Paralel. - 2018.- 31 iyul. - ¹ 134. - S. 10.

 

Ölkəmizdə bütün dinlərin nümayəndələri tolerant mühitdə yaşayırlar

 

Azərbaycanın yəhudi icmaları "Soxnut", "Aqudit İsrail" və "Tşuva İsrail" kimi beynəlxalq təşkilatlarla sıx əlaqə saxlayırlar

 

Azərbaycanın tarixən tolerant bir ölkə olduğu, təkcə burada yaşayan insanlara deyil, bütün dünyaya məlumdur. Respublikamız sovet imperiyasının caynağından qurtulduqdan sonra, burada yaşayan bütün azsaylı xalqlara bərabər hüquqlar verildi.

Ölkəmizin ərazisində fəaliyyət göstərən bütün dini konfessiyaların sərbəst fəaliyyətləri üçün imkanlar yaradıldı. Bu imkanlardan geniş istifadə edən dini icmalar, bu gün ölkəmizin qanunlarının imkan verdiyi formada öz fəaliyyətlərini davam etdirirlər. Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Beynəlxalq İslam Konfransı Təşkilatı və digər xarici müsəlman və qeyri müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur. Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın yəhudi icmaları "Soxnut", "Aqudit İsrail" və "Tşuva İsrail" kimi beynəlxalq təşkilatlarla, eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıx əlaqə saxlayırlar.

Respublika ərazisində xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, yevangel-xristian protestant icmalarının Bibliya kursları, "Həyatverici lütf" icmasının Bibliya institutu, yəhudilərin ivriti, yəhudi dini və mədəniyyətini öyrədən kursları və s. fəaliyyət göstərir. Mərkəzləri əsasən ABŞ-da, İsveçdə və Almaniyada olan dini icmalar xarici ölkədəki dini mərkəzlər ilə qanun çərçivəsində maneəsiz əməkdaşlıq edir, onlardan maddi-mənəvi və dini ayinlərin icrası üçün metodik yardım alaraq fəaliyyət göstərirlər.

Bu da danılmaz həqiqətdir ki, Azərbaycan Respublikası çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Əsas Qanunu - Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan, vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, sosial-siyasi mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".

Konstitusiyanın sözügedən maddəsindən göründüyü kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqlara malikdir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabərdir. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir".

Azərbaycan Respublikasında heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə və ya onlardan olan qrupa milli xüsusiyyətlərinə və ya dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, çox fəal təəssübkeşlik göstərmək, hətta, bu ideyaların həyata keçirilməsində fiziki təzyiqlərdən istifadə edilməsi qanunla məhdudlaşdırılır, bu sahədə sui-istifadə hallarına yol verən şəxs və ya qrup cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qanunlar çərçivəsində cəzalandırılır. Azərbaycan Respublikasında dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində də müstəqillik əldə edildikdən keçən son illər ərzində dövlət çox mühüm və ciddi addımlar atıb.

Azərbaycan Respublikası dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab edərək, Azərbaycan Respublikası Prezidenti, Ümumilli lideri Heydər Əliyev 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranan Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Azərbaycan Hökumətinin dəstəyi ilə Bakıda "Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda keçirilən beynəlxalq elmi konfrans da, bu missiyaya xidmət edir. Konfransda ATƏT-ə üzv olan 55 dövlət, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı da, konfransın çox böyük əhəmiyyət kəsb etdiyini göstərdi.

Ölkəmizdə yüksək tolerantlığın nümayiş etdirildiyi və burada mövcud olan dözümlü münasibətlərin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi ölkəmizdə səfərdə olan bir çox din xadimləri və rəsmi şəxslər tərəfindən bəyan edilib. Belə ki,  2006-cı il fevral ayının 28-dən mart ayının 5-dək Azərbaycanda səfərdə olan BMT-nin İnsan Hüquqları Komissiyasının Din və əqidə azadlığı üzrə Xüsusi Məruzəçisi Asma Cahangir cəmiyyətdə mövcud olan dözümlülük səviyyəsinin xoş təəssürat yaratdığını qeyd edib. Səfər zamanı Xüsusi Məruzəçi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilib, bir sıra rəsmi şəxslərlə görüş keçirib, 1 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib. Xüsusi Məruzəçi Naxçıvan və Gəncəyə də səfər edib, Bərdədə qaçqın və məcburi köçkün düşərgəsinə baş çəkib. Belə səfərlər ölkəmizdə mövcud olan tolerantlıq mühitinin təbliği baxımında çox böyük əhəmiyyət daşıyır.

Belə ki, 1999-cu ildən etibarən, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda tolerantlıq günü xüsusilə qeyd edilir. 2006-cı ildə də tolerantlıq günü ilə əlaqədar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz müsəlmanları Ruhani İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və yəhudi dini icması ilə birgə "Tolerantlıq örnəyi - Azərbaycan" mövzusunda dəyirmi masa təşkil ediblər. Tədbirdə Bakıda akkreditə olunan səfirliklər, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, ictimai və dini xadimlər, digər şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasında dini tolerantlığın yüksək səviyyədə olması barədə həqiqətlərin dünyaya yayılması istiqamətində ölkəmizin müxtəlif dövlətlərdə akkreditə olunan səfirlikləri tərəfindən də müəyyən işlər aparılır. Belə ki, 2008-ci il iyun ayının 3-də Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin Almaniyanın Konrad Adenauer və Almaniya-Azərbaycan Forumu ilə birgə əməkdaşlığı ilə Berlində Azərbaycanda dini tolerantlığa həsr edilmiş tədbir keçirilib.

Tədbirdə hər iki ölkədən dini və siyasi xadimlər, alimlər, mütəxəssislər və mətbuat nümayəndələri, o cümlədən Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, Bakı və Xəzəryanı Yeparxiyasının, Dağ yəhudiləri dini icmasının rəhbərləri iştirak ediblər.

Ölkəmizdə mövcud olan konfessiyalar və dini qruplar barədə məlumatda qeyd olunur ki, hazırda Azərbaycan Respublikası ərazisində 380-dən artıq dini icma qeydiyyatdan keçib. Bunlardan 31-i qeyri-islam təmayüllü dini icmalardır.

Tədbirdə qeyd olunub ki, 1991-ci ildə Cen Mironosets kilsəsinin (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa olunub) binası Rus Pravoslav kilsəsinə verilib. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu verib.

1999-cu ildə isə Azərbaycanda katolik icması qeydiyyatdan keçib. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu icmaya xüsusi bina alınıb və kilsəyə çevrilib. 2007-ci ildə Azərbaycan Hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Roma Katolik kilsəsinin inşası tamamlanıb.

2002-ci ilin may ayında Roma katolik kilsəsinin başçısı II İohann Pavel Bakıda səfərdə olub və dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib.

2003-cü ilin aprel ayında isə Rum patriarxı II Varfolomey Azərbaycana rəsmi səfər edib, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi dini icmalarının rəhbərləri ilə görüşüb, o, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən qəbul olunub.

2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınıb. Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi 2003-cü ildə əsaslı bərpa olunaraq istifadəyə verilib. 2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsinin yerində Çotari alban-udi kilsəsinin açılış mərasimi keçirilib.

Azərbaycanda məskunlaşan ən böyük dini icmalardan biri də Yəhudi dini icmalarıdır. Onların arasında Avropa yəhudilərinin dini icması "Aşkinazi", Dağ yəhudiləri icması-sefartlar, Gürcü yəhudiləri icması öz fəaliyyətləri ilə seçilirlər.

 

“Paralel”in Araşdırma Qrupu