Bakı Xəbər. - 2018.- 8-10 sentyabr. - ¹ 151. - S. 12.
Bakı şəhəri və ətrafı uğrunda 1918-ci il döyüşləri – real tarixi
faktlar şahidlərin dili ilə...
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Bütün cəbhələrdə ağır döyüşlərdən sonra məğlub olan birləşmiş düşmən qüvvələrinin son həmlələri 1918-ci ilin avqust-sentyabr aylarında Bakı şəhəri və onun ətraf kəndlərində daha ağır keçib. Məhvedilmə təhlükəsi ilə üzləşmiş Bakı Sovetinin İcraiyyə və Hərbi-İnqilab komitələrinin, eləcə də Erməni Milli Şurasının silahlı quldur döyüşçüləri kömək üçün bütün imkanlarından istifadə etmək qərarına gəlmişdilər.
Azğınlaşmış düşmən, bolşevik adı altında maskalanmış daşnak-quldur S.Şaumyan hətta ağqvardiyaçı, çar ordusunda kazak qoşunlarının polkovniki Lazar Fyodoroviç Biçeraxovla (1882-1952) böyük məbləğ qarşılığında onun qüvvələrindən istifadə edirdi. Daha sonra yeni yaradılmış Sovet Rusiyası tərəfindən iyulun 19-da mükəmməl silahlanmış süvari dəstə, dənizçilər rotası, kəşfiyyatçılar bölüyü, artilleriya batareyası da onların ixtiyarına ayrılır. Qüvvələrin hərbi yenilənməsi (güclənməsi) siyasi hakimiyyətin qorunmasını tələb etdiyindən (bütün bunlar bir məqsəd xidmət edirdi – Bakı şəhərini, ümumilikdə Abşeron yarımadasını əzəli müsəlman-türk xalqlarından təmizləmək, erməniləşdirmək və uzunmüddətli siyasi-hərbi məqsədlərini kerçəkləşdirmək naminə), daşnaklar Bakı şəhərində xarici işğalçı dövlətlərin idarəetmə hakimiyyətini bərpa etməyə cəhd göstərir. Bu məqsədlə iyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında ingilislərdən ibarət (eser Veluntsun başçılığı ilə, eləcə də polkovnik Klod Beyfil Stoks başda olmaqla hərbi dəstə) müvəqqəti Mərkəzi Xəzər diktatura rejimi yaradılır (avqustun 1-dən etibarən fəaliyyətə başlamaqla). Ona görə də hay quldurları son anda yerli sakinlərin kütləvi qırğınına-soyqırımına səbəb olan qanlı faciələrin miqyasını Bakı şəhəri və onun ətraf kəndlərində genişləndirməklə şəhəri darmadağın etmək (hərbi dəniz qüvvələrindən də istifadə etməklə, bu məqsədlə Q.N.Korqanova (hərbi və dəniz işləri komissarına, o Şamaxı qəzasının (indiki İsmayıllı rayonunun) Girk kəndində doğulmuşdu) xüsusi tapşırıq verilmişdi), şəhərin maddi-tarixi sərvətlərini ölkədən çıxarmaqla həm də yeni yaradılmış müstəqil cumhuriyyəti xarici ölkələrdən asılı vəziyyətə salmaq məqsədi güdürdü. Məğlub olacaqları halda yenə də rus-ingilis qüvvələrinin irticaçı əməl və əmrlərinə bel bağlayırdı hay-daşnak quldurları. “İlana zəhər verən” V.İ.Ulyanov (Lenin) bu ərəfədə Almaniya hökuməti ilə separat danışıqlara gedərək, Osmanlı Türkiyəsi ilə müttəfiqlikdən uzaqlaşmağın qarşılığında Azərbaycanın Kür çayınadək olan torpaqlarının və Bakı neftinin yarısının onlara veriləcəyini vəd etmişdi. Nəticədə Bakı şəhəri uğrunda döyüşlərə düşmənin bütün canlı və texniki-təchizat qüvvələri səfərbər edilmişdi 1918-ci ilin avqust-sentyabr aylarında. Dənizdən top atəşlərinin intensivləşdirilməsi (rus və ingilis donanmaları 5-ci Qafqaz İslam Ordusunun 13-cü alayını sağ cinahdan və arxadan atəşə tuturdu) də hay-daşnak quldurlarına qaragüruh ruh və müvəqqəti üstünlük verirdi. Bu səbəbdən irticaçı Bakı Sovetinin İcraiyyə və Hərbi-İnqilab Komitəsi, Erməni Milli Şurası Antanta dövlətlərinin hərbi qüvvələrinin mərkəzləşdirilmiş qərargahı ilə gizli məsləhətləşmələr apararaq Osmanlı Türk Ordusunun və Azərbaycan Milli Ordusunun xilaskar qüvvələrinə qarşı şəhərin əsasən üç istiqamətində (yerli canlı qüvvələri də cəlb etməklə) müqavimət ocaqları yaratmışdı. Bu qüvvələr sırasında Bakı fəhlələrindən, Abşeron yarımadasının muzdlu işçilərindən və qeyri müsəlman-türk qövmündən də istifadə edirdilər, əsl hərbi rejimdə olduğu kimi. Bu işə razı olmayanları isə hay quldurları yerindəcə güllələyirdilər.
