Bakı Xəbər.-2018.-7 avqust.-¹135.-S.10.
36 cilddə erməni vəhşiliklərinin 7 cildi tək Şamaxı qəzasına aiddir...
Qədim Şirvanın
Türk qaziləri və yaxud şəhidlərə müqəddəs
məkan,
qazilərə Vətən olan Azərbaycan...
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
3-cü məqalə
Azərbaycan Xalq Cumhuriyyətinin əvvəlcə Xarici işlər, sonra isə Ədliyyə nazirlikləri yanında 1918-ci ilin iyul ayının 15-dən 1920-ci ilin məlum aprel gününədək Azərbaycan xalqına qarşı hay-daşnak və rus-ingilis-bolşevik quldurları tərəfindən uzunmüddətli məqsədli siyasi-hərbi fəaliyyət proqramına uyğun olaraq törədilmiş soyqırım faciələrinin araşdırılması və ona hüquqi, beynəlxalq ictimai-siyasi qiymətin verilməsi üçün Fövqəladə Təhqiqat Komissiyası (Ələkbər bəy Xasməmmədovun başçılığı ilə) fəaliyyət göstərib. Bu Komissiyanın gərgin əməyi sayəsində xalqımızın kütləvi qətliamına aid toplanmış materiallar 36 cilddə (3500 vərəqdən ibarət) əks etdirilib.
Bütün bölgələrimizin soyqırım faciələrini yazılı şəkildə ifadə edən bu hüquqi-siyasi araşdırmanın 7 cildi (925 vərəq) Şamaxı qəzasında törədilmiş qanlı hadisələrə həsr edilir. Bu sənədlərdən göründüyü kimi, Azərbaycan dövlətinin və xalqının qanına susayan hayların XX əsrin əvvəllərində yetişdirdikləri siyasi-hərbi avantürist cəllad S.Şaumyanın əmri ilə daşnak T.Amiryanın və S.Lalayanın başçılıq etdiyi 2 min nəfərlik silahlı quldurlar, yerli haylar (qəzanın Mədrəsə, Meysəri, Zarxı, Saqiyan, Kələxana, Kərkənc, Xankəndi kəndlərində və Şamaxı şəhərinin məhəllələrindən birində (500-ə qədər ailə) sıx hay-daşnak məskunlaşması olub) və digər xəyanətkar qüvvələr (xüsusilə molakanlar) Şamaxı qəzasında 20 minə qədər dinc sakini qətlə yetirib, 75-ə qədər kəndi dağıdıb, qarət edib, yandırıb.
Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsinin hündür yerindən ətraf sahələr ovuc içi kimi görünür. Cənub-qərbdə geniş yamacı əhatə edən “Allahu-Əkbər düzü”, “Yeddi gümbəz” qəbirstanlığının üstündə Bəzirgan düzü (burda eyni adlı bulaq da qaynayır) və Mırtı yolu (bu yol Çarhan-Alpout-Bico kəndlərindən keçməklə Cavanşir gölünə uzanır və oradan Kürdəmir rayonu ərazisinə keçir) aydın görünür ki, bu yerlər 1918-ci ilin mart-aprel aylarında qanlı faciələrin canlı şahidləri olublar. Sarıtorpaq məhəlləsinin əks üzündəki yüksəklikdə isə quldur S.Lalayanın cəbbəxanası olmuş tikili indi də qalmaqdadır. Hay quldurunun bu tikilisinin altında Şirvanşahlar dövlətinin qala divarlarının qalıqları yerləşir. Həmin yerdə quraşdırılmış topların arasıkəsilməz atəşləri şəhərin açıq-aydın görünən bütün yerlərini (Cümə (bu məsciddə 2 min müsəlman və türk yandırılıb) və İmamzadə (bu məsciddə isə 200 qədər dinc sakini oda qalanıb) məscidləri yaxınlığındakı “Pirvan-Şirvan” məhəlləsini ilk növbədə) darmadağın, yerlə-yeksan, dinc sakinlərini isə qanına qəltan–qətliam edib. Bu məhəllədə olan “Pirə-Şirvan qardaşları”nın məzarlarından biri hazırda 1918-ci ilin mart ayının 18-də cəhənnəm yuvası olmuş S.Lalayanın cəbbəxanası-nişangahından 20-30 metr aralıda Osmanlı Türk Ordusunun qazisi Məhəmməd Əfəndinin oğul nəvəsi Yadigar Əbülfəz oğlu Məmmədovun (1964) həyətində yerləşir.
