Azərbaycan. - 2018.- 4 sentyabr. - ¹ 196. - S. 6.

 

Tarixi qədim, siması müasir Bakı

 

Şəhərin park və xiyabanları sevimli istirahət guşələridir

 

Məhəmməd Nərimanoğlu

 

Bir zamanlar yalnız nəhəng zavod-fabrik binaları, irili-xırdalı sənaye müəssisələri ilə yadda qalan Bakı bu gün Şərqlə Qərbin mədəni dəyərlərini özündə birləşdirən mədəniyyət mərkəzinə çevrilib. Qədim Bakı haqqında yazılan əsərlər, əslində, onun füsunkarlığının tam ifadəsi ola bilməyib. Ölkəmizin paytaxtı nəinki öz sakinlərinə, hətta ilin müxtəlif fəsillərində ziyarətində olan əcnəbilərə də doğmalaşıb. Axı bura həm də müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin qovuşduğu bir məkandır. Sosial-iqtisadi inkişaf paytaxtın mədəni həyatına da yeni çalar gətirib: qara damlar və "gecəqondu”lar sökülür. Tarixi qədim, siması müasir Bakı bu gün "göydələn”lər şəhəridir. Avropanın ən inkişaf etmiş mədəniyyət mərkəzlərini belə kölgədə qoyan paytaxtın "Alov qüllələri” də mavi gözlü Xəzər, yüzilliklərin yadigarı, əfsanə və rəvayətləri ilə daşlaşmış tariximizi qoruyub saxlayan Qız qalası kimi Bakının rəmzinə çevrilib.

Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir daha paytaxtın simasının nəinki ildən-ilə, əslində, gündən-günə dəyişməsini, klassikliyini, milli memarlıq üslubunu qoruyub saxlamaqla müasirləşməsini yüksək dəyərləndirdi: "Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu təkcə biz demirik. Bunu, demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında Bakı parlayan bir ulduzdur. Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. İndi yadınıza salın, əvvəlki dövrlərdə qanunsuz tikilmiş, bir-birinin içinə girmiş binalar həm orada yaşayanlara, həm də şəhər əhalisinə nə qədər əziyyət verirdi. İndi biz təmizlənmiş və sakinləri köçürülmüş yerlərdə ictimai zonalar yaradırıq, orada binalar tikilmir”.

Dövlət başçısının vurğuladığı kimi, Bakı bulvarı 3 kilometrdən 16 kilometrə uzadılıb, böyük bir ictimai zonaya çevrilib, böyük parklar salınıb. Heydər Əliyev Sarayının arxasında sözün əsl mənasında gözəl park yaradılıb: "Azərbaycan Dram Teatrının arxasındakı "Sovetski” adlandırılan ərazidəki biabırçı mənzərə aradan götürülür. Yenə də deyirdilər ki, orada binalar tikilir. İndi orada yol qovşaqları tikilir, yol hərəkətinə nəfəs verilir, parklar salınır. Onlarla, yüzlərlə belə işlər indi göz qabağındadır. Vaxtilə bəzi cinayətkarlar tərəfindən qanunsuz zəbt edilmiş yerlərdə indi parklar yaradılır. Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində vaxtilə böyük bir ərazi zəbt edilmişdi, istifadəsiz qalırdı. İndi orada böyük parklar salırıq ki, insanlar gəlib dincəlsinlər, istirahət etsinlər. Heydər Əliyev Mərkəzinin qarşısında böyük ictimai zona yaradılıb. Vaxtilə orada işləməyən, dağılmış vəziyyətdə olan zavod yerləşirdi. Yəni biz bunu edirik. Ancaq götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək. Bir daha demək istəyirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir bina tikilə bilməz”.

Paytaxtın yeni görkəminə füsunkarlıq gətirən yalnız onun "daş balladası” deyil. Burada yalnız qütblər bir araya gəlməyib, Şərqlə Qərb mədəniyyətlərinin qovuşduğu kimi, köhnəliklə yenilik də üz-üzədir. Yeniləşən Azərbaycanın paytaxtı kimi dünyanın gözünü qamaşdıran Bakı həm də yaşıllıqlar məskəni olaraq sevilir.

XIX əsrin 30-cu illərinin ortalarında Bakıda ilk park olan Qubernator bağı açılıb. 4,6 hektar sahəsi olan bağın çox maraqlı tarixçəsi var. Şəxsi bostan və bağların yerində salınan bu park uzun illər şəhərin yeganə istirahət guşəsi sayılıb. Bağın landşaftı əlli il müddətində yaradılıb və formalaşdırılıb.

