona görə də siz neft sənayesi mərkəzi Bakını sovet respublikası üçün qorumalısınız. Sizə Şimali Qafqazdan və Rusiyadan mümkün olan lazımi kömək gəlir və gələcəkdir”.

İyunun 10-da Bakı Soveti qüvvələrinin Hacıqabul stansiyasından hücumu başlandı. Bir neçə gün ərzində Ucar və ətraf ərazilər, Kürdəmir və ətraf stansiyalar Qırmızı ordu tərəfindən işğal olundu. Doğrudur, müsəlman və gürcü korpuslarının müştərək qüvvələri Bakı Soveti qoşununa müqavimət göstərməyə cəhd etdi. Lakin qüvvələr nisbəti bərabər olmadığına görə Bakı Sovetinin silahlı dəstələri heç bir çətinlik çəkmədən Gəncə istiqamətində yürüşlərini davam etdirirdilər. İyunun 16-da düşmən Qaraməryəm ətrafında İslam Ordusu ilə üz-üzə gəldi. Səhər saat 9-da başlanan döyüşdə düşmən qüvvələri azərbaycanlı, gürcü və dağıstanlılardan ibarət dəstənin üzərinə hücuma keçdi. Yeddi saat davam edən döyüşdə milli qüvvələr düşmənin Qaraməryəmə can atan hissələrinin qarşısını almağa səy göstərsələr də, buna nail ola bilmədilər. Böyük strateji əhəmiyyətə malik olan Qaraməryəm kəndi bolşevik-daşnaklar tərəfindən işğal edildi. İyunun 18-də Qaraməryəm ətrafında həlledici döyüşlər yenidən başlandı. Ciddi bir hazırlıq görmədən hücuma keçən milli qüvvələr bu döyüşdə də müvəffəqiyyət qazana bilmədilər.

Qaraməryəm ətrafındakı ağır döyüşdən sonra bir neçə gün cəbhədə sakitlik yarandı. Bu sakitlikdən hər iki tərəf öz planlarına uyğun istifadə etməyə çalışırdı. Bakı Soveti qüvvələri Azərbaycan kəndlərinə daxil olaraq əhalidən bütün silahları toplayır, ərzaqlarını müsadirə edir, qoşqu heyvanlarını isə əllərindən alırdılar. Müqavimət göstərən əliyalın əhali yerindəcə güllələnirdi. Eyni zamanda, işğal altına alınan kəndlərin əhalisini türk qoşunları əleyhinə qaldırmaq üçün onların arasında xüsusi təbliğat dəstəsi fəaliyyət göstərirdi. Bolşeviklər Qırmızı ordunun canlı qüvvələrinin sayını artırmaq məqsədilə 1893-1897-ci illərdə anadan olan qeyri-müsəlmanların çağırışını elan etdilər.

Qaraməryəm ətrafındakı döyüşün nəticələri Qafqaz İslam Ordusu komandanlığında da ciddi təhlil olundu. Vəziyyətlə daha yaxından tanış olmaq, qüvvələri yenidən qruplaşdırmaq, mövcud imkanları bütünlüklə səfərbər etmək üçün Qafqaz İslam Ordusu komandanı Nuru paşa, Müsəlman korpusunun komandanı Əliağa Şıxlinski, 5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəy cəbhə xəttinə yola düşdülər. Göyçaya gələn Nuru paşa, təkcə hərbiçilərlə deyil, yerli əhalinin nümayəndələri ilə də görüşdü və onları türk-Azərbaycan qoşun hissələrinə hərtərəfli yardım göstərməyə çağırdı. Nuru paşa Göyçay əhalisinə müraciətində deyirdi: “Azərbaycanı və azərbaycanlıları düşməndən qurtarmaq üçün Osmanlı Ordusu məmləkətinizə gəldi. Bu orduya canla-başla yardım etməyiniz ­lazımdır. Silahla yardım edilə bilmirsə, heç olmazsa, əsgərlərə ərzaq və su daşıyınız. Bu dəhşətli istidə müharibə edən əsgər və zabitlərdən bir çoxu susuzluqdan ölmüşdür.”

