Paralel. - 2018.- 26 iyul. - ¹ 131. - S. 10.

 

Azərbaycan dövləti daim ardıcıl və düzgün milli siyasət yeridib

 

Milli azlıqların kompak yaşadıqları Qusar rayonunda "Qayi bulaq", "Şahnabat", "Şahdağ", "Mel" xalq kollektivləri fəaliyyət göstərir

 

 Xalqların, millətlərin, dövlətlərin biri-birinə inteqrasiyasında, dinlərin, müxtəlif konfessiyaların dinc yanaşı yaşamasında əsas rol oynayan amillərdən biri, mədəniyyət sahəsində əldə olunan əməkdaşlıqla sıx bağlıdır.

Mədəniyyət bütün cəmiyyətlərin biri-birilərinə münasibətlərini tənzimləyə biləcək gücə malik ideoloji silahdır. Bu silahdan kim daha mükəmməl istifadə edərsə, sonda qələbə onun olar. Mədəniyyətin mühüm amillərindən biri də, mədəni müxtəliflik və plüralizmdir. Bu baxımdan Azərbaycan qədim zamanlardan müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, eyni zamanda, əksinə keçid alması üçün Azərbaycan hər zaman körpü rolunu oynayıb. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürüb. Sözün həqiqi mənasında Azərbaycan müxtəlif milli-etnik qrupların, dini konfessiyaların nümayəndələrinin əsirlər böyü dinc yanaşı yaşadıqları unikal coğrafi, geosiyasi və mədəni məkan olaraq bütün dünyada tanınır.

Tarixin bütün dövrlərində özünün rəngarəng dini və etnik tərkibi ilə fərqlənən Azərbaycanda, bu müxtəlifliyin böyük etnik-milli mənbələri mövcuddur. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. bu müxtəlifliyin vəhdətini müəyyənləşdirir.

Çünki Azərbaycanda tarixən bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni - tolerant münasibət bəslənib. Azərbaycan dövləti daim ardıcıl və düzgün milli siyasət yeridib və bununla da, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib.

 Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.

Azərbaycan dövlətinin qəbul etdiyi qanunlar tam təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilatları yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Azlıqların milli təşkilatlarının müxtəlifliyi ənənələrlə bağlıdır. Xüsusi etnik birliklər isə daha çox dini zəmində yaranır.

Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayına, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdırlar.

Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bir çox region ölkələrindən fərqli olaraq, ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir. Bu da, bütün sivil düyna tərəfindən regionun inkişaf edən ölkəsi kimi, Azərbaycan üçün təqdirəlayiq hal kimi qiymətləndirilir. Sovet rejiminin süqutundan sonra, Azərbaycan dövlətinin yeritdiyi milli siyasətdən bəhrələnən milli azlıqlar və etnoslar da, ölkəmizdə bır sıra mədəniyyət mərkəzləri yaratdılar. Bu mərkəzlərin yaradılmasında məqsəd milli azlıqların tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq və inkişaf etdirmək idi. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi UNESKO-nun, Avropa Şurası və ATƏT-in "mədəni müxtəlifliyə" dair proqramlarında fəal iştirak edir. Mədəniyyət Nazirliyi "Azərbaycan mədəni müxtəlifliyi" layihəsini həyata keçirir.

Milli azlıqların mədəniyyətinin və adət-ənənələrinin qorunub inkişaf etdirilməsində, Mədəniyyət Mərkəzləri nəzdində fəaliyyət göstərən folklor qruplar xüsusiylə fəallıq göstərirlər.

Milli azlıqların kompak yaşadıqları Qusar rayonunda "Qayi bulaq", "Şahnabat", "Şahdağ", "Mel" xalq kollektivləri fəaliyyət göstərir, əhali qarşısında maraqlı konsert proqramları ilə çıxış edir, milli folklor nümunələri, xalq adət-ənənələri geniş şəkildə təbliğ olunur. Uşaq İncəsənət məktəbinin şagirdləri musiqi, rəsm və xor üzrə respublika müsabiqəsində uğurla çıxış edirlər. Yay aylarında əhalinin və qonaqların asudə vaxtlarının daha maraqlı keçirilməsi məqsədilə bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə şəhərin mərkəzi meydanında əhali qarşısında konsert proqramları təşkil olunur. Bayram günlərində "Ləzqinka" rəqs qrupunun, "Mel", "Pərizada", "Kodu" folklor kollektivlərinin, güc və sim pəhləvanlarının çıxışları, milli mətbəx nümunələrinin sərgiləri bayram iştirakçılarının və rayona gələn qonaqların böyük marağına səbəb olur.

Folklor kollektivi rəngarəng musiqilər təqdim etməklə yanaşı, eyni zamanda, Qusar rayonuna məxsus qədim el sənətkarlıq nümunələrinin təbliğini də həyata keçirir.

