Paralel. - 2018.- 4 sentyabr. - ¹ 146. - S. 10.

 

Multikulturalizm siyasəti dünyada sülhə yol aça bilər

 

Təhlükəsiz mühiti qarşılıqlı dialoq və multikultural dəyərlər formalaşdırır

 

 Multikulturalizmin Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyi şəksizdir. Multikulturalizmin Azərbaycan modelinin əsaslandığı üç prinsip - tarixi milli dəyərlər, tolerantlıq və azərbaycançılıq ideyaları istər cəmiyyət, istərsə də dövlət üçün böyük önəm daşıyır. Ən önəmlisi isə odur ki, beynəlxalq münaqişələrin qarşısının alınmasında "Azərbaycan multikulturalizmi" modelinin müstəsna əhəmiyyəti var.

Bəllidir ki, müasir dünyamızda ölkələr arasında qarşılıqlı münasibətlər  qloballaşma prosesinin təsiri ilə formalaşır və inkişaf edir. Lakin bununla belə, telekommunikasiya, insan hüquqları sahəsində yaranan problemli məsələlər bir sıra anlaşılmazlıqlara və münaqişələrə yol aça bilir.

 Nəticə etibarilə, bu gün beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təhdid edilməsi faktları yetərincədir. Müxtəlif aspektli münaqişələr qlobal mənada insanların təhlükəsiz şəraitdə yaşamasını əngəlləyir. Bu mənada, beynəlxalq və eləcə də regional müstəvidə baş verən münaqişələr sülhə və təhlükəsizliyə böyük təhdiddir.

Bu qarşıdurmaların, beynəlxalq münaqişələrin səbəbləri müxtəlif olsa da, onun adı və mahiyyəti eynidir. Buna görə də, istər hüquqi, istərsə də siyasi səbəblər olsun, münaqişəyə aparıb çıxaran bütün səbəb və amillərin sülh yolu ilə həlli metodları tapılmalıdır. Çünki dünyanın müxtəlif regionlarında baş verən "kiçik" və "soyuq" müharibələrin, Əfqanıstan, İraq münaqişələrinin, Yaxın Şərq böhranının əsas səbəbi, bəzi dövlətlərin xarici siyasət vasitəsi kimi qəbul etdiyi müstəmləkəçilik, imperializm siyasətidir. Kapitalizmin yeni mərhələsi olan imperializm, dünyanın hakim kapitalist sinif tərəfindən sərmayə kimi qəbul edilməsinə əsaslanır. Buna görə də, müasir dünyamızda baş verən müharibələrin, qarşıdurmaların əsas səbəbi imperializm hesab edilməlidir. Beynəlxalq siyasətdə qarşıdurmaların artması, onun mənfəətə əsaslanan formalarının meydana çıxması münaqişələrin artması və sülhün, birgəyaşayış prinsiplərinin sıxışdırılaraq çıxarılmasına səbəb olur. Buna görə də, beynəlxalq münaqişələrin dinc yolla həll edilməsi üçün sivil bazaya əsaslanan yeni vasitələrə ehtiyac yaranır. Bu vasitələrdən biri də multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsidir. Bizə belə gəlir ki, baş verən münaqişələrin fonunda, multikulturalizmin Azərbaycan modelinin tətbiqi həm regionda, həm də beynəlxalq siyasətdə yeni bir vasitə kimi böyük əhəmiyyət kəsb edə bilər. Bu model, həm də beynəlxalq münaqişələrin dinc yollarla həll olunmasında mühüm bir vasitə ola bilər.