Cəbhədəki vəziyyətlə hərtərəfli tanışlıqdan sonra Nuru paşa şübhə etmirdi ki, ilk uğursuzluğa baxmayaraq türk-Azərbaycan qoşunları mövcud imkanları tam səfərbərliyə almaqla hərbi təşəbbüsü ələ keçirə bilərlər. Ona görə də Nuru paşa Göyçaya əlavə köməyin göndərilməsinin zəruriliyini istisna etmədən həlledici döyüşə hazırlaşmaq üçün əmr verdi. İyunun 27-nə qədər cəbhə xəttində hazırlıq işləri aparıldı. Qafqaz İslam Ordusu hissələrinin döyüşə hazırlıq üçün həyata keçirdiyi tədbirlər iyunun 26-da bolşevik-daşnak qüvvələrinin kəşfiyyatçılarına məlum oldu. Qırmızı ordu komandanlığında bu məlumat alınan kimi dərhal hücuma keçmək, türk-Azərbaycan qoşun hissələrinin hücumunu qabaqlamaq və bununla da hərbi təşəbbüsü ələ almaq qərara alındı. Bakı Soveti qoşunları iyunun 27-də hücuma başladı. Bakı Soveti qüvvələri ilk dəfə olaraq başladıqları hücumu uğurla başa çatdıra bilmədilər. Düşmən yerində saymağa başladı. İyunun 27-də qəfildən başlanmış bu döyüşün Qafqaz İslam Ordusu üçün böyük hərbi-psixoloji əhəmiyyəti var idi. Döyüşün nəticələri göstərdi ki, bolşevik-daşnak qüvvələri heç də məğlubedilməz bir qüvvə deyil və düzgün qurulmuş döyüşlə onların bütün niyyətlərini alt-üst etmək olar.

İyunun 28-də cəbhədə nisbi sakitlik hökm sürürdü. İyunun 29-da isə səhər tezdən Qafqaz İslam Ordusu hissələrinin böyük uğurla nəticələnən hücumu başlandı. Qafqaz İslam Ordusu komandanlığının göstərdiyi operativlik və çeviklik, Göyçayın müdafiəsi üçün zəruri olan qüvvələrin vaxtında bura gətirilməsi, türk-Azərbaycan qoşunlarının mübarizliyi daşnak Əmirovun rəhbərliyi altında olan bolşevik qüvvələrinin bütün cəhdlərini nəticəsiz qoydu. Göyçay ətrafında məğlub olan Bakı Soveti qüvvələri geri çəkilərək şəhərdən 5-6 kilometrlik bir məsafədə qərar tutdular. İyulun 1-də düşmən əks hücumun heç bir nəticə verməyəcəyini yəqin etdikdən sonra geri çəkilməyə başladı.

Beləliklə, Göycay və Qaraməryəm ətrafında iyunun ortalarından başlamış və iyulun əvvəlinə qədər davam edən döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı. Daşnak-bolşevik qüvvələri Ağsuya tərəf sıxışdırıldı. Bolşevik qüvvələri bu döyüşlərdən sonra bir daha hərbi təşəbbüsü ələ ala bilmədilər. Döyüşlərə uğursuzluqla başlayan Qafqaz İslam Ordusu hissələri və əməliyyatlara qoşulan Azərbaycan könüllüləri Göycay ətrafındakı döyüşdən sonra müdafiəni hücumla əvəz etdilər. Göyçay ətrafında milli qüvvələrin qələbələrinin səbəbi qarşılarına qoyduqları vəzifələrin xarakteri ilə bağlı idi. Cəbhə xəttinin bir tərəfində Azərbaycanı bolşevik-daşnak hakimiyyəti altına gətirmək istəyən və əsasən qeyri-azərbaycanlılardan ibarət olan bir qüvvə dayanırdısa, digər tərəfində isə Azərbaycanı bolşevik-daşnak talanlarından, Bakı, Şamaxı Quba qırğınlarının təkrarlanmasından qorumağa çalışan Azərbaycanın milli qüvvələri və onlara qardaş yardımına gəlmiş türk hərbi qüvvələri dayanırdılar. Birincilər Azərbaycan əhalisinə divan tuturdusa, ikincilər öz yurddaşlarını bu faciələrdən qorumağa çalışırdı.

