Paralel. - 2018.- 25 iyul. - ¹ 130. - S. 10.

 

Multikulturalizm müharibə və münaqişələrlə üzləşən dünyanı xilas edəcək yeganə çıxış yoludur

 

Multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Bakı Beynəlxalq Humanitar Forumunu multikulturalizmin bayramı kimi dəyərləndirib.

Multikulturalizm dilimizə yeni daxil olan siyasi terminlər sırasında yer alsa da, ölkəmizdə bu dəyərlərin əsrlərlə ölçülən qədim tarixi var. Bakı Forumunda müasir dünyamıza mövcud olan multikulturalizmin müxtəlif modelləri və bu modellərin tətbiqindən irləli gələn reallıqlar hərtərəfli araşadırılıb və müzakirə olunub. Forum iştirakçılarının əksəriyyəti Azərbaycanın, həqiqətən də, multikulturalizm ənənələrinə sadiq dövlət olduğunu etiraf ediblər.

Forumda iştirak edən Təl-Əviv Universitetinin professoru Boris Morozov Qubada Fətəli xanın təqiblərə məruz qalan yəhidiləri necə xilas etməsindən danışaraq qeyd edib ki, bu multikulturalizmin, dözümlülüyün vacib elementlərindən biridir. Professor həmçinin bildirib ki, bu gün Qubada yaşayan yəhudilərin çoxunu adbaad tanıyır. Bu da o deməkdir ki, multikulturalizm bir siyasət olaraq, mahiyyət etibarilə tolerantlıqla sıx bağlıdır. O həm də, müxtəlif mədəniyyətlərin paralel yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur.

Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin professoru Etibar Nəcəfov  bu məqamlara toxunaraq, multikulturalizmin inkişafı və tarixi haqqında geniş məlumat verib. O qeyd edib ki, multikultural cəmiyyət, ilk növbədə, Qərbi Avropanın və Şimali Amerikanın demokratik ölkələrində mövcud olub. Onu da qeyd etmək lazımdır ki, multikulturalizmin İsveç modelində cəmiyyətdə mədəni müxtəlifliyin saxlanılmasında dövlət fəal rol oynayır. 1976-cı ildə İsveç hökuməti əcnəbilərə səs vermək hüququ verib. 1997-ci ildə qəbul olunan "İmmiqrasiya haqqında Qanun" isə İsveçi multikultural cəmiyyət kimi digərlərindən fərqləndirdi. Bu strategiya immiqrantları həm öz doğma dillərini, həm də İsveç dilini öyrənməyə sövq etdi. İsveç hökuməti də ölkədəki mədəni müxtəlifliyə vacib və zəruri bir reallıq kimi yanaşmağı başladı.

Multikulturalizmin Avstraliya modelinin formalaşması isə uzun müddət dövlət tərəfindən təqib edilən izolyasionizm siyasəti ilə müşayiət olunub. Təxminən 50 il sürən bir sıra proseslərdən və qanunlara edilən dəyişikliklərdən sonra vəziyyət müsbətə döğrü dəyişib.

İudaizm, xristianlıq, daha sonra isə İslam gercəkliyinin sosiomədəni, siyasi və iqtisadi anlayışının təsir hüdudlarını genişləndirərək bu və ya digər dinin nümayəndələrinin məskunlaşdığı məkanlar formalaşdırılıb. Fərqli məkanlarda formalaşan etnosların sivil dialoqu, qarşılıqlı anlaşması antik dövrlərdən başlayaraq mürəkkəb təkamül və inkişaf mərhələləri keçməklə tolerantlıq düşüncəsi sayəsində mümkün olub. Milli, irqi, dini, siyasi dözümlülük tədricən bəşəriyyətin zəngin mədəniyyətinin qəbul olunması, dərk edilməsi, insanın öz fərdiliyini, etnosun özünəməxsusluğunu təsdiqləmək forması kimi dəyərləndirilib. Ən müxtəlif baxış bucaqlarını uzlaşdıraraq ortaq məxrəci təmin edən tolerantlıq düşüncəsi həm də söz, fikir, vicdan, etiqad və s. azadlıqlarının inkişafında, plüralizmə geniş meydan verilməsində həlledici rol oynayıb.

Eyni zamanda, müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə münasibətdə insanın yüksək mədəni səviyyəsi kimi özünü göstərən tolerantlıq, həm də onu eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən düşüncə tərzinə çevrilib. Çünki dözümlü münasibət göstərmədən qarşındakını olduğu kimi qəbul etmək, dünyanın əşrəfi sayılan insana yüksək dəyər vermək mümkün deyil. Məhz dözümlü yanaşma sayəsində cəmiyyətdə sivil birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır. Dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi başlıca nailiyyətlərdən, bəlkə də birincisidir. Sivilizasiyaların toqquşması nəzəriyyəsinin banisi S.Hantinqtonun yazdığı kimi, tolerantlıq dəyər normativi olaraq kompromisin legitimliyini, həmçinin sosial və siyasi qruplar arasında mövcud olan fərqlərə və ziddiyyətlərə dözümlülüyü özündə ehtiva edir.

