Paralel. - 2018.- 4-6 avqust. - ¹ 136. - S. 13.

 

"Azərbaycan multikulturalizmi" dərsliyi dünya təhsil sisteminə bir töhfədir

 

Leksikona "Multikulturalizmin Azərbaycan modeli", "Azərbaycan multikulturalizmi" kimi terminlərin daxil olması ölkəmizin uğurudur

 

 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun elmi redaktorluğu ilə hazırlanan "Azərbaycan multikulturalizmi" dərsliyinin Naxçıvan Müəllimlər İnstitutunda təqdimatı həm müəllimlər, həm də tələbələr üçün böyük əhəmiyyət kəsb edib.

Tədbirdə çıxış edən institutun tədris işləri üzrə prorektoru Akif İmanlı qeyd edib ki, artıq bir neçə ildir ali təhsil ocaqlarında multikulturalizm fənni tədris edilir. Hesab edirəm ki, bu gün təqdimatı keçirilən "Azərbaycan multikulturalizmi" dərsliyi bu fənnin tədrisində müəllimlər və tələbələr üçün böyük töhfə olacaq.

AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə isə öz çıxışında dildirib ki, bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim edir. Ölkəmizin bu sahədə qədim tarixə əsaslanan zəngin təcrübəsi var.

Bu da məlumdur ki, Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının elmi müstəvidə təhlili və qorunub saxlanılması, ölkəmizin əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətdə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də, bu siyasətin əsas prioritet istiqamətidir. "Azərbaycan multikulturalizmi" dərsliyi isə multikultural dəyərlərin gənclərə aşılanması baxımında dəyərli mənbə rolunu oynayır.

Buna görə də "Azərbaycan multikulturalizmi" fənninin ölkəmizin və eləcə də bir çox xarici ölkələrin ali təhsil ocaqlarında tədrisi mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan multikulturalizmi" dərsliyi kitabı giriş, üç bölmə və yeddi fəsildən ibarətdir. Dərslik Azərbaycanın və xarici ölkələrin universitetlərində Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr, magistr və doktorantlar, həmçinin Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

Dərsliyin giriş hissəsini təşkil edən birinci bölmədə multikulturalizmlə bağlı bir sıra mühüm məsələlərlə yanaşı, "Azərbaycan multikulturalizmi" fənninin predmeti, metodları, onun digər ictimai elmlərlə münasibəti, əsas funksiyaları və əhəmiyyəti açıqlanır. Dərsliyin əsas hissəsi ikinci və üçüncü bölmələrdə verilib. İkinci bölmədə multikulturalizm Azərbaycanın dövlət siyasəti və xalqımızın həyat tərzi kimi təqdim olunur. Həmçinin "Multikultural təhlükəsizlik və onun əsas prinsipləri", "Azərbaycançılıq və multikulturalizm" kimi əhəmiyyətli məsələlər təhlil edilir. Üçüncü bölmədə isə Azərbaycanın xarici siyasətində multikulturalizmlə bağlı bir sıra mühüm məqamlar yer alıb. Bu bölmədə multikulturalizm ölkənin uğurlu xarici siyasətinin bir amili kimi göstərilir. Son dövrdə siyasi leksikona daxil olan və müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan "Bakı prosesi" təşəbbüsü də kitabda geniş təhlil olunub. Eyni zamanda, multikulturalizm siyasətinin həyata keçirilməsində Heydər Əliyev Fondunun rolu işıqlandırılır, dünyada Azərbaycanın multikulturalizm modelinin təbliğ və təşviqində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən bəhs edilir.

Dərslikdəki fəsillərdə Azərbaycanın xarici və daxili siyasətində multikultural təhlükəsizlik, mədəniyyətimizdə multikulturalizmin ədəbi-bədii qaynaqları haqqında geniş məzmunlu materiallar yer alıb.

Ölkəmizin tarixən multikultural və tolerant bir ölkə olması, burada multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə yüksəlməsi, həmçinin dövlət tərəfindən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunması istiqamətində böyük layihələrin həyata keçirilməsi, Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Leksikona "Multikulturalizmin Azərbaycan modeli", "Azərbaycan multikulturalizmi" kimi terminlərin daxil olması da buradan qaynaqlanır. Bu gün Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mütərəqqi təcrübəyə dünyada maraq artıb. Bunun nəticəsidir ki, son dövrlərdə bir sıra Azərbaycan və xarici ölkə ali məktəblərində "Azərbaycan multikulturalizmi" fənnin maraqla tədris olunur.

Multikulturalizm bu gün həm də Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsinə çevrilib. Bununla bağlı keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu da, dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir.

Dövlət başçımızın göstərdiyi konkret ideoloji hədəflərdən biri ölkəmizin dünyaya tanıdılmasıdır. Hazırda xarici ölkələrdə "Azərbaycan multikulturalizmi" fənninin geniş tədris edilməsi də, bunun bariz ifadəsidir. Bu fənn bu gün Portuqaliya, Almaniya, İsveçrə, İtaliya, Rusiya, Çexiya, Gürcüstan, Litva, Belarus və Bolqarıstan ali məktəblərində tədris olunur və perspektivdə bir sıra dirgər olkələrdə də tədrisi nəzərdə tutulub.

