Paralel. - 2018.- 20 iyul. - ¹ 127. - S. 10.

 

Azərbaycan "Bakı Prosesi" qlobal hərəkatının təşəbbüskarıdır

 

Ölkəmiz dini, milli və etnik tolerantlıq sahəsində böyük uğurlara nail olub

 

Bildiyiniz kimi, müasir dünyada mədəni müxtəlifliyin təhlükə qarşısında qaldığı, multikulturalizmin iflasa uğradığı iddia olunduğu bir dönəmdə, mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə Prezident İlham Əliyev tərəfindən "Bakı Prosesi" təşəbbüsü irəli sürülüb.

Keçən ilin noyabr ayında isə Prezident İlham Əliyev  "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" sərəncam verib. Məlumdur ki, Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.

Bütün bunları nəzərə alan Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə prezidentin sərəncamından irəli gələn tədbirlər çərçivəsində "21 may - Dialoq və inkişaf naminə dünya mədəni müxtəliflik günü" mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi keçirilib.

Tədbirdə qeyd olunub ki, müsabiqənin keçirilməsində məqsəd 18-29 yaşlı gənclər arasında Azərbaycandakı mədəni müxtəlifliyin, etnik, dini dözümlülük mühitinin təbliği, çoxmillətli və çoxkonfessiyalı ölkəmizin dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanınması işinə töhfə verməkdir. Həmçinin Azərbaycanın mədəniyyətlərarası dialoq və əməkdaşlığa, mədəni müxtəlifliyə dəstəyinin təşviqi, istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması da, müsabiqənin əsas hədəfləri sırasında yer alıb.

Onu da diqqətinizə çatdıraq ki, "Mədəni müxtəliflik günü" BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə təsis olunub və həmin il mayın 21-də ilk dəfə qeyd olunub. Belə bir əlamətdar günün qeyd olunması, mədəni müxtəliflik həyatımızı sivil yollarla zənginləşdirən yeni fikir və perspektivlər, hər bir fərdin və toplumun inkişafına imkan yaradır və eyni zamanda onu təbliğ edir. "Mədəni müxtəliflik günü"nün beynəlxalq səviyyədə təbliği bəşəriyyətin zəngin mənəvi mirası da daxil olmaqla, mədəni müxtəlifliyin saysız-hesabsız faydasını qeyd etmək, qarşılıqlı anlayış və mədəniyyətlərarası dialoq kimi dəyərlər əsasında daha dinc bir dünya qurmaq öhdəliyinin ifadə olunması üçün böyük fürsətdir.

Bu da günümüzün reallığıdır ki, Azərbaycan özünün müxtəlif mədəniyyətləri birləşdirən bir dövlət olduğunu son vaxtlar ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə də təsdiqləyib. 2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransının keçirilməsi ilə mühüm bir təşəbbüsün - Azərbaycan prezidenti tərəfindən irəli sürülən "Bakı prosesi"nin təməlini qoydu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda "Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı Bəyannaməsi" qəbul olunub və "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyulub. Bununla bərabər Azərbaycan həm də İslam dövlətləri və təşkilatları ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. 2009-cu ildə Bakı "İslam Mədəniyyətinin Paytaxtı" elan olunub. İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının Bakıda keçirilməsi də çox əlamətdar bir hadisədir.

Müxtəlif mədəniyyətlərin və qitələrin qovuşduğu bir məkanda yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb, daha qlobal səviyyəyə yüksəltməyə imkan verir. Bu mənada "Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq prezident İlham Əliyevin dəstəyi ilə 2011-ci il aprelin 7-9-da Bakıda Dünya Mədəniyyətlərarası dialoq Forumunun keçirilməsi də, çox önəmli bir hadisədir. Dünyanın bir çox ölkələrindən olan nüfuzlu mədəniyyət nümayəndələrinin iştirak etdiyi bu tədbirdə ölkəmizin mədəniyyətlərin qovuşduğu məkan olması bir daha öz təsdiqini tapdı.

Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərin həyata keçirilməsi ilə yanaşı, milli səviyyədə də silsilə tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2009-cu il 26 noyabr tarixində imzaladığı Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz UNESCO-nun "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiyası"na qoşulub. 2010-cu il mayın 20-də, 21 may Dünya Mədəni Müxtəliflik Günü ərəfəsində bu konvensiyanın təqdimat mərasimi keçirilib. Tədbirdə milli azlıqların, yerli xalqların nümayəndələri, yaradıcı şəxslər, sənətkarlar, dövlət xadimləri, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, UNESCO-nun "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya"sı çərçivəsində nazirlik tərəfindən "Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir" layihəsinə start verilib. Layihə çərçivəsində ölkə ərazisində milli azlıqların və yerli xalqların sıx yaşadığı regionlarda "Milli-mədəni həmrəylik" mövzusunda seminarlar keçirilib. Ölkənin mədəni həyatına inteqrasiya məqsədilə regionlarda olan mədəniyyət xadimləri, xüsusi mədəni özünüifadəyə və istedada malik olan subyektlər üçün treninqlər təşkil olunub. Mədəniyyətlərarası dialoqun vəziyyətinə dair tədqiqat işinin aparılmasına start verilib, ölkənin mədəni rəngarəngliyini əks etdirən buklet və broşürlər nəşri edilib, sərgilər, konsertlər, müsabiqələr və s. tədbirlər keçirilib.

Son illər ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara nail olub. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.

Ümumilikdə Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və Azərbaycanı dünya mədəniyyətlərini qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir.

İki il əvvəl Prezident İlham Əliyevin Azərbaycanda etnik mədəni müxtəliflik haqqında müraciəti ilə bağlı Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə baş tutan konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri və Azərbaycanın dövlət, ictimai, din xadimləri iştirak ediblər.

Konfransda çıxış edən akademik Kamal Abdullar Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti oxuyub: "Hörmətli konfrans iştirakçıları. Sizi-Qafqaz Xalqları Ali Dini Şurasının beynəlxalq konfransının iştirakçılarını ürəkdən salamlayır, ən səmimi arzu və diləklərimi yetirirəm".

Dövlət başçısının müraciətində bildirilib ki, beynəlxalq təhlükəsizliyi və insanların əminamanlığını təhdid edən hallara qarşı səmavi dinlərin, sülh, mərhəmət, şəfqət və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa və əməkdaşlığa ciddi ehtiyac var: "Bu baxımdan dünyada örnək model kimi qəbul edilən Azəbaycan multikulturalizm və tolerantlıq ənənələri ilə bağlı mövzuların konfransda müzakirəsi böyük elmi, ictimai və siyasi məna daşıyır".

Prezident İlham Əliyevin müraciətində xüsusi qeyd olunub ki, Azərbaycanda tarixi-mənəvi irsin, etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə dövlət siyasəti səviyyəsində xüsusi önəm verilir, dövlət-din münasibətlərinin tənzimlənməsində milli-tarixi ənənələr və beynəlxalq hüquqi normalara ciddi önəm verilir: "Sizlər də təmsil etdiyiniz respublikalarda eyni fəaliyyəti fədakarlıqla həyata keçirirsiniz. Ümumi və doğma evimiz olan Qafqazda davamlı sülhün, əminamanlığın bərqərar olmasında, bəşəri dəyərlərin, İslam dininin əsl mahiyyətinin təbliği və təşviqində, yad dini cərəyanların və zərərli təsirlərin vaxtında qarşısının alınmasında Sizin kimi din xadimlərinin də rolu böyükdür. Bu nəcib işinizdə Sizə uğurlar, can sağlığı, səadət arzulayıram". 

Konfransdakı çıxışlar zamanı qeyd olunub ki, Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin ümumi məqsədlər naminə mənəvi tellərlə bir qurumda birləşməsi xüsusi əhəmiyyət daşıyır. Qafqaz xalqlar çələngidir və buradakı insanların birgəyaşayış normalarına, tolerantlığa və multikulturalizmə önəm verməsi, bölgədə sabitliyin bərqərar olmasının qarantıdır. Bu mənada Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin bir araya gələrək mövcud aktiv problemləri müzakirə etməsi də, bölgədə sülhün və sabitliyin bərqərar olmasına xidmət edir. Qafqaz bizim hamımızın evidir və onu qorumaq, inkişaf etdirmək də hər birimizin borcudur.

 

 “Paralel”in Araşdırma Qrupu