Xalq qəzeti. - 2018.- 13 sentyabr. - ¹ 204. - S. 8.

 

Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası

 

Azərbaycan Xalq Cümhuriyyəti – 100

 

Anar İsgəndərov,

tarix elmləri doktoru, professor

 

Qafqaz İslam Ordusunun dörd aydan bəri Azərbaycanın istiqlalı uğrunda çarpışaraq verdiyi şəhid və məcruhların qanları ilə sulanan bu qardaş məmləkətin torpağı üzərində – Gəncədə, Göyçay-Ağsu-Şamaxı-Bakı şosesinin hər iki tərəfində, Müsüslü-Kürdəmir-Karrar-Hacıqabul-Bakı dəmir yolu boyunda, ­Qarabağda və Kür nəhri sahillərində xalqın ziyarətgah yerinə çevrildiyi bir çox mütəvazi və həzin məzarlara təsadüf olunur. Bunlar irqinin imdadına gələn Anadolu Mehmetçiklərinin mübarək məzarlarıdır. Əksər yerlərdə Mehmetçiklə bərabər baş-başa yatan azəri türkləri də vardır. Türk zabit və əsgərləri Azərbaycanda əmsalsız bir fəraqəti-nəfsilə və yüksək bir duyğu ilə çalışmış və çarpışmışlar. Eyni irqə mənsub bu iki millət arasındakı rabitə və münasibət axıdılan qanlara bir qat daha rəsanət peyda etmişdir. Əminəm ki, Anadolu türklərinin Azərbaycanın istiqlal və istiqbalı uğrunda yapdıqları çətin və qanlı müharibələr və mücadilələr nəsildən-nəslə nəql ediləcək və unudulmaz bir dastan halında qalacaqdır.

Rüşdü bəy,

Beşinci Qafqaz diviziyasının qərargah rəisi

 

1920-ci ilin bolşevik işğalı, təkcə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə başa çatmadı. Yeni ideologiyaya sahib olan sovet quruluşu Azərbaycan xalqının, hətta çar Rusiyası dövründən qoruyub saxladığı çox şeyi ya məhv etdi, ya da onu xalqın həyat tərzindən və mənəviyyatından çıxartdı. Sovet dönəmində ən çox ziyan çəkən tarix elmi oldu. Sovet cəmiyyətinin uğurlarını tərənnüm və onun üstünlüklərini sübut etmək üçün tarix elmi dövlət siyasətinə tabe edildi. Son nəticədə Azərbaycan tarixində xidməti olan şəxsiyyətlər 70 illik sovet dönəmində Vətən tarixindən silinərək düşmən obraza çevrildilər.

Əslində, Azərbaycan tarixi ilə bağlı həqiqətlər, təkcə təhrif olunmadı, bu hadisələrin çoxu ört-basdır edildi. Səfəvi dövlətinin banisi Şah İsmayıl, Əfşarlar sülaləsinin banisi və görkəmli azərbaycanlı sərkərdə, dövlət başçısı Nadir şah, çar qoşunlarının komandanı Sisiyanova qarşı son damla qanına qədər vuruşan gəncəli Cavad xan, 1918-ci ilin türk-müsəlman soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucuları, Azərbaycanda milli şüurun formalaşmasında və milli demokratik hərəkatın inkişafında müstəsna xidmətləri olan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və başqaları, 1917-ci ilin fevralında çarizmin devrilməsindən sonra acı taleyin ümidinə qalan Azərbaycan xalqının harayına çatan türk ordusunun xilaskarlıq yürüşləri zaman-zaman təhrif olunaraq düşmən bir tarixə çevrildi.

XX əsrin 90-cı illərinin əvvəllərində SSRİ adlı nəhəng bir dövlət süqut etdi. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan tarixi ilə bağlı bir çox hadisələrin tədqiqinə başlandı. Uzun müddət təhriflərə məruz qalmış belə tarixi hadisələrdən biri Qafqaz İslam Ordusunun Azərbaycana yürüşü və onun nəticələri idi. Qafqaz İslam Ordusu ilə bağlı obyektiv tədqiqatın aparılması bir tərəfdən Sovet Rusiyasını və onun bölgədəki dayağı olan Bakı Sovetinin bolşevik-daşnak qüvvələrinin, habelə alman və ingilis qoşunlarının Azərbaycanın müstəqilliyinə qarşı necə böyük cəbhə qurduqları və bu cəbhəyə qarşı uğurlu mübarizə aparılmasında İslam Ordusunun fəaliyyətini düzgün qiymətləndirməyə imkan verir.