Qeyd edildiyi kimi, dünyada qloballaşma prosesi sürətlə inkişaf edir. Onunla bahəm, millətlərin inteqrasiyası da dinamik şəkildə inkişaf edir. Bu məqam beynəlxalq siyasətə birbaşa təsir göstərir. Qloballaşma ilə yanaşı, regionlaşma prosesi də sürətlənir və dövlətlərarası münasibətlərdə iqtisadi asılılıq amili həlledici gücə çevrilir. Belə bir məqamda dünya dövlətlərinin multikulturalizm siyasətini tətbiq etməsi birbaşa sülhə yol aça bilər. İndiyədək mədəniyyətlərarası münasibətlərdə bərqərar olmuş dırnaqarası hakim mədəniyyət, mədəni hegemonluq, özünü kimlərdənsə üstün saymaq kimi iddialar mövcud durumda heç də xoşagələn hal kimi qarşılanmır. Fərdiyyətin uğuru toplumdan keçdiyi üçün, birgəyaşayış amilinə də ciddi şəkildə əməl etmək zərurəti yaranır. Bir sözlə, bəşəriyyətin xilası birgəyaşayışda olduğu üçün onun mayasını da tolerantlıqda, həmrəylikdə və multikultural dəyərlərdə axtarmaq lazımdır. Maraqlıdır, Qərbin lüğətində multikulturalizm mədəniyyətləri, irqləri, etnik azlıqların özünəməxsus fərqliliklərini, mədəni və dini müxtəlifliklərini özündə cəmləşdirən dəyərlər kimi xarakterizə edilir. Amma orada multikulturalizm siyasəti immiqrantlar üçün inteqrasiya məsələlərində əsas problem kimi ortaya çıxır. Məlumdur ki, qlobal aləmdə, dünyanın müxtəlif coğrafi məkanlarında etnik münaqişələrin mövcud olduğu ölkələrdə bir sıra problemlər mövcuddur. Etnik, mədəni ayrı-seçkilik çərçivəsində hadisələrin inkişaf etməsi müxtəlif cəmiyyətlərdə milliyyətçiliyin açıq şəkildə hiss olunmasına gətirib çıxarıb. İmmiqrant və qaçqın axınının Qərb dünyasına doğru yayılması nəticəsində etnik və mədəni müxtəliflik məsələsi böyük müzakirələrə yol açıb. Məcburi köçkünlər getdikləri ölkələrdə etnik tarazlığa ciddi təsir edirlər. Ona görə də öz vətənlərində azlıq statusuna düşmə təhlükəsi həmin dövlətləri ciddi tədbirlər görmək məcburiyyətində qoyur. Dünyanın Böyük Britaniya, İsveç, Almaniya, Kanada, ABŞ, Avstraliya, Fransa kimi inkişaf etmiş ölkələrində multikulturalizm mövcud olsa da, həmin modellər sözügedən dövlətlərin milli təhlükəsizlik strategiyalarında əks etdirilmir. Ona görə də, bu məsələ həmin dövlətlərin sosial və siyasi problemlərini həll edə bilmir.

Anarxiya və dözümsüzlk, ksenefobiya, irredentizmə (xalq, millət və etnosu vahid dövlət çərçivəsində birləşdirmək- red.) əsaslanan siyasətlər isə bəzi dövlətlər tərəfindən qəbul edilir ki, bu da etnik və milli separatizmin genişlənməsinə şərait yaradır. Dünya dövlətləri arasında qarşıdurmalara səbəb olan, separatizmə əsaslanan irredentist siyasətin həyata keçirilməsi müasir dünyada münaqişələrin yaranmasına təkan verən amil kimi xarakterizə olunur. Misal üçün, Ermənistan keçən əsrin 80-ci illərindən başlayaraq öz xarici siyasətində terrorizmi bir vasitə kimi istifadə edib. Ermənistanın regional siyasətini anlamağa kömək edən irredentizm siyasəti də, bir dövlətin sərhədyanı ölkələrdə yaşayan vətəndaşlarını bəhanə edərək yayılma strategiyası kimi başa düşülür. Əslində, Ermənistanın əsas məqsədi Azərbaycan torpaqlarını işğal etmək olub. Daha sonra isə erməni milliyyətçiliyinin əsası olan irredentist siyasətin davamı kimi "Böyük Ermənistan" xülyaları əsas məqsədə çevrilib. Qafqaz regionunda Ermənistan Azərbaycan torpaqlarını işğal etməkdən əlavə, ölkəmizdə bir sıra təxribatçı fəaliyyət də həyata keçirib. Ermənistanın kəşfiyyat xidməti və bir çox erməni terror təşkilatları sənaye mərkəzləri, nəqliyyat şəbəkələrini hədəf kimi seçərək Bakının, Gəncənin və digər şəhərlərin dinc əhalisinə qarşı terror fəaliyyəti törədib. Ermənistanın Azərbaycana və başqa ölkələrə qarşı terror fəaliyyətlərini həyata keçirən təşkilatlarla müxtəlif səviyyələrdə əməkdaşlıq etdiyini, müvafiq maliyyə dəstəyi göstərdiyini və bu təşkilatlara öz ərazisində təlimlər keçirilməsi üçün şərait yaratdığını təsdiq edən çoxsaylı faktlar var. Belə siyasət aparan Ermənistana qarşı Azərbaycanın güc tətbiqetmə hüququ beynəlxalq hüquqa müvcud olsa da, Azərbaycan tərəfi multikulturalizm siyasətini regionda uğurla həyata keçirərək sülhməramlı olduğunu dünyaya dəfələrlə sübut edib. Bu model çox geniş anlayışları özündə birləşdirməklə müxtəlif insan cəmiyyətlərini, orada gedən prosesləri tənzimləyir. Eləcə də, sözügedən model dar çərçivədən çıxaraq, dövlətlərarası, millətlərarası və dinlərarası münasibətlərin bir sıra cəhətlərini özündə birləşdirir.

