Xalq qəzeti. - 2018.- 12 sentyabr. - ¹ 203. - S. 3.

 

Qafqaz İslam Ordusunun Bakıya zəfər yürüşü

 

Azərbaycan Xalq Cümhuriyyəti – 100

 

Mehman Süleymanov,

tarix üzrə elmlər doktoru,  ehtiyatda olan polkovnik

 

1918-ci ilin may ayında dövlət müstəqilliyini elan etməsi ərəfəsində Azərbaycanda son dərəcə mürəkkəb və təhlükəli hərbi-siyasi şərait mövcud idi. Cümhuriyyətin elan edildiyi sərhədlər daxilində olan ərazilərin, az qala, yarıdan çoxu Azərbaycan xalqının varlığına qənim kəsilmiş yad qüvvələrin işğalı altında idi.  Bolşevik və daşnak ünsürlərindən təşkil edilmiş bədnam Bakı Soveti martın sonu – aprelin əvvəlində Bakıda və ətraf bölgələrdə kütləvi qırğınlar törətməklə Azərbaycanın şimal sərhədlərindən Kür çayı hövzəsinə qədər olan Xəzərboyu əraziləri, habelə qərbə doğru Hacıqabul və Şamaxıya qədər olan əraziləri öz hakimiyyəti altına ala bilmişdi. Qarabağda millətçi-daşnak təcavüzkar qüvvələri, respublikanın cənubunda isə çar Rusiyası dövründə İranla sərhəddə yerləşdirilmiş sərhəd briqadasının komandanlığı at oynatmaqda idi.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra daşnak Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin hərbi-siyasi qüvvələri Gəncəyə doğru sürətlə irəliləməyə başlamışdı. Onlar tezliklə Gəncəyə yetişmək və Azərbaycanın müstəqilliyini elə beşikdə ikən boğmaq, yerli əhalini qılıncdan keçirmək niyyətində idilər. Buna görə də əsasını erməni daşnakları təşkil edən Bakı Soveti qoşunları iyunun əvvəllərində sürətlə irəliləyib dəmir yolu xətti boyunca Ucar yaxınlığına, Şamaxı-Göyçay şose yolu boyunca isə Qaraməryəmə yetişmişdi. Bu sürətli hücumun qarşısını isə yalnız Azərbaycana qardaş köməyinə yetişmiş Osmanlı Türkiyəsinin hərbi qüvvələri ilə birlikdə almaq mümkün olmuşdu.

Obyektiv tarixi səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə onun müstəqilliyini müdafiə etməyə qadir yetərli milli hərbi qüvvələr hələ formalaşmamışdı. Ona görə də Azərbaycanda mövcud olan milli hərbi qüvvələrlə Osmanlı Türkiyəsindən qardaş köməyinə gəlmiş qoşun bölməsi bazasında Qafqaz İslam Ordusu yaradılmışdı. Osmanlı Türkiyəsinin hərbi naziri Ənvər paşanın kiçik qardaşı Nuru paşa bu ordunun komandanı təyin edilmişdi.

Qarşıya qoyulan vəzifələrin

həlli – Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi və AXC hakimiyyətinin möhkəmləndirilməsi üçün Nuru paşaya həm Osmanlı dövləti, həm də Azərbaycan dövləti tərəfindən kifayət qədər böyük səlahiyyətlər verilmişdi. Belə ki, Azərbaycanda böyük hərbi qüvvələrə rəhbərlik etməli olan 29 yaşlı Nuru bəy yarbay rütbəsində olmasına baxmayaraq birdən-birə general-leytenant rütbəsi daşımaq hüququ qazanmışdı. O, eyni zamanda, Osmanlı sultanının Cənubi Qafqazdakı səlahiyyətli nümayəndəsi elan edilmişdi. Azərbaycan hökuməti isə ona ölkənin milli hərbi qüvvələrini təşkilatlandırmaq və rəhbərlik etmək səlahiyyəti vermişdi.

Azərbaycanın müstəqilliyini məhv etmək sevdası ilə alışıb-yanan Bakı Soveti qoşunları ilə Qafqaz İslam Ordusu və əlavə olaraq azərbaycanlılardan ibarət könüllü dəstələrin ilk ciddi qarşılaşması 1918-ci il iyun ayının ortalarında Qaraməryəm ətrafında baş verdi. Burada ağır sınaqla qarşılaşmasına baxmayaraq, Qafqaz İslam Ordusu tarixi bir qələbə əldə etdi. Dövlət müstəqilliyimizin zəfər yürüşünə çıxmış bu ordunun bölmələri Qaraməryəmdən başlayaraq Bakıya qədər uzanan uğurlu bir yürüşün başlanğıcını qoydu. Bu yürüşün son nəticəsi isə Bakı şəhərinin azad edilməsi, bu şəhərin yad qüvvələrdən təmizlənməsi oldu.

