Paralel. - 2018.- 9 avqust. - ¹ 138. - S. 13.
Ölkəmizdə özünəməxsus "etnik intibah" ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlayıb
Azərbaycanın ərazisində məskunlaşan xalqların rəngarəng musiqi folkloru - əsrlərin dərinliyindən gələn zəngin mənəvi xəzinədir
Multikulturalizm və tolerantlıq bir çox xalqların birgəyaşayışını təmin edən mühüm anlayışlardan biri olaraq, ölkəmizdə ta qədim zamanlardan möcud olub.
Bu birgəyaşayışın və harmoniyanın nəticəsidir ki, bu gün ölkəmizdə bütün azsaylı xalqları, etnosları və etnik qrupları özündə birləşdirən zəngin milli-mənəvi mədəniyyət formalaşıb. Müasir zamanda mənəvi mədəniyyət həm də milli özünüdərkin vasitələrindən biri olub, insanın harmonik inkişafı və tərbiyəsinin əsas mənbəyi kimi çıxış edir. Bu mənada onun qorunması, bərpası, zənginləşdirilməsi və yenidən mənalandırılması olduqca vacibdir.
Çünki bu gün dünya məkanında baş verən ictimai cəmiyyətin qloballaşması və inteqrasiyası prosesləri ona gətirib çıxarıb ki, insanlar öz simalarını, tarixi-mədəni köklərini itirirlər.
Bunu anlamaq üçün qloballaşma və antiqloballaşma problemlərinin dərinliyinə varmaq vacib deyil, sivilizasiyanın sabit inkişafı, yalnız mədəni rəngarəngliyin qorunması şəraitində mümkündür. Avropa və Asiya qitələrinin sərhəddində yerləşən müasir Azərbaycan dövləti tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olub.
Maddi və mənəvi dəlil kimi tarixi abidələrdə təcəssümünü tapan bütün bu mədəni təbəqələrin rəngarəngliyi və mozaikliyi ilə yanaşı, Azərbaycanın çiçəklənməsi fenomeni onun etnogenezi ilə, bədii yaradıcılığın ən müxtəlif sahələrində ecazkar incilər yaradan xalqlarla bağlıdır.
Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək, görərik ki, respublikamızın əhalisinin 90% -ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar da yaxında iştirak ediblər. Onların arasında Altay ailəsinin türk qoluna məxsus (azərbaycanlılar, tatarlar, məhseti türkləri), həmçinin, hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, molokanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri var.
Bütün dünyaya məlumdur ki, müasir Azərbaycan polietnik dövlətdir və respublikanın rəhbərliyinin yürütdüyü siyasətin əsas qayəsi dövlətin polietnik kütləsinin - ölkənin mədəni genofondunun özəyinin qorunub saxlanılmasından ibarətdir ki, bu da özündə etnik mədəniyyətin dil, xalq incəsənəti, maddi mədəniyyəti, adət və ənənələrini, mənəviyyatını və ənənəvi tərbiyə sistemini formalaşdırır.
Ölkəmizdə özünəməxsus "etnik intibah" Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlayıb. Prezidentin elə həmin il imzaladığı Sərəncamın məzmununda etnik azlıqların təhsil, mətbuat, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları təsbit edilib. Bu sərəncamın uğurla həyata keçirilməsi ona gətirib çıxarıb ki, Azərbaycan vətəndaşlarının bugünkü şüurunda üç komponentin vəhdəti kök salıb: bunlar öz etnosuna mənsubluq haqqından (istər azərbaycanlı, istər tatar, istər talış, istərsə də rus olsun), öz milli ənənələrinə və öz xalqının tarixinə hörmət və məhəbbət hissindən, milli dilin və milli mədəniyyətin öyrənilməsi meyllərindən ibarətdir.
Onların çoxmillətli Azərbaycan cəmiyyətinə və nəhayət, dünya birliyinə mənsubiyyət hüququnun təsdiqi, təkcə öz xalqının və çoxmillətli ölkəsinin taleyi üçün deyil, həmçinin bütün dünyanın taleyinə görə məsuliyyət hissini aşılayır və artırır.
Dünyada elə bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması və inkişaf etdirilməsi zamanı problemlərlə üzləşməsin. Bu da məlumdur ki, insanları hər zaman ümumi məqsədlər birləşdirir. Əsas vəzifə - biliklərin zənginləşdirilməsi, millətin və onun mədəniyyətinin qorunmasından, əvvəlki nəsillər tərəfindən qorunub saxlanılan biliklərin gələcək nəsillərə ötürülməsidir.
Ölkəmizin ərazisində məskunlaşan xalqların rəngarəng musiqi folkloru - əsrlərin dərinliyindən gələn zəngin mənəvi xəzinədir. Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan musiqi folklorşünaslığı elmi, əsl xalq musiqi nümunələrinin öyrənilməsi işində zəngin təcrübə əldə edib. Lakin respublikada milli azlıqların xalq musiqisinin toplanılması, öyrənilməsi və geniş təbliği üzrə fəal və məqsədyönlü iş yalnız son illərdə başlanılıb.
Qeyd edək ki, "Azərbaycan xalq mahnıları və respublikada yaşayan azsaylı xalqların mahnıları" kitabı - 2011-ci ilin yay ayları ərzində "Musiqi Dünyası" jurnalının baş redaktoru, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun başçılığı ilə jurnalın yaradıcı qrupu və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti tərəfindən respublikanın müxtəlif bölgələrində keçirilən sahə araşdırmalarının bəhrələri olub, respublikada yaşayan azsaylı xalqların mahnı folklorunun toplanması, sistemləşdirilməsi, geniş təbliği və audioyazıya alınması məqsədini daşıyır.
