Paralel. - 2018.- 28 avqust. - ¹ 144. - S. 10.

 

Tolerantlığın Azərbaycan modeli

 

Azərbaycan dünyaya sülh mədəniyyəti təqdim edir

 

 Qloballaşan dünyamızda dini və milli zəmində qarşıdurmaların artdığı bir dönəmdə, Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət siyasətinin tərkib hissəsi kimi özünü göstərir. Bunun nəticəsidir ki, bugün dünyada demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük xalqımızın çoxlarına örnək olan xarakterik xüsusiyyəti olaraq ortaya qoyulub və bu həqiqəti kimsə inkar edə bilməz. Azərbaycanda kilsə və sinaqoqların, xristian və yəhudi dini tədris müəssisələrinin sərbəst  fəaliyyət göstərməsi, onlara dövlət tərəfindən lazımi dəstək verilməsi buna əyani sübutdur.

Yaxın və Orta Şərqdə baş verən müharibələr, toqquşmalar təkcə bölgədaxili ölkələri deyil, həm də ümumbəşəri mədəniyyətləri, azad dəyərləri də məhv edir. Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, ayrı-seçkiliyə yol verilməsi, milli-dini dəyərlərdən siyasi, iqtisadi vasitə kimi istifadə edilməsi, bu ölkələrdə demokritiyanın və insan haqlarının vəziyyətindən nəticələr çıxarmağı vacib edir. Dünyanın bütün nöqtələrinə öz mənfi təsirini göstərən belə arzuolunmaz proseslərin fonunda, Azərbaycanda milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətinin təbliği və təşviqinin daha da genişləndirilməsi, bu mühitin qorunub saxlanması istiqamətində davamlı işlərin görülməsi heç şübhəsiz ki, ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Qloballaşan dünyamızda dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə Azərbaycanda multikulturalizm və  tolerantlığın dövlət siyasətinin tərkib hissəsi kimi qəbul olunması da, ölkəmizdə bəşəri sülhə xidmət edən bir mühitin mövcudluğundan xəbər verir. Bu da ondan irəli gəlir ki, multikulturalizm və tolerantlığ Azərbaycan xalqının genetik xüsusiyyətləri ilə bağlıdır. Ölkəmizdə yaşayan bütün dinlərə, eləcə də azsaylı xalqlara və etnoslara qarşı münasibəti də onun gen yaddaşından döğan tolerantlığın nəticəsidir və bu inkaredilməz bir həqiqətdir.

Bu da məlumdur ki, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də, öz növbəsində ölkənin bütün regionlarında dini sahə ilə bağlı aktuallıq kəsb edən mövzularda konfranslar, seminar-treninqlər təşkil edir, insanları bu yolla marifləndirməyə çalışır. Belə tədbirlərdə fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik, qarşıdurma, zorakılıq hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın gücləndirilməsi, cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədilə təbliğat və təşviqat işlərinə daha çox üstünlük verilir. Dini maarifləndirmə istiqamətində aparılan işlər həm də elektron və yazılı KİV, Dövlət Komitəsi tərəfindən hazırlanan elektron nəşrlər vasitəsilə də həyata keçirilir. Bu işlər milli-mənəvi dəyərlərimizin təbliği, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikultural ənənələrin inkişaf etdirilməsi baxımından çox önəmlidir. Bu baxımdan "Dövlət və Din" jurnalı, "Cəmiyyət və Din" qəzeti, "Space TV"-də yayımlanan "İnam" verilişi əhaliyə sağlam dini bilgilərin verilməsində böyük rol oynayır.

Şərqlə Qərbin yaxınlaşması, mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı anlaşması, multikultural və tolerant dəyərlərin qorunub saxlanmasının real nümunəsinə ölkə daxilində və xaricində aparılan işlər də əyani sübutdur. Belə işlərə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəni müxtəliflik, mədəniyyətlərarası dialoq kimi vacib sahələrdə apardığı işlər , həyata keçirdiyi layihələri, multikultural və tolerant mühitin qorunması yönündə reallaşdırılan mühüm işlçər kimi dəyərləndirmək lazımdır. Mehriban xanım Əliyeva Azərbaycana xas olan tolerantlıq və multikulturalizm dəyərlərinə sadiq qalaraq, müxtəlif xalqların mədəni və tarixi irsinin bəşəriyyətin vahid sərvəti səviyyəsinə qaldırılmasında yaxından iştirak edir.

M.Əliyevanın "Bu gün dünya qarşılıqlı anlaşma əsasında sivilizasiyaların dəyərlərinin qorunmasına və təşviqinə ciddi ehtiyac duyur" fikri, onun bütün fəaliyyətində öz əksini tapıb. Nəticədə, onun rəhbərliyi altında dünyada mədəni, tarixi və mənəvi irs obyektlərinin bərpası üzrə çoxsaylı layihələr həyata keçirilib. Belə layihələrə Romada qədim Marçellino və Pyetro katakombalarının, Versal sarayının parkında tarixi abidələrin, Fransanın Aşağı Normandiya regionunda 20-dək yerli kilsənin və Strasburq kilsəsində şüşə vitrajların bərpası, Luvr muzeyində İslam incəsənəti bölməsinin açılması daxildir. Bundan başqa, Fransada, paytaxt Parisdə Azərbaycanın daha yüksək səviyyədə təbliği üçün Azərbaycan Mədəniyyət Mərkəzinin açılması xüsusi əhəmiyyət kəsb edir.