Sonralar bağın sahəsi genişləndirilib, burada rəqs meydançası, hovuz, köşklər tikilib. XX əsrin əvvəllərində bağın aşağı və yuxarı hissəsi, demək olar ki, bitişib. 1912-ci ildə Nikolayev və Sadovaya küçələrinin (indiki İstiqlaliyyət və Niyazi küçələri) tinində konsert zalı, yay estrada səhnəsi və restoranı olan İctimai Məclisin möhtəşəm binası inşa edilib.

Bundan sonra şəhərdə hər il onlarla yeni park və bağça istifadəyə verilib. Paytaxt sakinlərinin və əcnəbi qonaqların diqqətini çəkən ən görməli 12 parkın reytinqi tərtib edilib. Dənizkənarı Milli park onların sırasında ilk yeri tutur. Bakılıların və şəhərin qonaqlarının sevimli istirahət yerlərindən olan parkın 2009-cu ildə 100 illik yubileyi qeyd edilib. Çiçək və yaşıllıqlara bürünən parka yubileyi ərəfəsində dünyanın müxtəlif ölkələrindən cürbəcür ekzotik bitkilər və kollar, o cümlədən Argentinadan hər birinin çəkisi 7 ton, yaşı 150-dən çox olan baobablar, nəhəng kaktuslar, hündür zeytun və xurma ağacları gətirilib.

2014-cü ildə Dövlət Bayrağı meydanına qədər uzanan Dənizkənarı Milli parkın yeni hissəsində 38 yerlik şüşə kabinəsi olan 60 metr diametrli müasir attraksion-panoramın ("müşahidə təkəri”) açılışı olub...

Bakıda möhtəşəmliyi ilə seçilən Dənizkənarı Milli parkdan sonra əsas istirahət yeri kimi Qış bulvarı diqqət çəkir. Paytaxtın Binəqədi rayonu ərazisində istifadəyə verilən Heydər Əliyev adına Mədəniyyət və istirahət parkı da öz füsunkarlığına görə digərlərindən fərqlənir. Vaxtilə Nizami rayonundakı müasir standartlara cavab verən parklar əsl istirahət guşəsi sayılırdısa, bu gün həmin mənzərəni haqqında söz açdığımız bağ bölüşür. Açılışında dövlət başçısının iştirak etdiyi bu mədəniyyət və istirahət parkı 4,5 hektar sahəni əhatə edir. Parkın landşaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilib. Uşaqların əyləncəsi üçün burada müxtəlif attraksionlar, yelləncək, digər idman alətləri və oyuncaqlar quraşdırılıb.

Daim üz tutulan istirahət yerlərindən biri də Bakı Şəhər Zooloji parkıdır. Respublikada yeganə mədəniyyət müəssisəsidir ki, burada əhaliyə istirahət etməklə yanaşı, müxtəlif növ heyvanları görməyə və onlarla təmasda olmağa imkan yaradılıb.

Teleteatrın yaxınlığında yerləşən "Şəlalə” parkı həm sakinlərin, həm də şəhərin qonaqlarının istirahəti üçün ideal məkandır.

Bakı gündən-günə böyük meqapolisə çevrilsə də, parkların qorunub saxlanması çox gözəl təşəbbüsdür. Heç bir böyük şəhəri parklarsız təsəvvür etmək mümkün deyil. Paytaxtın gözoxşayan mənzərələri, park və xiyabanları, onun əcnəbi qonaqları heyran etməsi də bir daha inkişafını təsdiqləyən faktlardandır. "Formula-1” yarışlarını izləməyə gələn moskvalı turist Nikolay Putilin bizimlə söhbətində bildirmişdir ki, Bakı qədim və müasir memarlığı özündə çox gözəl birləşdirir: "O, gözəl və həm də təhlükəsiz şəhərdir. Onun park və xiyabanlarını gəzdik. Ailəmin də xoşuna gəldi. Sakinlərinin əksəriyyəti isə sanki gənclərdən ibarətdir”.

Bakının mərkəzində daha bir böyük və səliqəli park yerləşir. Paytaxt sakinləri və qonaqlarının vaxtlarını keçirdiyi bu yer Sahil parkı adlanır. Sovet dövründə salınan bu park əvvəllər "26 Bakı komissarı meydanı” kimi tanınırdı. Bu gün burada, parkın ortasında böyük və çox gözəl, Şərq üslubunda tikilən, fincan şəkilli, üçpilləli fəvvarə var. Bakının mərkəzi hissəsində, Bülbül prospektinin, Xaqani, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi yerdə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bu park tarixi tikililərlə də əhatə olunub.