Göyçay ətrafında döyüşlər davam etdiyi vaxt Kür çayı boyunca, Salyan yaxınlığında da bolşevik-daşnak qüvvələri ilə türk-Azərbaycan qoşunları arasında həyəcanlı anlar yaşanırdı. Hər iki tərəf bu bölgəni öz nəzarəti altında saxlamağa böyük əhəmiyyət verirdi. Bu istək Muğanın bol taxıl ehtiyatlarından bəhrələnməkdən irəli gəlirdi. Bakı bolşevikləri, habelə bolşevik-daşnak qoşunlarının rəhbərləri Gəncəyə doğru başladıqları hücumda Yevlaxa çatıb Kür çayı üzərində körpünü ələ keçirə bilmədiklərinə görə başqa vasitələrə əl atdılar. Onlar ixtiyarında olan gəmiləri Xəzər dənizindən Kür çayına çıxararaq, bu yolla Yevlaxa xüsusi dəstələr çıxarmaq və onların vasitəsilə Yevlax körpüsünü partlatmaq istəyirdilər. Salyan ətrafında Bakı Soveti qüvvələri ilə türk-Azərbaycan qüvvələri arasında döyüşlər iyunun 16-dan – iyulun 2-nə qədər davam etdi. Salyan istiqamətindəki döyüşlərdə Bakı Soveti qoşunlarının tərkibində 2 mindən çox piyada, 12 pulemyot, 6 ədəd top, Kür çayında üzən 2 hərbi gəmi və bir nəqliyyat gəmisi var idi. İyulun 2-də daşnak-bolşevik birləşmələrinin əsgər və silah cəhətdən üstünlüklərinə baxmayaraq türk-Azərbaycan qoşun birləşmələri onları geri çəkilməyə məcbur etdilər.

Qafqaz İslam Ordusunun əldə etdiyi uğurlar və onun Bakıya doğru irəliləməsi, təkcə Şaumyanın rəhbərlik etdiyi Bakı komissarlarını deyil, bölgədə marağı olan Sovet Rusiyasını, İngiltərəni, Almaniyanı da ciddi narahat edirdi. Sovet Rusiyası Bakı Sovetinə hərtərəfli maliyyə və hərbi yardım göstərməklə Bakıda sovet hakimiyyətini və Bakı neftini qoruyub saxlamağa çalışırdı. İngiltərə də İranda olan qoşun hissələri vasitəsilə Bakıya müdaxilə etmək və çıxarılan neftə ortaq olmaq istəyirdi.

Almanlar da bu mübarizədə heç kimdən geri qalmaq istəmirdilər. Onların birbaşa Azərbaycana müdaxilə etmək niyyəti Osmanlı dövlətinin müqaviməti ilə rastlaşırdı. Almaniya həm Osmanlıya, həm də Sovet Rusiyasına təzyiq göstərməklə Bakı neftindən pay almaq istəyirdi. Almanlar hər vasitə ilə Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini dayandırmağa cəhd göstərirdi. Əks təqdirdə onlar türk ordusunda çalışan alman zabitlərini geri cağıracaqları ilə hədələyirdilər.