Qaraməryəmdən başlayaraq Bakıya qədər olan əraziləri Qafqaz İslam Ordusu, təxminən, bir ay yarıma azad edə bilmişdi. Bakı şəhərinin azad edilməsi üçün də, təxminən, bu qədər vaxt sərf etmək lazım gəlmişdi. Çünki Bakıya hakim olmaq istəyən yad qüvvələr, onların köməyinə gəlmiş ingilis hərbi qüvvələri, habelə Bakıətrafının coğrafi şəraiti Qafqaz İslam Ordusunun sürətli hücumunu müəyyən bir müddətə ləngidə bildi. Bununla belə, Azərbaycan xalqının və Türkiyə hökumətinin iradəsini əks etdirən Qafqaz İslam Ordusu ona tapşırılan vəzifəni uğurla yerinə yetirdi və sonda Bakını bu şəhərə təbii paytaxt haqqı olan xalqımızın sərəncamına qaytardı.

1918-ci il iyul ayının son günlərində Qafqaz İslam Ordusu qüvvələrinin Bakı həndəvərinə yetişməsi ilə Stepan Şaumyanın rəhbərliyi altında olan Bakı Soveti istefa vermək və şəhərə nəzarəti Sentrokaspi adlanan eser-menşevik-daşnak hökumətinə vermək məcburiyyətində qaldı. Bakı Soveti kimi bu tör-töküntü hökumətin və ona tabe olan hərbi qüvvələrin rəhbərliyinin də əsasını erməni daşnakları təşkil edirdilər. Sentrokaspi diktaturası özünü Bakının hakimi elan etdikdən dərhal sonra daşnak nümayəndələri İrana göndərildi və onların vasitəsilə burada olan ingilis hərbi qüvvələrinin komandanı general Denstervil rəhbərlik etdiyi qoşunla Bakıya dəvət olundu.

Bakı neftinə və bütünlükdə Xəzər hövzəsinə sahib olmaq üçün yollar axtaran Böyük Britaniya hökuməti dərhal yaranmış fürsətdən yararlandı.  General Denstervilə göstəriş verildi ki, Bakıya hərbi qüvvə çıxarsın. Nəticədə, Bakıya göndərilməsi qərarlaşdırılan 39-cu ingilis briqadasının ilk bölmələri 1918-ci il avqust  ayının 4-də gəmilərlə Ənzəlidən Bakıya gətirildi. Onların gəlişini sonsuz sevinclə qarşılayan erməni daşnakları öz niyyətlərinə çox yaxın olduqlarını düşünürdülər. Azərbaycan milli hökumətinin Bakı üzərinə ilk genişmiqyaslı hücumunun dayandırılması da onların bu şadyanalığına səbəb olmuşdu.

1918-ci il avqust ayının 5-də Qafqaz İslam Ordusu qüvvələri tərəfindən Bakı şəhərinin yad qüvvələrdən təmizlənməsi üçün başlanılan ilk irimiqyaslı hücum gözlənilən nəticəni vermədi. Qafqaz İslam Ordusu qüvvələri Qurd qapısı istiqamətindən başlanan hücum zamanı bu yüksəkliklərdə yerləşən ilk səngərləri ələ keçirsələr də, təchizat çətinlikləri üzündən əvvəlki mövqelərinə, yəni Qurd qapısı ilə üzbəüz yüksəkliklərə geri çəkilmək məcburiyyətində qaldı.

Qafqaz İslam Ordusu qüvvələri avqust ayının 5-də başladıqları döyüşdə, sadəcə, geri çəkilmədi, çox ciddi itkilərə də məruz qaldı. Bu döyüşün gedişində 9 zabit, 139 əsgər şəhid olmuş, 463 nəfər isə yaralandı. Çoxlu sayda silah və sursat itkisi də var idi. Başlıcası isə gözlənilməyən bu uğursuzluqdan sonra Qafqaz İslam Ordusunun şəxsi heyəti daxilində ruh düşkünlüyü meydana çıxdı.   

Bu döyüşün nəticələri məlum olan kimi Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bəy bir neçə qərargah zabiti ilə birlikdə Bakı ətrafına gəldi və onlar baş verənləri ciddi şəkildə araşdırdılar. Aparılan araşdırmalar göstərdi ki, Bakı üzərinə həyata keçirilən ilk genişmiqyaslı hücumun uğursuzluğa düçar olması üçün, əslində, obyektiv əsas olmuşdu. Qafqaz İslam Ordusu qısa müddət ərzində Qaraməryəmdən Bakıya qədər ağır döyüşlər keçirmiş, şəxsi heyət müəyyən yorğunluqla qarşılaşmış, silah və sursat təchizatında çatışmazlıqlar yaranmışdı. Bununla belə, şəxsi heyətdə Bakı şəhərinin tezliklə azad edilməsi ilə bağlı sonsuz bir istək də var idi. Şübhə edilmirdi ki, Qaraməryəmdən başlayaraq uğursuzluq girdabına düşmüş erməni-daşnak və digər qüvvələr Bakı ətrafında da Qafqaz İslam Ordusunun müzəffər yürüşünün qarşısını ala bilməyəcəklər. 

