Paralel. - 2018.- 27 iyul. - ¹ 132. - S. 10.

 

Azsaylı xalqdar və etnik qruplar beynəlxalq təşkilatların diqqət mərkəzindədir

 

Azərbaycanda dilindən, dinindən və irqindən asılı olmayaraq, bütün insanların hüquqları qorunur

 

 Bildiyiniz kimi, BMT-nin İnsan hüquqları üzrə komissiyası milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Qətnamə qəbul edib. Komissiya 1992-ci il aprelin 25-də keçirdiyi iclasında insanları cəmiyyətdə sülhün qorunması üçün milli azlıqların hüquqlarını qorumağa çağırıb.

BMT Baş Assambleyası 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini  azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Bəyannamə qəbul edib. Bəyannamədə bir daha təşkilatın Nizamnaməsində göstərildiyi kimi, dilindən, dinindən və irqindən asılı olmayaraq bütün insanların hüquqlarının qorunması önə çəkilir. Beynəlxalq paktın 27-ci maddəsində etnik azlıqların hüquqları ilə bağlı məsələlər də öz əksini tapıb. BMT-yə üzv olan dövlətlər öz ərazilərində yaşayan etnik azlıqların hüquqlarını qorumağa borcludurlar.

O da məlumdur ki, BMT azsaylı xalqların hüquqlarının qorunmasında mühüm rol oynayır. Hökumətlərarası və qeyri-hökumət təşkilatları da milli azlıqların hüquqlarının qorunmasına səy göstərirlər. BMT Baş Assambleyasının 1965-ci ildə qəbul etdiyi Beynəlxalq paktda göstərilir ki, bütün xalqlar özlərinin təyinetmə hüququna malikdirlər (Milli və etnik, dini, və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında Deklarasiya, 18 dekabr 1992.).

Eyni zamanda BMT Baş Məclisinin 1996-cı il dekabrın 16-da təsdiq etdiyi insanın vətəndaşlıq və siyasi hüquqları, insanın iqtisadi, sosial və mədəni hüquqları haqqında faktlara müvafiq olaraq respublikamızda milliyyətindən, dilindən, dinindən, siyasi baxışlarından asılı olmayaraq vətəndaşlarımızın hamısı bərabər hüquqlara malikdir və Azərbaycan dövləti öz fəaliyyətini bu demokratik və humanist prinsiplər əsasında qurur, inkişaf etdirir.

Avropa Şurası 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" Çərçivə Konvensiyası qəbul edib. Konvensiyaya imza atan dövlətlər Avropa Şurasının insan hüquqlarının əsas hüquq və azadlığını önə çəkirlər. Bu Konvensiyaya imza atan dövlətlər, həmçinin Avropa Şurasının 1993-cü ildə Vyana şəhərində öz ərazilərində milli azlıqların hüquq və azadlıqlarının qorunması barədə Bəyannamədən irəli gələn vəzifələrə də əməl etməlidirlər. Konvensiyada üzv dövlətlər milli və etnik azlıqlara məxsus insanların hüquq və azadlıqlarını qorumağı öz öhdəsinə götürür və bu beynəlxalq əməkdaşlığın əsası hesab edilir.

"Milli azlıqların hüquqlarınının qorunması haqqında" Çərçivə Konvensiyası Avropa Şurası Milli Azlıqların Qorunması üzrə Xüsusi Komitəsi tərəfindən 10 noyabr 1994-cü ildən quruma üzv dövlətlər üçün açıqdır, həmçinin AŞ-a üzv olmayan dövlətlər də, bu Konvensiyaya qoşula bilərlər.

Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası 1 fevral 1995-ci ildə Fransanın Strasburq şəhərində qəbul edilib.

Beynəlxalq sənəddə göstərilir ki, milli azlıqların və bu azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının müdafiəsi insan hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz tərkib hissəsidir və buna görə də beynəlxalq əməkdaşlığın bir sahəsi hesab olunur. Qeyd edək ki, Azərbaycan bu Konvensiyaya 13 iyun 2000-ci il tarixdə qoşulub.

Azsaylı xalqların hüquqlarının qorunmasında istiqamətverici rol oynamaqda Beynəlxalq Əmək Təşkilatının 169 saylı "Köklü xalqlar və xalqlar barədə, müstəqil ölkələrdə tayfa həyatı sürən xalqlar" haqqında Konvensiyasında əks olunub. BƏT-nın 1989-cu il iyunun 26-da Ali konfransında qəbul edilən Konvensiyada əsas diqqət bu xalqların hər hansı bir diskriminasiya olmadan insan haqları və əsas azadlıqlardan istifadə etmələri nəzərdə tutulub.

Bu xalqlar inkişaf etmələri naminə ənənəvi olaraq malik olduqları torpaqlardan və təbii ehtiyatlardan istifadə edə bilər. Bu torpaqlardan istifadə zamanı dəyən ziyana və itkilərə görə kompensasiyalar əldə etmək hüquqları da var. Hökumətlərin isə köklü xalqlar üçün kredit götürmək hüquqları var. Onlar məşğulluq, professional hazırlıq, kustar sənaye və kənd təsərrüfatı sənayesində köməklik etməlidir. Sosial təminat və səhiyyə, təhsil və məlumat vasitələri, məhkəmə-hüquq müdafiəsinə də nəzərdə tutur.

