Paralel. - 2018.- 9 avqust. - ¹ 138. - S. 10.

 

Siyasi radikalizm multikulturalizm və tolerantlıq ruhuna və fəlsəfəsinə uyğun deyil

 

Azərbaycan dini radikalizmin çiçəkənməsi üçün heç bir münbit şərait olmayan ölkələrdən biridir

 

 Bu gün biz sizə bir daha dini radikalizmdən, onu yaradan səbəblərdən və nəticələrdən söz açmaq istəyirik. Çünki son Gəncə hadisələri bir daha sübüt etdi ki, dini radikalizm meyilləri hələ də ölkəmizdə öz mövqelərini qorumaq üçün çabalar göstərir. Lakin multikulturalizmi və tolerantlığı özünün həyat tərzi hesab edən Azərbaycan dövlətində belə qrupların qol-qanad açması, heç də asan məsələ deyil.

Multikulturalizmin iflasa uğradığını iddia edən bəzi Qərb dövlətlərində də, son zamanlar radikalizm meyillərinin artdığ müşahidə olunur. Bu səbəbdən də, Avropanın taleyi Qərbin siyasi dairələrində getdikcə daha çox narahatlıq doğurmağa başlayıb. 2008-ci ilin maliyyə böhranına qədər Avropa İttifaqını dünyanın ən perspektivli təşkilatı hesab edirdilər. Onun qlobal geosiyasətdə əsas güc mərkəzlərindən biri ola biləcəyinə kifayət qədər əminlik vardı.

Hazırda isə vəziyyət tamamilə fərqlidir. Maliyyə böhranının qarşısı nəinki alınıb, hətta onun genişlənərək bütün dünyanı əhatə etməsi prosesi həyəcanla izlənir. Aİ-nin özündə isə yeni sahələrdə tənəzzülün başladığından analitiklər artıq ciddi narahatlıq keçirirlər. Məsələn, "Stratfor"un qurucusu Corc Fridman son məqaləsində Avropanın gələcəyi üçün əhəmiyyət daşıyan mühüm məqamları təhlil edib.

Müəllif bu yazıda Avropada böhranın keyfiyyətcə yeni mərhələyə keçdiyini xüsusi qeyd edib. O hesab edir ki, yeni tendensiya cəmiyyətin siyasi quruluşunun kardinal dəyişməsi istiqamətində gedir. Diqqəti cəlb edən əsas məqam da budur. Analitik həmin prosesin ciddi ziddiyyətlərlə müşayiət olunduğuna da diqqət çəkir. Bu baxımdan maliyyə böhranının işsizlik böhranına çevrilməsi düşündürücü görünür. Məsələ ondan ibarətdir ki, işsizlik böhranının qlobal xarakter daşıdığı iddia edilir.

Onu da qeyd edək ki, bu tezisi yalnız C.Fridman müdafiə etmir. ABŞ-ın sabiq dövlət katibi Con Kerrinin gənclərin qlobal məsələləri üzrə xüsusi müşaviri olmuş Zinat Rahman da eyni fikirdədir. Müəllif dünyanın bir çox ölkəsinin gənclərin işsizlik böhranından böyük narahatçılıq keçirdiyini konkret faktlarla ortaya qoyub. O həmçinin, işsizlik böhranının siyasi problemlər yaratmağa başladığı haqqında proqnozlar verib. C.Fridman və Z.Rahman artıq bu prosesin Avropada başladığını konkret faktlar əsasında sübut edirlər. Multikulturalizmin süquta uğradığını iddia edən Avropa ölkələrində siyasi böhranın başlaması, Avropa İttifaqının taleyini də, bir qurum olaraq şübhə altına alır. Analitikləri ən çox narahat edən isə Avropada faşizmin yeni formada dirçəlməsi təhlükəsinin yaranmasıdır.

Bu da məlumdur ki, istər dini, istərsə də siyasi radikalizm istənilən forma və məzmunda multikulturalizm və tolerantlıq ruhuna və fəlsəfəsinə uyğun deyil. Qloballaşan dünyamızda multikulturalizmin və tolerantlığın vüsət aldığı bir zamanda, təcrid olma və başqalarına qarşı aqressiv davranma qəbul edilən siyasi fəaliyyət modeli ola bilməz.