Daşnak hayların qulduru S.Lalayanın nəvəsi dəllək Aleksandr, onun arvadı, şəhər xəstəxanasında tibb bacısı işləyən Svetlana, onların iki uşağı keçən əsrin 90-cı illərinədək indiki “Gənclik” küçəsindəki 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsindəki mənzildə yaşayıblar, əmin-arxayın...
Tarixin və həyatın acı istehzasıdır ki, həmin cəhənnəm ocağından hava məkanı ilə 300-500 metr aralıda, Sarıtorpaq məhəlləsinin hündür yerində bu müçahidələr müzəffər Osmanlı Türk ordusunun qazisi Aşur Əfəndi Əli oğlunun (1888-1962) ocağından aparılır, onun qız nəvəsi Əliqulu Əli oğlu Babayevin (1956) iştirakı ilə. Ankara şəhərində 1-ci Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın rəhbərlik etdiyi hərbi təşkilatda zabit olan Aşur Əfəndinin müsəlman-türk dünyasının düşmənlərinə qarşı qalibiyyətli döyüş yolu 1918-ci ilin aprel-may aylarında Şamaxı qəzasından keçib, Bakı şəhərində başa çatıb.
1-ci və 5-ci Qafqaz İslam Orduları Azərbaycanı tərk etdikdə ağır itkilər və şanlı qələbələr naminə əldə edilmiş müstəqilliyin və təhlükəsizliyin qorunub-saxlanması üçün qəzalarda qalan qazilərin sonrakı həyatı da sakit keçməyib. Azərbaycanı özünə doğma Vətən sayan qazi Aşur Əfəndi ilk illərdə milli ordunun əsgərlərinə təlim keçmək kimi şərəfli işləri yerinə yetirib (o, həm də sərrast və mahir atıcı olub), sonralar isə Şamaxı şəhərində Xalq Daxili İşlər Komissarlığının Qəza şöbəsində çavuş kimi çalışaraq, asayişin bərpa edilməsində var qüvvəsini əsirgəməyib. Xüsusilə qəzanın dağ kəndlərində (Dilman, Xatman, Hacıman, Sulut, Basqal) və keçilməz meşələrində yurd-yuva salaraq ətraf kəndlərdə dinc sakinlərin həyatını və təsərrüfat işlərini pozan qaçaq-quldurlara qarşı amansız mübarizə aparıb. Amma haqqı-ədaləti və düzgünlüyü qorumaq şərti ilə.
Bir müddətdən sonra, yəni 1926-cı ildə o, qəzanın tanınmış din xadimlərindən olan Mir Mehdi ağanın qız nəvəsi (Seyid Sərvinazın (1852-1974) qızı) Bikə Məşədi Kazım qızı (1910-2008) ilə ailə qurur. Bu nigahdan iki oğlu – Çingiz və Akif, bir qızı Şərifə (bacısının adını qoyub) dünyaya gəlir.
Aşur Əfəndinin haqqa-ədalətə arxa durması onun həm də himayədarlığı ilə müşayiət olunub. Keçən əsrin 50-ci illərində Şamaxı şəhərində kolxoz bazarında keçirilməsi nəzərdə tutulan reyddən əvvəl satıçılara xəbər edib ki, çoçuqlar, hazır olun, bizdən başqa gələn olacaq... Eləcə də hakimiyyət nümayəndələrinə qarşı haqsızlığı bağışlamamağı da olub... Aşur Əfəndi özü söhbətcil olmasa da, həyat yoldaşı Bikə xanımın söylədiyinə görə, evlərinə arvad paltarı geyib gələn, barışıq üçün pul-qızıl təklif edən qaçaqlar çox olub, Aşur Əfəndi onların heç birini yaxına buraxmayıb, lakin inandığı igid qaçaqların (əvvəllər hay quldurlarına qarşı döyüşənlərin) qurtuluşu üçün səylərini əsirgəməyib. Öz şəxsi mənafeyinə görə əyrilik edənlərə və düz yolda olmayanlara qarşı amansız olub bu türk qazisi. Onun bu cəhəti haqqında Şamaxı şəhərində yaşlıların xatirələri indi də qalmaqdadır. Şəhər milis şöbəsində ömrünün axırınadək bölmə rəisi kimi işləyib, bir sıra dövlət təltiflərinə də layiq görülüb. Qazinin qız nəvəsi Əliqulu Əli oğlu Babayev (1956) yuxarıda söylədiklərinə onu da əlavə etdi ki, 1946-cı ildə babasının Lenin ordeni ilə təltifinə görə nənəsi ömrünün sonunadək dövlətdən 108 manat təqaüd alıb.