Məlum olduğu kimi, 1914-cü ildə dünyanı yenidən bölüşdürmək üstündə imperialist dövlətləri arasında I Dünya müharibəsi başlandı. Qərb dövlətlərinin bu müharibədə maraqlarının əsas hissəsini yeni ərazilərin və yeni bazarların ələ keçirilməsi təşkil edirdi. İmperialist müharibəsinin iştirakçısı olan Osmanlı dövlətinin müharibə planlarında iki taktiki gediş diqqət mərkəzində idi. Camal paşanın rəhbərlik etdiyi planın tərəfdarları iddia edirdilər ki, Osmanlı dövləti öz keçmiş qüdrətini qaytarmaq üçün itirilmiş xilafət torpaqlarını yenidən özünə birləşdirməyə səy göstərməlidir. İkinci planın tərəfdarı olan hərbi nazir Ənvər paşa Rusiyanı məğlub etmək və Qafqaz, Orta Asiya ərazilərini Osmanlıya birləşdirməklə Böyük Turançılıq hərəkatını uğurla başa çatdırmağa ümid bəsləyirdi.

Ənvər paşa Qafqaz cəbhəsindəki rus ordusunu birdəfəlik məğlub etmək üçün 1914-cü il dekabrın axırlarında hücuma keçdi. Tarixdə Sarıqamış hərəkatı adlanan bu yürüş Osmanlı ordusuna uğur gətirmədi. Çətin hava şəraiti, qış geyimi əvəzinə əsgərlərə verilən nazik və keyfiyyətsiz yay geyimi, dağlıq bölgələrdə ordunun soyuqdan, aclıqdan və tifdən qırılması Osmanlı ordusu üçün fəlakətlə nəticələndi. Ardıcıl əlavə qüvvə ilə təmin edilən rus ordusu güclü hücum nəticəsində Osmanlının 90 min əsgər və zabitini əsir götürərək Sarıqamış əməliyyatını uğurla başa çatdırdı. Beləliklə, Camal paşanın Sina cəbhəsindəki panislamizm hərəkatı kimi Ənvər paşanın Qafqaz çəbhəsində panturanizm hərəkatının ilk mərhələsi də uğursuzluqla nəticələndi.

1917-ci ildə Rusiyada baş verən Fevral inqilabı və Oktyabr çevrilişi Birinci dünya müharibəsinin mühüm hadisələrindən oldu. Çünki, 1918-ci ilin martında Sovet Rusiyası ilə Almaniya başda olmaqla müttəfiq dövlətlər arasında Brest-Litovskda sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə rus ordusu qısa müddət ərzində Şərqi Anadolunu tərk etməli, Ərdəhan, Batum, Qars şəhərləri ruslar tərəfindən boşaldılmalı idi. Beləliklə, Brest-Litovsk müqaviləsi Ənvər paşanın Qafqaz planının reallaşması üçün münbit bir şərait yaratdı. Digər tərəfdən, I Dünya müharibəsi illərində rus ordusunun köməyindən yararlanan erməni silahlı dəstələri Anadoluda 100 minlərlə türkün həyatına son qoyaraq “Böyük Ermənistan” planını reallaşdırmaq üçün Azərbaycanın qərbində, şimalında və cənubunda türk-müsəlmanlara qarşı soyqırımı siyasəti həyata keçirirdi. Bütün bunlar, müəyyən qədər özünə gələn Osmanlı dövlətini məcbur edirdi ki, din, dil və qan qardaşı olan Qafqaz xalqlarını, o cümlədən azərbaycanlıları daşnak-bolşevik qırğınlarından qurtarsın. Ona görə də, 1918-ci ilin əvvəllərindən başlayaraq Osmanlı dövləti yaranmış tarixi fürsətdən maksimum istifadə etmək üçün Qafqaz yürüşünü gündəlik planına daxil etdi.

Doğrudur, Cənubi Qafqazda mövcud dövlət qurumu olan Zaqafqaziya Seyminin Osmanlı dövlətinə münasibəti isti deyildi. Həm Trabzon, həm də Batum konfranslarında məlum oldu ki, erməni və gürcü nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin şərtlərini yerinə yetirmək fikrində deyil. Erməni və gürcü nümayəndə heyətləri müqavilənin şərtlərindən doğan nəticələr ilə barışmaq istəmir və Osmanlı dövlətinə düşmən münasibətdə olduqlarını açıq şəkildə bəyan edirdilər. Yalnız Azərbaycan nümayəndə heyəti Osmanlı dövlətinin ona göstərə biləcəyi yardımın nə qədər böyük əhəmiyyət daşıdığını açıq-aydın hiss edirdi.