Məlumlur ki, bir çox Qərb dövlətlərinin, eləcə də cənub qonşumuz olan İranın Azərbaycanda daim öz maraqları olub və bu maraqları açıq, yaxud gizli şəkildə həyata keçirməklə bağlı müxtəlif planları gerçəkləşdirməyə çalışıblar. İranda fəaliyyət göstərən bəzi qüvvələr öz ideologiyasını gücləndirmək, siyasiləşmiş islamın ölkəmizə təsirini artırmaq üçün bütün qüvvəsini səfərbər edib. Radikal şiəçilik ideoloqları bunun üçün ilk növbədə Bakı və onun kəndləri, Mərkəzi Qərb (xüsusən Gəncə), bəzən Cənub bölgəsində öz təsir dairələrini artırmağa cəhdlər edirlər. Çox təəssüf ki, bəzi hallarda hətta buna nail ola bilirlər. Ələlxüsus da Kərbəla hadisələri və Həzrəti İmam Hüseynin qətlnin törədildiyi Məhərrəm ayının Aşura günündə müxəlif üsullarla qarşıdurmalar yaratmağa çalışırlar. Məqsəd ölkəmizdə Aşuranın qeyd olunmasına icazə verilmədiyi görüntüsünü yaratmaqdır. Halbuki istər paytaxt Bakıda, istərsə də regionlarda Aşura sərbəst qeyd olunur, İmam Hüseynə təziyə saxlanılır. Bu mərasimə heç bir qadağa yoxdur. Azərbaycan əhalisinin böyük əksəriyyəti şiə məzhəbinin daşıyıcısı olduğundan dövlət də, əhali də bu mərasimə xüsusi diqqət və hörmətlə yanaşır. Aydındır ki, bu, xüsusi hazırlanmış qrupların planlarıdır və kənar qüvvələrin, İranın müxtəlif dini təşkilatlarının nəzarəti altında icra edilir. Həmin qruplara daxil olanlar da siyasiləmiş şəxslərdir. Gəncədə Aşura günü polislərlə baş verən insidentlər də bunun təzahürüdür.

Biz dəfələrlə vəhabizm adlanan bir cərəyanın da, ölkəmizdə dini radikalizmin təbliğinə cəhdlər etdiyini şahidi olmuşuq. Azərbaycan üçün ənənəvi olmayan bu cərəyanın müxtəlif ərəb ölkələrindən "ixrac" olunması da, bir təhlükə olaraq cəmiyyətdə öz aktuallığını saxlayır. Vəhabizmin yayılması üçün bu radikal cərəyanın nümayəndələri daha çox ölkənin Şimal və Şimal-Qərb bölgəsində fəallıqları ilə seçilirlər. Son illər bir neçə xüsusi əməliyyat keçirilib və radikallar hətta hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərməkdən belə  çəkinməyiblər. Lakin onlar niyyətlərinə çata bilməyiblər.

Belə olduğu təqdirdə onların bir qrupu terrorçu İŞİD-ə qoşulmaq üçün xarici ölkələrə, əsasən ərəb ölkələrinə üz tutublar. Rəsmi məlumatlara görə, 900-dək vətəndaşımız, məhz bu təsir nəticəsində İŞİD-ə qoşulub və terror qruplaşamasının tərkibində öz aləmində "cənnət" axtarıblar. Ən acınacaqlısı budur ki, bu terror qruplaşmasına qoşulan azərbaycanlıların bəziləri təkcə özlərini deyil, həm də ailələrini aparıb bu radikal cərəyana, terroçu qrupa qoşulmağa sövq edib, onları terroçuya çeviriblər. Hazırda onların bir çoxunun övladları, yəni azərbaycanlı uşaqlar İŞİD-dən azad olunmuş bölgələrdə kimsəsiz qalaraq İraq hökumətinin nəzarəti altındadırlar.

Təbii ki, bu adamlar məlumdur və onlar ölkəyə döndükləri zaman qanun qarşısında cavab verirlər və verəcəklər. Ən əsas məqam odur ki, radikal terror qruplaşmasına qoşulanların ölkədə müəyyən təsir dairəsi, əlaqələri də var və bu radikalizmin yayılmasına rəvac verə bilər.

