Paralel. - 2018.- 24 iyul. - ą 129. - S. 10.

 

Multikulturalizm və təhsil - gələcəyə uğurlu mesaj

 

Dünyanın bir sıra dövlətləri Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi uğurlu təcrübəni maraqla öyrənirlər

 

Dini-mənəvi dəyərlər, istənilən xalqa və millətə məxsus tarixi-mədəni ənənələr, xalqın məişəti, adətləri, dili, tarixi, mədəniyyəti, ədəbiyyatı tarixin bütün dönəmlərində özünəməxsus formada yaşayır, inkişaf edir.

Bu, bütün dünyada belədir. Bu gün dünyanın hər yerində sosial-iqtisadi münasibətlərdə, siyasi-dövlətçilik ənənələrində, millərlərarası münasibətlərdə qloballaşma prosesləri baş verir, elm, texnologiya, təhsil inkişaf edir və dini-mənəvi dəyərlər də, onunla yanaşı yaşamaq və özünü bu təsirlərdən qorumaq məcburiyyətindədir. Çünki, bəzi dünya dövlətlərinin ideoloqları azsaylı xalqların fərdi mənəvi keyfiyyətlərini, tarixi ənənələrini məhv etmək istəkləri göz qabağındadır. Bunula da onlar insanlarda sadəcə olaraq, fəaliyyət birliyini formalaşdırmağa çalışırlar və əsas məqsədləri siyasi və iqtisadi hegemonluğa nail olmaqdır. Məhz buna görə də, bəzi Avropa ölkələrində belə, qloballaşma əleyhinə xalq hərəkatları baş qaldırır. Əslində, qloballaşma cəmiyyətin tarixi inkişafının zəruri davamıdır. Yəni bu, qaçılmaz bir prosesdir. Amma onu necə həyata keçirmək, günün vacib sualı kimi qarşıya çıxır. Bu sualın cavabını axtardığımız zaman, qloballaşan cəmiyyətdə sosial-iqtisadi, siyasi birliklərdə hər bir xalqın, millətin mədəniyyətini, mənəviyyatını necə qoruyub-saxlamaq kimi problemlər meydana çıxır. Çünki qeyd edilən kriteriyalar qorunmasa, fikir və düşüncədə, arzu və əməldə düzlük, doğruluq, əxlaqi keyfiyyətlər itə bilər. Bu da, son nəticədə, bəzi ölkələrdə olduğu kimi, dağıntılara, terrora, zorakılığa səbəb ola bilir. Çünki mənəviyyatın deqradasiyaya uğradığı bir cəmiyyətdə sabitliyə nail olmaq çox çəitindir. O zaman necə etmək lazımdır ki, qloballaşan dünyada haqq-ədaləti, demokratiyanı, multikulturalizmi və tolerantlığı qorumaqla yanaşı, insanların milli-mənəvi keyfiyyətlərini də mühafizə etmək mümkün olsun?

Bu gün Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilən multikulturalizmin əsas məram və məqsədi də, elə budur. Multikulturalizm hər bir ölkənin və ümumiyyətlə dünyanın ədalətə söykənməsində, sabit, tolerant inkişafında xüsusi əhəmiyyət daşıyır. Eyni bir ölkədə yaşayan müxtəlif xalqların milli-mənəvi, dini, mədəni hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti həyata keçirən multikulturalizm ideyaları müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliyinin qorunmasına və  inkişafına yönəldilib. O özündə humanizmi, demokratik nəzəriyyəni və birgəyaşayış ideologiyasını təcəssüm etdirir. Multikulturalizm olmadan, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyətini, insanlar arasında qarşılıqlı anlaşmanı, humanizmi, beynəlxalq münasibətləri, dostluq və əməkdaşlığı təsəvvür etmək mümkün deyil.

 Dünyada 4000-ə qədər xalq, millət və etnik qrup varsa, o qədər də  etnomədəniyyət, mentalitet, həyat və davranış tərzi mövcuddur. Azərbaycan multikulturalizmi isə yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də öz səmərəli nəticələri ilə insanlara sülh, əmin-amanlıq, qarşılıqlı hörmət bəxş edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması da, cəmiyyətdə bu istiqamətdə qazanılan unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinə xidmət edir.

Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, festivallarda, sərgilərdə tolerantlığın, multikulturalizmin dövlət siyasəti və insanların həyat təzri olduğu öz təsdiqini tapıb. Bu mənada, Azərbaycan mutikulturalizminin dünyanın başqa ölkələrdə də öyrənilməsinə ciddi ehtiyac yaranıb. Bu zaman multikulturalizmin həm də pedaqoji problem olduğu meydana çıxır.  Çünki multikulturalizm təcrübəsinin təbliği, öyrənilməsi və öyrədilməsi pedaqoji prosesdə həyata keçirilir. "Azərbaycan multikulturalizmi" anlayışını dünya ictimaiyyətinə çatdırmağın yollarından biri də, onu xarici ölkələrdə, gənclər arasında təbliğ etməkdir. Bu məqsədlə dünyanın bir çox ölkələrinin ali məktəblərində "Azərbaycan multikulturalizmi" fənni bakalavriat və magistratura pilləsində tədris edilir. Beləliklə də, multikuturalizmin təhsil vasitəsi ilə yayılması və genişləndirilməsi amili meydana çıxır.

