Paralel. - 2018.- 14 avqust. - ¹ 140. - S. 13.

 

Azərbaycanda multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi dövlətin əsas prioritetlərindən biridir

 

Etnik müxtəliflik ölkəmizdə fərqli mədəniyyətlərin, dillərin qavranılması bacarığını artırıb, tolerantlığı formalaşdırıb

 

 Müasir Azərbaycan dövləti mədəniyyətlərarası dialoq prosesində özünəməxsus mövqeyi ilə seçilir. Ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət və mehriban qonşuluq şəraitində, bir ailənin üzvləri kimi yaşayıblar.

Bu ali xüsusiyyət bugünümüzədək qorunub saxlanıb. Hazırda çoxmillətli, çoxkonfessiyalı Azərbaycan Respublikasında dini etiqad azadlığı tam təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Xalqımızın gen yaddaşından süzülüb gələn dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir. Tarixin bütün dövrlərində ölkəmizdə bizim bu gün multikulturalizm adlandırdığımız sosial münasibətləri, tolerantlığı və dözümlülüyü şərtləndirən, çağdaş dövrümüzdə, dünyanın bir sıra ölkələrinə hava və su kimi lazım olan çoxsaylı amillər mövcud olub. Bu amillərdən dinc birgəyaşayış ənənələrini, tolerantlığı, qarşılıqlı hörmət və ehtirama söykənən köklü birgəyaşayış münasibətlərini örnək göstərmək olar. Bu gün ölkəmizdə, yüksək dəyərlərə sahib olan multikultural cəmiyyət formalaşıb. Bu da səbəbsiz deyil. Azərbaycan dövləti istər ölkə daxilində, istərsə də ölkə xaricində multikulturalizmin, dini tolerantlığın təbliği istiqamətində çoxsaylı tədbirlər keçirir, multikulturalizmin Azərbaycan modelinin təbliği və təşviqi üçün böyük işlər görür ki, bu da öz müsbət nəticələrini verir.

O da məlumdur ki, öz tarixinə, mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşan xalq, eyni münasibəti fərqli mədəniyyətlərə də göstərməlidir. Bu, müxtəlif mədəniyyətlərin nümayəndələri arasında sağlam və möhkəm əlaqələr yaratmaqla yanaşı, hər bir xalqın öz mədəniyyətini qoruyub-saxlamasını da təmin edir. Qloballaşan dünyamızda bu məsələ böyük aktuallıq kəsb edir. Azərbaycan xalqının zəngin mənəvi-mədəni dəyərlərinin, mədəniyyətinin qorunması və inkişaf etdirilməsi məqsədilə multikulturalizm siyasətinin həyata keçirilməsi dövlətin əsas prioritetlərindən biridir. Ümumbəşəri xarakter daşıyan multikultural və tolerant dəyərlər ölkəmizdə qorunur və təbliğ edilir. İstər ziyalılar, istər də din xadimləri, cəmiyyətdə etnosların, dinlərarası tolerant münasibətlərin inkişafı üçün daha fəal çalışmalıdırlar. Bu böyük və əhəmiyyətli işdə, cəmiyyətin bütün təbəqələrini təmsil edən insanlar da yaxından iştirak etməlidirlər. Azərbaycanın dövləti maraqlarını, milli və dini birliyini möhkəmlətmək üçün bütün sahələrdə ciddi işlər aparılmalıdır.

Bu mənada, Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Belə layihələrdən biri də, artıq ənənəyə çevrilən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ildə iki dəfə təşkil etdiyi Beynəlxalq Multikulturalizm qış və yay məktəbləridir. Bu layihənin məqsədi Azərbaycan multikulturalizmini öyrənən tələbələrin nəzəri şəkildə öyrəndiklərini ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə "Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi" adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə 2018-ci ilin 29 iyul tarixində start verilib.

Yay Məktəbində Azərbaycan, Gürcüstan, Hindistan, Latviya, İsrail, Moldova, Yaponiya, Qazaxıstan, Rusiya, Rumıniya, Almaniya, Belorus, Xorvatiya, Bolqarıstan, Kolumbiya, Ekvador, İndoneziya, Serbiya, Portuqaliya, Slovakiya, Tacikistan, Monteneqro, Çexiya, Ukrayna, İtaliya, Türkiyə, Fələstin, Meksika, Çin, Estoniya kimi ölkələrin aparıcı universitetlərindən 35 tələbə iştirak edib.

Yay məktəbi çərçivəsində iyulun 31-də Oğuzda AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədovun "Azərbaycanda etnik müxtəliflik" mövzusunda mühazirəsi dinlənilib. F.Əsədov bildirib ki, etnik müxtəlifliyi ilə fərqlənən Azərbaycanda bu mühiti formalaşdıran cografi məkan və tarixi vəziyyət movcud olub. Etnik müxtəliflik ölkəmizdə fərqli mədəniyyətlərin, dillərin qavranılması bacarığını artırıb, tolerantlığı formalaşdırıb. Şöbə müdiri Oğuz rayonunun tarixi barədə məlumat verərək bildirib ki, burada qədim xalqın nümayəndələri - udilər yaşayırlar. Udilərin tarixi abidələri və məbədləri də dövlət tərəfindən qorunub saxlanılır.