Baxmayaraq ki, Azərbaycan tarixən başqa dinlərə tolerant yanaşıb, bu gün də  dini radikalizmin çiçəkənməsi üçün heç bir münbit şərait olmayan ölkələrdən biri hesab olunur. Əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu ölkədə məscidlərlə yanaşı sinaqoq və kilsələrin də fəaliyyət göstərməsi, çox ciddi faktdır. Multikulturalizmin və tolerantlığın oturuşmuş olduğu ölkəmizdə dini radikalizm təbii yolla formalaşmayıb və formalaşmır. Bunu süni formada, kənar və xarici təsirlərin, qüvvələrin maraqları, təsir gücü ilə fomalaşdırmağa cəhd edilir. Ölkəmizdə dini radikalizmin "meydan sulaması"na şərait olmasa da, süni şəkildə bunu şişirtməyə cəhd edənlər də yox deyillər. Onlar öz məqsəd, baxış və fikirlərini həyata keçirmək üçün müxtəlif qanunsuz aksiyalardan tutmuş fiziki və mənəvi təzyiqələrə qədər müxtəlif üsullardan istifadə edə bilərlər və edirlər. Cəmiyyət bunu aydın dərk edir.

Buna görə də son illər Azərbaycanda dini radikalizmə qarşı mübarizə məsələsi istər dövlət, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində tez-tez gündəmə gəlir. Təhlükəsizlik strukturlarının bu illər ərzində apardığı əməliyyatlarda çox sayda dini radikalların zərərsizləşdirilməsi göstərir ki, bu istiqamətdə ölkəmiz üçün real təhlükə elementləri hiss olunur və dövlətin radikalizmə qarşı mübarizəni gücləndirməsi təsadüfi deyil. Xüsusilə, bir qrup Azərbaycan vətəndaşının Yaxın Şərqdə din pərdəsi altında aparılan müharibələrdə iştirakı, "cihad" edən terror təşkilatlarının sıralarına qoşulması, bir nəfərin diktəsi ilə dövlət qurumlarına silahlı müqavimət göstərmək cəhdi və ya o müqaviməti təşkil etmək və s. hadisələr o ehtimalı yaradır ki, Azərbaycan dövləti ölkədə dini radikalizmin yayılmağa meyilli olmasından xəbərsiz deyil.

Bunun qarşısını almaq üçün həm hüquq-mühafizə orqanları, həm dövlət qrumları, həm də qeyri-hökumət təşkilatları(QHT) üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.

Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm" mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə müzakirə olunan məsələlər geniş ictimaiyyətin də diqqətinə çatdırılıb. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi zərurətidir. Çünki dini radikalizmi yaradan səbəblər, radikal cərəyanların törətdiyi fəsadlar, dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin yaratdığı acınacaqlı vəziyyət, dinin siyasiləşdirilməsi və ya siyasi oyunlar üçün alətə çevrilməsi  bütün dünya üçün böyük fəlakətlərə yol aça bilər.

Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, əmin-amanlıq, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulması, Azərbaycandakı multikultural və tolerant dəyərlərin bütün dünya üçün örnək olduğunu deməyə əsas verir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsi də, dövlət başçımızın dövlətçiliyə, milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər, yüksək ixtisaslı kadrların hazırlanmasına, eləcə də xalqımızın tarixi ənənələrinə söykənən dini-mənəvi mühitin qorunub saxlanılmasına verdiyi yüksək diqqətin daha bir nümunəsidir.

Yeni yaradılan institutda dini kadrların yetişdirilməsinə, ciddi araşdırma işlərinin aparılmasına üstünlük veriləcək, eyni zamanda gəncləri yad dini ideologiyalardan qorumaq istiqamətində işlər aparılacaq. Çünki bu gün ölkədə dini radikalizm və ekstremizmə qarşı mübarizədə alternativ vasitə kimi vətənpərvərlik hissinin gücləndirilməsi də əsas şərtlərdən biridir. Buna görə də, gənclər, ələlxüsus da tələblər və şagirdlər arasında maarifləndirmə tədbirlərinin keçirilməsi çox böyük əhəmiyyət daşıyır.

 

“Paralel”in Araşdırma Qrupu