Paralel. - 2018.- 19 iyul. - ¹ 126. - S. 10.

 

Media multikulturalizmin təbliğatçısı və təşviqatçısıdır

 

İlham Əliyev: "Müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın vəziyyəti, hər bir ölkənin inkişaf səviyyəsini göstərir"

 

 Bu gün bir çox dünya dövlətlərini düşündürən əsas məsələlərdən biri də odur ki, gənc, müstəqil Azərbaycan dövləti mövcud tolerantlığa, dözümlülüyə və multikulturalizmə necə nail olub?

Bəlkə də, bəziləri bunun hansısa "Ələddinin sehirli çubuğu"nun gücü ilə bərqərar olduğunu düşünür. Çünki bir çoxları iddia edirlər ki, tolerantlıq və multikulturalizm demokratik cəmiyyətlərdə doğulur. Bununla belə, çox maraqlıdır ki, bəzi Qərb dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının vətəndaş azadlığı və demokratiya çatışmazlığında suçladığı Azərbaycanda, bir çoxlarının təsəvvür belə edə bilmədiyi multikultural dəyərlər sisteminin bərqərar olması, sözügedən nəzəriyyəni alt-üst etdi. Bununla da, dünya öz nəzəriyyəsinə sadiq qalaraq, Azərbaycanda vətəndaş azadlığı və demokratiyanın mövcudluğunu etiraf etməli, yaxud da öz nəzəriyyəsindən əl çəkməlidir. Lakin nə Qərb dövlətləri, nə də ABŞ Azərbaycan barədə bu seçimi edə bilmir, konkret suallara cavab verərkən isə bunu istisna hal kimi qəbul edirlər. Bəli, dünyada belə istisnalar kifayət qədərdir. Məsələn, bütün demokratik institutlar iddia edir ki, yoxsulluq və səfalətin höküm sürdüyü cəmiyyətlərdə "demokratiya ağacı" bitmir. Lakin istisna olaraq, dünyanın ən sürətlə artan əhaliyə malik Hindistan demokratiya ilə yoxsulluğu, aclıq və səfaləti özündə birləşdirməyi hələki bacarır, bu da dünyanın nadir, nəzəriyyələrlə anlaşıla bilməyən istisnalarından biridir. Hindistanın ilk dəfə demokratik seçkilər yolu ilə hakimiyyətə gələn mərhum rəhbəri İndra Qandi bu xüsusda deyirdi ki, hind xalqı özü də dünyanın ən unikal toplumlarından biridir, onun yaratdığı xaruqələr hamını təəccübləndirməkdədir. Bəlkə də Oğuz türkləri də, belə unikal xalqlardan biridir, sadəcə onu dünya səviyyəsində təbliğ və təqdim etmək lazımdır. Bunun üçün isə güclü, beynəlxalq miqyasda sözünü deyəcə, öz dəsti-xətti ilə seçilən mediaya sahib olmaq əsas şərtlərdən biridir. Mətbuat təkcə ölkəni, dövləti tanıtmaq üçün deyil, mətbuat həm də hal-hazırda dövlətimizin həyata keçirdiyi siyasətin qarşıya qoyduğu məqsəd və vəzifələrin reallaşmasında önəmli rol oynamalıdır. Ona görə ki, tolerantlıq və multikulturalizmin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər, sürdürülən dövlət siyasəti ictimailəşməlidir ki, onun səmərərəlilik dərəcəsi artsın, daha çox cəmiyyət üzvləri tərəfindən informasiya olaraq qəbul edilsin.

Biz paytaxt Bakıda, ölkənin iri şəhərlərində və rayon mərkəzlərində tez-tez Azərbaycanda yaşayan azsaylı xalqların, etnik qrupların və digər etnosların mədəniyyət günlərinin keçirildiyinin şahidi oluruq. Bir anlığa təsəvvür edək ki, belə tədbir hər hansı bir şəhərdə və ya rayon mərkəzində - lokal şəraitdə keçirilir, onları az sayda insanlar izləyə bilirlər və media da bunu işıqlandırmır. Bu halda həmin tədbirin təsir dairəsi də, elə lokal məzmuna malik olacaq, hətta qonşu şəhərlərdə belə, insanlar bundan xəbər tutmayacaq. Ancaq bu tədbir mediada geniş işıqlandırılarsa, mavi ektranlarda nümayiş etdirilərsə, internet portallarında sərgilənərsə, bu hadisə barədə nəinki ölkə daxilində, hətta dünyanın ən ucqar nöqtələrində yaşayan insanlar belə xəbər tutur, nümayiş etdirilən mədəniyyətlər barədə ən azı ilkin təsəvür formalaşdırmaq imkanlarına malik olurlar. Təşfiq edilən mədəniyyət mənsublarını tanıyan fərdlərdə isə istər-istəməz şüuraltı olaraq yad mədəniyyətlərin adi qaydada qəbul edilməsi vərdişləri formalaşır. Bu səbəbdən də idda edə bilərik ki, medianın imkanlarından yararlanmadan tolerantlıq, multikulturalizm və dözümlülük dəyərlərinin inkişaf etdirilməsi, sadəcə mümkün deyil. Bu həqiqət həm cəmiyyət, həm də idarəedici -siyasi hakimiyyət tərəfindən qəbul edilməli, medianın öz missiyasını yerinə yetirməsi üçün həm şərait yaradılmalı, həm də stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Hazırda Azərbaycan hökuməti bu işlə ciddi məşğuldur, qəzetimiz tərəfindən həyata keçirilən bu layihə də onun bariz nümunəsidir.