Göründüyü kimi, dünyəvi xaos və qarşıdurmalar şəraitində multikulturalizmin Azərbaycan modeli bir çıxış yolu olaraq təbliğ olunur. Çünki multikulturalizm və tolerantlıq dəyərlərinin mövcud olduğu Azərbaycanda müxtəlif millətlərin, xalqların və konfessiyaların nümayəndələri əmin-amanlıq, qarşılıqlı əməkdaşlıq şəraitində yaşayır. Bu mənada, mövcud modelin Azərbaycanın milli sərvəti olması kimsədə şübhə yaratmır. Həm də, Azərbaycan multikulturalizminin əsas dayaq nöqtəsi yaxın və uzaq tariximiz olsa da, onun dövlət siyasəti kimi formalaşması azərbaycançılıq ideologiyası ilə bağlıdır. Beləliklə, Azərbaycanın multikulturalizm siyasətinin əsasını tolerantlıq, dözümlülük, birgəyaşayış və dialoq təşkil edir. O, bir siyasət olaraq etnik azlıqların, azsaylı xalqların digər qruplara məxsus dəyərlərinin də dominant xalq və dövlət tərəfindən müsbət qarşılanmasını, dözümlülüyünü tətbiq edir. Tolerantlığın sülhə şərait yaratdığı və bu mədəniyyətin bütün toplumlara yönləndirilməsi də, mövcud modelin tərkib hissəsidir. Multikulturalizm və tolerantlıq dəyərləri olan Azərbaycan modeli təkcə vahid bir xətdə deyil, etnik azlıqların, azsaylı xalqların adət-ənənələrinə, mənəviyyatına, mədəniyyətinə, dininə dözümlülüyünü özündə ehtiva edir. Multikulturalizmin Azərbaycan modeli mühüm funksional elementlərlə zəngin olmaqla yanaşı, ölkənin hüquqi dövlət kimi təqdimatına zəmin yaradır. Lakin bu modeli qoruyub-saxlamaq və yaşatmaq heç də asan başa gəlməyib. Müasir dünyada Azərbaycanı müstəqil bir dövlət kimi tanıtmaq tarixin keşməkeşlərindən onu qorumaq və hifz etmək bahasına başa gəlib. Tarixə nəzər salsaq, Azərbaycanın müxtəlif bölgələrində yaşayan milli azlıqların, etnosların, konfessiyaların dinc-yanaşı, qarşılıqlı hörmət və sülh şəraitində yaşamasının çoxəsrlik ənənəsini görə bilərik. Onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü, inkişafı, firavanlığı üçün apardıqları mübarizənin ümumi tarixi təcrübəsi də, ölkə daxilində və regional müstəvidə multikultural təhlükəsizlik mühitinin formalaşmasına xidmət edir.

Hazırda beynəlxalq aləmdə baş verənlərə nəzər salarkən, konkret bir nəticəyə gəlmək olur - insanların rifahı və sülh içində azad yaşaması üçün qarşıdurma gərək deyil. Sivilizasiyalararası dialoq, multikulturalizm dəyərləri insanlıq üçün daha faydalı nəticələr verə bilər. Azərbaycan multikulturalizmi isə bu baxımdan, beynəlxalq aləmdə bir təcrübə rolunu oynayır.

 

“Paralel”in Araşdırma Qrupu