Paralel. - 2018.- 6 sentyabr. - ¹ 148. - S. 10.

 

Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı kafedrası fəaliyyət göstərir

 

"Bakıda rus dilli mədəniyyət fenomeni çox dəyərli və maraqlı fenomendir"

 

 Ölkəmizin ərazisində məskunlaşan azsaylı xalqların böyük bir qismi də ruslardır. 1999-cu il siyahıyaalmasına əsasən Azərbaycanda 141,7 min nəfər rus millətinin nümayəndəsi yaşayır. Onlar əsasən ölkəmizin iri şəhərləri olan Bakı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də kompakt halda İsmayıllı rayonunun İvanovka, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk (indiki Daşbulaq) və Slavyanka, Goranboy rayonunun Rus Borisi, Şamaxı rayonunun Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində məskunlaşıblar.

Rusların Azərbaycan ərazilərində məskunlaşdırılması əsasən 19-cu əsrin əvvəllərində Çar Rusiyası tərəfindən məqsədyönlü şəkildə həyata keçirilib. 1830-cu ildə minlərlə rus ailəsi Azərbaycana sürgün edilib.

Rus çarizminin bu siyasəti nəticəsində 1917-ci il Oktyabr inqilabından əvvəl ölkəmizdə 100-ə yaxın rus kəndi mövcud olub. Bu insanlar Rus Pravoslav Kilsəsindən ayrıldıqları üçün çar hökuməti tərəfindən Rusiyanın mərkəzindən Qafqaza köçürülən təriqətçilər (əsasən molokan)  idilər. Onlar əsasən ölkəmizin müxtəli bölgələrinə yerləşdirlirdilər ki, bir-biriləri ilə ünsiyyət qurmaq imkanları məhdudlaşdırılsın. Ölkəmizin böyük şəhərlərində yaşayan ruslar isə əsasən hökumət nümayəndələri, sahibkarlar, mütəxəssislər və fəhlələr idi.

Bu da məlumdur ki, 20-ci əsrin əvvəlindən 1940-1950-ci illərə qədər ruslar Bakıda əsas milli azlıqlar sayılıblar. Rusların Azərbaycana mühacirəti bolşevik inqilabından sonra da davam edib. Artıq 1970-ci ildə rusların sayı 500 mini ötüb və onlar respublikanın ümumi əhalisinin 10%-ini təşkil ediblər. Sovetlər imperiyapsının süqutundan sonra onların bir hissəsi Azərbaycanı tərk etməyə başlasalar da, sonradan proses dayanıb və hazırda da Azərbaycanda ruslar ən böyük etnik qrupu təşkil edirlər.

1990-2000-ci illərdə keçmiş rus təriqətçi kəndlərinin bəzilərinin adı dəyişdirilib, bu kəndlərin əhalisi isə bu gün əsasən ruslardan və azərbaycanlılardan ibarətdir. Ölkəmizin ərazisində məskunlaşan rusların böyük əksəriyyəti pravoslavdırlar, təriqətçilərin (xüsusi ilə molokanların) sayı isə cəmi bir neçə yüz nəfərdir.

Ölkəmizin ərazisində məskunlaşan digər azsaylı xalqlar kimi, ruslar da özlərini ölkəmizin tamhüquqlu vətəndaşları hesab edirlər və onların butün hüquq və azadlıqları dövlət tərəfindən tam təmin olunub. Azərbaycanda mövcud olan multikultural və tolerant mühitdən yararlanan rus icmaları da, burada öz təşkilatlarını, birliklərini, mədəniyyət mərkəzlərini yaradaraq, ölkəmizin sosial- iqtisadi və siyasi həyatında fəal iştirak edirlər.

