Paralel. - 2018.- 17 iyul. - ¹ 124. - S. 10.

 

Vətəndaş cəmiyyəti barışdırıcı tolerantlıq institutudur

 

Azərbaycanda vətəndaş cəmiyyəti multikulturalizmin əsas təblicatçısı və hərəkət verici qüvvəsidir

 

 Cəmiyyəti tolerantlıq və multikultural dəyərlərə kökləmək üçün ilk növbədə maarifləndirmə vasitəsilə hər bir fərdin beyninə yeritmək gərəkir ki, insan doğulanda milli və mədəni dəyərlərlə doğulmur.

Fərd sadəcə insan olaraq doğulur, həyatı boyu yaşadığı mühitdə anladığı informasiyalar əsasında öz milli və mədəni mənliyini formalaşdırır. Yəni sözügedən dəyərlər doğal deyil, bizim həyatda qazandığımız milli və mədəni kriteryalardır. Yəqin ki, hər kəsin tanıdığı "genetik azərbaycanlı" (bu sözü ona görə dırnağa salırıq ki, əslində genetik azərbaycanlı yoxdur, millətin genlə heç bir əlaqəsi yoxdur) var ki, Rusiya Federasiyasında doğulub və özünü rus mədəniyyətinə mənsub şəxs kimi aparır. Ola bilsin ki, həmin şəxs səmiyyətdən gələn milli qınaqları önləmək üçün özünün azərbaycanlı olduğunu nümayişkaranə şəkildə etiraf etsin, lakin davranışları onun əsil rus olduğunu göstərəcək. Bu insanın öz millətini həyatda seçdiyinə bariz bir nümunədir. Elə isə bu fərqlərə görə hansısa insan qruplarını cəmiyyətdən təcrid etmək, onlara yad ünsürlər kimi baxmaq və onları sıxışdırmaq nə dərəcədə ağlabatan görünə bilər? Cəmiyyəti bu suala qədər yetkinləşdirmək və hər bir fərdi bu sualla baş-başa buraxmaq multikultiralizmin inkişafına böyük təkan vermək deməkdir. Lakin çox təəssüflər olsun ki, bir çox dövlətlərin siyasi hakimiyyəti cəmiyyətin bu suala doğru yaxınlaşmasında maraqlı deyil. Məsələn, milli fərqlər üzərində qurulan Ermənistan siyasi hakimiyyəti - istər köhnə, istərsə də yeni hakkimiyyət - cəmiyyətin bu yöndə maariflənməsində qəti maraqlı deyil. Çünki milli fərqlərin zəiflədilməsi birbaşa siyasi hakimiyyətin zəifləməsinə səbəb olacaq. Ona görə də Ermənistan siyasi hakimiyyəti əvvəllər də, indi də cəmiyyətə milli düşmənçiliyin daha da dərinləşməsi sifarişini verir. Sosial çarxlar adı altında türk-hayes düşmənçiliyini təbliğ edən saysız-hesabsız video-çarxlar dövlət və özəl telekanallarda bütün günü reklam edilir. Hətta video-çarxların birinin məzmunu belədir: "Erməni xanım gedib Türkiyədə alış-veriş edir. Türklər isə həmin pulla silah hazırlayıb Azərbaycana göndərir və həmin silahla Türkiyədə pul xərcləyən xanımın oğlu azərbaycan əsgərləri tərəfindən güllələnərək öldürülür". Buna oxşar "sosial çarxlar" erməni televizyalarında kifayət qədərdir. Bu da xalqlar arasında düşmənçiliyin qəsdən qabardılmasıdır. Ermənistanın vətəndaş cəmiyyəti institutlarının böyük əksəriyyəti də milli düşmənçiliyin daha da şiddətləndirilməsi ilə məşğuldur. Lakin Azərbaycanda biz tam olaraq əks mənzərənin şahidi oluruq. Baxmayaraq ki, Ermənistan hakimiyyəti, Dağlıq Qarabağ da daxil, Azərbaycanın 20 faiz ərazisini işğal edib, Azərbaycan cəmiyyəti Ermənistan siyasi hakimiyyəti ilə erməni cəmiyyətini bir-birindən ayırmağı bacarır - bu işdə millətin günahkar olmadığını, cəmiyyətin siyasi hakimiyyətin girovuna çevrildiyini anlayır. Ermənilər də məhz bu amili nəzərə alaraq tez-tez Azərbaycana səfər edir, heç bir maniyə ilə rastlaşmadan doğma yurdlarını ziyarət edir, qonşuları ilə görüşür və s. Amma əks tərəfdə - Ermənistanda bir dənə də olsun belə bir fakt qeydə alınmayıb. Məlumat üçün qeyd edək ki, Azərbaycandan təxminən 200 min erməni, Ermənistan SSR-dən isə bir milyondan çox azərbaycan məcburi olaraq qaçqın düşüb. 200 min ermənidən onminlərlə erməni hazırda Azərbaycanda yaşayır, hər il başqa ölkələrdə yaşayan minlərlə erməni Azərbaycana gəlir. Amma bir milyon qaçqın düşmüş azərbaycanlıdan bir nəfərə belə şərait yaradılmır ki, gedib əzizlərinin qəbrini ziyarət etsin. Hətta, bir neçə il əvvəl əzizlərinin qəbrini ziyarət etmək məqsədilə Azərbaycanın işğal altında olan ərazilərinə səfər etmiş Dilgəm Əsgərov və Şahbaz Quliyev Ermənistan türmələrində işgəncələrə məruz qaldı, Həsən Həsənov isə işgəncələrə dözməyərək dünyasını dəyişdi. Həmin şəxslər ziyarət üçün qanuni yollar tapa bilmədiyi üçün qeyri-qanuni yollara əl atmışdır, amma məsələnin digər tərəfinə baxsaq, Ermənistan ordusunun həmin ərazidə mövcudluğu özü də beynəlxalq normalara görə qeyri-qanunidir. Çünki bu ərazilər beynəlxalq konvensiyalara görə Azərbaycanın mübahisəsiz əraziləridir.