Hələ iki il əvvəl Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabının təqdimatı keçirilib.

Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında söylədiyi dəyərli fikirləri toplanıb. Həmçinin, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən geniş bəhs olunur.

Təqdimat mərasimində çıxış edən akademik Kamal Abdulla qeyd edib ki, Azərbaycan multikulturalizminin siyasi banisi ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən biri də, multikulturalizmin ölkəmizdə inkişaf etdirilməsidir. Bu siyasəti Prezident İlham Əliyev əzmlə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini sürətləndirir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Bir sıra Avropa ölkələrində multikulturalizmin iflas etməsi ilə bağlı fikirlərin formalaşması fonunda Azərbaycanda multikultural hərəkatın təntənəsi ilə dövlətimizin başçısı Azərbaycanın timsalında multikulturalizmin inkişafının nikbin qütbünü formalaşdırıb.

Akademik daha sonra qeyd edib ki, bu kitab Prezident İlham Əliyevin multikultural dəyərlərə nə qədər önəm verməsinin bariz göstəricisidir. Kitab təkcə Azərbaycan multikulturalizmini deyil, Azərbaycan xalqının tarixini, ədəbiyyatını, mədəniyyətini, mənəviyyatını öyrənmək istəyənlər üçün gözəl vəsaitdir. Azərbaycan Prezidentinin multikulturalizm barədə fikirləri, göstərişləri onun 2016-cı ildə elan etdiyi "Multikulturalizm İli" başa çatdıqdan sonra da davam edir. Biz hər gün bunun şahidi oluruq. Bu kitabın davamı olacaq və dövlətimizin başçısının Azərbaycanın multikulturalizm modeli, dünyada multikultural əhval-ruhiyyənin bərqərar olması üçün görüləcək işlər barədə dedikləri nəşrin növbəti cildlərində dərc ediləcək. Daha sonra çıxış edən professor Etibar Nəcəfov bildirib ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir və multikulturalizm ölkəmizdə dövlət siyasətidir. Bu siyasətin formalaşması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Tədbirdə həmçinin qeyd edilib ki, böyük idraki və praktiki əhəmiyyəti olan bu kitabda multikulturalizm Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir istiqaməti kimi təqdim olunur. Kitabda multikulturalizmin bir sıra nəzəri məsələləri, Azərbaycan multikulturalizm modelinin xüsusiyyətləri öz əksini tapıb. Nəşrdə Azərbaycan dövlətinin multikulturalizm sahəsində böyük təcrübəsinə dair önəmli fikirlər yer alıb və bu da digər ölkələr, xüsusilə də hazırda multikulturalizm siyasətini həyata keçirməkdə ciddi problemlərlə üzləşən Qərb ölkələri üçün vacibdir.

Buna görə də ölkəmizdə fəaliyyət göstərən bütün qurumlar Azərbaycanın multikulturalizm dəyərlərinin təbliği istiqamətində çox böyük işlər görürlər. Məlumdur ki, Azərbaycanın özünəməxsus bir çox dəyərləri var və bu dəyərlərin içərisində multikulturalizmi və tolerintləq xüsusi yer tutur. Bunun nəticəsidir ki, bu gün multikulturalizm Azərbaycanda həyat tərzinə çevrilib. Bunu ölkəmizdə olan hər kəs də etiraf edir. Buna görə də Azərbaycan Prezidentinin multikulturalizmlə bağlı fikirlərinin toplandığı kitabın bir çox xarici dillər tərcümə olunması da, Azərbaycan multikulturalizminin təbliği baxımında çox önəmli rolu var. Bu da məlum həqiqətdir ki, Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və nümunə kimi göstərilir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, multikulturalizmin alternativi yoxdur. Bu gün multikulturalizm müharibə və münaqişələrlə üzləşən dünyanı xilas edəcək yeganə çıxış yoludur.

Çünki beynəlxalq aləmdə müharibələrin, münaqişələrin, qanlı toqquşmaların və digər problemlərin yaşandığı bir zamanda Azərbaycan sanki dünyada bir stabillik məkanıdır. Ölkəmizdə əmin-amanlıq, sabitlik yüksək multikultural mühit hökm sürür. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə çatması da, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.

Bütün dünyada Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsinə artan maraq bəzi xarici siyasətçilərin dedikləri kimi, onun neftlə, təbii qazla bərabər, tolerantlığı da ixrac edən dövlət imicinin qazanmasına səbəb olub. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır.

 

“Paralel”in Araşdırma Qrupu