Paralel. - 2018.- 14 avqust. - ¹ 140. - S. 10.

 

Separatizmin yaratdığı etnik münaqişələr bir sıra ölkələrin ərazi bütövlüyünə  təhlükələr yaradır

 

Azərbaycanın bütün səylərinə baxmayaraq, Ermənistan münaqişənin həllində konstruktiv mövqe nümayiş etdirmir

 

 Sizə etnik və dini münaqişələr və onların törətdiyi fəsadlardan söz açacağıq. Multikülturalizmin həyat tərzinə çevrildiyi və dövlət səviyyəsində dəstəkləndiyi ölkəmizdən fərqli olaraq, bir çox dünya dövlətlərində bu gün də etnik və dini zəmində qarşıdurmalar davam edir.

Bu da açıq etiraf olunmalıdır ki, daxili siyasi münaqişələrin böyük əksəriyyəti etnosların status uğrunda mübarizələri ilə bağlı olur. Münaqişə ocaqları olan dövlətlərin tərkibində yaşayan hər bir etnos hesab edir ki, məhz siyasi hakimiyyətdə təmsil olunmaqla və ya hakimiyyətə hər hansı təsir vasitələrinə malik olmaqla maraqlarını təmin edə bilərlər. Əksər hallarda isə etnoslar çıxış yolunu birmənalı olaraq "mərkəzdən qopmaqla", "suverenlik" əldə etməkdə görürlər. Lakin, belə suverenlik, adətən, bütövlükdə etnosun maraqlarına xidmət etmir. Ermənilərin Azərbaycana qarşı irəli sürdükləri iddiaları və mövcud reallığı buna misal göstərə bilərik. Suverenlik iddiasında olan və Dağlıq Qarabağ ərazisində məskunlaşan ermənilər, bu gün bütün imkanlarından məhrum olaraq acınacaqlı halda yaşayırlar. Tarixi müşahidələr də göstərir ki, bu tip suverenlik müəyyən bir qrupun hakimiyyətə yiyələnməsinə xidmət edir. Eyni zamanda, etnosların suverenlik uğrundakı mübarizələrinin əsasını, bir qayda olaraq, separatçı hərəkatlar təşkil edir. Separatizmin yaratdığı etnik münaqişələr dünyanın müxtəlif guşələrində yerləşən bir sıra ölkələrin ərazi bütövlüyünə və hətta onların mövcudluğuna belə təhlükələr yaradır. Məsələn, Sovet rejiminin  dağılmasına səbəb olan prosesdə də etnik münaqişələrin rolu aydın görünürdü. Buna görə də, bəzi analitiklər qeyd edirlər ki, Kvebekdəki fransız separatçıları, İspaniyadakı basklar və ya Tunisdəki husi separatçıları bu ölkələrin dağılması ilə nəticələnə biləcək zəncirvarı reaksiyaya səbəb ola bilərlər. Yuqoslaviyada baş verən ən böyük və acınacaqlı hadisələr haqqında xəbərlərin başlıqlarını tutan etnik münaqişədən fərqli olaraq, Ruandada və Azərbaycanın Dağlıq Qarabağ və onun ətraf rayonlarında münaqişə görünməmiş miqyas aldı nəticədə Ermənistan və Qarabağ bölgəsində azəri-türklərin növbəti soyqırımıyla nəticələndi.

Bütün bunlar onu deməyə əsas verir ki, etnik azlıqların ayrı-seçkiliyə məruz qalması, dövlət sərhədlərinin etnik qrupların həqiqi məskunlaşma arealı ilə  üst-üstə düşməsi də, etnik münaqişələrin yaranmasına səbəb olan faktorlara aid edilir.

Onu da qeyd etmək lazımdır ki, daxili etnik münaqişələrə kənar resursların müdaxilə etməsi daha böyük, mütəşəkkil və zorakı etnik hərəkatların yaranmasına səbəb olur. Bunun fəsadları münaqişənin uzanması və ağırlaşması, bir çox hallarda vətəndaş müharibəsinə çevrilməsi və danışıqlar yolu ilə məsələnin həll olunma ehtimalını azaldır.

Bunu biz Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də açıq şəkildə görürük. Azərbaycanın bütün səylərinə baxmayaraq, Ermənistan münaqişənin həllində konstruktiv mövqe nümayiş etdirmir, əksinə onun uzadılması üçün müxtələf bəhanələr uyduraraq danışıqlardan kanarda durmağa çalışır.