Məlum olduğu kimi, Tiflisdə 1918-ci il mayın 26-da Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan öz dövlət müstəqilliklərini elan etdilər. Yeni elan olunan üç dövlətdən Gürcüstanın paytaxtı Tiflis, Ermənistanın paytaxtı Yerevan oldu. Bakı şəhəri Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti tərəfindən işğal edildiyindən Gəncə Azərbaycanın müvəqqəti paytaxtı oldu. Elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq və onu real dövlət qurumuna çevirmək dövrün ən çətin problemlərindən biri idi.  Əvvəla, Azərbaycan dövləti özgə bir ərazidə elan olunmuşdu. İkincisi,  Azərbaycan Xalq Cümhuriyyətinin öz torpaqlarını qoruya biləcək ordusu yox idi. Üçüncüsü, Azərbaycan xalqına düşmən olan, Azərbaycan torpaqlarını işğal edən və Bakını özünə paytaxt seçən Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin 20 mindən artıq nizamlı silahlı qoşunu var idi. Dördüncüsü, Azərbaycandakı mövcud siyasi, iqtisadi və hərbi durum o qədər mürəkkəb idi ki, qısa bir zaman kəsiyində bu problemlərin öhdəsindən gəlmək qeyri-mümkün idi. Beşincisi, Sovet Rusiyası Bakı neftindən yararlanmaq üçün, nəyin bahasına olursa-olsun, Azərbaycanı əlində saxlamağa cəhd göstərirdi. Altıncısı, I Dünya müharibəsində bir-birinə düşmən olan İngiltərə və Almaniya Azərbaycanla bağlı müxtəlif planlara malik idilər. Yeddincisi, çar Rusiyasından Azərbaycana qalan miras hərbi xidmətdən və silah daşımaqdan məhrum edilən əhali və primitiv qaydada mövcud olan dağınıq təsərrüfat idi.

Bütün bunları nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə sülh müqaviləsi imzaladı. Gürcüstan və Ermənistanla imzalanan müqavilədən fərqli olaraq Azərbaycanla bağlanan müqavilə daha səmimi və xalqımızın xeyrinə idi. Müqavilədə vurğulanırdı ki, Azərbaycan ərazisində təhlükəli vəziyyət yaranacağı təqdirdə Osmanlı dövləti burada intizam və asayişi təmin etmək üçün Azərbaycana əsgəri yardım göstərə bilər. Bu müqaviləni Osmanlı dövləti adından ədliyyə naziri Xəlil Məntəşə və 3-cü Ordunun komandanı Mehmet Vəhib paşa, Azərbaycan Xalq Cümhuriyyəti adından isə Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri Məmməd Həsən Hacınski imzaladılar.

Hələ 1917-ci ilin fevralında çarizmin devrilməsindən sonra Rusiyada Müvəqqəti hökumətin dövründə ermənilər və gürcülər öz milli qüvvələrini təşkil edərkən heç bir çətinliklə qarşılaşmadılar. Çünki, çar Rusiyası dövründə rus ordusunun tərkibində kifayət qədər erməni və gürcü əsilli əsgər və zabit var idi. Bunu azərbaycanlılarla bağlı demək mümkün deyildi. Çarizmin milli ayrı-seçkilik siyasətinin nəticəsi olaraq azərbaycanlılar hərbi xidmətə cəlb olunmurdular. Hələ aprel ayının əvvəlində Osmanlı dövlətinin hərbi naziri Ənvər paşa Batum şəhərinə gələrək burada Azərbaycan nümayəndələri ilə görüşdü. Azərbaycan nümayəndə heyətinin Ənvər paşadan yardım istəməsi ilə Ənvər paşanın Qafqaz siyasəti üst-üstə düşürdü. Ənvər paşanın Qafqazda islam dövləti qurmaq və Osmanlı ilə Sovet Rusiyası arasında bir bufer dövlət yaratmaq siyasəti Qafqaz türklərinin, o cümlədən azərbaycanlıların müdafiə olunmasını zəruri edirdi. 1918-ci il mayın 11-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından bir az əvvəl Şimali Qafqaz Cümhuriyyəti elan edildi. Ənvər paşa Qafqaz maraqlarını təmin etmək məqsədilə Şimali Qafqaz Cümhuriyyətini tanıdı və bu dövlətə hərbi yardım göstərilməsi ilə bağlı tapşırıq verdi. Şimali Qafqazın və az sonra Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövləti tərəfindən tanınması Sovet Rusiyasını təsirli dərəcədə qıcıqlandırdı. Sovet Rusiyası yaxşı başa düşürdü ki, Osmanlı nüfuzunun Azərbaycanda və Şimali Qafqazda yayılması bu torpaqların Rusiyanın nəzarətindən çıxması demək idi. Xüsusilə, Sovet Rusiyasının Bakı neftindən məhrum olunması Rusiya iqtisadiyyatına ağır zərbə vurmuş olardı. Ona görə də, Sovet Rusiyasının xarici işlər komissarı Çiçerin 1918-ci il mayın 30-da Osmanlı dövlətinə nota göndərərək Qafqaz dövlətlərinin tanınma qərarına öz etirazını bildirdi. Lakin Osmanlı dövləti qərarından dönmək və Qafqaz yürüşünü təxirə salmaq fikrində deyildi.