1993-cü ildən fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzi də bu məqsədlə yaradılıb. Mərkəzin təsisçisi Azərbaycandakı Rus İcmasıdır. Mərkəz yarandığı gündən rus dili və mədəniyyətinin, adət, ənənə və ayinlərin, qorunub saxlanması və inkişaf etdirilməsi, millətlərarası münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, rus və Azərbaycan mədəniyyətlərinin, habelə respublikada yaşayan digər xalqların mədəniyyətlərinin bir-birinə təsirinə və bir-birini zənginləşdirməsinə şərait yaradılması istiqamətində çox böyük iş görüb. Bu illər ərzində Mərkəz rus və Azərbaycan mədəniyyət xadimlərinin yaradıcılığına həsr olunmuş 1000-dən artıq ədəbi və musiqili tədbirlər; Milad, Pasxa və Maslenitsa və s. bayramlar münasibətilə pravoslav konsertləri və s. təşkil edib. Rus Mədəniyyət Mərkəzinin fəaliyyətində əsas yerlərdən birini böyüməkdə olan gənc nəsilin ölkəmizdə mövcud olan tolerantlıq və dözümlülük ruhunda tərbiyə olunması tutur. Bu mənada "Raduqa" (Göy qurşağı) uşaq klubunun işini xüsusi qeyd etmək lazımdır. Burada uşaqlar özləri Maslenitsa bayramı münasibətilə fəsəli bişirir, Milad və Pasxa bayramlarını digər xalqların nümayəndələri olan uşaqlarla birgə qeyd edirlər.

Bu da təqdirəlayiq haldır ki, respublikanın ən yaxşı müəllim və mütəxəssisləri mərkəzin nəzdindəki Rusiya tarixi, rus dili və ədəbiyyatı dərnəklərinə rəhbərlik edirlər. Bakıda hələ də rus dili və mədəniyyəti sahəsində ixtisaslaşan elmi və pedaqoji kadrların böyük potensialı var. Buna səbəb, ölkəmizdə mövcud olan multikultural mühitlə yanaşı, həm də ölkəmizin aparıcı ali təhsil ocaqlarından olan Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı kafedrasının, Bakı Musiqi Akademiyasında isə rus musiqisi kafedrasının fəaliyyət göstərməsidir. Rus Mədəniyyət Mərkəzinin uğurlarının bir səbəbi də, öz ətrafına Bakının elm və yaradıcı ziyalılarının ən parlaq nümayəndələrini, istedadlı gəncləri toplamağa müvəffəq olmasıdır.

Rus Mədəniyyət Mərkəzi respublikada və onun hüdudlarından kənarda yaşayan bir çox rusdilli gəncləri yetişdirərək, həyata və yaradıcılığa vəsiqə verib.

Onların sırasında bir çox beynəlxalq müsabiqələrin laureatı, istedadlı pianoçu, Mərkəzin bədii şurasının üzvü Y.Sayutkin, balerina O.Deryabina, aktrisa Y.Şetinkina, hazırda Polşada yaşayan istedadlı rəssam və heykəltəraş Q.İbadullayev və başqalarını göstərmək olar.

Mərkəz rus milli ocağı və dərin beynəlmiləlçilik ruhu ilə Azərbaycan xalqının və bu torpaqda yaşayan digər xalqların mədəniyyətlərinə hörmətin sintezini özündə ehtiva edir.

Bir vaxtlar bütün postsovet məkanında məşhur olan Müəllif Mahnıları Klubu yuxarıdakı sözlərə bariz nümunədir. Rusiyanın populyar "İtoqi" jurnalında klub barədə bu sözlər yazılıb: "Əsasən azərbaycanlılardan ibarət olan müəllif mahnıları klubu daha çox rusdillidir. İnsanlar bir yerə toplanıb oxuyarkən onlara qulaq asmaq lazımdır ki, bu, yenidənqurmadan əvvəlki Sovet ziyalılarının, adətlərin, dəyərlərin və leksikasından heyrətamiz dərəcədə yaxşı qorunub saxlandığı özünəməxsus qoruqdan ləzzət alasan. Ümumiyyətlə, Bakıda rus dilli mədəniyyət fenomeni çox dəyərli və maraqlı fenomendir".

