Paralel. - 2018.- 4-6 avqust. - ¹ 136. - S. 10.

 

Dini icmaların fəaliyyəti tolerantlığı və multikulturalizmi gücləndirir

 

İslam dini dünyada öz mövqeyini, rolunu və nüfuzunu qoruyub saxlamaqdadır

 

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkə vətəndaşlarının, xüsusən gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınması üçün müvafiq qurumlarla, o cümlədən yerli icra strukturları və hüquq-mühafizə orqanları ilə birgə bölgənin dini atmosferinə uyğun şəkildə, müntəzəm olaraq maarifləndirmə tədbirləri həyata keçirir.

Azərbaycan xalqının milli maraqlarına real və potensial təhlükə mənbəyi olan dini ekstremizmi, radikalizmi təbliğ edən cərəyanlarla mübarizə, mötədil dindarların, gənclərin və yeniyetmələrin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi, Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində əsas fəaliyyət istiqamətlərindən biridir.

Dövlət Komitəsi tərəfindən xurafat, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər təşkil olunur. Həmin tədbirlərə aidiyyəti qurumlar, o cümlədən yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət və gənclər təşkilatları, ziyalılar, təhsil işçiləri, din xadimləri və dini icmalar cəlb olunur, əhali davamlı olaraq zərərli dini cərəyanların mahiyyəti barədə məlumatlandırılır.

Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək, dini radikalizmlə mübarizəni daha da effektiv aparmaq üçün islami dəyərləri olduğu kimi insanlara çatdırmaq məqsədilə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, Dövlət Komitəsi maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi layihələrin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsini həyata keçirir və bu layihələrin reallaşdırılmasına dəstək verir. Komitədən verilən məlumata görə, indiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 102 layihə maliyyələşdirilib. Təkcə keçən il dini icmalar tərəfindən layihə çərçivəsində keçirilən 370-ə yaxın tədbirdə təxminən 30 min insan iştirak edib.

Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra orqanları, vətəndaş cəmiyyəti institutları ilə də sıx əməkdaşlıq edir və demək olar ki, ölkənin bütün regionlarında onlarla birgə silsilə konfranslar, müşavirələr, "dəyirmi masa"lar təşkil olunur. Bu tədbirlər, əsasən, fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrıseçkilik hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədi daşıyır. Maarifləndirmə işləri elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan nəşrlər vasitəsilə də həyata keçirilir. Bu məqsədlə müxtəlif ədəbiyyatlar çap olunur. Dövlət Komitəsinin mətbu orqanları - "Dövlət və Din" jurnalı, "Cəmiyyət və Din" qəzeti, həmçinin İctimai Televiziyada yayımlanan və müəllif proqramları olan "Din və Cəmiyyət" verilişi əhaliyə sağlam dini bilgilərin verilməsi sahəsində fəaliyyətlərini davam etdirir.

Eyni zamanda, Dövlət Komitəsinin sifarişi ilə dini radikalizm və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən, maarifləndirici səciyyə daşıyan "Fitnə" sənədli filmi çəkilib. Filmin geniş ictimaiyyətə təqdim olunması üçün ölkə ərazisində fəaliyyət göstərən telekanallara və yerli icra hakimiyyəti orqanlarına göndərilib. Əksər rayonlarda, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda filmin nümayişi həyata keçirilib və bu proses davam edir. Məlumat üçün bildirək ki, Dövlət Komitəsi tərəfindən daha bir filmin hazırlanması planlaşdırılır.

Dövlət Komitəsinin həyata keçirdiyi dini marifləndirmə tədbirləri artıq öz bəhrəsini verir. Belə ki, son vaxtlar ölkədə radikallığa meyliliyin zəiflədiyi, cihad adı ilə Suriyaya gedənlərin sayının kəskin azaldığı müşahidə olunur. Artıq radikal düşüncəli qruplar cəmiyyətimizdə dəstəklənmir, məscidlərimizdə vəhdət namazı qılınır. Bundan başqa, yas mərasimlərində əvvəllər müşahidə olunan israfçılığın müəyyən dərəcədə azalması da, bu sahədə aparılan maarifləndirmənin nailiyyəti hesab edilə bilər.

