Paralel. - 2018.- 17 avqust. - ¹ 142. - S. 10.

 

Azərbaycanda heç vaxt irqi-ayrıseçkilik hallarına rast gəlinməyib

 

Çində uzun saqqallı insanların ictimai nəqliyyat vasitələrdən istifadəsinə qadağa qoyulub

 

 Biz Azərbaycan dövlətinin və xalqının multikulturalizm və tolerant dəyərlərə münasibətinidən çıxış edərək deyə bilərik ki, müasir dünyamızda terrorun, müxtəlif növ dini, irqi və milli qarşıdurmaların, münaqişələrin qarşısın ala biləcək yeganə yol, dözümlülükdən və multikulturalizmin inkişaf etdirilməsindən keçir.

Qloballaşmanı vazkeçilməz bir proses kimi qəbul ediriksə, bəşəri birgəyaşayışın da bu prosesin ən vacib elementlərindən bir olduğunu qəbul etməliyik. Dünyada mövcud olan bütün xalqların və dinlərin birgəyaşayışı və bir-birilərinə qarşı tolerant münasibətlərin yaranmasının ən vacib elementi də mültikulturalizmin inkişaf etdirilməsidir. Bir şeyi də xüsusi qeyd etmək lazımdır ki, multikulturalizmin mövcud olmadığı cəmiyyətlərdə demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının mövcudluğuna da şübhələr yaranır.

Son zamanlar bəzi Avropa ölkələrində baş verənlər də, bunu deməyə əsas verir ki, özlərini demokratiyanın beşiyi hesab edən bu dövlətlərdən bir çoxu müxtəlif səbəblər üzündən multikulturalizmin iflasa üğradığı iddiasındadırlar. Lakin, artıq təsdiq olunmuş faktdır ki, ortada bütün dünyaya nümunə ola bilicək, multikulturalizmin Azərbaycan modeli var. Əhalisinin 90 faizinin islam dini inanclarının daşıyıcıları olan bu dünyəvi dövlətdə, həm də 30-dan çox azsaylı xalqların və etnosların nümayəndələri dinc yanaşı yaşayırlar. Və ən maraqlısı odur ki, tarixin heç bir dönəmində bu ölkədə nə dini, nə də milli zəmində qarşıdurmalar baş verməyib. Bu Azərbaycan xalqının, həm də  dövlətinin ölkəmizin ərazisində yaşayan azsaylı xalqlara, etnoslara, eyni zamanda bu insanların dini inaclarına dözümlü münasibətin nəticəsidir.

Lakin çox təəssüflər olsun ki, ölkəmizdə bütün bunları görməzdə gələn, guya Azərbaycanda insan hünunlarının pozulması ilə bağı xarici ölkələrdən, ələlxüsus da ABŞ-dan kömək diləyən(dilənən desək daha doğru olar) quvvələr də var. Ancaq bu insanlar yaddan çıxarırlar ki, onların hüquqlarını qorumasını xahiş etdikləri ABŞ-da polis təkcə ötən ayda 100-dən çox insanı güllələyib, əksəriyyəti də qaradərili. Bu ölkədə irqi ayrı-seçkilik, insan hüquqlarının pozulması halları daha çox baş verir. Son zamanlar ABŞ-da polis zorakılığına qarşı keçirilən etiraz aksiyaları da bunu bir daha təsdiq edir. Fikirimizcə bizdən demokritiya, insan hüquqlarının qorunmasını tələb edən o insanlar elə bu ilin son 3 ayında ABŞ-da insan hüquqlarının pozulmasına, zorakılığa aid statistikaya baxıb sonra danışsalar yaxşı olar.