Bu müqavimət ocaqlarının biri şəhərin cənub-qərb hissəsində “Heybət-Qurd qapısı yüksəkliyi” istiqamətində, ikincisi şümaldan “Xırdalan-Binəqədi-Biləcəri yolu” boyunca, üçüncüsü isə şimal-şərqdən və şərqdən “Maştağa-Kürdəxanı-Zabrat kəndləri” tərəfdən (bu hissəyə Hövsan-Əhmədli istiqamətində döyüşən qüvvələr də daxil idi) edilən hücumların zərərsizləşdirilməsi məqsədini yerinə yetirməli idi. Bolşevik Rusiyasının hər cür silahlandırdığı S.Şaumyanın quldur dəstələrinin (6 min nəfər), Bakı şəhərinin komendantı B.A.Avakyanın və daşnak T.M.Amiryanın silahlıları (4 min həfər) səfərbərliyə almasından sonra milli fəhlə qüvvələrinin aldadılaraq onların tərkibinə daxil edilməsi cəhdi fayda vermədikdə əlavə rus-ingilis hərbi qüvvələrindən istifadə olunmuşdu. Bir cəhəti də qeyd etmək vacibdir ki, avqustun 15-də Bakı Sovetinin daşnak komissarları və onların tör-töküntüləri həbs edildikdən sonra irticaçı hay-daşnak, rus-bolşevik və ingilis silahlı qüvvələrinə birbaşa Müvəqqəti Mərkəzi Xəzər diktaturası (sentyabrın 14-dək) rəhbərlik edib. Əlavə olaraq, düşmənin sərəncamına iki batalyondan artıq piyada, 200 süvarı, zirehli maşınlar və artilleriya qurğuları cəlb edilir, avqust ayının 2-ci yarısında. Hələ iyul ayının sonunda V.Leninin və İ.Stalinin Həştərxan limanından 5 gəmi ilə göndərdiyi 80 top, 160 pulemyot, 10 min piyada tüfəngi, 20 min top mərmisi və çoxlu sayda hərbi geyim ləvazımatı bu yardıma əlavə edilir. Təsadüfi deyil ki, sentyabrın 1-ci ongünlüyündə Müvəqqəti Mərkəzi Xəzər diktaturasının ixtiyarına (artıq bu günlərdə hay daşnakları bu ad altında quldurluq edirdilər) Ənzəli limanından Böyük Britaniyanın 900 nəfərlik əsgəri heyəti, Mahaçqala şəhərindən L.Biçeraxovun 500 nəfərlik döyüşçüsü verilsə də, artıq düşmən məhvolma hökmünə məhkum idi. Yenə də hay xisləti onları qırğına sövq etməkdə idi. Təkcə“Xırdalan-Binəqədi-Biləcəri yolu” istiqamətdə ağır döyüşlərin getdiyi Biləcəri aşırımında düşmənin 2 min əsgəri canlı səngər qurmuşdu (onların sür-sümüklərinə və tullantılarına indiki 1 saylı Respublika Klinik Xəstəxanasının həyətində keçən əsrin 50-60-cı illərinədək rast gəlinirdi)
Nəticədə 5-ci Qafqaz İslam Ordusunun 15-ci piyada diviziyasının və 56-cı alayının əsgər-zabit heyətinin milli döyüşçü qüvvələri ilə birlikdə hər üç istiqamətdən Bakı şəhəri və ətraf kəndləri uğrunda ağır və qanlı döyüşlər keçib.
