Paralel. - 2018.- 7 avqust. - ¹ 137. - S. 10.

 

Mədəni fərqliliklər bəşəriyyətin yaratdığı ən nadir sərvətlər

 

Qloballaşmanın əsas prinsipi ən müxtəlif mədəniyyətlərin bir-birilərinə inteqrasiya yollarını tapmaq olmalıdır

 

 Hazırda Qərb dövlətlərini daha çox narahat edən geniş miqrasiya nəticəsində bu ölkələrdə oturuşmuş mədəniyyətlərin yox olması təhlükəsidir. Bu səbəbdən də həmin dövlətlərin bəziləri qloballaşmanın nəticəsi olaraq multikulturalizmin iflasa uğrayacaqı iddiasındadırlar.

Lakin, qloballaşmanın gerçəkliyi budur ki, ən müxtəlif mədəniyyətlər bir-birilərinə inteqrasiya edərək üz-üzə durublar və hər biri özünü qoruyaraq inkişaf etmək istəyindədir. Dünyanın bütün böyük şəhərlərində müxtəlif din və mədəniyyətlərin daşıyıcılarının nisbəti demək olar ki, bərabərdir. Məhz belə məqamda onların qarşılıqlı dinamikasını təhlil edərkən "kultur-şok" adlandırılan mərhələni yaşamaq lazım gəlir. Hər bir cəmiyyətdə formalaşan birgəyaşayış prinsipinin əsası kimi tolerantlıq ənənəsinin dəyəri bu mərhələdə qarşıdurma və münaqişələri aradan qaldırmağın mexanizmi kimi özünü göstərir.

Formalaşmaqda olan qlobal mədəniyyət tipi isə çeşidli mədəniyyətlərin istər-istəməz reaksiya verməsini şərtləndirir, onların mahiyyətinə və formasına ciddi təsir edir. Cəmiyyətlərarası inteqrasiyanın intensivliyi bir tərəfdən mədəni müxtəliflik amilinə yüksələn diqqəti, digər tərəfdən problemin həm də praktiki həlli mexanizmlərinin müəyyən edilməsini şərtləndirir.

Çoxmillətli və çoxkonfesiyalı  cəmiyyətlərdə sabitlik və ünsiyyət - bir-biri ilə son dərəcə sıx bağlı, həm də mürəkkəb münasibətlərdə olan fenomenlərdir və mədəniyyətlərin ahəngdar qarşılıqlı təsirinin təmin edilməsini vacib edir. Lakin buna hər yerdə və hər zaman nail oluna bilinmədiyi üçün mədəniyyətlərarası münasibətlərin siyasi-ideoloji modelləri və mexanizmləri geniş müzakirələrə səbəb olur. Məlumdur ki, bu gün dünyada 200-ə qədər dövlət, 5-7 min arası tayfa, xalq və millət mövcuddur.

Bu dövlətlərin əksəriyyəti mürəkkəb və çoxçalarlı - etnik, dini və irqi mürəkkəbliyə malik olub, mədəni müxtəlif cəmiyyətlər hesab edilirlər. Lakin dövlətlərin siyasi-ictimai quruluşlarından asılı olaraq bu fenomen ya etiraf edilir, ya da yox. Məsələn, sovetlər dövründə "vahid sovet xalqı" anlayışı mövcud idi və başqa millətlər haqda danışmaq, milli kimliyi önə çəkmək yolverilməz hal hesab olunurdu. İnsanların şüurunda formalaşdırılan "sovet adamı" obrazı hansı millətə mənsubluğunu kölgədə qoymağa hesablanmış bir siyasət idi. Sovet rejiminin iflasa uğraması, demokratiyanın inkişafı dövlətlərin çoxçalarlı olduğu həqiqətini ortaya qoydu.

Bununla da, qlobal mədəni məkanda mədəni ünsiyyətin "plüralist paradiqması" kimi məlum olan "tolerantlıq, multikultur, polikultur, transkultur" yanaşmalar formalaşmağa başladı. Lakin çox təəssüflər olsun ki, bu günə qədər müxtəlif qarşılıqlı təsir strategiyalarının irəli sürülməsinə baxmayaraq, hələ də universal inteqrasiya probleminin həlli mexanizmləri tam oturuşmayıb. Ümumiləşdirmə aparılarsa, burada üç ssenarinin mövcudluğunu qeyd etmək olar;  1) qarşıdurma (toqquşma); 2) dialoq; 3) lokal mədəniyyətlərin "əriyib qarışması".

Bütün bu mövqelər üçün ümumilikdə səciyyəvi olan xüsusiyyət - "mədəniyyətlərin bir-birinə qarışması" təhlükəsinin mövcudluğu, qloballaşma, miqrasiya və demoqrafik dinamika proseslərinin təsiri altında "mədəni azlıqların çoxluqlara çevrilməsindən duyulan təşviş və narahatlıq" hissidir. Əsasən də, avropalıları təşvişə salan da, ölkəyə gələn miqrantların Avropanın tarixi simasını dəyişdirə biləcəyi qorxusudur. Bununla belə, bütün tərəflər mədəniyyətlərin "fərqliliklərinin" saxlanılmasının tərəfdarıdırlar.

