Paralel. - 2018.- 28-30 iyul. - ¹ 133. - S. 10.

 

Xınalıqlılar Şahdağ xalqlarının bir nümayəndəsidir

 

Xınalıq, Cek, Buduq kəndlərində insanların ta qədim zamanlardan məskunlaşdıqları heç kimdə şübhə doğurmur

 

 Bu gün bütün bəşəriyyəti narahat edən əsas məsələ dinlər və millətlərarası dözümsüzlükdür desək, yəqin ki, yanılmarıq. Bu dözümsüzlük labirintindən isə bir çıxış yolu var: multikulturalizm və tolerintlıq dəyərlərini daha geniş miqyasda təbliğ etmək. Bunun üçün Azərbaycanda mövcud olan multikulturalizm mühitindən nümunə kimi istifadə oluna bilir. Bu gün biz sizlərə bir kəndin, qəsəbənin timsalında Azərbaycan multikulturalizmini təqdim etməyə çalışacağıq. Bu, dünyada bənzəri olmayan Xınalıq kəndi və xınalıqlılardır.

YUNESCO tərəfindən dünya əhəmiyyətli tarixi abidələr siyahısına daxil edilən qəsəbəni açıq səma altında muzeyə bənzədirlər. "Dağlarda ada" adlanan bu kənd rayon mərkəzindən 65 km-lik məsafədə yerləşir. Dağın ətəyindən başlayaraq yamaclarla yuxarıya doğru sıralanan çay daşından tikilən evlər, ilk baxışdan çoxmərtəbəli binanı xatırladır. Azərbaycanın xalq şairi Rəsul Rza "Xınalıq kəndinin xatirələri" oçerkində buradakı evləri üst-üstə yığılan qartal yuvalarına bənzədib.

Xınalıq kəndinin həm də maraqlı tarixi var, bu tarix Xınalq kəndi barədə söylənən əfsanələrdə özünə yer tapıb.

Xınalıq (xın. Xınalıkc) və ya yerli dildə: Kətiş (xın. Kağtiş)- Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində bir kənddir, bəzən qəsəbə kimi də qeyd olunur. Bura Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların yurdları, məskənidir. Xınalıq qəsəbəsi, Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda isə Xınalıq bələdiyyəsinin mərkəzidir (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir və dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. 5000 illik tarixə malik olan Xınalıq fenomeni, təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsi hesab olunur.

Azərbaycanın qədim və səfalı guşələrindən biri olan Quba bölgəsində, Şahdağ, Tufan dağı, Baba dağı, Qiblə dağı kimi yüksək dağ silsilələri arasında yerləşən Xınalıq, Haput, Qırız, Buduq kəndləri tarixin və təbiətin yaratdığı özünəməxsus muzeyləri xatırladır.

Bu qədim məkana yaxınlaşarkən, öncə diqqəti gözəl təbiət mənzərələri, pilləvari və yarusvari tikililərin sərt əzəməti cəlb edir. Bu kəndin nadir dili və tarixi var. İl boyu qar və buzlaqlarla örtülü olan möhtəşəm Böyük Qafqaz dağlarının əhatəsində yerləşən Xınalığın bənzərsiz landşaftı, təbiətlə səsləşən mənzərəsi bura səfər edən hər kəsi heyrətləndirir. Uzun illər digər yaşayış məskənlərindən təcrid olunmuş şəkildə qalan kənd ənənəvi inşaat üsullarını, folklor və etnoqrafik ənənlərini qoruyub-saxlayıb. Bir sözlə, özünün ilkin memarlıq simasını, eləcə də köhnə məişət tərzi ilə səsləşən ekzotik əlamətləri saxlayan Xınalıqla tanış olan hər kəs o nəticəyə gəlir ki, bu diyar tam mənası ilə bəşər sivilizasiyasının dağıdıcı qüvvəsinə məruz qalmayan canlı tarixdir. Sakinlər arasında kəndin adı haqqında çox maraqlı rəvayətlər danışılır.