Almaniya Osmanlıya diplomatik təzyiqi də gücləndirirdi. Bu təzyiq almanların Qafqaz İslam Ordusunun tərkibinə bir alman hissəsinin daxil edilməsi təklifinə rədd cavabı verildikdən sonra daha da artdı. Osmanlıya qarşı onun müttəfiqi Almaniya tərəfindən təzyiqlər elə bir xarakter aldı ki, Ənvər paşa Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini açıq şəkildə müdafiə edə bilmirdi. Onun bütün yazışmaları almanların nəzarəti altında olduğu üçün rəsmi əmrlərində Bakıya doğru hücumların dayandırılmasını tələb edirdi. Əslində isə Qafqaz yürüşünün ideoloqu və təşkilatçısı olduğu üçün o, belə bir mövqedən uzaq idi və Qafqaz İslam Ordusunun Bakı yürüşü ilə bağlı zəruri göstərişlərini gizli yolla Nuru paşaya çatdırırdı. Almaniyanın bu təzyiqləri nə qədər güclü olsa da, Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini saxlamaq iqtidarında deyildi.

Göyçay və Salyan ətrafındakı döyüşlərdən sonra tərəflər qarşıda duran vəzifələrə nail olmaq üçün verilən itkiləri bərpa etmək, qarşı tərəflə müqayisədə daha böyük qüvvə üstünlüyü yaratmaq üzərində düşünürdülər. Bolşevik-daşnak qoşunları hərbi təşəbbüsü ələ alaraq Qafqaz İslam Ordusu qüvvələrinin müqavimətini qırmaq məsələsini həll etməyi, Qafqaz İslam Ordusu komandanlığı isə əldə olunan uğurları genişləndirərək bolşevik-daşnak qüvvələrinin müqavimətini qırmaq üçün əlavə qüvvələr əldə etmək məsələsi üzərində düşünürdülər.

İyulun 5-də türk-Azərbaycan qoşun birləşmələri Ağsu istiqamətində yürüşə başladılar. Günortadan sonra başlayan hücum axşam qaranlıq düşənə qədər davam etdi. Havanın həddən çox isti olması, içilən suyun təminatı ilə bağlı problemlər, malyariya, dizenteriya və vəba kimi dəhşətli xəstəliklər qələbənin tezləşməsinə mane olurdu. Nəhayət, iyulun 6-da yenidən hücuma keçən türk-Azərbaycan birləşmələri daşnak-bolşevik qüvvələrini məğlub edərək Ağsunu azad etdilər. Ağsudan geri çəkilən Bakı Soveti qüvvələrinin bir hissəsi Kürdəmirdə sığınacaq tapdı.

1918-ci il iyulun 7 və 8-də türk-Azərbaycan qoşun birləşmələri Kürdəmir istiqamətində çətin döyüşlərə başladılar. Bolşeviklərin əlindəki zirehli qatar və avtomobillərə malik olması, silah-sursat baxımından üstünlükləri milli qüvvələri qorxutmadı. Nəhayət, iyulun 10-da axşama doğru Kürdəmir daşnak qüvvələrindən azad edildi və Şərq istiqamətində geri çəkilən bolşeviklərin təqibi başlandı.

Şamaxının azad edilməsi Qafqaz İslam Ordusunun əldə etdiyi ən əhəmiyyətli uğurlardan biri idi. Mürəkkəb coğrafi şəraitdə yerləşən Şamaxının azad edilməsi həm qoşunlardan böyük şücaət tələb edirdi, həm də yerli əhalidəki erməni xofunu birdəfəlik silib atmalı idi. Şamaxı, eyni zamanda, Bakıya doğru hücum üçün başlıca strateji baza hesab olunurdu. Ona görə də Qafqaz İslam Ordusu komandanlığı Şamaxı üzərinə kifayət qədər hazırlıq görülməsini və bu hücumun qısa vaxt ərzində başa çatdırılmasını lazım bilirdi.