Əslində vətəndaş cəmiyyəti bütün dünyada barışdırıcı institut olaraq tanınır. Əgər o bir barış birliyidirsə, deməli elə tolerantlıq, multikulturalizim assosasiyası rolunun icraçısıdır. Azərbaycanda doğrudan da vətəndaş cəmiyyəti barış institudur. Dövlət sifarişi də bu yönə dəstək verir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanda vətəndaş cəmiyyəti milli nifaq təbliğ etməkdədir. Siyasi hakimiyyətdə öz sifarişləri ilə onu bu istiqamətdə stimullaşdırır. Son 25-30 il ərzində Ermənistanda monoetnik cəmiyyətin formalaşmasının əsas səbəbi məhz budur.

Ölkəmizin reallığına nəzər yetirəndə müsbət tendensiyalar diqqət çəkir. Qeyd edək ki, vətəndaş cəmiyyətinin formalaşması ötən əsrdə elmi-texniki inqilabla yanaşı, həm də ondan sonra ikinci, yəni sosial inqilab kimi xarakterizə olunur. Müstəqilliyin ikinci dəfə bərpasından sonra Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü və formalaşması kimi ictimai hadisənin baş verməsi, dövlətçiliyin demokratik institutsional əsaslarını şərtləndirən struktur dəyişiklikləri, cəmiyyəti təşkil edən müxtəlif sosial tip və stereotiplərin bir-birini əvəzləməsi gedişatı kimi çətin bir proses başladı. Belə dönəmlərdə siyasəti və siyasətçiləri, onların məqam və missiyalarını insanlara çatdırmaq üçün bu kimi ideyalarının trayektoriyasını davam etdirtmək, geniş kütlələrə düzgün təhlil, maarifləndirmə və məlumatlandırmanı ötürmək missiyasını vətəndaş cəmiyyəti institutları həyata keçirməyə cəhd edir. Təbii ki, burada  vətəndaş cəmiyyəti nümayəndələri xalq, geniş əhali üçün anlaşıqlı və düzgün məlumat paketi ilə xalq-dövlət arasında olan problemlərin çözülməsi üçün körpü, vasitəçi, bəlkə də qarşılıqlı əlaqələndirici kimi çıxış edir. Müstəqil Azərbaycan mədəniyyətinə nəzər yetirəndə, aydın olur ki, problemin siyasi-mədəni təhlili iki paralellikdə aparılmalıdır. Dünya mədəniyyəti və Azərbaycan. Nəzərə çatdıraq ki, Azərbaycanda çoxçalarlı mədəniyyətlər və onun  da müxtəlif tipləri mövcuddur.  Dünya  müasir mədəniyyətləri kimi, Azərbaycan mədəniyyəti də vətəndaş cəmiyyətinin təşəkkülü prosesində  multikultural xarakter kəsb edir. Milli mədəniyyətlə paralel multikulturalizm də buraya daxil olaraq, keçmişə, mədəni, mənəvi irsə, tarixə yeni kontekstdən nəzər salınmasını şərtləndirir. Kütləvi baxışda özünəməxsusluq hələ də ənənəviliklə, müasirlik isə qərbləşmə (amerikalaşma) ilə əlaqələndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “XXI