Paralel. - 2018.- 7 sentyabr. - ¹ 149. - S. 11.

 

Azərbaycan multikultural yaşam tərzi ilə dünyaya nümunə kimi təqdim olunur

 

Bakıda "Milli Təhlükəsizliyə Əsas Təhdidlərdən biri-Dini ekstremizm" mövzusunda konfrans keçirilib

 

 Azərbaycanda mövcud olan multikulturalizm və tolerintlıq son illər bütün dünyada böyük marağa səbəb olub. Bu da heç şübhəsiz ki, Azərbaycan dövlətinin, eləcə də ölkəmizdə bu sahədə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının fəaliyyəti ilə bağlıdır. Bu sahədə ən aktiv fəaliyyət göstərən qurumlar isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir.

Bu qurumların gündəlik fəaliyyəti demək olara ki, bilavasitə Azərbaycan multikulturalizminin qorunması, inkişaf etdirilməsi və təbliği ilə biğlıdır.

Bu günlərdə Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Qubermanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə baş çəkmələri də, həmin təbliğatla bağlıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov amerikalı qonaqlara BBMM-in fəaliyyəti, həyata keçirilən layihələr və ölkəmizdə uğurla davam etdirilən multikulturalizmlə bağlı tədbirlər haqqında ətraflı məlumat verib.

Prezident İlham Əliyevinin multikulturalizmin qorunub saxlanmasına böyük önəm verdiyini qeyd edən natiq bildirib ki, Azərbaycanda tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması dövləti başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Bu da məlum həqiqətdir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir və həyat tərzidir. Azərbaycan artıq öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə kimi təqdim olunur. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir.

Görüşdə qonaqların diqqətinə çatdırılıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət istiqaməti azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir. Amerikalı qonaqların diqqətinə çatdırılıb ki, bu gün Azərbaycan multikulturalizmi fənni dünyanın bir çox tanınmış universitetlərində tədris olunur. BBMM-in isə doqquz ölkədə filialı fəaliyyət göstərir.

Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Quberman rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra qurumlarda, eləcə də bölgələrdə yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcəklərini, ölkəmizdə mövcud olan multikultural mühitlə, xalqımızın tolerantlıq ənənələri ilə yaxından tanış olmaq istədiklərini bildirib. Qeyd edib ki, Azərbaycan multikulturalizminin fənn kimi dünya elm ocaqlarında tədris edilməsi təqdirəlayiqdir və bu iş davam etdirilməli, müxtəlif xalqların, dini konfessiyaların birgəyaşayış mədəniyyəti bütün dünyaya çatdırılmalıdır. O, Azərbaycandakı müxtəlif dini icmaların sıx əməkdaşlığının, dostluğunun təqdirəlayiq olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan öz nümunəsi ilə digər ölkələri həvəsləndirir və onun təcrübəsinin istifadə olunması zəruridir.

Amerikalı qonaqlar ölkəmizə səfəri çərçivəsində həm də Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla görüşüblər. Rektor nümayəndə heyətinə Azərbaycan İlahiyyat İnstitutunun yaranma məqsədi və İnstitutdakı tədris proqramı barədə ətraflı məlumat verib. O, Azərbaycan İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dünya dinləri, xüsusən də Yəhudilik və Xristianlıq haqqında fənlərin tədris edildiyini qeyd edərək, gələcəkdə Azərbaycanda mövcud olan dinlərin tarixi və mədəniyyəti ilə bağlı araşdırmaların aparılmasının, həmçinin, Yəhudilik və Xristianlıqla bağlı ixtisasların açılmasının planlaşdırıldığını qeyd edib, bu sahədə dünyada mövcud olan qabaqcıl elmi müəssisələrlə əməkdaşlığa hazır olduqlarını bildirib.

Ceyhun Məmmədov Azərbaycanda tarixən dinlərarası tolerant mühitin mövcud olduğunu, ölkəmizdə dini icmalara dövlət tərəfindən böyük qayğı göstərildiyini, bu siyasətin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini qeyd edib. Bir çox dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu, dini təhsil müəssisələrinin yaradıldığını, dövlətin dini qurumlara mütəmadi olaraq maliyyə vəsaitinin ayırdığını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət göstərdiyini vurğulayıb.

Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Quberman rəhbərlik etdiyi təşkilat və nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi haqqında məlumat verib. C.Quberman Azərbaycanda belə bir institutun açılmasından məmnunluq duyduğunu bildirərək təmsil etdiyi qurumla İlahiyyat İnstitutu arasında əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb. O, həmçinin Amerikada yaşayan Sefard yəhudilərinin tanınmış jurnallarından olan "The Sephardi Report" jurnalının son sayını rektora hədiyyə edib. Heyətin tərkibində iştirak edən İrina Tsukerman da Azərbaycan İlahiyyat İnstitunda keçirilən dərslərin müxtəlif dinlərin öyrənilməsi baxımından çox əhəmiyyətli olduğunu və bu sahədə İnstituta dəstək verməyə hazır olduqlarını bildirib.

Azərbaycan multikulturalizminin təbliği istiqamətində fəaliyyətini genişləndirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də sentyabrın əvvəlində Suraxanı Rayon İcra Hakimiyyəti ilə birlikdə "Milli Təhlükəsizliyə Əsas Təhdidlərdən biri-Dini ekstremizm" mövzusunda konfrans keçirib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işləri və qarşıda duran vəzifələri müzakirə etmək olub. Müzakirə zamanı respublikamızda hər bir inanclı insanın dini etiqad azadlığının yüksək səviyyədə təmin edildiyi diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin, dövlət-din siyasətinin uğurla davam etdirilməsi sayəsində ölkəmizdə tolerantlıq və birgəyaşayış mühitinin nümunəvi modeli formalaşıb, respublikamız dünyada multikulturalizm mərkəzinə çevrilib. Son illər Azərbaycanda keçirilən çoxsaylı forumlar və bu forumlarda bəşəriyyəti narahat edən təhlükəsizlik problemlərinin həllinə yönəlik çağırışılar da buna əyani sübutdur. Eləcə də Azərbaycan dövlətinin din siyasətini digər müsəlman ölkələrindən fərqləndirən amillərdən biri də onun hər hansı məzhəbə deyil, İslamın təməl prinsiplərinə söykənməsi vəhdət, həmrəylik prinsiplərinin bərqərar olmasına böyük səylə çalışmasıdır. Bunun da nəticəsində Azərbaycanın dünyada sülhpərvər bir ölkə kimi nüfuzu sürətlə artır. Lakin çox böyük təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını, Azərbaycandakı sabitliyi və inkişafı istəməyən müəyyən xarici dairələr respublikamıza qarşı pozuculuq fəaliyyəti ilə məşğul olur, bəzi iradəsi zəif gənclər isə bu kimi dairələrin, ekstremist təşkilatların yalan vədlərinə aldanaraq radikal təsirlərə məruz qalırlar.

Bunu nəzərə alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gənclər arasında dini maarifləndirmə tədbirlərinin keçirilməsi işinin genişləndirilməsinə üstünlük verir. Çünki ölkəmizə qarşı yönəlik bu təhdidləri nəzərə alaraq, vətəndaşlarımız da daha ayıq olmalıdırlar. Xüsusilə sosial şəbəkələrdən alınan məlumatlar daha təhlükəli ola bilər. Komitə vətəndaşlara yalnız onların icazə verdiyi dini kitablardan istifadə etməyi tövsiyə edir.

Səyavuş Heydərov tədbirdə qarşıdan gələn Məhərrəm ayı və Aşura günü ilə bağlı tövsiyələrini verərək bildirib ki, hamı Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı verdiyi fətva və tövsiyələrinə riayət etməlidir.

Konfransda çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov qeyd edib ki, dini radikalizm bu günün problemi deyil, bəşər tarixi boyunca bu problem olub. "Nə qədər dindən siyasi məqsədlər üçün istifadə olunacaqsa, dini radikalizm də müəyyən formalarda özünü göstərəcək. Ona görə də bütövlükdə dövlət orqanları və cəmiyyətimiz dini radikalizmlə mübarizədə fəallıq göstərməlidir".

O həmçinin qeyd edib ki, dövlətin gücü hər hansı xoşagəlməz hadisənin baş verib-verməməyi ilə ölçülmür. Dövlətin gücü ya həmin hadisələri qabaqlamaqda, ya da onun yarada biləcəyi fəsadlardan özünü qoruya bilməkdədir. Ölkəmizdə hər kəs əmin olmalıdır ki, Azərbaycan kifayət qədər güclü dövlətdir və hər bir arzuolunmaz hadisənin qarşısını almağa qadirdir. Bunu Nardaran və Gəncə hadisələri də sübut etdi.

 

“Paralel”in Araşdırma Qrupu