Musiqi qrupunun repertuarına əsasən ləzgilərə məxsus unudulmaqda olan qədim musiqilər, el nəğmələri və vətənpərvər ruhlu ifalar salınıb. Artıq 20-yə yaxın mahnı təqdimat üçün hazırdır.

Keçən il Qusar Dövlət Ləzgi Dram Teatrının yaranmasının 25 illiyi münasibətilə təntənəli mərasim təşkil olunub.

Yubiley tədbirində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qusar rayon rəhbərliyi, elm və incəsənət xadimləri, teatrsevərlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Mərasimə qatılanlar Qusar Mədəniyyət Sarayında yerli əhalinin tarixi yaşam tərzini, xalq yaradıcılığını, folklorunu, sənətkarlığını əks etdirən maraqlı sərgini izləmək imkanı qazanıblar.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, 25 il əvvəl Qusarda yaradılan bölgə teatrı regionda teatr sənətinin inkişafına öz töhfələrini verib. Son illərdə maddi-texniki bazanın möhkəmləndirilməsi sayəsində kollektiv respublika miqyaslı müsabiqələrdə bir sıra nailiyyət qazınıb, klassik və müasir dramaturqlarımızın əsərlərini bölgə tamaşaçılarına özünəməxsus tərzdə təqdim edir.

Bu da ölkəmizdə tolerantlığın və multikulturalizmin dövlət tərəfindən yüksək səviyyədə inkişaf etdirilməsinin, hətta bölgələrdə belə, bu dəyərlərin inkişafına dəstəyinin nəticəsidir. Bu bir faktdır ki, təkcə Qusarda yox, ölkəmizin azsaylı xalqların məskunlaşdığı bütün bölgələrdə, həmin xalqların öz mədəniyyətlərini, adət-ənənələrin qoruyub saxlamaq üçün dövlət tərəfindən lazım olan bütün tədbirlər həyata keçirilir. Bu heç şübhəsiz ki, ancaq həmin xalqların mədəniyyətdərinin inkişaf etdirilməsi ilə məhdudlaşmır. Dövlətimiz həmçinin həmin bölgələrdə yaşayan insanların öz dillərində təhsil almaları üçün də hər cür şərait yaradıb. Bunun nəticəsidir ki, ölkəmizin ərazisində məskunlaşan azsaylı xalqların nümayəndələrini kompak yaşadığı bölgələrdə həmin xalqların öz dillərində təhsil almaları üçün siniflər açılır, onlar üçün dərsliklər hazırlanır, xüsusi müəllim kontingenti bu işlər cəlb olunur.

Hələ bir neçə il əvvəl Təhsil naziri azsaylı xalqların uşaqları üçün hazırlıq siniflərinin dərs ilinə aid tədris planının təsdiqi barədə əmr imzalayıb. Əmr Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət hazırlıq siniflərində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə verilib.

Təhsil Nazirliyindən aldığımız məlumata görə hazırda Azərbaycanda azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki məktəblərdə onların övladlarının öz dillərini öyrənmələri üçün hər cür şərait yaradılıb. Bu məqsədlə ayrıca tədris planı təsdiq edilib. Belə ki, azsaylı xalqlardan ləzgi uşaqlarına I-IX siniflərdə, digər azsaylı xalqların uşaqlarına isə I-IV siniflərdə öz dilləri tədris olunur.

Məlumatda daha sonra qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 15-i dövlət, 1-i özəl olmaqla 16 məktəbdə tədris rus dilində aparılır. Qeyd edək ki, ümumilikdə respublika üzrə ümumtəhsil məktəblərinin sayı 4500-dür.

Nazirlikdən onu da qeyd ediblər ki, milli azlıqların kompakt yaşadığı rayonlarda fəaliyyət göstərən məktəblərdə ana dili dərsliklərinin hazırlanması da, dövlət tərəfindən diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Həmin dərsliklər bu dilin daşıyıcıları olan müəllimlər tərəfindən hazırlanır, Nazirlik tərəfindən təsdiq olunduqdan sonra çap olunub yerlərə çatdırılır.

Bunu da xüsusi qeyd etmək lazımdır ki, mədəniyyətin və təhsilin yuksək səviyyədə inkişaf etdiyi yerlərdə radikalizmə, terrora, qarşıdurmalara yer olmur. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilə gətirdiyi, multikulturalizmin alternativi yoxdur, multikulturalizmin alternativi terrorizm, kisenofobiya, müharibələr və ölümdür fikri tam şəkildə reallığı əks etdirir. Bu gün dünyanın bir çox yerlərində baş verənlər də bunun əyani sübütüdür. Bütün bunların qarşısının alınmasının ən əsas yolu isə multikulturalizm və tolerantlıqdan keçən millətlər və mədəniyyətlərarası dialoqdur. Hansı dövlətlər ki, bu yolu tutacaqlar, onlar həm də qeyd etdiyimiz pisliklərdən qurtulmaq imkanı əldə edəcəklər.

 

“Paralel”in Araşdırma Qrupu