Həmin ayların hadisələrinin canlı şahidlərinin xatirəsinə və həmin döyüş iştirakçılarının söyləməsinə görə, paytaxt və ətrafı uğrunda döyüşlərə hazırlıq prosesi avqust ayı ərzində başa çatsa da, döyüş cəbhələri boyunca strateji hücum taktikasının aparılması üstünlüyü düşmən tərəfdə idi. Belə ki, əsas səngər döyüşlərinin getdiyi “Heybət-Qurd qapısı”ndan tutmuş Böyükşor gölü (Maştağa-Zabrat cəbhəsinədək) istiqamətinədək olan yüksəkliklər düşmənin artilleriya qurğuları və süvarı dəstələri tərəfindən qorunmaqla, Xəzər dənizində yerləşdirilmiş hərbi gəmilər də 5-ci Qafqaz İslam Ordusunun Şubanı dağlarındakı, həm də Binəqədi yüksəkliklərindəki mövqelərini asanlıqla hədəfə ala bilirdi. Məhz bu çətinliklərə görə (“Yasamal tirəsi” boyunca 4-5 km-lik uzunluqda yerləşdirilmiş düşmən topları asanlıqla mövqelərimizi vurmaqla yanaşı, Xocasən, Binəqədi, Xırdalan, Novxanı kəndlərini də top atəşinə tuturdu) ilk həmlələrdə - avqust ayının 28-dən sentyabrın 5-dək xilaskar ordunun canlı qüvvələrində itkilər çox idi. Bu itkiləri yaradan amillərdən biri xilaskar ordunun artilleriya silahlarının azlıq təşkil etməsi idi. Bu çatışmazlığı ilk növbədə ordunun yüksək peşəkarlığı və səngər döyüşlərində əsgərlərin mərdliklə döyüşməsi aradan qaldıra bilirdi. Xüsusilə “Heybət-Qurd qapısı yüksəkliyi” istiqamətində tirənin qərbindəki “Tülkülü qaya”da, ”Böyük qobu”da, Xırdalan kəndində “Uzun dərə”də, Binəqədi-Novxanı kəndləri yaxınlığında “Yanar dağ-Keçəl dağ-Yelli qaya-Şor göl ətrafı”, Zabrat-Kürdəxanı kəndləri arasında “Bəd dərə”, Hövsan-Əhmədli istiqamətində “Zığ yamacı” səngərləri açıq savaş meydanına çevrilmişdi. Ona görə də əsas hücumları səngər döyüşlərində keçirməklə və digər iki istiqaməti (“Xırdalan-Binəqədi-Biləcəri yolu” və “Maştağa-Kürdəxanı-Zabrat kəndləri” cəbhəsini) gücləndirməklə sentyabr ayının 1-ci ongünlüyündə yüksək mövqe üstünlüyünə nail oluna bilindi.
Türk döyüşçülərinin şücaətinə bir misalı Xocasən kənd sakinləri Kərbəlayi Qafur Əsgər oğlu (1864-1954) və oğlu Baləmi Kərbəlayi Qafur oğlu (1907-1983) danışıb. Onların bildirdiyinə görə, Türk döyüşçüləri “Yasamal tirəsi”ndəki düşmən səngərlərinə kəndin üstündəki su ovdanından “Aynalı” ilə nişan alıb atmaqla onları məhv edə bilmişdi.
5-ci Qafqaz İslam Ordusunun döyüş planlarının və strateji hərbi əməliyyatlarının keçirilməsi məqsədilə məsləhət-məşvərət qərargahları Güzdək, Qobu, Xırdalan, Novxanı və Maştağa kəndlərində olub. Bu məsləhət-məşvərətlərdə Azərbaycan Milli Ordusunun rəhbər zabit heyətinin üzvləri ilə yanaşı, nüfuzlu yerli kənd ağsaqqalları, din xadimləri və özünümüdafiə qüvvələrinin igid döyüşçüləri də iştirak edirdi. Bu cür mərkəzlər kimi Güzdək kəndində Kərbəlayi Murad Bəndalı oğlunun (1855-1934), Qobu kəndində Kərbəlayi Qasım Məşədi Mehralı oğlunun (1828-1938), Novxanı kəndində Qurban Qurban oğlunun (1854-1951), Xırdalan kəndində Kərbəlayi Hüseynalı Vəli oğlunun (1885-1937), Kürdəxanı kəndində Məşədi Adil Əbdülrəhim oğlunun (1868-1919) evlərində baş komandan general Nuru Paşa (1890-1949) ilə yanaşı 5-ci Qafqaz diviziyasının komandanı Mürsəl Bakı Paşa (1881-1945), 15-ci diviziyanın komandanı Süleyman İzzət bəy də iştirak edib. Ümumiyyətlə, paytaxta hücum ərəfəsində hər üç istiqamətdə döyüş qüvvələrinin yerləşdirilməsi, hücum-müdafiə taktikalarının müəyyən edilməsi, cinah və ehtiyat zərbələrinin gücünün dəqiqləşdirilməsi, əlavə canlı qüvvə ehtiyatlarının yerləşdirilməsi Azərbaycan Milli Ordusunun rəhbər-zabit heyəti və yerli nümayəndələrlə geniş müzakirə əsasında qəbul edilirdi. Bu xüsusda “Heybət-Qurd qapısı yüksəkliyi” istiqamətindəki qüvvələrin Qobu kəndində yerləşən 200 nəfər əsgəri Məhəmməd Şıxməmməd oğlunun və Abasqulu Kazımzadənin rəhbərliyi ilə “Maştağa-Kürdəxanı-Zabrat kəndləri” istiqamətində Maştağa Müdafiə Şurasının sərəncamına göndərilmişdi. Qeyd etmək lazımdır ki, Bakı şəhərinin və ətraf kəndlərinin müdafiəsində və azad edilməsində Maştağa Müdafiə Şurasının xidməti (bu tərkibdə Zabrat, Kürdəxanı, Maştağa və Mərdəkan kəndlərinin din xadimləri, nüfuzlu şəxsləri, igid oğulları xüsusi yer tuturdu) böyük olub. Bu baxımdan Maştağa kəndinin sakinləri Seyid Aslan Mir Məhəmməd oğlunun, Mir Məhəmməd ağanın, Mir Bağır Ağanın adları indi də hörmətlə yad edilir. “Maştağa-Kürdəxanı-Zabrat kəndləri” istiqamətinin strateji əhəmiyyəti həm Bakı şəhərinin düşmən tərəfindən zəbt edilməsinin qarşısının alınması, həm də ətraf kəndlərin dinc sakinlərinin dənizsahili bağlarda sığınacaq taparaq mühafizəsinin təşkil edilməsi baxımından xeyli dərəcədə artıq idi.