əsr: ümidlər və çağırışlar”  devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda söyləmişdir ki, “Nəinki Azərbaycanda, bir çox ölkələrdə və qonşu ölkələrdə multikulturalizmin böyük ənənələri vardır. Ona görə də, bu gün multikulturalizmi şübhə altında qoymaq, yaxud onun iflası haqqında danışmaq hesab edirəm ki, həm yersizdir, həm zərərlidir. Çünki multikulturalizmin alternativi yoxdur”.

Millətlərin və milli etniklərin  bərabər hüquq əldə etdiyi multikulturalizmin inkişaf etdiyi Azərbaycanda bu mədəniyyətlər arasında qarşılıqlı Dialoq azadlığı vardır. Azərbaycanda müxtəlif milli-mənəvi və konfessional birliklər öz xüsusiyyətlərini hərtərəfli şəkildə inkişaf etdirmək imkanına malik olaraq həm də, başqa mədəniyyətdən də yararlanaraq, istifadə etmək imkanına malikdir. Ölkədə multikulturalizmin yaranması  və inkişafında modernləşmə və Azərbaycançılıq ideologiyası da əsas amildir. Bu ideologiyanın əsasını millilik, dünyəvilik, sosial ədalət, demokratiya, milli tərəqqi insan hüquq və azadlığına riayət təşkil edir. Bu ideologiya Azərbaycanı özünə vətən qəbul etmiş, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların vəhdət şəklində, dostluq, hətta qohumluq, qonşuluq, əmin-amanlıq şəraitində yaşadığı mədəniyyətlərinin inkişaf etdiyi ümumi talelərini əks etdirən, multikulturalizm göstəricisi olan mənəvi fenomendir. Digər bir aspekt isə ondan ibarətdir ki, Azərbaycançılıq ideologiyası yalnız ölkə ərazisində yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanların göstəricisi yox, o həm də geosiyasi sərhədə və məkanların ayırdığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bir ideya-fəlsəfi, mədəni məkanda tamlaşdıran, bütövləşdirən gücdür.  Azərbaycançılıq - cəmiyyətin sosial-mədəni, siyasi və hüquqi nizamlanmasının, insanları mənən  səfərbər edən  vəhdətinin əsas faktorudur.  Azərbaycanın vətəndaş cəmiyyətinin yekcins olmamasına diqqət yetirildikdə etnik və dini dəyərlər ideoloji sxemdə tolerantlıqla qarşılanır. Eyni zamanda birləşdirici faktor kimi milli dövlət, ümumxalq ideyası olaraq azərbaycançılıq universallaşır. Təbii ki, burada məcburiyyət yoxdur. Amma elə məqsəd və prioritetlər var ki, onlar milli ideya olaraq müəyyənləşir. Belə məqamda isə vətəndaşların dini, etnik və sosial mənsubiyyətindən (həmçinin siyasi əqidəsini də buraya aid etmək olar.) asılı olmadan , bu kimi ideyalar geniş dəstək alır.

 

 “Paralel”in Araşdırma Qrupu