Paralel. - 2018.- 8-10 sentyabr. - ¹ 150. - S. 10.

 

Yay və qış məktəbində iştirak edən gənclər Azərbaycanın multikulturalizm modelini dünyada təbliğ edirlər

 

Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəfləri uğurla reallaşmaqdadır

 

 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı ilk gündən prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı çox böyük layihələr həyata keçirir.

"Azərbaycan multikulturalizmi" fənnin xarici ölkə universitetlərində tədrisinin təşkili, bu layihələrin əsas məqsədidir. Mərkəzin ayrıca, Azərbaycan multikulturalizminin təbliği layihəsi də var. Layihə həm Azərbaycan, həm də xarici ölkə universitetlərini əhatə edir. Mərkəzdən aldığımız məlumata görə, 2015-ci ildə bu tədris layihəsinin icrasına başlandığı zaman bunun mahiyyətini xarici universitetlərə izah etmək çox çətin olub. Ancaq mərkəz əməkdaşlarının əzimkarlığı, aparılan danışıqlar öz müsbət nəticəsini verib və "Azərbaycan multikulturalizmi" fənnin bir sıra xarici ölkə universitetlərində tədrisinə nail olunub. Artıq dünyanın 19 nüfuzlu universitetində bu fənn tədris olunur. Təqdirəlayiq haldır ki, bu universitetlərin sayı ildən-ilə artır. "Azərbaycan multikulturalizmi" fənni həm də,  Azərbaycanın 38 universitetində tədris edilir. "Azərbaycan multikulturalizmi" fənni geniş auditoriya tərəfindən qəbul olunur və gənclər bu mövzuya çox böyük maraq göstərirlər. Universitetlərdə "Azərbaycan multikulturalizmi" fənnini dinləyən tələbələr əsasən nəzəri biliklər əldə edirlər. Onlara Azərbaycanın etnik-mədəni həyatı, coğrafiyası, tarixi, ədəbiyyatı, gündəlik yaşam tərzi haqqında ətraflı məlumatlar verilir. Bu məlumatların praktiki bilgilərlə möhkəmləndirmək məqsədilə hər il ölkəmizdə Yay və qış məktəbləri təşkil olunur.

Bu işə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 2015-ci ildə start verilib. Elə həmin il 1-ci Beynəlxalq Multikulturalizm Yay Məktəbi təşkil olunub. İlk "Yay məktəbi"ndə 49-u əcnəbi və 19-u yerli olmaqla bütövlükdə 12 ölkənin, o cümlədən, 24 universitetin tələbələri iştirak edib. İştirakçılar Yay məktəbi dövründə Azərbaycanın Bakı, Quba, Qusar, Xaçmaz, Xudat ərazilərində olub, yerli əhali, dini icmalar və din xadimləri ilə görüşüb, tarixi abidələrlə tanış olublar. Birinci "Yay məktəbi"nin fəaliyyəti çox müsbət nəticələr verib. Bu layihəni təqdirlə qarşılayan prezident İlham Əliyev, əldə olunan nəticələri yüksək qiymətləndirib və yay məktəbi ilə yanaşı, qış məktəblərinin də keçirilməsini tövsiyə edib. Son 3 il ərzində BBMM-nin təşkil etdiyi yay və qış məktəblərinə UNESCO, “Ələddin” layihəsi, “Erasmus+” kimi beynəlxalq təşkilatlar, ölkəmizin nüfuzlu dövlət qurumları da qoşularaq öz dəstəklərini göstəriblər. Heç şübhəsiz ki, yay və qış məktəblərinin bu cür yüksək səviyyədə keçirilməsinin əsas səbəblərindən birincisi, Prezident İlham Əliyevin bu layihəyə göstərdiyi diqqət və dəstəyidir. İkinci səbəb isə dünya gənclərinin layihəyə olan marağıdır.

İndi isə gəlin yay və qış məktəblərinin keçirlməsi statistikası ilə tanış olaq: II Beynəlxalq Multikulturalizm Qış Məktəbi 8-15 fevral 2016-cı ildə təşkl edilib. Qış Məktəbində 43-ü əcnəbi və 12-si yerli olmaqla bütövlükdə 15 ölkənin tələbələri iştirak ediblər. İştirakçılar Qış məktəbi dövründə Bakı, Quba, Qusar və Xaçmazda olublar. III Beynəlxalq Multikulturalizm Yay Məktəbi 18-27 iyul 2016-cı ildə keçirilib. Məktəbdə 15 xarici ölkənin 16 nüfuzlu universitetindən 31 xarici tələbə, Azərbaycanın 12 tanınmış ali təhsil müəssisəsindən 19 tələbə iştirak edib. Tələbələr "Yay məktəbi" çərçivəsində Azərbaycanın İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax və Bakı ərazilərində olublar. IV Beynəlxalq Multikulturalizm Qış Məktəbi 13-20 fevral 2017-ci ildə təşkil olunub və 17 xarici ölkədən 29 tələbə, Azərbaycanın ali təhsil müəssisələrindən isə 6 azərbaycanlı tələbə iştirak edib. Layihə Azərbaycanın Qəbələ, Oğuz, Şəki, Qax və Bakı ərazilərində baş tutub. V Beynəlxalq Multikulturalizm Yay Məktəbi isə 22-31 iyul 2017-ci il UNESCO, “Ələddin” layihəsi və “Erasmus+” proqramı ilə birlikdə 26 ölkədən 45 xarici və 5 azərbaycanlı tələbənin iştirakı ilə Qəbələ, İsmayıllı, Şəki, Qax və Bakı ərazilərində həyata keçirilib."Bakı prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi" adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi isə Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarını əhatə edib.

Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan yay məktəbinin əsas məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndikləri multikultural, tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır. Builki Yay Məktəbində Azərbaycan, Gürcüstan, Hindistan, Latviya, İsrail, Moldova, Yaponiya, Qazaxıstan, Rusiya, Rumıniya, Almaniya, Belarus, Xorvatiya, Bolqarıstan, Kolumbiya, Ekvador, İndoneziya, Serbiya, Portuqaliya, Slovakiya, Tacikistan, Monteneqro, Çexiya, Ukrayna, İtaliya, Türkiyə, Fələstin, Meksika, Çin, Estoniya kimi ölkələrin aparıcı universitetlərindən 35 tələbə iştirak edib. Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edilib. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

Bunun nəticəsidir ki, yay və qış məktəbində iştirak etmək üçün müraciət edən gənclərin sayı ildən-ilə artır. Budəfəki yay məktəbində iştirak etmək üçün minə yaxın esse-müraciət daxil olub. Onlardan yalnız 35 ən yaxşısı seçilib. Sonra mütəxəssislərin müsbət rəy verdiyi esse müəllifləri ilə "Skype" vasitəsilə əlaqə yaradılıb, söhbətlər aparılıb, onların maraqları, fikirləri öyrənilib. Hər iki mərhələni uğurla keçən gənclər Yay və qış məktəbində iştirak etmək üçün Bakıya dəvət olunublar. Yay və qış məktəbinin iştirakçıları bütün dünyanı əhatə edir. Hər il Beynəlxalq Multikulturalizm qış və yay məktəbində iştirak etmək üçün yüzlərlə gənc Mərkəzə müraciət edir. Azərbaycanın multikulturalizm modelinə marağın artması sübut edir ki, biz, multikulturalizmin Azərbaycan modelini yalnız ölkə daxilində deyil, ölkə xaricində də lazımınca təbliğ edə bilirik.

"Yay və qış məktəbi"ndə iştirak etmək üçün müxtəlif ölkələrdən təxminən 30-40 gənc ildə iki dəfə Azərbaycana gəlir. Onların hər biri Azərbaycan multikulturalizmi haqqında daha dərin məlumatlar əldə etmək istəyirlər. Məktəb çərçivəsində onlara bu imkan yaradılır. Bununla da onların auditoriyada eşitdikləri bilgilər praktiki olaraq möhkəmlənir. Sözügedən layihə vasitəsilə dünyanın müxtəlif ölkələrindən olan gənclər Azərbaycanın qədim və zəngin tarixə, multikulturalizm ənənələrinə malik bir ölkə olduğunu, bu gün multikulturalizmin dövlət siyasətinə çevrildiyinin şahidi olurlar. Yay və qış məktəbində iştirak edən, multikulturalizm ideologiyasına, siyasətinə inanan bu gənclər vətənlərinə döndükdən sonra Azərbaycanın multikulturalizm modelini dünyada təbliğ etməyə çalışırlar. Beləliklə,  Azərbaycanın xaricdə gənc multikulturalistləri formalaşır. Buna misal olaraq 2015-ci ildə Beynəlxalq Multikulturalizm Yay məktəbində iştirak edən Yunanıstandan və Litvadan olan gənclərin birgə təşəbbüsü ilə "Azərbaycanın gənc dostları" klubunun yaranmasını göstərə bilərik. Bu klubun yaranması ilə  "Azərbaycan multikulturalizmi" fənnini dinləyən tələbələr bu platformaya qoşulmağa başlayıblar. Artıq "Azərbaycanın gənc dostları" klubunun 300-dən çox üzvü var. Onlar Azərbaycan multikulturalizmini, ümumiyyətlə multikulturalizm siyasətini bizimlə birgə dünyada təbliğ etməklə məşğuldular.

Yay və qış məktəbi haqda təəssüratlarını bölüşən gənclər, Azərbaycanda gördüklərinin onlarda böyük maraq doğurduğunu və yaddaşlarında silinməz iz buraxdığını deyirlər. İştirakçılar ölkəmizə yenidən qayıtmaq arzusunda olduqlarını qeyd edirlər. Onlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirirlər. Bu gənclər içərisində BBMM-nin fəaliyyətini yaşadığı ölkədə təbliğ edən, dəstəkləyən, Mərkəzin həyata keçirdiyi digər layihələrində iştirak etmək arzusunda olanların sayı da az deyil.

Onu da xüsusi qeyd etmək lazımdır ki, Beynəlxalq Multikulturalizm Yay və qış məktəbi layihəsinin reallaşmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullanın çox böyük xidmətləri var. Akademik K.Abdulla layihənin reallaşmasında akademik rəhbərliyini heç zaman əsirgəməyib. Eyni zamanda, ölkənin müxtəlif dövlət qurumları-Daxili İşlər, xarici İşlər, mədəniyyət nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, yerli icra hakimiyyətləri, KİV-lər də Beynəlxalq Multikulturalizm Yay və qış məktəbi layihəsinin reallaşmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə yaxından dəstək göstərirlər.

 

“Paralel”in Araşdırma Qrupu