Şəhərin ən köhnə parklarından biri isə Zabitlər parkıdır. Faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınan parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilib. Əsaslı yenidənqurmadan sonra o, 2011-ci ildə yenidən açılıb.

Xaqani bağı Bakıdakı ən qədim parklardan biridir. Bağın adı bir neçə dəfə dəyişdirilib. Hazırda o, orta əsrlərdə yaşamış, böyük şair Xaqani Şirvaninin adını daşıyır. Lakin bu park daha çox Molokan bağı adı ilə məşhur olub ki, bu da təsadüfi deyil. XIX əsrdə bağın ətrafında karvansaralar olub. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Molokan bağının adını dəyişib, 1905-ci il Qanlı bazar faciəsi ilə əlaqədar 9 yanvar bağı qoyublar. Sonra bağın adı yenidən dəyişdirilib. Arxitektura-landşaft kompozisiyasının əsasını "Üç gözəl” heykəllər qrupu ilə əyri xətt formalı hovuz təşkil edir. Zərifliyi ilə seçilən gözəllər hovuzda iri təbii qaya parçaları üzərində oturublar.

Bakının çox geniş ərazidə yerləşən Zorge parkında əhalinin istirahət etməsi üçün gözəl şərait yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.

2012-ci ildə parkda ucaldılan Koroğlu abidəsi də diqqətəlayiq abidələrdən biridir.

Bakının ilk şəhər meydanı olan "Fəvvarələr”də həm klassik, həm də avanqard formada, o cümlədən postament üzərində yerləşən 6 polad kürə şəkilli fəvvarə var. Meydanın ətrafında XIX və XX əsrlər memarlıq abidələri yerləşir. Əvvəllər Parapet meydanı kimi tanınan "Fəvvarələr” 1868-ci ildə Bakı qubernatoru Mixail Kolyubakinin təşəbbüsü ilə memar Qasım bəy Hacıbababəyovun layihəsi əsasında tikilib.

2010-cu ildə "Fəvvarələr”dəki fənər, pavilyon və köşklər yenidən qurulub, yaşıllıq qorunub saxlanılıb, ərazisi genişləndirilib. Bu gün Fəvvarələr meydanı Bakının mərkəzi hissəsinin simasıdır.

M.F.Axundzadənin adını daşıyan bağ kiçik olsa da, əslində, ahıl və qocaların əsl istirahət yerinə çevrilib. Bu köhnə Bakı parkında Azərbaycan dramaturqu, yazıçı, filosof və maarifçi Mirzə Fətəli Axundzadənin abidəsi ucaldılıb. Burada rahat oturacaqlar, orijinal çıraqlar, gül kolları, mərmər cığırlar, işıqlandırılan kollar, xüsusi dibçəklərdə güllər, çəmənlik var.

Müasir parklardan olan "Dədə Qorqud” 2013-cü ildə açılıb. Park həm də qədim Azərbaycan tarixi və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltəraş Göyüş Babayevin "Kitabi-Dədə Qorqud” abidəsi ucalır. Ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb. Parka gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər.

Yolumuz zirvəyədir. Paytaxtın ən hündür məkanında salınan Dağüstü park unikallığı və digər xüsusiyyətləri ilə başqalarından seçilir. Buradan Bakı buxtası boyunca uzanan Dənizkənarı Milli parka gözəl panoram açılır. XX əsrin 30-cu illərində, Bakının Baş Planı hazırlanarkən məhz həmin fakt əsas götürülüb. Nəzərə alınıb ki, bu yerlərdə yaradılan Dağüstü park paytaxtın ümumi arxitektura kompozisiyasında mühüm rol oynayacaq.

Dövlət başçısının Bakının park və xiyabanlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırığına əsasən, 2013-cü ildə Dağüstü park əsaslı şəkildə yenidən qurulub və sözün həqiqi mənasında yeni görkəmdə paytaxt sakinlərinin və qonaqlarının gözünü oxşayır. Dağüstü parkı digərlərindən fərqləndirən əsas cəhət Azərbaycan İstiqlal Muzeyi, 1990-cı il qara Yanvar qurbanlarının və Qarabağ müharibəsində həlak olanların uyuduğu Şəhidlər xiyabanının burada yerləşməsidir. Park əsasən ziyarətgah olduğu üçün burada daim sakitlik hökm sürür, səs-küylü attraksionlar yoxdur. Məhz bu sakitlik və şam ağaclarının xışıltısı parka gələnlərin qəlbinə rahatlıq gətirir.