Şərq. - 2018.- 12 iyul. - ¹ 123. - S. 13.

 

LLİ İDEOLOGİYAMIZ AZƏRBAYCANDAKI BÜTÜN XALQLARI SƏFƏRBƏR ETDİ

 

Azərbaycançılıq ideyasının təbliği

 

Aysel Aslan

 

Azərbaycançılıq məfkurəsi ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən dönüşü ilə - 1993-cü ildə dünyaya gəldi. Hakimiyyətin ilk aylarında ulu öndər azərbaycançılıq məfkurəsini ideoloji və praktiki əsaslarla tətbiq etməyə başladı. 1993-cü il noyabrın 2-də Heydər Əliyev televiziya ilə xalqa müraciət edərək talışları, kürdləri, ləzgiləri, tatları, türkləri vətənin müdafiəsinə, ərazi bütövlüyümüz üçün səfərbər olmağa səslədi. Vətən oğulları bu fenomen şəxsiyyətin çağırışına hamılıqla səs verdi. Bunun müsbət nəticələri isə özünü tez bir zamanda göstərdi.

Müxtəlif azsaylı xalqların nümayəndələri vahid vətənimizin - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda səfərbər oldular, düşmənə layiqli müqavimət göstərdilər. Bu birliyin, həmrəyliyin nəticəsində 1994-cü ilin qışında Azərbaycan hərbçilərinin, sıravi vətəndaşlarımızın şücaəti ilə əks hücum əməliyyatı keçirilərək, Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi düşməndən azad edildi. Bu, ümummilli lider Heydər Əliyevin ideya müəllifi olduğu azərbaycançılıq məfkurəsinin ilk qələbəsi sayılır.

Azərbaycançılıq məfkurəsi tarixin sonrakı sınaqlarından da üzüağ çıxdı. Xalq birliyinin əsas qayəsi olan bu ideologiya 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində dövlətçiliyimizə, müstəqilliyimizə yaranmış daxili təhlükənin dəf edilməsində müstəsna yol oynadı. "Sapı özümüzdən olan baltalar”ın bədnam niyyətləri Azərbaycan xalqının, ölkəmizdə yaşayan, azərbaycançılıq ideologiyası altında birləşmiş bütün millətlərin fədakarlığı nəticəsində puça çıxdı. Şübhəsiz ki, bu, azərbaycançılıq məfkurəsinin ard-arda sıralanan növbəti qələbələri idi.

2001-ci il dekabrın 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndərin səsləndirdiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” fikri azərbaycançılıq məfkurəsinin əsas şüarına çevrilib. Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın soydaşımızı bu amal ətrafında birləşdirən ideya milli dövlətçiliyimizi ayaqda tutan əsas xətdir.

Azərbaycançılıq məfkurəsinin tarixi kökləri, Azərbaycan xalqının yaddaşında dərin izləri var. Ulu öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlib.

Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 90-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsini, onların doğma vətənimizlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlayırdı. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır. Ulu öndər çıxışlarının birində bu barədə belə demişdi: "Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana Vətəni unutmayasan”. Məhz bu fikirlərdən çıxış edərək, vurğulamalıyıq ki, hər bir ölkənin dövlətçiliyində, tarixində cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi mövcud olmalıdır. Onların əsas qanunda əks edilməsi ilə bərabər, insanların şüurunda, düşüncələrində, qəlbində olması da vacibdir.

Azərbaycançılıq ideologiyasının tarixi və günümüzdə necə təbliğ olunması barədə danışan Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə də təsdiq edir ki, Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra azərbaycançılıq ideologiyası vacib amilə çevrilib. Professorun sözlərinə görə, həm elmi işlərdə, həm də ulu öndərin həyata keçirdiyi siyasət xəttində, ideyalarında bu məfkurə ön planda olub:

 "Həmin illərdə azərbaycançılıq ideologiyasının tarixi köklərini öyrənmək üçün tədqiqat işləri aparıldıqda aydın oldu ki, bu məfkurənin formalaşması daha qədimlərə gedib çıxır. Sözsüz, köklərsiz ideologiyanın ayaqda durması mümkün deyil. Azərbaycançılıq ideologiyasının daha əsaslı təbliğ edilməsi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Əslində isə söz etdiyimiz milli məfkurə əvvəlki dövrlərdə də mövcud olub. Maarifçilik xəttinin yüksəldiyi dövrdə, XIX əsrdə Abasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə və başqaları azərbaycançılığın artıq köklərini formalaşdırmağa, öz əsərlərində onu təbliğ etməyə çalışırdılar.