Bu səbəbdən Bakı cəbhəsində 5-ci Qafqaz İslam Ordusunun 8 min, Azərbaycan Ordusunun 7 min əsgəri səngər savaşlarında iştirak edib.
Bütün istiqamətlərdə ağır məğlubiyyətə uğrayan düşmən yalnız sentyabrın 14-də Müvəqqəti Mərkəzi Xəzər diktaturasının rəhbər-zabit və əsgəri heyətinin (ingilis döyüşçüləri bu döyüşlərdə 180 əsgər itkisi ilə üzləşmişdi) dəniz vasitəsilə Bakı şəhərindən canını qurtarmaqla xilaskar ordunun zəfərinə mane ola bilmədi.
Hadisələrin təhlilindən və Azərbaycan Xalq Cumhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının (1918-1920) rəsmi hesabatlarından məlum olur ki, Bakı şəhəri hüdudlarında hay-daşnakların və xarici ölkələrin irticaçı silahlı quldur qüvvələrinin müsəlman-türk əhalisinə qarşı qətliamı-soyqırımı nəticəsində 20-25 min nəfər dinc sakin qətlə yetirilib, külli miqdarda maddi-tarixi, qızıl-zinət, nadir qiymətli və mənəvi sərvətlər qarət edilərək ölkədən aparılıb, qalanları isə məhv edilərək sıradan çıxarılıb (bu faciələrə dair Komissiyanın araşdırmalarının 6 cildində təhqiqat materialları toplanıb, komissiyanın üzvü A.Y.Klugenin “Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında” məruzəsi əlavə edilib) Amma bu rəqəmlər şərti olaraq qəbul edilir və həmin illərin faciəsini tam əhatə etmir. Çünki hay quldurlarının azğın silahlıları, Bakı şəhərində (o vaxt paytaxtın əhalisi 280-300 min nəfər idi, bundan yalnız 80-100 min nəfəri azərbaycanlı idi) və ətraf kəndlərdə törətdikləri qətliamdan-soyqırımdan əlavə, əsir götürdükləri dinc sakinləri müəyyən müddət saxladıqları məkanlardan (əsasən Mayılov teatrının binasında (indiki Opera və Balet Teatrının binası), “Hürriyyət meydanı” ndakı (indiki Xaqani və Ü.Hacıbəyli adına küçələrin arasında, keçmiş 26-lar bağı) “Rekord” teatr binasında (taxtadan tikilmiş bina idi, sirk tamaşaları göstərilirdi, əhalini bura yığıb yandırmaq istəyirdilər) çıxarıb Nargin adasına apararaq güllələyir və yaxud qətlə yetirərək naməlum yerlərdə kütləvi basdırırdılar. Nəticədə, Bakı şəhəri və ətraf kəndlərində silahlı hay-daşnak quldurları (Bakı Sovetinin İcraiyyə və Hərbi-İnqilab komitələri, eləcə də Erməni Milli Şurası) tərəfindən soyqırıma məruz qalan müsəlman-türk əhalisinin sayı 35-40 min nəfərə qədər olmuşdu.
Ona görə də 1918-ci il ərzində (həmçinin 1919-1920-ci illərdə) bütün Azərbaycan sərhədlərində, o cümlədən Abşeron yarımadasında, xüsusilə Bakı şəhəri və ətraf kəndlərinin hüdudlarında xarici irticaçı dövlətlərin himayəsi altında silahlı hay-daşnak quldurlarının Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım siyasətinin nəticələrinin hərtərəfli tədqiq edilməsinə, faciələrə-itkilərə hüquqi-siyasi qiymət verilməsinə və bu barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına böyük ehtiyac var.