Əgər biz son yarım əsrin irqi ayrıseçkiliklə bağlı qanlı toqquşmalar tarixinə nəzər yetirsək, daha ağır nəticələrin keçən əsrin altmışıncı-yetmişinci illərində Amerikada müşahidə olunduğunu görərik. Ağdərililər tərəfindən diskriminasiyaya məruz qalan qaradərililərin qətli, onlara qarşı tətbiq olunan amansız qaydalar, hər gün baş verən qarşıdurmalar nəticəsində minlərlə, onminlərlə insan qətlə yetirilib, işgəncələrə məruz qalıb, həbsxanalara atılıb. Həbsxanaya atılanlarından biri də, öz xalqının tapdanan hüquqları uğrunda mübarizə meydanına çıxan gənc Martin Lüther Kinq olub. Onun həbs olunmasının səbəbi, avtobusda yerini ağdəriliyə verməməsi olub, qanunla o, yerini ağdəriliyə verməli idi. Bu hadisədən sonra Kinq haqsızlıqlara qarşı mübarizəni genişləndirərək, "Montgomery Avtobus" boykotunu təşkil edir. Bir ildən artıq sürən həmin boykotdan sonra durum o qədər gərginləşir ki, Kinqin evini bombalayırlar və o, yenidən həbs olunur. Boykot isə Amerika Ali Məhkəməsinin əyalətlərarası avtobuslarda və digər nəqliyyat vasitələrində irqi ayrıseçkiliyi qanundankənar etməsinə qədər davam edib. Kinq qaradərililərin səs hüququ, ayrıseçkiliyin sona çatması, əmək hüquqları və başqa təməl haqlar üçün nümayişlər təşkil edir. Kinqin zəhməti nəhayət ki nəticə verir. Bütün bu haqlar 1964-cü ildə qəbul olunan "Vətəndaş Haqları Qanunu" və 1965-ci ildə qəbul olunan "Səsvermə Hüququ Qanunu" ilə Amerika hüququnun bir parçası olur.

Bu, tarixdən ibrət alınacaq bir örnəkdir. Lakin çox təəssüflə də olsa qeyd etməliyi ki, bənzər hadisələr bu gün Çində baş verir və bütün dünya seyrçi olaraq susur. Bu yaxınlarda Çinin Sincan vilayətində eyni ilə Amerikanın 60-70-ci illərini xatırladan qadağalar qüvvəyə minib. İllərdən bəri inanılmaz zorakılıqların baş verdiyi bu bölgə əhalisinin əksəriyyətini müsəlman uyğurlar təşkil edir və həmin qadağa uyğurların qəzəbinə səbəb olub.

Yeni qaydalara görə, uzun saqqallı insanların ictimai nəqliyyat vasitələrdən istifadəsinə qadağa qoyulub. Eyni zamanda, hicab və çadra kimi ənənəvi müsəlman baş örtüklü qadınların da avtobuslardan istifadəsinə icazə verilmir.  Yeni qaydalar Karamay şəhərində tətbiq edilməyə başlayıb. Dövlətin nəzarətində olan "Karamay Daily" bildirib ki, qaydalara yoxlama komandası nəzarət edəcək. Əgər sərnişinlər bu qadağaya əməl etməsə, onlar polisə təhvil veriləcək. Qəzet yazır ki, bu qadağa avqustun 20-də başa çatacaq idman yarışı zamanı təhlükəsizliyi təmin etmək məqsədi ilə tətbiq edilir.

Çində uyğur türklərinin yaşadığı ərazilərdə zorakılıqların baş alıb getməsi, heç də yeni xəbər deyil. İllərdir bu bölgədə işgəncə görən və qəddarlıqla öldürülən uyğurların sayı onminləri keçib.

Uyğurların kompak şəkildə məskunlaşdıqları Doğu Türküstanda Ramazan ayında orucu yasaqlayan hökumətin hava və qurudan həyata keçirdiyi hərbi əməliyyatları nəticəsində 2 uyğur kəndi xəritədən silinib. Burada qətlə yetirilən insanların sayının 5 min nəfərdən çox olduğu bildirilir. Bu insan qırğını son 20 ilin ən böyük qətliamı hesab edilir. Bayramın birinci günü Yarkənt bölgəsində başı örtüklü qadınlara edilən hücum sonradan böyük bir etiraza çevrilib. Etiraz nümayişlərinə silahla cavab verən Çin gücləri qırğın törədib. Qeyd edək ki, Çin hökuməti həm də burada oruc tutmağı, namaz qılmağı, Həccə getməyi, məscidlərdə ibadəti qadağan edib. Bu qaydaları pozanlar pul və ya həbs cəzası ilə cəzalandırılırlar. 2009-cu ildə basqılara qarşı Urumçidə başlayan etirazlar amansızcasına yatırılıb və 5 mindən artıq uyğur öldürülüb.