 Azərbaycanın Rus İcması Böyük Vətən Müharibəsi veteranlarını da heç zaman yaddan çıxarmır. Mərkəz Böyük Vətən Müharibəsi Veteranları Komitəsi ilə birlikdə bir sıra musiqili-ədəbi proqramlar hazırlayaraq veteranlara öz gənclik illərini xatırlamaq imkanı yaradır.

Bundan əlavə, böyük rus şairi S.Yeseninin ad gününə həsr olunan bayram tədbirlərinin keçirilməsi də, icma üzvləri tərəfindən böyük ruh yuksəkliyi ilə qarşılanıb. Şairin yaradıcılığının pərəstişkarları onun ad gününü yaşadığı və dahiyanə fars motivlərini yaratdığı, Bakının Mərdəkan kəndində yerləşən ev-muzeyində qeyd ediblər.

Bakı şəhərində 2009-cu ilin mart ayından fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) 2011-ci ilin yanvar ayında  yeni binasının açılışı olub. Mərkəzin fəaliyyəti Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrinin inkişafına yönəldilib. Rus və Rusiya Federasiyasının digər xalqlarının tarixi və mədəniyyəti, mədəni, elmi və iqtisadi potensialı ilə ictimaiyyəti tanış etmək, Azərbaycanın yaradıcı və mədəni-maarifləndirici təşkilatları ilə əlaqələrin yaranmasına və inkişafına, rus dilinin öyrənilməsinə yardım etmək, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlverişli işgüzar münasibətlərin genişlənməsi üçün şərait yaratmaq Mərkəzin əsas  məqsədlərindəndir.  Mərkəz həmçinin, Azərbaycan multikulturalizminin təbliği və təşviqi istiramətində mühum işlər görür. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi təkcə Azərbaycanda və Rusiyada deyil, eləcə də əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarda Azərbaycan multikultural dəyərlərinin təşviqi istiqamətində geniş fəaliyyət göstərir.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi sərgi, kino, konsert, konfrans zallarına, kitabxanaya, tədris otaqlarına, bədii yaradıcılıq studiyasına malikdir.

Azərbaycanla Rusiya arasnıdakı münasibətlərin, siyasi, iqtisadi, mədəni əməkdaşlığın əsasında ilk növbədə insan amili durur.

Buna görə də, yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi, onların bəşəri birgəyaşayış qaydalarına uyğun şəkildə maarifləndirilməsi də günün əsas tələblərindən biridir. Azərbaycanda məskunlaşan rusların bu sahədəki fəaliyyəti ölkələr arasında münasibətlərin formalaşmasında mühüm rol oynayır. Buna görə də, ölkəmizdə bütün azsaylı xalqların nümayəndələri kimi, ruslarında təhsil probleminin həllinə dövlət tərəfindən böyük qayğı və diqqət göstərilir.

Keçən il Qaradağ rayonunun 233 nömrəli tam orta məktəbində Azərbaycanda tədrisin Rus və Azərbaycan dillərində olduğu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə IX Respublika olimpiadasının keçirilməsi də, buna bariz nümunədir. Olimpiada Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, "Rossotrudniçestvo" agentliyinin ölkəmizdəki nümayəndəliyi, Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Olimpiadanın açılış mərasimində 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması və Azərbaycanda Rus dilinə, mədəniyyətinə, dininə göstərilən diqqət və qayğı xüsusi vurğulanıb. Eyni zamanda qeyd olunub ki, Olimpiadanın keçirilməsində əsas məqsəd rus dilini və rus mədəniyyətini dəstəkləməkdir. Belə tədbirlərin Rusiya və Azərbaycan dövlətlərinin qarşılıqlı əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb etdiyi də diqqətə çatdırılıb.

 

“Paralel”in Araşdırma Qrupu