Bu məqamda İkinci Dünya müharibəsində dağılan Berlin qəsrinin, Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının, Kapitoli Muzeyinin Filosoflar zalının bərpa olunmasına olan köməyi də qeyd etmək yerinə düşər. Həmçinin, Həştərxanda Müqəddəs Knyaz Vladimirə ucaldılan abidə də, ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət, dostluq münasibətlərinin qorunmasına və inkişafına xidmət edir. Bu və saysız-hesabsız digər işlər xalqlar arasında humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında böyük rol oynayır.

Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət dini icmalara daim maliyyə yardımı göstərir. Eləcə də dövlət hesabına məscidlərin, rus pravoslav, katolik və alban kilsələrinin, sinaqoqların təmir-tikintisi həyata keçirilir. Mədəniyyətlər və dinlərarası dialoqun, dini tolerantlığın gücləndirilməsi mövzusunda ölkədaxili və beynəlxalq tədbirlər də diqqətdən yayınmır. BMT-nin İnsan Hüquqları Komissiyasının din və etiqad azadlığı məsələləri üzrə xüsusi məruzəçisi ilə əməkdaşlıq davam etdirilir. Uşaq və gənclərə dini dözümlülüyün aşılanması məqsədilə aparılan "Dinlər uşaqlar üçün" beynəlxalq şəbəkəsi ilə əlaqələr davam etdirilir. Bundan başqa, mədəniyyətlərarası əməkdaşlığın, tolerantlığın, multikulturalizmirn qorunub saxlanmasında və inkişaf etdirilməsində dövlət qurumlarının, QHT və dini icmaların, mədəniyyət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi də, görülən işlərin tərkib hissəsidir. Qeyd etmək yerinə düşər ki, ölkəmizdə hər il keçirilən, vicdan və əqidə azadlığına həsr olunan tədbirlər dini tolerantlıq, müxtəlif dini baxışlı insanların qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Din vasitəsilə sülh mədəniyyəti, milli-dini dözümlülüyün təşəkkül tapması, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi müzakirələrlə, təkliflərlə, tövsiyələrlə və ən nəhayət, çoxsahəli tədbirlərlə gerçəkləşdirilə bilər. Bunun alternativ yolları yoxdur. Beynəlxalq tədbirlərdə fəal iştirak edən müxtəlif qurumlar, təşkilatlar, yüksək vəzifəli dövlət və din xadimləri, alimlər də çoxmillətli Azərbaycanda tolerantlığın hökm sürdüyünü, insan hüquq və azadlıqlarının müdafiə edildiyini, bu dəyərlərin hərtərəfli təmin olunduğunu diqqətə çatdırırlar. Vicdan azadlığı sahəsində, dini zəmində yarana biləcək problemlərin həlli, yanaşma fərqliliyinə görə mübahisələrin qarşısının alınması məqsədilə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, dini konfessiyaların, icmaların nümayəndələrinin iştirakı ilə "Tolerant cəmiyyət" şəbəkəsinin yaradılması təklifi də təqdir olunan hadisədir. Bütün tədbirlər isə ölkə Konstitusiyasında təsbit olunmuş normalara uyğun olaraq, müxtəlif dini konfessiyalar, irqi və etnik mənsubiyyətə malik insanlar arasında münasibətlərin tənzimlənməsinə, dostluq və birgəyaşayışın qorunub-saxlanmasına, bir sözlə, onların hüquqlarının təmin olunmasına xidmət edir. Bütün bunların fonunda, "Tolerantlığın ünvanı - Azərbaycan" devizinə ölkəmizdə yaşayan hər bir millət və xalqın, etnosların ürəklə qoşulduğu şəksizdir.

Nəticədə, dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğu, dini dözümlülük, tolerantlıq mədəniyyəti mövcud olan Azərbaycanda radikalizmin, ekstremizmin, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafatın, cəhalətə səbəb olan amillərin qarşısının alınması vacibdir. Bu baxımdan, milli-mənəvi, tolerant və multikultural ənənələrin yaşadılması, belə bir cəmiyyətin formalaşdırılması üçün bütün qurumların və təşkilatların üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət və görülən işlər, reallaşan layihələr isə hamımızın vahid evi - Azərbaycanın gələcəyi üçündür. Orda isə təkcə azərbaycanlılar deyil, müxtəlif xalqlar, milli azlıqlar, etnoslar azad və müstəqil yaşayır ki, yaşadılan ənənələr də, məhz multikultural və tolerant mühitin nəticəsidir. Dünyanın qibtə etdiyi məqamlardan biri isə odur ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun hər üçünün dini dözümlülük və tolerantlıq şəraitində fəaliyyət göstərdiyi, əməkdaşlıq etdiyi, müxtəlif din mənsublarının ayrı-seçkilik halları ilə qarşılaşmadığı azsaylı ölkələr sırasındadır.

 

“Paralel”in Araşdırma Qrupu