Keçən əsrin 80-cı illərinin əvvəllərində iri üzümçülük rayonu olan Şamaxıda süni su anbarlarının yaradılması geniş vüsət almışdı. Bu məqsədlə “Acı dərə” ərazisində torpaq-qazma işləri aparılanda (bu yerdə 1918-ci ildə şiddətli döyüşlər olub və gavurların xeyli hissəsi burada gəbərdilib) qalaqlanmış sümüklər aşkar edilib. Fürsəti fövtə verməyən və gizlədilmiş xislətini artıq ört-basdır edə bilməyən hay əsilli Şamaxı Rayon Partiya Komitəsinin şöbə müdiri Nikolay Arutunyan tez Roma adlı hay fotoqrafını gətizdirir və sür-sümüklərin şəklini çəkdirir. Sonu nə olur? Roma ilə bir yerdə işləyən Nəriman Əliyevin “səhlənkarlığı” ucbatından həmin şəkillərin hamısı yanır. Bu həmin Nərimandır ki, anası Tahirə Əliyeva (1945-2013) uzun illər ərzində əvvəlcə Göyçay rayonunda, sonra isə Şamaxı rayonunda Padio Verilişləri Redaksiyasının baş redaktoru işləyib...
Aşur Əfəndinin qəbri şəhərin qədim Şahxəndan qəbirstanlığındadır. Və dəfnində uğrunda canını əsirgəməyən bu torpaqdan yaylım atəşləri ilə son yola salınıb.
1-ci Qafqaz İslam Ordusunun tərkibində döyüşən, sonrakı həyatını Azərbaycana bağlayan və Şamaxı qəzasında yaşayan (Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində) zabitlərdən biri də Məhəmməd Əfəndi Mahmud oğlu (1902-1949) olub. Onun ailəsi Osmanlı Türkiyəsinə - İstanbul şəhərinə Suriyadan köçüb gəlib, özü Çanaqqala döyüşlərində iştirak edib, şücaəti nəzərə alınaraq Azərbaycanın xilası naminə təşkil edilən döyüş dəstələrinin tərkibinə yüzbaşı kimi daxil edilib. Mütəşəkkil silahlı quldurların Qazax, Yelizavetrol (Gəncə), Göyçay, Şamaxı, Bakı və Quba qəzalarında törətdiyi qanlı qırğınların qarşısının alınmasında, milli ordu və özünümüdafiə qüvvələrinin formalaşdırılmasında, onlarda döyüş bacarığının artırılmasında, hərbi təlimlərin keçirilməsində yaxından iştirak edən Məhəmməd Əfəndi Bakı şəhəri azad olunduqdan sonra geri qayıtdıqda indiki Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində yenidən duldurların hücumu nəticəsində ağır yaralanır. Onu burada yerli həkimlərdən biri xeyli müddət müalicə edir. Artıq bu dövrdə həm də Osmanlı Türkiyəsinin Ordusu 30 oktyabr 1918-ci ilin Mudros sülh müqaviləsinə (birləşmiş Avropa dövlətlərinin müsəlman-türk dünyasına qarşı ümumi cəbhəsinin güclü və sarsıdıcı hərbi-siyası zərbəsinə) əsasən Azərbaycan hüdudlarını tərk etdiyindən, Məhəmməd Əfəndi burada qalmağa məcbur olur.
Bir müddət sonra Şamaxı şəhərində yaşayan və rabitə, poçt-teleqraf işləri ilə məşğul olan Ər-Məhəmməd indiki Ağsu rayonunun Suraxanı kəndindən olan və Məlcək kəndində yaşayan Xavər xanımla (1904-1983) ailə qurur, bu nigahdan 2 oğlu (Əlirza (1925-1997), Əbülfəz (1934-1964) və 3 qızı (Naib-anasının adını daşıyıb, Məhbubə və Firuzə-bacılarının adını) doğulur.
Keçən əsrin 20-ci illərin əvvəllərində Mirikənddə olan qohumlarının birinin yas məclisinə gedəndə Bibixanım Salman qızı Xəlilovanı (1895-1956) görəndə onunla “günü-bacı kimi” yaşamağa razılıq verir Xavər xanım və türk qazisi ikinci dəfə evlənir. Bu sevdadan oğlu Bəşir (1926-1984) və qızı Sona (1925-1942) doğulur.
Bir cəhəti qeyd etmək lazımdır ki, həmin dövrdə qəzalar üzrə poçt-teleqraf və rabitə işlərinin aparılması o qədər də asan və təhlükəsiz olmadığı üçün bu sahədə çalışmağı Məhəmməd Əfəndiyə təklif edilmiş, o da bu sahədə döyüş bacarığının təcrübələrindən istifadə etmişdi (nəzərə alsaq ki, Bakı-Şamaxı qəzası bu dövrdə qeyri-sabit ərazilərdən olmuşdur), Bakı şəhəri ilə aparılan poçt-teleqraf əlaqələrinə bilavasitə rəhbərlik edib, həmişə üstündə beşatılan silah gəzdirərdi. Zəhmli, amma təvazökar idi. Yaxın sirdaşlarından biri cəbhədaşı və silahdaşı Aşur Əfəndi idi.