Rusiyanın I Dünya müharibəsindən yarımçıq çıxması, başsız qalan rus ordusunun bir neçə cəbhədə başıpozuq vəziyyətdə fəaliyyət göstərməsi, ermənilərin Şərqi Anadoluda törətdikləri vəhşilikləri və soyqırımını Azərbaycanda da həyata keçirmələri burada yaşayan türkləri Osmanlı dövlətindən yardım istəməyə sövq etdi. Bu məqsədlə Qafqaz türklərindən təşkil olunan nümayəndə heyəti 1917-ci ilin oktyabrında Mosul şəhərində 6-cı Ordunun rəhbərliyi ilə görüşdü. Altıncı ordunun rəhbərliyi Qafqazdakı vəziyyəti yerində öyrənmək məqsədilə 3 zabitini həmin nümayəndə heyəti ilə Azərbaycana göndərdi. Qafqazdan qayıdan zabitlər Osmanlı qüvvələrinin bu əraziyə əlverişli yürüşü üçün münbüt şəraitin yarandığını təsdiq etdilər. Beləliklə, bolşevik çevrilişinin  Rusiyada yaratdığı sarsıntı, Qafqazda rus hakimiyyətinin iflasa uğraması, Azərbaycanın demokratik qüvvələrinin Osmanlıdan yardım tələb etməsi, burada hərbi hərəkata başlamaq üçün əlverişli şəraitin yaranması, Ənvər paşaya müharibənin əvvəlindən bəri  gözlədiyi tarixi fürsəti həyata keçirməyə imkan verdi.

1918-ci il fevralın 16-da Ənvər paşa Qafqaz, Dağıstan, Türküstan və Rusiyaya tabe olan müsəlman ölkələrinə ehtiyac hiss etdikləri yardım və köməyi göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Əmrdə qeyd olunurdu ki, adıçəkilən bölgələrə dəyanətli və vətənpərvər zabitlərin göndərilməsi məqsədəuyğundur. Əmrə görə podpolkovnik Nuru bəy (Ənvər paşanın ögey qardaşı) Tehran Mərkəzi Heyətinin rəhbəri, podpolkovnik Şövkət bəy Dağıstana, minbaşı Nazim Cavad bəy Əfqanıstana və Xəlil paşanın məsləhət gördüyü digər zabitlər isə Qafqazın digər bölgələrinə və Türküstana göndərilməli idi. Qafqazda türk və müsəlman əhalinin yaşadığı bölgələrdə təşkilatların yaradılması və bu xalqların nümayəndələrindən ibarət İslam ordusu təşkil etmək üçün podpolkovnik Nuru bəyin təşkil etdiyi nümayəndə heyətinin Azərbaycana göndərilməsi Ənvər paşa tərəfindən məsləhət görüldü. Belə bir orduya Nuru bəyin podpolkovnik rütbəsi ilə rəhbərlik edə biləcəyinə olan şübhələri yox etmək üçün ona fəxri general rütbəsi verildi.  Eyni zamanda, Nuru paşa ilə birlikdə Qafqaz İslam Ordusunu təşkil etmək üçün Azərbaycana gedən zabitlərə də bir üst rütbə verildi.