Azərbaycanı dünyada tanıtmaq istiqamətində təşkil edilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş!" mövzusunda beynəlxalq qış məktəbi də dövlətimizin başçısının təqdir etdiyi layihələrdən biridir.

Ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi və geniş təbliğ olunması barədə danışarkən, "Multikulturalizm ili" çərçivəsində Bakıdakı Heydər məscidində cümə namazının qılınması mərasimini xüsusi qeyd etmək lazımdır. Çünki Vəhdət namazı adlandırılan bu mərasimdə məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar ediblər.

Dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda, Heydər məscidində şiələrlə sünnilər hər gün olduğu kimi, müqəddəs cümə günündə də növbəti dəfə Vəhdət namazı qılmaq üçün bir araya gəlmələri, artıq böyük dəstək qazanaraq davamlı hal alıb. Həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada duraraq ibadət etməsi, ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin məntiqi nəticəsidir.

Bu həm də dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə dünyaya bir sülh mesajıdır. Bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycandan verildi. Məğzi isə odur ki, məzhəbindən asılı olmayaraq, müsəlmanlar qardaş-bacı kimi bir yerdə, bir məsciddə namaz qılırlar. Çünki bütün müsəlmanların bir Allahı, bir Quranı və bir Peyğəmbəri var.

Bəşəriyyətin gələcək inkişafında insanların mənəvi ehtiyaclarının təminatı, rolu və funksiyası bütün xalqlar və millətlərin humanitar elmləri qarşısında böyük aktual məsələlər qoyur.

Məlum olduğu kimi, hər bir xalqın tarixi onun eposunda yaşayır.

Hər bir xalqın folkloru etnik-mənəvi xarakteri, etnik-milli dəyərləri şifrələyən genetik yaddaş xəzinəsidir. Sivilizasiyalar tarixində türk etnosunun etik enerjisi ilk dəfə yer üzünə eradan əvvəlki minillikdən qədəm qoyub. Planetin o xalqları daha çox xoşbəxt sayılır ki, onların tarixi keçmişlərindən keçərək "ana kitab" kimi müraciət etdiyi, onun diqtə etdiyi ictimai-siyasi, əxlaqi-sosial prinsipləri zaman-zaman ildən-ilə, əsrdən-əsrə qoruyub bu günümüzə gətirib çatdırdığı zəngin folkloru və ən böyük struktur vahidi olan epos mədəniyyəti var. Bizim belə abidəmiz- "ana kitabimiz" "Kitabi-Dədə Qorqud" dastanı sayılır.

Qloballaşan dünyada, bəşər mədəniyyətinin ortaq əsaslarını müəyyənləşdirmək, Qərb-Şərq əlaqələrinin öyrənilməsi mədəniyyətlərin qarşılıqlı bağlılığı nöqteyi-nəzərindən "Kitabi-Dədə Qorqud", "Manas", "Alpanuş", "Koroğlu" kimi türk eposlarının Qərb folkloruna dastan və nağıllarına təsiri böyük maraq doğurur.

1815-ci ildə Alman şərqşünası H.F.Dits tərəfindən aşkar edilərək elm aləminə təqdim edilən "Kitabı- Dədə Qorqud" o zamanlardan Avropa şərqşünaslarının, ümumiyyətlə, ingilisdilli şərqşünası alimlərin ən çox müraciət etdikləri əsərlərdən biridir.

Beynəlxalq aləmdə böyük maraq kəsb edən "Kitabi-Dədə Qorqud" dastanı zaman-zaman tədqiqatçıların maraqla araşdırdıqları nadir əsərlərdən biridir.  Uzunmüddətli və ortaq nəticə etibari ilə "Kitabi-Dədə Qorqud" boylarının motivlərinin Avropa eposlarına, Qərb dastanlarına da ciddi təsir göstərdiyi, neçə-neçə elmi araşdırmaların mənbəyi kimi diqqət cəlb edir.

Ümumilli liderimiz Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanının sistemli, və ardıcıl şəkildə təbliği və təşviqi üçün çox böyük işlər görüb. Ulu öndərimizin milli-mənəvi sərvətlərimizə verdiyi qiymət bunu bir daha təsdiq edir.  "Dədə Qorqud" adının dünya okeanlarında üzən gəmilərdən birinə və Suraxanı rayonundakı yeni qəsəbəyə verilməsi ilə bağlı sərəncamlar da bunu təsdiq edir. Yəqin, bir vaxtlar "Azərbaycan multikulturalizmi" kitabı da, Azərbaycan multikulturalizmi tarixinin şah əsəri kimi yüksək səviyyəyə qalxacaq və bütün dünyada təbliqinə böyük önəm veriləcək.

 

 “Paralel”in

Araşdırma Qrupu

Yazı Azərbaycan

Respublikasının

Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi

Fondunun maliyyə

dəstəyilə çap olunub