Dini dünyagörüşündə dünyəviliyinə, tərəqqiyə, təkamül amilinə və insanın mənən-ruhən qüvvətli olmasına üstünlük verən, cəhaləti təbliğ edən dini vasitələri qəbul etməyən Məhəmməd Əfəndi İslam dinində təriqət bölgüsünü qəbul etmirdi, səhv bildiyi məzhəb ritualları icra olunanda qaragüruha qarşı çıxaraq deyirdi ki, məzhəbin özünə qənim olsun.
Məhəmməd Əfəndi həm də zəhmətkeş təsərrüfatçı olub. Həyətyanı sahəsində müxtəlif meyvə ağaclarından ibarət bağı, heyvandarlıq binaları vardı, mal-heyvan saxlamağa həvəskar idi.
2-ci dünya müharibəsində cəbhəyə yola düşənlər ailələrini ona etibar edərdi. Sonrakı illərdə oğul evləndirən, qız köçürən ilk xeyir-duanı ondan almağı özünə mənəvi borc bilərdi.
Məhəmməd Əfəndinin nəvəsi, I Qarabağ müharibəsinin qazisi Əjdər Əlirza oğlu Məmmədov (1953) söhbət edir ki, babası azdanışan adam olub, 1918-1920-ci illərə aid olan hadisələrdən söhbətləri çox olmayıb: “Və çox təəssüf ki, babamın şəxsi və ictimai həyatına aid olan yazışmaların, sənədlərin saxlandığı mücrünü (bu mücrüdə babamın nəslinə, hərbi vəzifəsinə və yaxın adamları ilə yazışmalarına aid xeyli qiymətli materiallar olmuşdur) keçən əsrin 50-ci illərində ölkədə hökm sürən ictimai-siyasi ab-havanın qorxusundan məhv ediblər”.
Deyilən xatirələrdə o da vurğulanır ki, Əfəndi Türkiyədəki yaxınları ilə ara-sıra yazışmadan anlayıb ki, anasının ağlamaqdan gözləri kor olub...
Əjdər bəy babası ilə bağlı onu da deyir ki, keçən əsrin 30-cu illərinin əvvəllərində nənələri – “günü-bacılar” Ər-Məhəmməddən şikayətə gedirlər Şamaxı şəhərində hörmətli ruhani alimi (uzun illər İraqda dinmi təhsil alan və şəhərin baş ruhanisi) Mir Nemət ağaya ki, Əfəndi bizi çox incidir. Ağa onları dinləyir və axırda bildirir ki, mən o Kişini yaxşı tanıyıram, gedin o nə deyir ona da qulaq asın...
Məhəmməd Əfəndi şamaxılı memar Məşədi Ağalar Həbib oğlu Xəlilovla (1871-1970) qohum olub. Onun qızı Ceyran xanımı (1928-2014) oğlu Əlirzaya alır və bu sevdaya iki ağsaqqal özləri “xeyir-dua” verib cavanların xəbəri olmadan və nəticədə xoşbəxt bir ailə yaranıb bu qohumluqdan. Məşədi Ağaların Bakı şəhərində iri mülkləri və ticarət yerləri vardı paytaxtın indiki B.Səfəroğlu küçəsində, N.Nərimanovun heykəlinin ətrafında.... O, ümummilli xeyriyyəçi H.Z.Tağıyevin vəsaiti hesabına tikilən Şollar-Bakı su kəmərinin tikintisində, Bakının mərkəzində ona məxsus Bank binasının inşasında memar kimi iştirak edib.
Onun etdiyi bir söhbət də çox ibratəmizdir (bunu Məşədi Ağaların qız, Məhəmməd Əfəndinin oğul nəvəsi Məmmədağa Əlirza oğlu (1948) söylədi) :
- Məşədi Ağaların Bakı şəhərindəki “Həmşəri palanı” adlanan yerdə (sonralar “Sovet meydanı” ətrafında) olan çayxanasında Osmanlı Türk Ordusunun zabitlərindən bir neçəsi səhər yeməyindən sonra durub gedəndə xərci vermək istəyir, iri pul olduğundan çayçıda xırda olmur. Onda türk zabiti deyir ki, mən vermiş, sən almış və kağız pulun qırağından kəsib ona verir.
Məhəmməd Əfəndinin məzarı Şamaxı şəhərindəki “Qəriblər” qəbirstanlığındadır.