Bakı şəhərinin tezliklə azad edilməsi Ənvər paşadan müvafiq göstərişlər almış Nuru paşanın da intizarında olduğu məsələ idi. Çünki Birinci Dünya müharibəsi dövründə Türkiyənin müttəfiqi olan Almaniya da Rusiya və Böyük Britaniya kimi, Bakı neftinin ələ keçirilməsinə çalışırdı. Ona görə də Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsinin qarşısının alınması üçün bu ölkə Türkiyəyə çox ciddi təzyiqlər göstərirdi. Bu məsələdə Almaniya hətta bolşevik Rusiyası ilə də sövdələşməyə girmiş və Bakı neftini əldə etmək üçün Rusiya qarşısında öz imkanlarından istifadə etməklə Türkiyəyə təzyiqləri gücləndirməyi öz öhdəsinə götürmüşdü.

Ənvər paşa isə tezliklə Bakının azad edilməsi ilə bağlı Nuru paşa qarşısında ciddi tapşırıq qoymuşdu. Amma bu məsuliyyətli tapşırığın icrası üçün 1918-ci il avqustun 5-də göstərilən ilk cəhd, qeyd edildiyi kimi,  gözlənilən nəticəni vermədi. Bakı üzərinə hücumda iştirak edən qüvvələrin əsasını təşkil edən 5-ci türk piyada diviziyasının vəziyyəti ilə tanış olduqdan sonra Nazim bəy müşahidənin nəticələri barədə Nuru paşaya belə bri teleqram göndərdi: “Əsgər yorğun, zayiat (itkilər – M.S.) fazla, mənəviyyat qırıqdır. Düşmən təqviyə almış, hərəkətində intizam var və miqdarı 1000-ə yaxındır. 5-ci Qafqaz diviziyasının mövcudunun yarısı zayiat və xəstəlik nədəniylə zaye etmişdir”.

Bütün bunlara baxmayaraq,

5 avqust döyüşünün nəticələri Qafqaz İslam Ordusu komandanlığının iradəsini qıra bilmədi. Bakı üzərinə növbəti uğurlu hücumun təşkil edilməsi üçün zəruri hazırlıq tədbirlərinin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə başlandı. Cəbhə bölgəsində aparılan təhlillərdən sonra Azərbaycana əlavə bir türk diviziyasının da göndərilməsi haqqında məsələ qaldırıldı. Bu məsələ Qafqaz İslam Ordusu komandanlığı tərəfindən də dəstəkləndi və bununla bağlı Türkiyə Hərbi Nazirliyinə müraciət edildi. Bakı şəhərinin ən qısa zamanda azad olunmasını arzulayan Ənvər paşa da bu təkliflə razılaşaraq 15-ci piyada diviziyasının Bakı ətrafına göndərilməsi haqqında sərəncam verdi.

Eyni zamanda, Azərbaycan daxilində yenidən mövcud qüvvələrin cəbhəyə səfərbər edilməsi üçün lazımi işlər görüldü.  Bu məqsədlə Bakı ətrafındakı milli qüvvələrə əlavə olaraq Ağdaş alayının bölmələri bura gətirildi. Qazax və Gəncə ətrafında toplanmış olan milli qüvvələrin Bakı ətrafına göndərilməsinə də göstəriş verildi. 5-ci türk diviziyasının komandiri Mürsəl paşanın fikrincə, həmin qüvvələrin Bakı cəbhəsinə gətirilməsi oradakı şəxsi heyətin mübarizə əhval-ruhiyyəsinin qalxmasına kömək edə bilərdi. Avqustun 6-da Qafqaz İslam Ordusu komandanlığından bildirildi ki, 1 hücum bölüyü, 4 tüfəng bölüyü və rus pulemyotları ilə silahlanmış 1 bölük Gəncədən Bakıya doğru yola salınmışdır. Elə həmin günlərdə Nuru paşa bildirdi ki, 7 zabit və 234 əsgərdən ibarət milli qüvvələrdən təşkil edilmiş başqa bir dəstə də Bakı ətrafına göndərilmişdir.

Bunlardan başqa, Bakı ətrafı kəndlərdən də könüllülər toplanması üçün iş aparılırdı. Bu məqsədlə Azərbaycan korpusuna daxil olan Ləzgi süvari alayının bir bölüyünə və bir neçə türk zabitinə müvafiq tapşırıqlar verilərək Maştağa kəndinə göndərildilər. Onların səyi ilə Bakı ətrafı kəndlərdən xeyli könüllü toplandı və  bu qüvvələr Maştağa dəstəsi adlanan ayrıca bir dəstədə birləşdirildi.