Bu nailiyyətlərin nəticəsidir ki, artıq müəyyən qədər maariflənən və dini bilgilərə sahib olan vətəndaşlarımız milli və mədəni dəyərlərimizə yad olan ideyaların, əslində hansı məqsədlərə xidmət etdiyini çox yaxşı mənimsəyiblər. Bu da, cəmiyyətimizdə qarışıqlıq, dini dözümsüzlük mühiti yaratmağa cəhdlər edən qaradikal qrupların ciddi sosial baza yaratmaq imkanlarını məhdudlaşdırır.

Bütün bunlara baxmayaraq, açıq qeyd edək ki, ölkəmizdə maarifləndirmə sahəsində görülən işlərlə yanaşı, qeyri-ənənəvi, xüsusilə xurafatı, radikallığı və ekstremizmi təbliğ edən, dini siyasiləşdirməyə çalışan radikalların da fəaliyyəti davam edir. Xüsusilə məscidlərdə və sosial şəbəkələrdə aktivlik nümayiş etdirən bu qrupların radikal və məzhəb qarşıdurması yaradacaq çıxışları, demək olar ki, maarifləndirmə tədbirləri ilə paralel gedir və onların belə bölücü fəaliyyəti dini maarifləndirmənin effektivliyinə də təsirsiz ötüşmür.

Dini maarifləndirmənin effektivliyinə mənfi təsir göstərən bir sıra digər səbəblər də var. Bunlar, televiziya, radio, internet saytları və digər KİV-də dini maarifləndirmə işinə ötəri, bəzi hallarda, xüsusən internet resurslarında məsələyə milli və dövlətçilik maraqlarından deyil, dini dünyagörüşü və ya məzhəbçilik nöqteyi-nəzərindən yanaşmaları ilə bağlıdır. Bütün bu kimi hallara ciddi yanaşan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, hələ üç il bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə "Dini radikalizmə qarşı mübarizədə qadınların rolu" mövzusunda tədbir keçirib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dini radikalizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. İslam dini dünyada öz mövqeyini, rolunu və nüfuzunu qoruyub saxlamaqdadır.

Ölkəmizdə dövlət-din münasibətlərindən danışan komitə sədri qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib.

Bununla belə, gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyi artıb, bəzi radikal qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışırlar ki, bunun qarşısının alınması üçün görülən işlər daha da gücləndirilməli və davamlı xarakter daşımalıdır. Azərbycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmədir. Burada qadınların da rolunu xüsusi qeyd etmək lazımlır. Çünki qadınlar həm bir ana kimi evdə, həm müəllim kimi təhsil ocaqlarında gənclərlə daha çox təmasda olurlar. Gənclər isə radikal qrupaların əsas hədəfidir və çox təəssüflər olsun ki, bəzən gənclərimiz bilməyərəkdən radikal dini təriqətlərə qoşulurlar. Bu gün Azərbaycanda sabitlik mövcuddur və onu qorumaq hər birimizin işidir. O yerdə ki obyektivlik yoxdur, orada yalan, ikili standartlar olur. Heç şübhəsiz ki, bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr də var. Onların fəaliyyətinin məhdudlaşdırılması da, təkcə hüquq-mühafizə orqanlarını deyil, ölkəmizdə fəaliyyət göstərən bütün təşkilatların, eləcədə hər birimizin borcudur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini radikalizmə qarşı mübarizəyə dair növbəti maarifləndirici tədbir "BP Azərbaycan" şirkəti ilə birgə həyata keçirib.

Tədbirin əvvəlində Dövlət Komitəsinin sifarişi ilə çəkilən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunan "Şəhadət" sənədli filmi nümayiş etdirilib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin  məsləhətçisi Vasif Musayev çıxışında bildirib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət, anlaşma, sülh şəraitində birgə yaşayır və mövcud vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühitinin mütərəqqi tarixi ənənələri var. O qeyd edib ki, hazırda dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq və həmrəylik müsəlman xalqları arasında əməkdaşlığı daha da artıraraq İslam dünyasında, eyni zamanda bütün dünyada tərəqqinin, sülhün bərqərar olmasına və möhkəmlənməsinə səbəb olacaq.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov terrorizm, ekstremizm, radikalizm kimi ifadələrin İslam adı ilə yanaşı çəkilməsinin çox acınacaqlı hal olduğunu bildirib. Bəşəriyyət tarixinə, mədəniyyətinə, elminə öz töfhələrini verən, onu zənginləşdirən İslam dininin bütün sülhsevər, səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığını və onlarla dialoqa, əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

 Yazının hazırlanmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) məlumatlarından istifadə olunub.

 

  “Paralel”in Araşdırma Qrupu