Doğu Türküstan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Seyit Tümtürkise deyib: "Çin hökuməti bizə bayramı zəhər etdi. Dünyanın heç bir yerində olmayan oruc yasağı Doğu Türküstanda yaşandı və bu zulmü dünya görmədi. Dünya səssiz qalınca Çin höküməti tamam azğınlaşdı..."

Məlumat üçün bildirək ki, 1933-cü və 1944-cü illərdə iki cümhuriyyət quran Doğu Türküstan bölgəsi, 1949-cu ildə Çin  tərəfindən işğal edilib. 1955-ci ildə onlara muxtariyyat statusu verilərək, "Sincan Muxtar Bölgəsi" adlandırılıb. Doğu Türküstanda 1985-ci ildən bəri tətbiq olunan qaydalara görə şəhərdə yaşayanlara 1, ucqarlarda yaşayanlara 2 uşaq sahibi olmaq icazəsi verilir. Hətta Çinin bu bölgədə nüvə sınaqları apardığı barədə söylənilənlər də, bu məlumatlar arasında xüsusi yer tutur.

Bildiyiniz kimi, BMT-nin İnsan Hüquqları Şurasının 38-ci sessiyası çərçivəsində Azərbaycan, Braziliya, Kosta-Rika, Peru və Haitinin Cenevrədəki BMT Ofisi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə "Afrika mənşəli şəxslərin hüquqlarının təşviqi ilə bağlı BMT Bəyannaməsinə doğru" adlı tədbir keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı Zeid Raad Əl-Huseynin açılış nitqi ilə başlayan tədbirdə BMT-nin İrqi Ayrıseçkilik üzrə xüsusi məruzəçisi Tendayi Achiume, Afrika mənşəli şəxslərin hüquqları üzrə BMT İşçi Qrupunun sədri Miclal Balcerzak və BMT-nin İrqi Ayrıseçkilik üzrə Komitəsinin sədr müavini Pastor Murillo panelist qismində çıxış edərək Afrika mənşəli və qaradərili şəxslərə qarşı dünyanın müxtəlif bölgələrində müşahidə olunan ayrıseçkilik hallarına dair təqdimatlar ediblər.

Tədbirin həmtəşkilatçısı qismində Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyinin 1-ci katibi Yalçın Rəfiyev çıxış edərək, Afrika mənşəli şəxslərə qarşı ayrıseçkiliyin aradan qaldırılmasının və həmin qrupa mənsub olan şəxslərin sosial inkişafının təmin edilməsinin ən mühüm yollarından biri kimi onlara ödənişsiz təhsil imkanlarının yaradılması olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycanın müsbət təcrübəsini xatırladan Y.Rəfiyev, hazırda Afrikanın bir sıra ölkələrinin dövlət rəhbərlərinin və Cenevrədə akkreditə olunmuş Səfirlərinin Azərbaycanda təhsil aldqlarını qeyd edib. Hazırda da bu təcrübənin Azərbaycan hökuməti və Heydər Əliyev Fondu hesabına davam etdirildiyi və Afrika ölkələrindən gələn tələbələrə xüsusi təhsil təqaüdlərinin ayrıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bir müddət bundan əvvəl Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) arasında Anlaşma Memorandumunun imzalandığı və həmin Memoranduma əsasən, 2018-2022-ci illərdə 15 nigeriyalı tələbənin BANM-də təhsil alacağı qeyd edilib.

Biz yenə də öz fikrimizdə qalırıq ki, bəşəriyyətdə bigəyaşayışın ən mükəmməl forması multikulturalizmin Azərbaycan modelidir. Bu gün bütün sivil dövlətlər əgər dünyada sabitliyin qorunmasını istəyirlərsə, bu modeldən istifadə etməlidirlər.

 

 “Paralel”in Araşdırma Qrupu