Rusiyanın Ural Federal Universitetinin professoru Aleksandr Nesterov isə öz mühazirəsində bildirib ki, ənənəvi olan Azərbaycan multikulturalizmi ölkədə uğurla həyata keçirilir və burada müxtəlif etnik, konfessional qruplar sülh şəraitində birlikdə yaşayırlar.

Yay məktəbinin iştirakçıları avqustun 3-də İsmayıllıya gəliblər. Onlar Heydər Əliyev Mərkəzində BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil və RİH başçısı Mirdaməd Sadıqovla görüşüblər. Akademik K.Abdullayev çıxış edərək Azərbaycanın qədim və zəngin tarixə, multikulturalizm ənənələrinə malik bir ölkə olduğunu, bu gün multikulturalizmin dövlət siyasətinə çevrildiyini diqqətə çatdırıb. O, qeyd edib ki, Azərbaycan xalqı sülhsevərdir və ölkəmizdə çox sayda azsaylı xalqlar və etnoslar dostluq şəraitində yaşayırlar. Dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzulidən söz açan natiq, o böyük mütəfəkkirin Allaha müraciətini sitat gətirib. M.Füzuli yazıb: "Sən mənə elə bir imkan ver ki, mən bütün dünya insanlarının qəmini özüm çəkim". Bu, multikultural təfəkkürə malik bir Azərbaycan şairinin sözləridir.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil çıxışında vurğulayıb ki, Azərbaycan bir çox etnik azlıqların azad yaşadığı ölkədir. O, qeyd edib ki, Azərbaycan multikulturalizm dəyərlərinin öyrənilməsi xarici ölkə gəncləri üçün çox faydalıdır. Yay məktəbinin iştirakçıları təəssüratlarını bölüşərək, multikulturalizmin Azərbaycan modelinin dünya üçün nümunə olduğunu bildiriblər.

Yay məktəbinin iştirakçıları malakanların yaşadığı İvanovka kəndində olublar. Onlar folklor qruplarının çıxışlarını dinləyiblər.

Yay Məktəbinin iştirakçıları avqustun 7-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar. BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov deyib ki, VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları bu günlər ərzində Azərbaycanın qədim tarixi və mədəniyyəti haqqında dolğun məlumatlar əldə ediblər, ölkəmizin multikultural mühiti ilə yaxından tanış olublar. Layihə iştirakçıları həmçinin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində və Qafqaz Müsəlmanları İdarəsində olublar.

Prezident Administrasiyası millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Yay Məktəbi iştirakçılarının paytaxta və Qəbələ, İsmayıllı, Oğuz, Şəki şəhərlərinə səfərlərinin onlarda xoş təəssüratlar yaratdığına əminliyini bildirib. O qeyd edib ki, iştirakçılar ölkəmizdə qaldıqları müddətdə burada mövcud olan multikulturalizm ənənələri barədə geniş biliklər əldə etmək imkanı qazanıblar.

Multikulturalizmin daxili siyasətdə rolundan danışarkən qeyd etmək lazımdır ki, bu model ölkədə dini əlaqələrin tənzimlənməsində mühüm amildir. Azərbaycan bu sahədə böyük uğur qazanıb. Azərbaycanda dini azadlıq tam təmin olunub. Azərbaycan əhalisinin 90 faizindən çoxu müsəlman olsa da, burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Dövlət bütün dinlərə lazımi yardımlar, o cümlədən, maliyyə yardımı göstərir.

Yay Məktəbinin başa çatmasıyla bağlı avqustun 8-də tədbir keçirilib. BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov çıxışında bildirib ki, BBMM yarandığı gündən prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırır. Bu layihələrdən biri də, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləridir. R.Həsənov deyib ki, layihədə 30-dan çox ölkədən 40-a yaxın gənc iştirak edir. İştirakçılar yerli əhali, dini icmalar və din xadimləri ilə görüşüb, tarixi abidələrlə tanış olublar. Gənclər auditoriyada aldıqları nəzəri bilikləri praktik biliklərlə möhkəmləndiriblər.

Akademik K.Abdullayev qeyd edib ki, layihə çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan gənclər bir araya gələrək Azərbaycan haqqında biliklərini möhkəmləndirir, ölkəmizdəki multikultural, tolerant mühitlə yaxından tanış olur, həmyaşıdları ilə ünsiyyət qururlar.

PA millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov isə bildirib ki, multikulturalizm cəmiyyətdə mövcud olan etnik, dini, irqi və mədəni müxtəlifliklər arasında əlaqələrin tənzimlənməsində mühüm rol oynayır.

Tədbirir sonunda Yay məktəbinin iştirakçılarına sertifikatlar verilib. Daha sonra isə yay məktəbinin iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Beləliklə, dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq, xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi kurs uğurla həyata keçirilir.

 

 “Paralel”in Araşdırma Qrupu