1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid təlimatnaməni təsdiq etdi. Bu təlimatnamə Qafqaz İslam Ordusunun qarşısında duran vəzifələri və fəaliyyət istiqamətlərini müəyyənləşdirirdi. Təlimatnaməyə görə, “Qafqaz  Ordusunun təşkilində məqsəd qafqazlıların təşkil edəcəyi ordunun əsasını vücuda gətirmək və bu əsası tədricən genişləndirmək və qafqazlı əsgərlərə təlim vermək və Qafqazda yüksək İslam mənfəətlərini və hüquqi-müqəddəsi-xilafəti və dövləti-Osmaniyyə ilə rəvabiti-siyasiyyə və əsgəriyyəni təsis etmək idi”.

Ənvər paşa son dərəcə gizli saxladığı Qafqaz əməliyyatını Osmanlının əsas müttəfiqi olan alman dövlətinə və onun qərargahına da bildirməməyə çalışırdı. Çünki, Almaniyanın Bakı nefti ilə bağlı siyasi planları Osmanlı qüvvələrinin Azərbaycanla bağlı Qafqaz yürüşünün həyata keçirilməsi üçün ciddi əngəllər yaradırdı. Buna görə də, Ənvər paşa Qafqaz yürüşünü Osmanlı Ordusunun hərbi əməliyyatı kimi yox, qurulacaq ordunun azərbaycanlılardan təşkil edilməsi kimi təbliğ edirdi. Qurulan orduya Qafqaz İslam Ordusu adının verilməsi Almaniyanı şübhələndirməmək üçün seçilmiş bir fənd idi.

Nuru paşanın 300 nəfərlik zabit heyəti çətin yol şəraitini dəf edərək mayın 9-da Təbrizə çatdı (Cənubi Azərbaycanın böyük bir hissəsi, o cümlədən Təbriz şəhəri o vaxt Osmanlı qüvvələrinin nəzarəti altında idi – A.İ.). Urmiyə gölü ətrafında erməni silahlı dəstələrindən canını qurtaran yerli əhali türk qoşunlarından kömək istədilər. Osmanlı qoşunları yerli əhaliyə əllərindən gələn köməyi etdilər. Hələ Təbrizdə ikən Nuru paşa Bakıya can atan ingilis qoşun hissələri barədə məlumat toplamaq üçün zabit heyətinə xüsusi tapşırıq verdi. Nuru paşadan bu tapşırığı alan İbrahim Kamal bəy Urmiyə gölü ətrafından geri çəkilən ingilislərin vəziyyəti haqqında mümkün məlumatı topladıqdan sonra Gilan məntəqəsinin hakimi Kiçik xanla görüşərək, İslam Ordusu hissələri ilə Kiçik xanın silahlı dəstələrinin birgə fəaliyyətinin nizamlanması imkanlarını müzakirə etdilər. Nuru paşanın zabit heyəti mayın 12-də Savucbulaq-Təbriz-Alacücə yolu ilə hərəkət edərək, mayın 20-də Araz çayına çatdı. Nuru paşanın dəstəsi Azərbaycanın Zəngəzur bölgəsinə daxil oldu və ilk gündən yerli əhalinin böyük sevinci və rəğbəti ilə qarşılaşdı. Dəstənin Zəngəzura çatdığı vaxt erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı təcavüzkarlığı amansız bir şəkil almışdı. Bu təcavüzkarlığın qarşısını almaq və yerli əhalidən müqavimət dəstələri yaratmaq üçün Nuru paşa bir neçə türk zabitini həmin bölgədə saxladı. Bir neçə türk zabiti isə Naxçıvan və Ordubad bölgələrinə göndərildi.

Nuru paşa Cəbrayıl-Ağdam-Tərtər marşrutu ilə Yevlaxa gəldi. Mayın 24-də Nuru paşanın Yevlaxda böyük təntənəli qarşılanma mərasimi oldu. Nuru paşa Qafqaz İslam Ordusunun qərargahının Nuxada yaradılmasını qərara almışdı. Lakin bir tərəfdən Nuxa ətrafında erməni dəstələrinin fəallığı, digər tərəfdən isə oranın əsas nəqliyyat xətlərindən kənarda qalması Nuru paşaya qərargahının Gəncədə təşkil olunmasını məcbur etdi.

Nuru paşa mayın 25-də Gəncəyə gəldikdən sonra Azərbaycanın müxtəlif bölgələri ilə əlaqə yaratdı və həmin bölgələrdə müqavimət dəstələrinin təşkilinə başladı.  Az vaxt ərzində Gəncə, Qazax, Zaqatala, Nuxa, Ağdam, Ağdaş, Cəbrayıl, Qarabağ və Zəngəzurun şərq hissəsini əhatə edən ərazilərdə asayişin təmini üzrə idarə və komandalar təsis edildi.