Bu nümunədən çıxış edərək deyə bilirik ki, vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə "Dini etiqad azadlığı haqqında" qanunda təsbit olunub. Həmçinin, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb.

Bütün bunlar, qədim tarixi köklərə malik dözümlülük, müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı anlaşmanın və birgəyaşayışın formalaşdığı Azərbaycan üçün adi hal sayıla bilər. Çünki ta qədim zamandan Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Bu da heç şübhəsiz ki, bir çoxları üçün təəccüblü görünür.

Ölkəmizdə müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənələrdir. XIX əsrin sonlarına yaxın Bakıda "Qızıllı kilsə" kimi tanınan "Aleksandr-Nevski" kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi, dünya tolerantlıq tarixinin ən parlaq nümunəsidir. Bütün bu nümunələrin təşviqi və təbliği üçün isə media əvəzsiz bir vasitədir. Demokratik cəmiyyətin əsas atributlarından biri olan mətbuatımız da, həqiqət carçısı kimi reallıqlarımızla birgə addımlayır. "Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu var və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin ediləcəkdir". Dövlət başçısı İlham Əliyev bu fikirləri ölkənin davamlı inkişafında azad mətbuatın roluna verilən yüksək qiymətdir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın vəziyyəti, hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Dövlətimizin qarşıdakı dövr üçün əsas hədəf isə Azərbaycanı gələcəkdə inkişaf etmiş ölkələr sırasında görməkdir. Belə olan təqdirdə Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır. 25 illik müstəqillik tarixinə malik Azərbaycanın həqiqətlərinin carçısı olan mətbuat bütün dövrlərdə üzərinə düşən missiyanı daha təkmil islahatlar əsasında yerinə yetirməklə, bugünkü səviyyəsinə gəlib çıxıb. Müstəqilliyimizin ilk illərində digər sahələr kimi, mətbuatda da yaşanan problemlər hər kəsə məlumdur. Həmin dövrdə azad, müstəqil mətbuatdan danışmaq qeyri-mümkün idi. Mətbuat azadlığı hər addımda boğulur, jurnalistlərə təzyiqlər göstərilirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran bütün maneələr də aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirildi, mətbuatın maddi-texniki bazası möhkəmləndirildi. Ən əsası, senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttini müəyyənləşdirdi.

Bu da medianın inkişafını stimullarşdıran əsas amillərdən biri oldu.

Azərbaycan mətbuatı əldə etdiyi sərbəstlikdən istifadə edərək dövlətimizin və dövlətçiliyimizin təbliğində avanqard rolunu öz üzərinə götürdü və dövlətin yaxından dəstəyi ilə bu missiyanı uğurla həyata keçirir. Qloballaşan dünyamızda millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri heç zaman bugünkü kimi aktual olmayıb. Məlumdur ki, medianın cəmiyyətimizə təsiri güclüdür. Media bizim fikirlərimizin və davranışlarımızın aynasıdır. Bəzən cəmiyyətdəki ziddiyyətləri kəskinləşdirməsinə, münaqişələri qızışdırmasına baxmayaraq, medianın mövcud problemlərin həll edilməsi üçün töhfə vermək potensialı çox böyükdür.

Bunu anlayan bəzi qrupların mediadan cəmiyyəti parçalamaq, azlıqlara qarşı nifrət oyatmaq və kütləvi zorakılıqları təşviq etmək cəhdləri də az olmayıb. Buna misal olaraq keçmiş Yuqoslaviyadakı müharibə və Ruandadakı soyqırımı, millətlərarası ədavətin qızışdırılması ilə çoxsaylı etnik icmaların parçalanmasında medianın nə dərəcədə güclü rol oynadığını göstərə bilərik.

Bu gün Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada İslam əleyhinə kampaniyaların mediada geniş işıqlandırılması, əslində Qərb və Şərq sivilizasiyaları arasında uçuruma gətirib çıxarır.

Təkcə Azərbaycan üçün deyil, bütöv dünyamız üçün zəruri olan bu məsələlərin müzakirəyə çox böyük ehtiyacı var. Buna görə də, Azərbaycan mediasının əsas məqsədi sülhü, tolerantlığı, multikulturalizmin açar elementlerini aydınlaşdırmaq və təşviq etməklə yanaşı, Azərbaycanın tolerantlıq modelinə, tarixi-mədəni irsinə nəzər salaraq, mümkün təcrübələri bütün dünya ilə paylaşmaqdır. Çünki mədəniyyətin mühüm elementi olan ümumi tolerantlıq, bu gün müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların ictimai vəhdətləşməsinin zəruri şərti kimi etiraf olunur. Tolerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipidir. Eyni zamanda, təcrübə göstərir ki, mütləq dözümlülük də öz növbəsində özbaşınalıq və zorakılığa yol açır: heç bir halda tolerantlıq şərə fürsət verməyə çevrilməməlidir. Qeyd etmək lazımdır ki, həm islama qədərki dövrdə, həm də islam dininin Azərbaycanda yayılmasından sonra müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşıb, insanlar əmin-amanlıq şəraitində yaşayıblar, burada yüksək tolerantlıq mühiti hökm sürür.

 

 “Paralel”in Araşdırma Qrupu