Deyilənə görə, Ketş dağının ətəyində yerləşən kənd güclü zəlzələdən sonra tamamilə dağılıb, sağ qalanlar Dam-dam dağının ətəyinə yerləşərək, xına əkməyə başlayıblar. Elə o vaxtdan kənd "Xınalıq" adlanıb. Qədim dövrlərdən bəri, həyat tərzində çox da böyük dəyişikliklər baş verməyən xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə kəndləri Ketş dağlarında yerləşib. Sonradan zəlzələ zamanı orada heç bir ev salamat qalmayıb və əhalinin çox hissəsi tələf olub. Sağ qalanlar isə çayı keçərək kiçik bir təpəyə qalxaraq Xınalığı yaradıblar. Yerlilər hesab edirlər ki, tufandan sonra Nuhun oğulları - Sim və Xam müxtəlif yerlərə köç etdilər, yalnız Yafəs öz oğulları ilə həmin yerdə qalıb ki, ondan da qafqaz xalqı törəyib. Kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümükləri burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.

Bununla belə, bu yaşayış məntəqəsinin yaranma tarixi elm aləminə dəqiq məlum deyil. Lakin Xınalıq, Cek, Buduq kəndlərində insanların ta qədim zamanlardan məskunlaşdıqları heç kimdə şübhə doğurmur.

Çox maraqlıdır ki, qədim yunan alimlərinin də bu kənd barədə məlumatları olub. Belə ki, qədim yunan alimi Strabon özünün 17 cildlik "Coğrafiya" əsərində qeyd edir ki, Qafqaz Albaniyasında 26 Alban tayfası yaşayır və həmin tayfaların hərəsi öz dilində danışır.

Xınalıqlılar həmin 26 Alban tayfalarından biridir və elə o zamandan öz dilində danışırlar. "Xınalıqlılar" etnik qrup olaraq Qafqazda minilliklərdir yaşayır, öz dilini, adət-ənənələrini itirməyib, bu günümüzə qədər qoruyub saxlaya bilib. Bu da Azərbaycanda tarixən mövcud olan tolerantlığın nəticəsidir.

Təəssüf ki, bu günə qədər Xınalığın tarixini müəyyən edəcək heç bir arxeoloji ekspedisiya keçirilməyib. Bir dəfə də olsun qazıntılar aparılmayıb. Xınalığın tarixinin ən maraqlı faktlarından biri də odur ki, onun ərazisində səkkiz qəbiristanlıq mövcuddur. Niyə, nə üçün bu suallara indiyədək heç kim cavab axtarmayıb? Kənddə Giyad təpəsi deyilən yerin başlanğıcından tutmuş sonunadək, kəndin içərisindən tutmuş Rutsoş və Dəyirmançay çayının sahillərinə kimi görünən saysız-hesabsız qəbirlərin tarixi bu günə qədər tədqiq olunmayıb.

Qeyd edək ki, Xınalıq qəbiristanlıqlarında qəbirlərin çoxu olduqca böyük, enli və uzundurlar.

Rutsoş çayına gedərkən, yolun üstündəki açıq qəbirlər buna əyani sübutdur. Xınalıqdakı qəbirlərin bəziləri 3 mərtəbəlidir. Burada qəbirlər biri-digərinin üstündə yerləşir. Ancaq qazıntılar və araşdırmalar bu qəbirlərin tarixi barədə məlumat verə bilər.

Hazırda kənddə 380-nə yaxın evdə yaşayış var. Xınalıq qoruq elan edildiyi üçün burada yeni tikililərin inşasına icazə verilmir.

Bir evin damı, ondan yüksəkdə yerləşən digər evin meydançasıdır. Başqa sözlə desək, sizin damınız kiminsə həyətidir. Dağlar dik olduğundan evlər çox sıx yerləşib. Həyətlərdə balaca bostanlar var. Evlərin hamısı qədimdir, onların 200-300 il yaşı var. Kənddə daha qədim tikililər və çoxlu qədim xarabalıqlar da var. Kənd öz arxitektur stilini itirməyib.

Adət-ənənəni, milli geyim tərzini qoruyan yerlilər zahiri görünüşlərinə görə də seçilirlər. Xınalıq camaatı ortaboylu, sağlam bədənli, saçları xurmayı, gözləri qonur, ya da, mavi rəngdə olur. Cəsur və zirəkdirlər.