Etnik konfliktlərin regional dinamikası, fərqli cəhətlərə malik olmalarına baxmayaraq, digər sosial münaqişələrin regional dinamikası ilə eynilik təşkil edir. Yəni bütün digər münaqişələr kimi, daxili etnik münaqişələrin də inkişafı zaman və məkan müstəvisində dəyişir, bütün münaqişələr üçün universal olan inkişaf mərhələlərini keçir. Sadəcə siyasi və sosial-psixoloji xüsusiyyətlərindən asılı olaraq, müxtəlif münaqişələr bu inkişaf mərhələlərini fərqli templərlə keçirlər. Bu baxımdan, daxili etnik münaqişələrin inkişaf mərhələləri bir çox amillərdən asılı olur. Belə amillər içərisində ən vacibi kimi münaqişənin baş verdiyi konkret cəmiyyətin tarixini və siyasi-hüquqi mədəniyyətini göstərmək olar.

Müşahidələrimizi etnik münaqişələrin daha geniş vüsət aldığı Yaxın Şərq, Cənubi Qafqaz, eləcə də Avropanın bir çox bölgələri üzrə davam etdirsək, daxili etnik münaqişələrin yaratmış olduğu fəlakətli vəziyyəti bir daha aydın görmək olar.

XXI əsrin əvvəllərində etnosiyasi münaqişələr bəzi coğrafi regionlarda daha çox diqqəti cəlb etməkdədir. Çoxsaylı silahlı qarşıdurmalar Yaxın və Orta Şərq, həmçinin SSRİ-nin süqutundan sonra Şimali və Cənubi Qafqaz regionlarında, Cənub-Şərqi Asiyada, Mərkəzi Afrikada özünə yer etdi.

Bildiyiniz kimi, Yaxın və Orta Şərqdə 50 ildən çoxdur ki, ciddi siyasi və hərbi təlatümlər baş verir. Məhz son bir neçə ildə "Ərəb baharı" adlanan prosesin başlaması da, regionun özünəməxsusluğunu göstərir. Əlbəttə ki, buraya tarixi İsrail-Fələstin problemini, son illərdə ABŞ və müttəfiqləri tərəfindən İraqın işğalını və Suriya problemini də əlavə etsək, problemin dinamikasını daha aydın şəkildə canlandırmış olarıq.

Onu da qeyd edək ki, Yaxın və Orta Şərq regionunda daxili etnik münaqişələr ABŞ-da 11 sentyabr terror aktlarından sonra yenidən "gündəmə gəldi".

 

Bununla belə, Ərəb üsyanlarının səbəbləri kimi göstərilən iqtisadi durğunluq, korrupsiya, işsizlik, sosial qeyri-bərabərlik, yoxsulluq kimi amillərin araşdırılması, onların baş verən hadisələri izah etmək üçün yetərli olmadığını ortaya çıxardı. Məlum oldu ki, Misirdə Mübarəkin hakimiyyəti illərində ölkə iqtisadiyyatı artan xətt üzrə inkişaf edib. Mübarəkin hakimiyyətinin son illərində, 2004-cü ildə formalaşdırılan islahata meyilli hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində hətta dünya iqtisadi böhranı zamanı da, bu inkişaf tempi davam edib. Oxşar inkişaf göstəriciləri Tunisdə və Liviyada da müşahidə olunur. Belə ki, Liviyada ÜDM-in adambaşına düşən həcmi 12 min dollara yaxın olub. Bu mənada təsvir olunan sosial-iqtisadi durumun təhlilini ümumiləşdirərək belə nəticəyə gəmək olar ki, dünya iqtisadi böhranının təsiri nəticəsində iqtisadi vəziyyəti həssas olan əhalinin daha da yoxsul vəziyyətə düşməsi etnik münasibətlərin gərginləşməsinə və bu gərginliyin nəticəsi kimi regional münasibətləri təhdid etməyə gətirib çıxarıb.