Bütünlükdə, 5 avqust döyüşündən sonra Bakının ətraf kəndlərinin Sentrokaspi--ingilis qoşunlarına qarşı fəallığı xeyli gücləndi. Sentrokaspi mənbələrinin verdiyi məlumata görə, avqust ayının 10-da Bakının ətraf kəndlərinin azərbaycanlı əhalisi kütləvi şəkildə bu antimilli hakimiyyətə qarşı çıxışlara başladı. Başlıcası isə həlledici hücumun başlanmasından əvvəl şəxsi heyətində mənəvi yüksəliş yaradılması, mübariz əhval-ruhiyyənin bərpa edilməsi üçün müvafiq addımlar atıldı.

5 avqust döyüşündən bir neçə gün sonra türk hərbçiləri arasında xüsusi vərəqələr yayıldı və onlar Bakı şəhərinin azad edilməsi üçün qətiyyət göstərməyə çağırıldı. Həmin vərəqələrdə belə cümlələr var idi: “Bakı deyilən milyon və milyard şəhərinin qapıları önündə günlərdən bəri zəfər quşunun qanadını yaxalamaq istəyən Türk ordusuna! Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan Bakıda sənin üçün hazırlanan süfrələr müsafirsiz qalacaq, sənin üçün tikilən əlbəsəni düşmən geyəcəkdir. Sənin üçün yapılan adaklar (vədlər – M.S.) yerinə gətirilməyəcək, sənin ayağına kəsiləcək qurbanlar düşmənə qalacaqdır. Sənin üçün hazırlanan altun kəsələrini düşmən yağma edəcəkdir. Əgər sən bu şəhəri alamasan islam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək islam qanları qırmızı şərablar kimi vəhşi işgəncələr uğrunda axacaqdır. Sənin zəfərin üşün duaya qalxan əlləri zalımlar kəsəcəklər”.

Həlledici hücumun başlandığı günə qədər Nuru paşanın göstərişi ilə Bakı ətrafında qüvvələrin yenidən qruplaşdırılması aparıldı, müxtəlif manevrlər həyata keçirildi və mövqe döyüşləri davam etdirilirdi. Hücuma hazırlıq üçün lazım olan 40 gün ərzində keçirilən mövqe döyüşləri ilə Nuru paşa düşmən qüvvələrinə ciddi zərbə vurdu və onları daim bir gərginlik altında saxlamağa müvəffəq oldu.  Bu mövqe döyüşləri ilə cəbhə xətti uzadıldı, qarşıdakı düşmənin qüvvələrinin parçalanmasına nail olundu və Bakı şəhərinin mühasirəsi daraldıldı.

5 avqust döyüşünün uğursuzluğunun bir səbəbi də onda olmuşdu ki, Qafqaz İslam Ordusu özünün bütün qüvvələrini Qurd qapısı istiqamətində cəmləmişdi. Bu istiqamət şəhərə ən yaxın məsafə idi və güman edilirdi ki, bu istiqamətdən Bakıya daha tez girmək mümkün olacaqdır. Buna görə Sentrokaspi hökuməti və ingilis komandanlığı da özünün bütün qüvvələrini bu istiqamətdə cəmləməklə müqavimət gücünü artıra bilmişdi.

5 avqust döyüşünün nəticələrinin təhlilindən sonra isə qərara alındı ki, Bakı üzərinə hücumun coğrafiyası genişləndirilsin, şəhərətrafı kəndlər və mövqelər düşmən qüvvələrin nəzarəti altından çıxarılsın. Ona görə də avqust ayı ərzində Bakı ətrafında mövqe döyüşləri aparıldı, yeni və münasib mövqelər ələ keçirilməklə, həm də şəxsi heyətin mübarizə əhval-ruhiyyəsi bərpa edildi, özünəinamı geri qaytarıldı.

Bakı ətrafında aparılan ciddi mövqe döyüşlərindən biri də Sumqayıta aparan yol ilə Binəqədi kəndi arasında yerləşmiş 364 (Yanardağ) və 311 (Binəqədi) nömrəli təpələr uğrunda oldu. İslam Ordusu komandanı Nuru paşanın bu təpələrin tutulmasına xüsusi diqqət yetirməkdə məqsədi Bakı üzərinə qəti hücum zamanı cəbhənin sol cinahının hər hansı bir təhlükəyə məruz qalmasının qarşısını almaq idi. Əks təqdirdə, Sentrokaspi və ingilis qüvvələri həmin təpələrdə toplar yerləşdirməklə Biləcəri--Xırdalan ətrafından şəhərə doğru hücumun qarşısını saxlaya bilərdi.

 Bakı üzərinə həlledici hücumun gedişi də göstərdi ki, Yanardağ və Binəqədi yüksəkliklərinin ələ keçirilməsi incə düşünülmüş bir plan idi. Hazırlıq dövrü ərzində ən əhəmiyyətli mövqe döyüşü olan bu döyüşdə düşmənə ciddi zərbə vurulmaqla çox vacib yüksəkliklər nəzarət altına alındı.