Mərkəz müvafiq pedaqoji kadr hazırlığı məsələsini də həll edib. Mərkəzin kurslarında iştirak edən dinləyicilər kurs üzrə təlim hazırlığı keçib imtahan verir və tədrisetmə səlahiyyəti verən sertifikatlar alırlar.          

Azərbaycan Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi maarifçilik layihələrində də multikulturalizmin təbliği geniş yer tutur. Orada da pedaqoji istiqamət əsas götürülür. Bilik Fondunun 15 sentyabr Bilik günü münasibəti ilə  bölgələrdə keçirdiyi multikulturalizmə həsr olunan müzakirələri böyük maraq doğurur. Bu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bilik Fondunun xətti ilə görülən pedaqoji təbliğat işlərdir. Bu baxımdan multikulturalizmin  gənclərə öyrədilməsi, yaşından asılı olmayaraq, hamıda multikultural mədəniyyətin formalaşdırılması məsələlərinə kompleks şəklində yanaşılmalıdır. Bunu nəzərə alan pedoqoqlar da bu prosesi orta və ali məktəblərdə şagirdlərin, tələbələrin yaş həddinə uyğun şəkildə aparırlar. Yəni istər məktəbəqədər uşaq  müəssisələrində, istərsə də, orta ümumtəhsil və peşə-ixtisas təhsili ocaqlarında aparılan işlər yaş səviyyəsinə və anlama imkanlarına uyğun olaraq sistemli şəkildə həyata keçirilir. Multikulturalizm bilgiləri və təcrübi reallığı tərbiyəvi amillərlə insanın mədəni-intellektual cəhətdən formalaşmasına təsir edir. Sözügedən fənnin ümumtəhsil məktəblərində fakültətiv məşğələyə  ayrılan vaxt hesabına keçilməsi, işin daha asanlıqla görülməsinə imkan verir.

Tədris ocaqları, ali məktəblər multikulturalizmin təbliği prosesindən kənarda qalmırlar. Bu sırada Dillər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və YAP-ın dəstəyi ilə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan "Heydər Əliyev: multikulturalizm  və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfrans keçirilib. Konfransın bölmələri eləcə də Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində  Azərbaycan Xalq Cumhuriyyəti ilə bağlı, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində "Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu" və Türkiyənin Atatürk Universitetində "Heydər Əliyev və türk dünyası" mövzusunda  tədbirlər keçirilib.       

Türkiyənin Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda tədbir gerçəkləşib. Universitetin rektoru, professor Məhəmməd Güvən beynəlxalq konfransın təşkilatçlarına minnətdarlıq edərək, belə tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, bu cür tədbirlər universitetlərarası əlaqələri daha da inkişaf etdirir və hər iki təhsil ocağında elm və təhsil sahəsində uğurlu nailiyyətlərə doğru aparır. Rektor türk dünyasının lideri Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamını və ulu öndərin "Bir millət, iki dövlət" ifadələrini xatırladaraq, qardaş ölkələr arasında münasibətlərin tarixi köklərindən danışıb.

Strasburqda isə Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası və "Regional dillər və ya azsaylı xalqların dilləri üzrə Avropa Xartiyası"nın qüvvəyə minməsinin 20-ci ildönümü münasibətilə 2018-ci ilin 18-19 iyun tarixində konfrans keçirilib. Prezident Administrasiyası millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov "Multikultural cəmiyyətdə milli azlıqların dilləri və təhsili" adlı sessiyada Azərbaycanda yaşayan azsaylı xalqların dilləri və təhsili mövzusunda çıxış edib. O, Azərbaycanın multikulturalizm siyasəti çərçivəsində ölkədə yaşayan azsaylı xalqların sosial-iqtisadi və mədəni məsələlərinin yüksək səviyyədə həll olunduğu bildirilib. PA rəsmisi konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda milli azlıqların dillərində 77  ibtidai və ümumtəhsil məktəbi fəaliyyət göstərir. Həmçinin, ölkənin 18 ümumtəhsil məktəbində tədrisin sırf rus dilində aparıldığı, 326 məktəbdə isə rus sektorunda 90 min şagirdin təhsil aldığı diqqətə çatdırılıb. Yəhudi, ləzgi, talış, avar, saxur, udi, kürd, xınalıq və digər azsaylı xalqların dillərində də məktəblərin fəaliyyət göstərdiyi qeyd olunub. Prezident Administrasiyası rəsmisi milli azlıqlar üçün təhsil sahəsində aparılan siyasətin Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasının 14-cü maddəsinə, BMT-nin "Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə"sinin müvafiq maddə və bəndlərinə uyğun olduğunu diqqətə çatdırıb. O deyib ki, milli azlıqların dilləri və təhsili, onların etnik-mədəni dəyərlərinin düzgün tənzimlənməsi sahəsində əldə olunan nailiyyətlər Avropada və dünyanın əksər ölkələrində yoxdur.

Müasir dünyada Azərbaycan etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsi sahəsində örnək dövlətlərdən biridir. Onun əsas göstəricisi də ölkədə etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır. Etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsinin mühüm göstəricisi, həm də "Multikulturalizmin Azərbaycan modeli" və ya, "Azərbaycan  multikulturalizm  modeli" terminlərinin elmi ədəbiyyatda geniş istifadə edilməsidir. Bu da, dünyanın multikulturalizm sahəsində Azərbaycanın qazandığı təcrübəyə marağın artdığını göstərir. Qürurverici haldır ki, bu gün dünyanın bir sıra dövlətləri Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi uğurlu təcrübəni maraqla öyrənirlər.

 

 “Paralel”in Araşdırma Qrupu