Xınalıqlılar Qafqaz Albaniyası xalqlarından olan və Qəbələnin Nic kəndində yaşayan ən qədim türk qəbilələrindən olan utilərlə qohum tayfa olduqlarını söyləyirlər. Buradan Qəbələyə qısa dağ yolu var. Keçən əsrin ortalarına qədər kənd sakinləri alış-veriş üçün Qəbələyə bu dağ yolu ilə gedib-gəliblər.

 Xınalıqlılar islam dininə etiqad edirlər. Onlar atəşpərəstlikdən birbaşa İslam dininə keçiblər və hazırda dini inanclara yüksək səviyyədə bağlıdırlar. Xınalıqda İslam dininin təbliği 12-ci əsrdə Əbu Müslim tərəfindən həyata keçirilib. Kənddə 10-a yaxın məscid var. 12-ci əsrdə inşa edilən Cümə məscidini camaat Əbu Müslim məscidi adlandırır.

Kəndin mərkəzində, ən yüksək yerdə yerləşən Cümə məscidi buradakı məscidlərin ən qədimi hesab olunur. Zaqafqaziyada meydana gələn ilk məscidlərdən biridir. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində "runa" yazıları həkk olunub.

Pirəcomərd məscidi isə üzərindəki lövhədə yazılanlara görə, 1388-ci ildə tikilib.

"Bürc" adlanan pir isə kəndin daha qədim hissəsində, zərdüştlərin od məbədinin yerində, b.e. Vll əsrdə tikilib. Bu pir yalnız müsəlmanların dini bayramlarında ziyarət olunur.

Xınalıq kəndinin maraqlı cəhətlərindən biri də odur ki, kənd 4 tərəfdən mağara, pir, məbəd, atəşgahlarla əhatə olunub. Demək olar, hər küçədə pir var. Bütün pirlərdə bir qəbirlə rastlaşırsan. Bu pirlədə övliya olan şəxsləri dəfn ediblər. Pirlərin demək olar hamısının divarlarında İbrahim Peyğəmbərin oğlu İsmayılı Allaha qurban kəsməsi səhnəsi təsvir olunub. Kənddəki ən məşhur pir "Xıdır Nəbi" adlanır. Ən məşhur pirlərdən biri də "40 abdal" adlanır. 40 dərvişin sığındığı və ibadət etdiyi məbəd olub. Xınalığın 2 km yüksəkliyində qayalıqda, içərisində müqəddəs sayılan bulağı olan mağaradır. Oradan saxsı boru vasitəsilə həyətlərə və kəndin mərkəzi meydanına su gəlir. Böyük bayramlar və təntənələr zamanı kəndin bütün əhalisi burada toplaşır.

 Xınalıqdan 5 km məsafədə, dəniz səviyyəsində 2600 metr yüksəklikdə yerləşən Atəşgah, əslində yanar dağdır. Bu dağlıq ərazi təbii qaz ehtiyatlarıyla zəngindir. Yerlilərin dediyinə görə, ətrafda bunun kimi yanan daha bir neçə dağ var. Yanan alovun üstünə yığılan hamar qaya parçaları və çınqıllar buraya yıxılan qala görüntüsü verir. Atəşgahın yaranması ilə bağlı əfsanədə qeyd edilir ki, soyuq günlərin birində sürüsünü otararaq buralara qədər gəlib çıxan çoban qızışmaq üçün ocaq qalamaq niyyətinə düşür. Əlinə keçəni ortaya yığıb yandırmaq istəyəndə buranı alov götürür, qorxusundan dizüstə çökən çoban Allaha dua etməyə başlayır. O vaxtdan yanmağa başlayan atəş heç vaxt sönmür, o zamandan  bu yer də, müqəddəs hesab edilərək məbədə çevrilib.

Buraları seyr etdərək, insanları dinlədikcə bu diyarın niyə "odlar yurdu" adlandırıldığının fərqinə varırsan.

 

 “Paralel”in Araşdırma Qrupu