Sentyabr ayının 1-də Qafqaz İslam Ordusunun qüvvələri mövqe döyüşlərini davam etdirdilər. Elə günün birinci yarısında Digah və Məhəmmədli kəndləri, habelə Digahın cənubundakı 345 rəqəmli təpə azad edildi. “Sentrokaspi” və ingilis qoşunları böyük bir vahimə içərisində Balaxanı və Ramanı kəndləri istiqamətində geri çəkildilər. Bu istiqamətdə gedən döyüşlərdə Salyan qışlası yaxınlığında milli qüvvələr bir düşmən təyyarəsi də vurdular.

Sentyabrın 6-da Türkiyədən əlavə olaraq göndərilən 15-ci piyada diviziyası nəhayət ki, Ağstafaya çatdı və oradan da dərhal qatarla Gəncəyə yola düşdü. Elə həmin gün saat 10-da Gəncə dəmir yolu stansiyasında bu diviziya qüvvələrinin qarşılanması oldu. Bundan sonra 15-ci diviziya Bakı ətrafına yola salındı. Bu diviziyanın gəlişi ilə Bakı üzərinə həlledici hücuma hazırlıq son mərhələsinə qədəm qoydu. Həmin hücumun təşkili məqsədilə sentyabrın 10-da Qafqaz İslam Ordusu komandanı Nuru paşa və Azərbaycan korpusunun komandanı Əliağa Şıxlinski Bakı ətrafına gəldilər.  

Döyüş bölgəsinə gəldikdən sonra Nuru paşa ilə Əliağa Şıxlinski şəhər ətrafındakı vəziyyətlə tanış oldular, komandirlərin məruzələrini dinlədilər. Mövcud vəziyyət qiymətləndiriləndən sonra sentyabr ayının 13-də saat 17.11-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru paşa Bakı üzərinə həlledici hücumu başlamaq barədə döyüş əmrini imzaladı. Həmin əmrdə deyilirdi:

“1.Bakıya qarşı qəti təərrüz Allahın lütfü ilə 14.9.334 (1918) sabahı başlanacaqdır;

2. 5-ci Qafqaz firqəsi piyadası ilə 14.9.334 sabahı saat 2-də hazırlıq mövqeyindən Hacı Həsən köyü cənubundan Sarıhacılı kilsə istiqaməti-ümumiyyəsində irəli hərəkətə başlayaraq basqınla düşmənin ilk kənar mövqeyini zəbt edəcək və burada yerləşəcəkdir. İşbu xətt yalnız bomba və süngü ilə zəbt olunacaqdır;

3. Düşmənin ilk mövqeyinin zəbtini mütəaqib qitəat ikici xətti də eyni zamanda zəbt edəcəkdir. Daha irəliləmək üçün ortalığın ağarması və topçu atəşinin himayəsini bəkləyəcəklər və irəliyə kəşf qolları sürəcəkdir. Qazanılan ilk xəttə lüzumu qədər makinalı tüfəng yerləşdirilməlidir;

4. Topçu, piyadamızın irəliləməsi əsasında atəş etməyəcəkdir. Düşmən piyada təərrüzümüzü kəşf edər-etməz təqviyyə qitəatının irəliləməsini mənn üçün düşmənin ikinci, üçüncü və geridəki təkərrüb yollarını və topşu mövqelərini atəş altına alacaqdır. Buna görə indidən atəş təqsim olunmalıdır. İlk düşmən xətti basqınla zəbt olunacağından gecəliklə bu xəttə topçu əndaxt etməyəcəkdir. Ortalıq ağarar-ağarmaz piyadamızın daha da irəliyə təərrüzünü himayə edəcəkdir. Piyada rəfaqət topları hər an irəliləməyə hazır olacaqdır.

5. Ordu ehtiyatı olan 106 və 107-ci alaylar hər an hərəkətə hazır bulunacaqlar. Alay, komandanları yanında,  Ordu tərəssüd civarında bulunacaqlar.

6. 5-ci firqə ortalıq ağarınca zirehli qatarı Heybət stansiyasına doğru irəlilədərək Volçi Vorota məntəqəsindəki düşmən atəşini üzərinə cəlb edəcək və firqənin sağ cinahını mühafizə edəcəkdir.

7. 15-ci firqənin nisfilleyndən etibarən Biləcəri, Balaxanı, Suraxanı və Əhmədli istiqamətlərində qüvvətli kəşf qolları və topçu atəşilə qarşısındakı düşməni təsbit edəcək və Əhmədlini zəbt edəcəkdir”.

Beləliklə, Bakı şəhəri üzərinə qəti hücum üçün artıq hər şey hazır idi. İndi yalnız onun icrası qalırdı. Verilmiş döyüş əmri, müəyyənləşdirilmiş vəzifələr tamamilə real idi. Hiss olunurdu ki, ilk hücumda düçar olunan uğursuzluğa yol verməmək üçün bütün ehtiyat tədbirlər nəzərə alınmışdı. Qafqaz İslam Ordusu komandanlığı tərəfindən qətiyyətli olduğu qədər də ehtiyatlı, diqqətlə düşünülmüş bir hücum planı hazırlamışdı. Ola bilsin ki, burada hətta  ifratçılığa da yol verilmişdi.  Hissə və bölmələrin az qala hər addımı sığortalanmış, ikiqat, üçqat mühafizə elementləri nəzərdə tutulmuşdu. Ələ keçirilən bir döyüş xəttində kifayət qədər möhkəmləndikdən sonra növbəti döyüş xətti üzərinə hücum edilməli idi. Bundan başqa, cinahların mühafizəsinə, ehtiyat qüvvələrin ayrılmasına xüsusi diqqət yetirilirdi. 