Sovet dövründə də müəyyən ideyalar daxilində bu prinsip saxlanırdı. Həmin müddətdə azərbaycançılığın müəyyən aspektləri qorunurdu. Məsələn, ulu öndər Heydər Əliyev Azərbaycan SSR konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi saxlanmasına nail olmuşdu. Bu o deməkdir ki, azərbaycançılığın izləri sovet dövründə də qorunurdu”.

İlham Məmmədzadə "Azərbaycançılıq nədir” sualına da aydınlıq gətirib:

"Azərbaycançılıq ideologiyasının əsası Azərbaycan dövlətinin suverenliyi, Azərbaycan xalqının mədəniyyətinin inkişafı, maarifçiliyə münasibətidir.

Azərbaycanın bu gün sabahını düşünməsi, millət olaraq, buna hazırlaşması, inkişafa can atması bu ideologiyanın əsas komponentləri sırasındadır. "Azərbaycançılıq nədir” çox geniş ifadə ediləcək, özündə əhəmiyyətli nüansları birləşdirəcək araşdırma sayılır. Sadəcə, düşünürəm ki, azərbaycançılığın əsasını təşkil edən ideyalar maarifçilik, Azərbaycan Xalq Cümhuriyyətinin azərbaycançılığa münasibəti və bugünkü suveren, demokratik Azərbaycan Respublikasının bu ideyaları təbliğ etməsidir. Bu üç nöqtə qeyd etdiyim kimi, azərbaycançılıq ideologiyasının əsasını təşkil edən amillərdir”.

Son illərdə milli ideologiyaya marağın artdığını xüsusi qeyd edən professorun fikrincə, bu göstərir ki, artıq azərbaycanlılar mövcud olan ideyaları daha çox şüurlu şəkildə saf-çürük edərək, güclü və əsaslı bir ideyaya tapınmaq, bununla da milli birliyi gücləndirmək əzmindədirlər:

"Bu gün azərbaycançılığın təbliği sahəsində də böyük işlər görülür. Xüsusilə, AMEA-nın nəzdində fəaliyyət göstərən ictimai institutların bir çoxu milli məfkurənin təbliğatı ilə məşğuldurlar. Müxtəlif zamanlarda alimlərin, müəlliflərin iştirakı ilə seminarlar təşkil olunur. Bakıdan kənarda, rayonlarda da konfranslar, tədbirlər keçirilir. Bu yaxınlarda Qusar rayonunda azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı konfrans keçirildi. İnstitut işçilərinin, demək olar, hamısı azərbaycançılığın təbliğatı ilə məşğuldurlar. Bundan əlavə Bilik Fondunun xətti ilə akademiya əməkdaşları tez-tez Bakıdan kənarda tədbirlər keçirirlər.

Xarici ölkələrdə də azərbaycançılığın təbliğinə çalışırıq. Məsələn, iyun ayının 18-də biz Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı Parisdə böyük tədbir keçirdik. Konfransda AMEA-nın işçiləri, Fəlsəfə İnstitutunun əməkdaşları, həm də Fransanın Nitsa şəhərində yerləşən Sofia Antipolis İnstitutunun mütəxəssisləri iştirak etdilər. Bilirsiniz ki, Fransa, onun paytaxtı Paris Azərbaycan Cümhuriyyəti tarixində özünəməxsus yer tutur. Hətta bir neçə cümhuriyyətçi ziyalımız orada mühacirət həyatı yaşayıb, rəhmətə getdikdən sonra dəfn olunublar. Parisdə keçirdiyimiz konfransda 80-100 nəfər iştirak edirdi. Orada yaşayan azərbaycanlılar, türklər və fransızlar, həmçinin qonaq qismində tədbirə gələn digər xalqların nümayəndələri Azərbaycanın tarixini daha dərindən öyrənməkdə maraqlı idilər. Tədbirimizin yekununda bütün xarici qonaqlar dəqiq bildilər ki, Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. Bu çox vacib məsələdir. Çünki təbliğat, Azərbaycanın tarixi, azərbaycançılıq ideologiyasının təbliği tək ölkəmizdə deyil, xaricdə də aparılmalıdır”.