1918-ci il iyulun 19-da Mürsəl paşa Şərq Cəbhəsinin komandanı kimi Şamaxı üzərinə hücum əmrini imzaladı. Döyüş əmrini alan türk-Azərbaycan qüvvələrini şiddətli yağış müşayiət edirdi. Güclü yağış və palçıqlı yollar döyüş texnikasının dağ şəraitində irəliləməsini xeyli çətinləşdirirdi. Bütün bunlara baxmayaraq, Şamaxı üzərində hücumu həyata keçirən 10-cu və 13-cü alayların şəxsi heyəti böyük fiziki dözüm və fədakarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr endirdilər. Artıq günün ikinci yarısında bolşevik-daşnak qüvvələri kütləvi şəkildə Şamaxıya tərəf geri çəkilməyə başladılar. İyulun 19-da Şamaxı ətrafındakı döyüşün nəticələri Qafqaz İslam Ordusunun komandanı Nuru paşanı razı salmamışdı. Nuru paşa yazırdı: “Şamaxı ətrafındakı hərəkatın nəticəsi məni məmnun etməmişdir. Çünki mən düşmənin əsarət və imhası və dolaysı ilə Bakıya çəkilməkdə müvəffəq olmamasını istəyirdim. Bolşevik qüvvələrinin, ümumən, sağ-salamat geri çəkilməsi, onların Bakı ətrafında cəmləşməsi Bakının müdafiəsinin möhkəmləndirilməsi ilə nəticələnə bilərdi”.

İyulun 20-də döyüşlər davam etdirildi. Gün ərzində gedən döyüşlərdə Şamaxı düşmən qüvvələrindən azad edilərək türk-Azərbaycan birləşmələrinin əlinə keçdi. Bakı bolşeviklərinin liderlərindən olan və Şamaxı istiqamətindəki 3-cü briqadanın komissarı A. Mikoyan Şamaxının müdafiə olunmamasında 3-cü ordunun komandiri Hamazaspı günahlandırırdı. Bakı Soveti rəhbərliyinin Leninə və Stalinə yolladığı təcili teleqramlar və onlara köməyə göndərilən qüvvələr də erməni-daşnak qüvvələrindən azad edilən Şamaxının taleyində heç bir dəyişiklik yarada bilmədi. Bakı Soveti qüvvələri iyulun 22-də Şamaxı uğrunda yeni bir cəhd göstərsələr də, bu bir nəticə vermədi.

İyulun 23-nə aid olan döyüş məlumatında bildirilirdi ki, dəmir yolu boyunca fəaliyyət göstərən Bakı Soveti qüvvələri Hacıqabula doğru geri çəkilmişdir. Geri çəkilən düşmən yol boyunca körpüləri partladır və dəmir yolu xəttini sıradan çıxarırdı. Nuru paşa Şimal qrupuna göndərdiyi məktubunda Hacıqabuldan Bakıya gedən dəmir yolu xəttinin qorunmasını, habelə Cənub qrupunun irəliyə hərəkət etməsinin və Hacıqabulun azad edilməsinin zəruriliyini vurğulayırdı. Hücum edəcək qüvvələrin vəziyyətini və imkanlarını daha yaxşı bilən Mürsəl paşa Nuru paşaya göndərdiyi məktubunda Bakıya doğru dayanmadan irəliləməyin tərəfdarı olmaqla bərabər, ordunun təminat və təchizat məsələlərinin həllinə vaxt verilməsini xahiş edirdi. Mürsəl paşa Nuru paşaya göndərdiyi məktubunda onun diqqətinə çatdırırdı ki, Mərəzə kəndi bütünlüklə tərk edildiyindən yerli əhalidən kömək almaq mümkün deyil. Çünki, taxıl biçilsə də hələ döyülməmişdir. Qısa vaxt ərzində burada ərzaq ehtiyatı toplamaq mümkün deyil. Ona görə də, həm ərzaq ehtiyatı, həm də silah-sursat arxadan göndərilməlidir. Mürsəl paşa onu da əlavə edirdi ki, Mərəzədən Bakıya qədər olan ərazidə, demək olar ki, əhali yaşamır və su mənbələri yoxdur. Buna görə də arxa cəbhə lazımi şəkildə möhkəmlənəndən sonra Bakıya doğru yürüşə başlamaq mümkündür.

 

(ardı var)