5-ci türk diviziyasının  qərargah rəisi Rüşdü bəy xatirələrində yazırdı ki, o gecə heç kim yatmamışdı. Döyüşçülər 5 avqust döyüşünün intiqamını almaq üçün hücum saatının çatmasını səbirsizliklə gözləyirdilər: “Bunu ərz etməliyəm ki, 5-ci Qafqaz firqəsi ona Vətən əqsamının istihlas və istirdadında Azərbaycanda olduğu qədər müşkülata, qanlı və ələmli zayiata uğramamışdı. Həm din və həm həm irqini qurtarmaq üçün mənsub olduğu millətin və ordunun qəhrəmanlıq dastanını yerə düşürməmək üçün zabitan və əfradımız böyük bir fərağati-nəfislə çalışmış, qiymətli qanlarıını axıtmış və bilafütur müəzzəz canlarını da fəda etmişlərdi.

İstiqlalına aşiq Anadolu türkü nəhayət qonşu və qardaş millətin istiqlalını da həmin mücadilələr ilə təmin və azərbaycanlıların əlinə tövdü və təslim etmişdi.

Bakısız Azərbaycan başsız bir vücuddur. Onsuz bir işə yaraşmazdı. Binaənəleyh Azərbaycan Cümhuriyyəti və istiqlaliyyətini behəmehal Bakı ikmal və itmam edəcəkdi. 5-ci Qafqaz firqəsi bunu əldə etmək üçün avqust bidayətlərində günlərcə boğaz-boğaza düşmənlə müharibə və mücadilə etdi. Fəqət məalesəf Bakının alınması 39 gün qədər təəhhür etdi”.

Rüşdü bəy onu da əlavə edirdi ki, qarşıda ağır bir döyüş dayanırdı. Qurd qapısı üzərindən hücuma keçmək elə də asan deyildi. Bu sərt təpəliklərə dırmaşmaq üçün yalnız ensiz bir yol var idi. Qoşunlar isə daha geniş bir cəbhədə hərəkət etməli idilər. Onlar gecə ikən Şubanı yüksəkliklərindən enməli, dəmir yolunu keçdikdən sonra sərt təpəliklərə dırmaşmalı idilər. Hələ gündüz ikən bu təbii maneələri adlamaq çox böyük zəhmət tələb edirdi. Gecə isə tam səssizliyə riayət edilməsi, düşmənin duyuq düşməsinə yol verilməməsi lazım idi.

Hazırlanmış hücum planına əsasən 5-ci türk diviziyası və ona verilmiş milli hərbi dəstələr Qurd qapısının Bayıldan başlayaraq təxminən Biləcərinin qərb ətəklərinə qədər olan ərazidən hərəkət etməli idi. Biləcəri-Sabunçu-Əhmədli çevrəsi boyunca isə 15-ci türk diviziyası və ona verilmiş milli hərbi qüvvələr hücuma keçməli idilər. Azərbaycanın milli hərbi qüvvələrinin və könüllü dəstələrinin böyük bir hissəsi bu istiqamətdən hücuma qoşulmuşdu. Nəzərdə tutulmuşdu ki, əsas zərbə Qurd qapısı istiqamətindən vurulsa da, Bakının şimal-şərq çevrəsi boyunca mövcud olan düşmən qüvvələr də tədricən şəhərə sıxışdırılsın.

Hücum planına görə, 5-ci türk diviziyası Qurd qapısı yüksəkliklərinə qalxmaqla düşmənin birinci və ikinci müdafiə xətlərini ələ keçirməli və sonra orada möhkəmlənməli idi. Ardınca da arxada qalmış toplar və onların sursatları ələ keçirilmiş müdafiə səngərlərinə daşınmalı idi. Baxmayaraq ki, Qurd qapısı yüksəklikləri ilə topları sürüyüb çıxarmaq elə də asan deyildi, amma göstərilən əzmkarlıq, qətiyyət və yüksək sürət hələ gecə ikən ilk müdafiə səngərlərini ələ keçirməyə və orada möhkəmlənməyə imkan verdi. Bu hücum elə bir sürətlə həyata keçirildi ki, hətta Qafqaz İslam Ordusunun komandanlığı üçün də onun nəticələri gözlənilməz oldu.