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan xalqı, respublika cəmiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 -dən çox millət və etnik qruplardan ibarətdir.
Lakin çox təəssüflər olsun onlardan yalnız bir neçə etnos (cəmi 16) haqqında geniş məlumatlar var, qalanları isə hələ də tədqiqat üçün zaman gözləyirlər.
Bununla belə, topluya daxil edilən parlaq səciyyəli xalq mahnıları respublikamızda indiyə qədər yaşadılan etnik folklor musiqisinin janr rəngarəngliyini əks etdirir.
Tədqiqitçılar Azərbaycanın kənd məntəqələrində yığcam halda yaşayan xalqların autentik folkloruna - mərasim, mövsüm və əmək nəğmələrinə, layla və ağılara xüsusi diqqət yetiriblər. Bununla yanaşı, ənənəvi folklor irsinin şəhər mühitində mövcudluğu və yeniləşməsi də nəzərdən qaçırılmayıb: tatar və ya ləzgi xalq musiqi nümunələri buna bariz misaldır. Ümumiyyətlə, bu tədqiqitlar aktual mülki-hüqüqi, ekoloji-maarifləndirmə, ictimai-tədris, mədəni-tərbiyəvi, tarixi-etnoqrafik elmi problemlərin həllinə yönəldilib.
Bütün bu problemlər unikal nümunələrin - Azərbaycanın musiqi folklorunun artefaktlarının toplanması, qorunması və elektron multimedia rabitə vasitələrilə bəşəriyyətin gələcək nəsillərinə ötürülməsi ilə bağlıdır.
Azərbaycanın etnomusiqi mədəniyyətinə həsr olunmuş elektron nəşrin tərtibində və çap olunmasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin şəhər və rayon mədəniyyət idarələri, Azərbaycan ərazisində yaşayan azsaylı xalqların respublika cəmiyyətləri, "Musiqi Dünyası" elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarifçilik jurnalı yaxında iştirak edib.
Onu da diqqətinizə çatdıraq ki, ölkəmizin ərazisində məskunlaşan xalqların mədəniyyəti, folkloru adət və ənənələri kimi, dilləri də çox rəngarəngdir. Hazırda Azərbaycan ərazisində məskunlaşan xalqların dilləri, əsasən, dörd böyük dil ailəsinə - türk, Şimali Qafqaz, Hind-Avropa və kartvel dil ailələrinə mənsub olsalar da, ölkədəki müasir etnolinqvistik durumda dominantlıq türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dilinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası əhalisinin tam əksəriyyəti, məhz bu dildə danışır. Müasir Azərbaycan dili 1-ci minilliyin əvvəllərindən indiki Azərbaycan ərazisində məskunlaşmağa başlayan türk mənşəli tayfaların dilləri əsasında, uzun tarixi inkişaf prosesinin gedişində formalaşıb.
Şimali Qafqaz dilləri Azərbaycan ərazisində ləzgi, avar, saxur, udin, xınalıq, buduq və qrız dilləri ilə təmsil olunub. Bu dillər başlıca olaraq ölkənin şimal-şərq rayonlarında yayılıb. Azərbaycan ərazisində daşıyıcılarının sayına görə Şimali Qafqaz dilləri içərisində ən geniş yayılanı ləzgi dilidir. Ləzgi dili Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun ləzgi yarımqrupuna daxildir.
Şimali Qafqaz dil ailəsinin ləzgi yarımqrupuna udin dili də aid edilir (bu dilin ləzgi yarımqrupuna mənsubluğu elm cəhətdən mübahisəlidir). Hazırda udilər Qəbələ rayonunun Nic kəndində və Oğuz rayon mərkəzində məskunlaşıblar.
Azərbaycan ərazisində Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna saxur dili də daxildir. Saxurlar 3 rayonun - Qax (Qum və Sarıbaş kəndləri), Zaqatala (Yeni Suvagil, Gözbarax, Kaç və Muxax kəndləri) və Balakən ərazilərində məskunlaşıblar.
Azərbaycanın şimal-şərqində yayılan "Şahdağ qrupu" - xınalıq, buduq və qrız dillərini də Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna aid edirlər. Xınalıq dilində Quba rayonunun eyniadlı kəndinin sakinləri danışırlar. Buduqlar Quba rayonunun Buduq, Güney Buduq və Dəli Qaya kəndlərində, qrızlar isə həmin rayonun Əlik, Cek və Haput kəndlərində yaşayırlar.
Əsasən, Zaqatala və Balakən rayonlarının ərazisində yayılan avar dili isə Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun avar-ando-didoy yarımqrupuna daxildir.
Hind-Avropa dil ailəsinin İran qrupu dilləri Azərbaycan ərazisində tat, talış və kürd dilləri ilə təmsil olunub.
Tat dili İran dillərinin cənub-qərb yarımqrupuna daxildir. Bu dil, əsasən, Abşeron yarımadasının bir neçə kəndində, eləcə də Xızı, Siyəzən, Dəvəçi və Quba rayonlarının ərazisində yayılıb. Tatlar dini mənsubiyyətinə görə üç qrupa bölünür: müsəlman tatlar, xristian tatlar (monofizitlər), iudaist tatlar və ya dağ yəhudiləri.
Gördüyünüz kimi, ümumazərbaycan mədəniyyətində, incəsənətində, folklorunda mövcud olan rəngarənglik, ölkəmizin ərazisində məskunlaşan xalqların mədəni müxtəlifliyindən qaynaqlanır.
“Paralel”in Araşdırma Qrupu