Rus imperiyasının caynağından qurtulan Azərbaycan Respublikası da, müstəqilliyin əldə edilməsi ilə sivilizasiyaların toqquşması ideyasına qarşı özünün tarixən formalaşmış tolerantlıq modelini, dialoqun məkanı olmaq missiyasını irəli sürdü. Bu çətin, lakin şərəfli missiyanı üzərimizə götürməyi mümkün edən müqədds şərtlər sırasında tolerantlıq ön cərgədə durur. Bu gün xalqımız dünyada özünütəsdiq mərhələsini keçən, daha sabit və sabahından əmin olan cəmiyyətdir və təbii ki, daha çox mənəvi inkişaf və seçim imkanlarına, həm də müstəqillik kimi əvəzsiz təcrübəyə malikdir.

Bu gün qloballaşma, inteqrasiya və beynəlxalq miqrasiya prosesləri çoxmilli, çoxkonfessiyalı bütün dövlətlər qarşısında multietnik əhalinin yüksək tolerantlıq səviyyəsinə nail olmaqla milli konsolidasiyanın təmin edilməsi vəzifəsini ortaya qoyur.

Azərbaycan tarix boyu həm bölgədə, həm də qlobal miqyasda baş verən hadisələrin gedişatına təsir edə bilən ölkələr sırasında olub. Son iki əsrdə isə onun bu yöndə fəallığı dünyanın, demək olar, bütün qitələrinə yayılıb. Xüsusən də bəşəriyyətin mədəni-mənəvi irsinə olan töhfələri ölkəmizi dünyada söz sahib edən bir dövlətə çevirib. Təbii ki, belə bir ölkədə tolerantlıq ənənələri də çox qədimdir.

Bu səbəbdən də Azərbaycanın tolerant bir ölkə olması, artıq heç kimdə şübhə doğurmur. Bəzi bizə xoş münasibətdə olmayan qüvvələr zaman-zaman bu birgəyaşayış prinsiplərini zədələməyə cəhdlər etsələr də, buna müvəffəq ola bilməyiblər. Müxtəlif dini təriqətlərə mənsub olan Azərbaycan vətəndaşları əsrlər boyu sülh və əminamanlıq şəraitində yaşayıblar, bu ənənə bu gün də davam edir. Bu mühitin davam etməsində Azərbaycan hakimiyyətinin də böyük rolu var. Azərbaycanda müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyev respubilkamızda yaşayan çoxsaylı etnik qrupa və azsaylı xalqlara xüsusi diqqət göstərib. Bunun bariz nümunəsidir ki, ölkəmizdə "Yəhudilər Azərbaycanda" adlı kitabı hazırlanıb, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında "Qafqazın dağ yəhudiləri" mövzusunda beynəlxalq seminar keçirilib, yəhudi millətindən olan tanınmış şəxslərin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanıb. Ölkəmizdə dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunan təcrübə xarici ölkələr tərəfindən yüksək qiymətləndirilir.

Roma patriarxı I Varfolomey 2003-cü ilin aprel ayında ölkəmizə ikigünlük səfəri zamanı əminliklə qeyd edib ki, Azərbaycanda dinindən, dilindən, millətindən aslı olmayaraq, bütün insanların bir-birilə ünsiyyəti və dövlətin onlara münasibəti nümunəvidir. "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir".

Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyacı, problemləri ilə yaxından maraqlanır. Azərbaycanda milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyasına, onların dini əqidə azadlığının təminatına, öz mədəniyyət və dillərini inkişaf etdirmələrinə hər çür şərait yaradılır. Azərbaycandakı nadir din-dövlət münasibətləri modeli daim dünyanın aparıcı dövlətlərinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Hətta onlar çıxışlarında bildirirlər ki, Azərbaycanda dinlər arasında tolerantlıq münasibətləri bütün Avropa ölkələri üçün müsbət bir nümunə ola bilər.

Hazırda dünyada baş verən hadisələr - dini inancların təcavüzə məruz qalması, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmayan, neqativ və birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə islam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada islam əleyhinə kampaniyaların geniş işıqlandırılması, əslində, Qərb və Şərq sivilizasiyaları arasında uçuruma yol açır. Lakin Azərbaycanın müxtəlif konfesiyaların, xalqların birgə yaşadığı nümunəvi ölkə olduğunu qürurla vurğulaya bilərik. Respublikamızda ayrı-ayrı etiqad və inanclara malik etnosların yüzillərlə əminamanlıq şəraitində yaşaması da humanist dəyərlərə söykənir. Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli-mənəvi dəyərlərimiz üzərində qurulub. Bu da ölkəmizdə yaşayan müxtəlif xalqlar arasında tolerant mühitin olmasına əsas verir.

Ölkəmizdə mövcud olan multikulturalizm fərqliliyimiz və zənginliyimiz, xalqımızın xarakteri, özünüifadə forması və demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Multikulturalizm həm də sosial hadisədir. Multikulturalizm cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə, cəmiyyətdə əminamanlıq, bəşəriyyətdə isə sülh deməkdir.

Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi kimi qurumların yaradılması və fəaliyyəti də, Azərbaycanda milli və dini tolerantlığın, multikulturalizmin qorunub saxlanmasına xidmət edir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət bir müsəlman ölkəsi olan Azərbaycanın digər mədəniyyətlərə mənsub insanların da rahatlıqla yaşayıb fəaliyyət göstərdiyi ümumi bir vətən olduğunun göstəricisidir. Prezident İlham Əliyev deyir: "İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə, məhz bu cür sülh yolu ilə yanaşma tələb edir". Aydındır ki, islamın "terror" formasında təqdim edilməsi müəyyən xarici qüvvələrin marağına və islam dünyasının təriqətlər, məzhəblər savaşı burulğanına qərq olunması məqsədinə xidmət edir.

 

“Paralel”in Araşdırma Qrupu