İ.Məmmədzadə onu da əlavə edib ki, azərbaycançılıq ideologiyasından bəhs edən Azərbaycan və xarici dillərdə kitablar yazılır, elmi məqalələr çap edilir:

"Bu milli məfkurənin təbliğatının əsasını təşkil edən dəyərli araşdırmaların müəllifi olan akademik Ramiz Mehdiyevin çoxsaylı kitabları azərbaycançılığa həsr olunub. Bütün bunlar azərbaycançılığın tədqiqatına və təbliğatına böyük töhfədir. Biz də öz növbəmizdə çalışırıq ki, akademikin fikirlərini təbliğ edək”.

Millət vəkili, professor Musa Qasımlı isə azərbaycançılığın dərin köklərinin, təməllərinin millətimizin tarixi keçmişi və bu günü ilə sıx bağlı olduğunu söyləyib. Onun qənaətincə, hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını tək vətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ilə dövlətimizin və millətimizin bu günü və gələcəyi sıx bağlıdır:

"Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan millətidir. Ona görə də azərbaycançılıq ilk növbədə ailədən, uşaq bağçasından, məktəbdən və cəmiyyətdən gəlməlidir.

Rəhmətlik Mirzə Cəlil yazırdı ki, millətin gələcəyi anaların əlindədir. Azərbaycançılıq təkcə şüar olaraq deyil, məzmun və mahiyyətinə görə dərsliklərimizdə hakim olmalıdır. Fikrimcə, azərbaycançılıq bu və ya başqa səviyyədə təhsil müəssisələrində, KİV-lərdə təbliğ edilir. Lakin onun təkmilləşdirilməsinə ciddi ehtiyac olduğu qənaətindəyəm. Azərbaycançılığın daha geniş təbliğ edilməsinin hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyəti böyükdür. Hesab edirəm ki, azərbaycançılıq təkcə vətəni, dövləti sevmək deyil, hər bir şəxsin olduğu yerdə onun sabit və davamlı inkişafı, dəyişən dünya reallıqlarına uyğun olaraq tərəqqisi və təhlükəsizliyi üçün çalışması deməkdir. Vətəndaşlarımızı birləşdirən bu ideologiyanın inkişafı yolunda əngəl olan, xüsusən, millətimizin birliyi və ölkəmizin bütövlüyünə qarşı yönəldilmiş bütün, ən xırda cəhdlərin qarşısı amansızlıqla alınmalıdır”.

Bir məsələni xüsusilə vurğulamalıyıq ki, azərbaycançılıq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyinə çevrilib.

31 dekabr tarixi neçə illərdir ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilir. Birlik və həmrəylik ideyasını gücləndirən bu bayram xalqımızın sarsılmaz milli-mənəvi birliyinin rəmzinə çevrilib. Tərəqqini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs mübarizəyə səfərbər edən həmrəylik günü bizdə özünəinamı gücləndirir. Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan təcavüzkar Ermənistanın müxtəlif səviyyələrdə ifşası, erməni lobbisinin respublikamıza qarşı apardığı bədnam təbliğata qarşı effektiv əks-hücumun təşkilində hamımız, o cümlədən xaricdə yaşayan soydaşlarımız da fəal olmalıdırlar. Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam etməklə özünü ifşa edir, strateji layihələrdən kənarda qalıb. Azərbaycanlı olaraq bu və digər mühüm faktlardan maksimum səmərəli yararlanmalıyıq, işğalçı Ermənistanın ifşası istiqamətində daha fəal iş aparmalıyıq. İnanırıq ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət müstəqil Azərbaycanın yaxın perspektivdə torpaqlarımızın azad olunması ilə və daha da inkişaf etmiş ölkəyə çevrilməsi ilə nəticələnəcək, hər bir azərbaycanlı Vətənimizin uğurları ilə daha çox qürur duyacaq.