Nuru paşa Azərbaycana gəlməmişdən bir az əvvəl Azərbaycanın müxtəlif bölgələrində ermənilərə qarşı mübarizə aparmaq üçün könüllü silahlı dəstələr təşkil edilmişdi. Bu dəstələrin başında I Dünya müharibəsi illərində əsir düşmüş və Azərbaycana gətirilən türk zabitləri dayanırdı. Nuru paşanın Azərbaycana yürüşü  ərəfəsində azərbaycanlılardan təşkil olunmuş korpusda şəxsi heyətin sayı həddən ziyada az idi. Korpusda cəmi 1000 nəfərə qədər əsgər və zabit var idi və onların da yarısı türk əsirləri idi. Beləliklə, Nuru paşa Azərbaycandakı mövcud vəziyyəti diqqətlə öyrəndikdən sonra Osmanlıdan əlavə qüvvə gəlmədən Bakı üzərinə yürüşün heç bir nəticə verməyəcəyinə əmin oldu. Bununla bağlı o, Ənvər paşaya müraciət edərək Azərbaycanda mövcud olan qüvvələrlə Qafqaz İslam Ordusunun komandanlığı qarşısında qoyulan vəzifələrin həllinin qeyri-mümkün olduğunu bildirdi.

Nuru paşa Azərbaycanda siyasi vəziyyətin nə qədər ağır olduğunu Gəncəyə gəldikdən sonra daha müfəssəl anlamışdı. Azərbaycan xalqı bolşevik, rus və erməni təcavüzünə qarşı müdafiəsiz bir vəziyyətdə idi. Azərbaycan milli korpusunun adı nə qədər böyük səslənsə də, əslində, nizami ordu deyilən qoşun hissələri hələ yaradılmamışdı. Digər tərəfdən, Osmanlıdan köməyə gələn türk zabitlərinin səyi ilə yerli əhalidən təşkil ediləcək qüvvələrlə Azərbaycanın daşnak-bolşevik zülmündən xilas edilməsi mümkün deyildi. Bütün bunları diqqətlə izləyən Ənvər paşa Şərq orduları qrupunda yerləşən Beşinci Qafqaz diviziyasının Qafqaz İslam Ordusunun tərkibinə daxil edilməsi əmrini verdi. Beşinci Qafqaz diviziyasının tərkibində 257 zabit, 5575 süvari var idi. Artıq Nuru paşanın əmrində iş görə biləcək nizamlı bir qüvvə mövcud idi. Ancaq Nuru paşa onu da dərk edirdi ki, Azərbaycanda mövcud olan daşnak-bolşevik qüvvələri ilə müqayisədə Azərbaycana göndərilən Osmanlı qüvvələri kifayət etmir. Buna görə də, 1918-ci il iyunun 20-də Ənvər paşaya göndərdiyi növbəti məktubunda əlavə olaraq 20 min tüfəng, hərbi sursat, bundan başqa nizamlı qüvvə və süvari qoşun təşkil etmək üçün zabit kadrlarına ehtiyacı olduğunu bildirmişdi. Bütün bunları nəzərə alan Ənvər paşa Qafqaz hərəkatının tam uğurlu alınmasını təmin etmək məqsədilə 15-ci piyada diviziyasını da Qafqaz İslam Ordusunun sərəncamına göndərdi.

On beşinci piyada diviziyasında 157 zabit və 7636 sıravi var idi. On beşinci piyada diviziyasına podpolkovnik Süleyman İzzət bəy komandanlıq edirdi. Həm 5-ci Qafqaz diviziyası, həm də 15-ci piyada diviziyası I Dünya müharibəsi illərində   özünü doğrultmuş və Osmanlı ordusunun ən şərəfli və döyüşkən ordusu adına layiq görülmüşdür. Düşmən qüvvələrinin say çoxluğunu bir daha önə çəkən Nuru paşa Ənvər paşanı inandırdıqdan sonra 36-cı diviziyanın 106 və 107-ci alayları da Bakı cəbhəsinə göndərildi. Müqayisə üçün onu qeyd etmək lazımdır ki, 1918-ci il iyunun axırlarında Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələrinin sayı 20 min nəfərdən çox idi.

 

(ardı var)