Buna görə də, Yaxın Şərqdə baş verən hadisələrin ilk səbəbini geosiyasi amillərdə axtarmaq lazımdır.  Digər mühüm amil beynəlxalq münasibətlərdə islam amilinin xüsusi aktuallıq kəsb etməsi ilə bağlıdır. Məlumdur ki, XX əsrin əvvəllərində 150-170 mln. insan islam dininə mənsub idi. Bu, o zaman dünyanın ümumi əhalisinin ondabiri idi. Müasir dünyada 1,5 mlrd. müsəlman yaşayır. Bu, dünya əhalisinin dörddəbiridir. İran inqilabından (1979) sonra aktuallaşan islam amili müasir beynəlxalq münasibətlərdə də önəmli rol oynayır. Qərbin siyasi-elmi mühitində Yaxın Şərq həmçinin beynəlxalq terrorizmin qida mənbələrindən biri kimi təsnif olunur və bu baxımdan da, həmin region beynəlxalq siyasi fəallığın xüsusi diqqət mərkəzinə keçib. Daha bir amil Avropaya olan miqrasiyanın mühüm hissəsinin Yaxın Şərqdən olan müsəlman miqrantların təşkil etməsidir. Avropa İttifaqı daxilində islamın ideoloji və sosial-siyasi rolunun artması da, Yaxın Şərqə diqqətin artırılmasını zəruri edir.

Qeyd olunan amillərlə yanaşı, beynəlxalq sistemin strukturunu təşkil edən elementlərdə mühüm irəliləyişlərin baş verməsi də, regiona olan baxışlarda və yanaşmalarda dəyişiklikləri şərtləndirir.

Londonun Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun "Hərbi balans - 2012" adlı illik hesabatında bildirilir ki, 2012-ci ildən Suriyada vəziyyət yavaş-yavaş üsyançıların xeyrinə dəyişməklə yanaşı, region dövlətləri üçün təhlükəli bir vəziyyət yaradıb. Məlumatların təhlilindən göründüyü kimi, Suriyada 2011-ci ildən başlayan daxili gərginlik beynəlxalq miqyasda da, ciddi narahatlıq predmetinə çevrilib.

Daxili etnik konfliktlərin regional dinamikasının xarakterik cəhətlərindən biri də, münaqişənin əsas subyektlərindən başqa, əvvəldə qeyd etdiyimiz kimi, digər dünya dövlətlərinin də prosesdə yaxından iştirak etməkdə maraqlı olmalarıdır. Belə olan halda dünya siyasi müstəvisində ümumi bir münaqişə zənciri yaranmış olur. Məsələn, biz dediklərimizi Balkan regionunda, Yaxın Şərq, Cənub-Şərqi Asiya, eləcə də MDB məkanının bir çox dövlətlərində müşahidə edə bilərik. Avropanın beş böyük yarımadasından biri olan Balkan yarımadası Mərkəzi Avropaya və Aralıq dənizinə qədər uzanan geostrateji mövqeyi ilə əsrlər boyu olduğu kimi, bu gün də geosiyasi baxımdan beynəlxalq platformalarda əhəmiyyətini mühafizə etməkdədir. Avropanın geosiyasi mərkəzlərindən biri olması, Asiya və Afrikaya coğrafi yaxınlığı və Avropadan Orta Şərqin zəngin yeraltı ehtiyatlarına gedən tranzit yollarının keçid nöqtəsində yerləşməsi bu regionun daima maraq mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Son illərdə Qərbi Balkan regionunda cərəyan edən proseslər, regionun geostrateji mövqeyi və Avropa məkanındakı geosiyasi roluna baxmayaraq, burada yeni iğtişaş və iqtisadi problemlərin davam etdiyini sübut edir.

Biz daxili etnik konfliktin regional dinamikası haqqında fikirlərimizi ümumiləşdirərək, qeyd edə bilirik ki, daxili etnik münaqişələr əvvəla dövlətin zəifləməsinə gətirib çıxarır. Daxili etnik münaqişələrin nəticələri, adətən, cəmiyyətin bütün sahələrinə nüfuz edir. Gərginliyi etibarilə ölkə sərhədlərini aşaraq qonşu dövlətləri daim təhdid edir, regional sülh və təhlükəsizliyin bərpasında ciddi əngəllər törədir.

Bütün qeyd olunanları öz uzaqgörənliyi ilə hiss edən, ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdışının ilk günündən ölkəmizdə etnik münasibətlərin tənzimlənməsi üçün çox böyük addımlar atdı və bununla da baş verə biləcə vətəndaş müharibəsinin, qardaş qırğının qarşısını ala bildi. Ulu öndərin uzaqgörən siyasətinin İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın bir çox bölgələrində multikulturalizmin və toleratlığın mərkəzi kimi tanınır.

 

“Paralel”in Araşdırma Qrupu