Eynilə ingilis qoşunları komandanı general Denstervil də gözlərinə inana bilmirdi ki, gecə vaxtı, əlverişli mövqelərdə qurulmuş müdafiə səngərləri belə bir sürətlə ələ keçirilmişdir. Öz xatirələrində o, Qafqaz İslam Ordusu qüvvələrinin sürətli hücumunu belə təsvir edirdi: “İnanılası mümkün deyildi ki, cəbhəmizin ən güclü sahəsi düşmən tərəfindən belə asanlıqla ələ keçirildi. Xüsusilə də bütün qoşunlar gözlənilən hücum barədə xəbərdar edildikləri bir vaxtda. Nə qədər inanılası mümkün olmasa da bu, məhz belə idi. Bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq hücumun elə ilk anlarından darmadağın edilən belə qoşunlarla heç nəyə ümid etmək mümkün deyildi və bizim indi yeganə vəzifəmiz geri çəkilməyi təmin etmək və qoşunların düzgün təxliyyəsini təşkil etmək üçün düşmən hərəkətlərini ləngitmək idi”.

Qurd qapısı istiqamətində əldə edilən uğur 15-ci diviziyanın mövqelərində də təkrarlandı. Sonradan uğurla inkişaf etdirilən hücum nəticəsində bütün istiqamətlərdə, bütün döyüş sahələrində düşmənin müqaviməti qırıldı. İngilis qüvvələrinin komandanlığı gün ərzində baş verən döyüşlərdən sonra Qafqaz İslam Ordusunun hücumlarının qarşısının alınmasının qeyri-mümkünlüyü haqqında qəti əminlik əldə edildi. Ona görə də axşam saat 8-də ingilis qüvvələrinə geri çəkilmək əmri verildi. Bununla da “Sentrokaspi” rəhbərləri ümid bağladığı əsas qüvvələrdən məhrum oldular. Ayın 14-də Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən ələ keçirilməmişdisə də, artıq onun taleyi həll olunmuşdu.

Sentyabrın 14-də gedən döyüşlərin nəticələri ümumən Qafqaz İslam Ordusu komandanı Nuru paşanı razı saldı. O öz təəssüratını belə bölüşürdü: “Hər iki qol verilən əsas daxilində vəzifəsini tamamilə tətbiq və ifa etmiş və fəcirdən əvvəl Bakıya hakim olan qərb sırtları kamilən hissələrimizin əlinə keçmiş idi. Bu hərəkətdə əsil hücum qolumuz pək az zayeatla hədəfinə vasil olduğu halda şimal qolumuz düşmənin qismi-küllüsünü üzərinə çəkdiyindən fazla zayeata məruz qalmış idi. O günün axşamına qədər Bakının qərb-şimalındakı düşmən mövqeləri düşməndən təmizlənmiş idi. Bol pulemyot, tüfəng və zirehli avtomobil ilə mücəhhəz olan düşmənlə sokak müharibəsi yapıldığı təqdirdə fazla zayeat veriləcəyi nəzər diqqətə alınaraq gecə şəhər xaricində keçirilmiş və yalnız topçu atəşi ilə düşmənin irkap içləkləri ilə müqavimət nöqtələri döyülməklə iktifa edilmiş idi”.

Sentyabr ayının 14-ü üçün qarşıya qoyulan tapşırığını yerinə yetirən Qafqaz İslam Ordusu qüvvələri həmin günün gecəsini istirahət etməklə bərabər, həm də son döyüşə hazırlıqda keçirdilər. Sentyabr ayının 15-də Qafqaz İslam Ordusu qüvvələri uğurlu hücumu davam etdirdilər və qarşıya qoyulmuş vəzifənin həllinə daha da yaxınlaşdılar. Çıxış yolunun qalmadığını görən Sentrokaspi rəhbərliyi Qafqaz İslam Ordusu rəhbərliyi ilə əlaqə yaradılması üçün yollar aramağa başladı. Bu məqsədlə Sentrokaspi rəhbərliyi sentyabr ayının 14-də axşam saat 8-də İranın Bakıdakı konsulu Saədülvüzəradan Bakı üzərinə hücumun dayandırılması üçün vasitəçilik etməsi xahiş olundu.

Bu təklifi alandan sonra Saədülvüzəra iki nəfəri məktub və ağ bayraqla döyüş mövqelərinə göndərdi. Lakin onlar Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqə yarada bilmədilər. Səhəri gün, yəni sentyabrın 15-də İran konsulu yenidən vasitəçilik missiyasının icrasına davam etdi. Nəhayət, tərəflər arasında aparılan danışıqlardan sonra Sentrokaspi rəhbərliyi Bakı şəhərini Qafqaz İslam Ordusunun nəzarəti altına verməyi öz üzərinə götürdü. Beləliklə, Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusu tərəfindən azad edildi. “Sentrokaspi” diktaturasının şəhərdəki dayaqları olan qüvvələr gəmilər vasitəsilə qaçıb canlarını qurtardılar. Qaçmaq imkanı olmayanlar isə təslim oldular.

Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı əməliyyatının gedişini belə xatırlayırdı: “Sentyabrın 13-də düşməndə şimaldan hücum edəcəyimiz fikrini yaratmaq üçün birləşmələrin hamısı Yanardağ-Binəqədi bölgəsində toplanmışdı. Həmin gün düşmən təyyarələri bu vəziyyəti öyrənmişdilər. Sentyabrın 13-dən 14-nə keçən gecə 38-ci alay və Azərbaycan könüllüləri 15-ci firqə komandanının rəhbərliyi ilə şimal cəbhəsini tərk etmişdi. Digər qüvvələr, yəni Rumıniya cəbhəsindən gələn və mükəmməl halda olan 15-ci firqənin 56-cı alayı, 5-ci firqənin alayları və 36-cı firqənin 107-ci alayı şəhərin qərbindəki dəmiryoluna yaxın yerlərdə toplaşdılar.

Məqsədimiz düşməndə əsas hücumun şimaldan olacağını çatdırmaqla onun fikrini azdırmaq idi. Buna görə də, Bakının qərb cəbhəsinə qarşı topladığımız birləşmələr, silah işlətmədən, sadəcə qumbara və süngü hücumu ilə sığınacaqlarda qorunan düşmən mövqelərini bir-birinin ardınca ələ keçirmişdi. Şimal birləşmələrimizə də çoxlu silah-sursatla düşmənin ehtiyat birləşmələrinə hücum tapşırığı verilmişdi. Hər iki cinah tapşırığı tam yerinə yetirmişdi. Günəş doğmadan Bakının qərb yamacları artıq tamamilə hərbi birləşmələrimizin əlinə keçmişdi. Bu əməliyyatda hücum edən əsas hərbi birləşmələrimiz az bir itki ilə məqsədinə çatsa da, şimal birləşmələrimiz ciddi itkilərə məruz qalmışdı.

O gün axşama qədər, Bakının qərb və şimalındakı mövqelər düşməndən təmizlənmişdi. Çoxlu pulemyot və zirehli maşınlarla təchiz olunmuş düşmənlə küçə döyüşünə girməklə çox itki verəcəyimiz ehtimalına görə gecəni şəhərdən kənarda keçirmişdik. Ancaq top atəşi ilə düşmənin limanları və müqavimət nöqtələri atəş altında saxlanmışdı. Sentyabrın 15-də günortadan sonra əvvəlcə 56-cı alay şəhərə daxil olmuş və mühüm obyektlər ələ keçirilmişdi. Hədəfimiz olan Bakı alınmış, bu mühüm əməliyyat sona çatmışdı”.

Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Türkiyə dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb olmuşdu. O,  Nuru paşa göndərdiyi teleqramında belə yazırdı: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini ən böyük müsərrətlə qarşılarım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpər, şəhidlərimizə fatihələr ithaf edərim”.

Bakının azad edilməsi xəbərini M. Ə. Rəsulzadə İstanbulda olarkən eşitmişdi. O dərhal Azərbaycan hökumətinin sədri F. Xoyskiyə teleqram göndərib Azərbaycan xalqını və hökumətini bu tarixi hadisə münasibətilə təbrik etdi. Teleqramda deyilirdi: “Hürriyyət və istiqlaliyyət uğrunda çarpışan türk millətinin istinadgahı olan Bakının qurtuluşu münasibətilə rəisi bulunduğunuz hökumət ərkanını candan təbrik edər və salamlaram”.

Azərbaycan milli mücadiləsinin liderlərindən biri olan Nəsib bəy Yusifbəyliyə görə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyski Bakının azad edilməsi uğrunda türk hərbçilərinin göstərmiş olduğu xidmətləri Nuru paşaya xitab edərkən belə dəyərləndirimişdi: “Millət sizə minnətdardır”. N. Yusifbəylinin fikrincə, Azərbaycan durduqca bu üç kəlmə millətin dilində və qəlbində yaşayacaqdır.

Sentyabrın 16-da səhər tezdən Qafqaz İslam Ordusunun Bakının asayişində dayanan hissələrindən başqa qalan qüvvələrinin rəsmi-keçidi keçirildi. Bu rəsmi-keçid Qırmızı Qışla adlanan məntəqədə (İndiki Bakı Dövlət Universiteti ilə Bakı-Quba yolu arasında yerləşirdi) təşkil edildi. Rəsmi-keçiddə Xəlil paşa, Nuru paşa, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan hökumətinin bir sıra üzvləri də iştirak edirdilər. Rəsmi-keçid bitdikdən sonra adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular. Generallar və rəsmi şəxslər at belində idilər. Onların ardınca isə nizami şəkildə piyada, topçu, süvari və köməkçi hissələr hərəkət edirdi. Şəhər əhalisi küçələrə çıxaraq Qafqaz İslam Ordusunun  qalib döyüşçülərini salamladılar və Bakı şəhərinin azad edilməsi kimi böyük tarixi hadisənin sevincini onlarla bölüşdülər.

Bununla, Bakı şəhəri öz azadlığına qovuşdu və onun tarixində müstəqil bir xalqın baş şəhəri olmaq kimi şərəfli bir səhifənin başlanğıcı qoyuldu.