Bütün yuxarıda qeyd olunan prinsipləri əlində əsas tutan Azərbaycan dövləti də, ölkəmizin ərazisində yaşayan milli azlıq və etnik qrupların hüquqların qorunması istiqamətində çox böyük işlər görür. Onların təkcə vətəndaşqlıq hüquqları deyil, eyni zamanda mədəniyyətləri də, Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir. Ölkəmizdə azsaylı xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün dövlət tərəfində məqsədyönlü işlər aparılır. Dövlət müstəqilliyinin ilk illərində - 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərin inkişafı üçün dövlət yardımı haqqında" fərman imzalayıb. Fərmanda qeyd olunub: "Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilən siyasi, iqtisadi, sosial, mədəni hüquqlarını və azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədi ilə nazirlik və idarələrin fəaliyyət çərçivəsində milli münasibətlərlə bağlı məsələlərə, bu fərmandan irəli gələn vəzifələrə hərtərəfli baxılsın".

Bu da məlumdur ki, ölkəmizin ərazisində yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycan dövlət dilini və onların təqribən beşdən dördü rus dilini də bilir. Bu da görünür etniklərarası ünsiyyət üçün kifayət edir. Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi "Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası"nın prinsiplərini daim diqqət mərkəzində saxlayır.

Fərmanda daha sonra deyilir: "Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin peşə hazırlığına uyğun olaraq və heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlara malik olmasını nəzərə alaraq, həmin hüquqların həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılsın, onların pozulmasına yönəldilmiş hər hansı bir hərəkətin, yaxud hərəkətsizliyin qarşısı alınsın, ərizə və şikayətlərin baxılmasına və vətəndaşların qəbulunda həmin məsələlərin həllinə diqqət artırılsın".

Bu gün Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlər artıq öz səmərəsini verir. Bu da onun nəticəsidir ki, Azərbaycan dövləti milli azlıqların hüquqları, mədəniyyətləri, adət-ənənələri, xüsusən də, ana dilləri ilə bağlı məsələlərdə olduqca həssasdır.

Bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri R.Hüseynov da qış sessiyasında çıxışı zamanı xüsusi qeyd edib.

O, vurğulayıb ki, etnik azlıqlarla zəngin olan çoxmillətli ölkələr üçün bu məsələyə diqqət yetirmək olduqca vacibdir.

Azərbaycanda bu sahədəki vəziyyətə diqqət çəkən R.Hüseynov qeyd edib ki, əsrlər boyu 80-dən çox etnik qrupun nümayəndələri Azərbaycanda yaşayıb və ölkəmiz tarixən çoxmədəniyyətli mühitin formalaşdığı bir məkan olub. Bu gün 30-dan çox milli azlıq və etnik qrupun təmsilçiləri ilə yanaşı, 40-dan çox başqa millətin nümayəndəsi də Azərbaycanın ərazisində birgə yaşayır. Onlar öz mədəniyyətlərini inkişaf etdirmək, radio və televiziyada öz dillərində yayımlanan proqramları izləmək, həmçinin öz dillərində kitab, qəzet və jurnallar dərc etmək imkanına malikdirlər.

Sonda sizləri Azərbaycanda yaşayan, Gürcüstanda azarbaycanlılara gürcü dilini tədris edən Temur Sukaşvili ilə tanış etmək istəyirik.

Azərbaycanda yaşayan etnik gürcü Temur Sukaşvili autsayder olmağın nə demək olduğunu yaxşı bilir. Buna görə də Gürcüstandakı etnik azərbaycanlıların orta məktəbində gürcü dərsi demək təklifini tərəddütsüz qəbul edib.

Temur Sukaşvili deyir ki, inteqrasiya dildən başlayır.

28 yaşlı Suxaşvili Azərbaycanda yaşayan etnik gürcü kimi, Gürcüstanda yaşayan etnik azərbaycanlıların ehtiyaclarını və gürcü cəmiyyətinin bir parçası olmaq naminə hansı çətinliklərlə üzləşdiklərini çox yaxşı bilir.  Azərbaycanlılara, məhz bu çətinliklərlə mübarizə aparmaqda kömək etmək istəyi ilə müəllim olmaq qərarına gəlib. Temur Sukaşvili deyir:

"Universitetə hazırlaşdığım vaxt anladım ki, Azərbaycan dilində biliklərim kifayət qədər deyil. Buna səbə isə doğma Əlibəyli kəndində oxuduğum gürcü dilli məktəbdə təhsil səviyyəsinin elə də yüksək olmaması idi". Bununla belə müəllim olmaq və gürcüstanda yaşayan azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyasına kömək etmək qərarına gəlib.

Bütün qeyd etdiklərimiz belə bir qənaətə gəlməyə əsas verir ki, dünyamız çox kiçikdir və insanlar biri-birilərinə qarşı dözümlü olmalıdırlar ki, nə hüquqları pozulsun, nə də aralarında anlaşılmazlıq yaransın. Dünyada bərabərliyin, haqq-ədalətin, sülhün qorunması üçün, hər birimiz ilk növbədə multikulturalizmin və toleratlığın bərqarar olmasına çalışmalıyıq. Bu yolun dönüşü yoxdur. 

 

“Paralel”in Araşdırma Qrupu