Paralel. - 2018.- 10 iyul. - ¹ 119. - S. 10.

 

Multikulturalizmin inkişafı təhlukəsizliyin qarantıdır

 

İlham Əliyev: "Multikulturalizmin alternativi yoxdur..."

 

 Prezident İlham Əliyevin "Multikulturalizmin alternativi yoxdur..." fikrini fəaliyyətlərinin əsas istiqaməti kimi dəyərləndirən Azərbaycanın bir çox dövlət qurumları və ictimai təşkilatları multikulturalizmin Azərbaycan modelinin bütün dünyada təbliği və təşviqi üçün geniş tədbirlər planı həyata keçirirlər. Belə tədbirlərdən biri də, Azərbaycan Respublikasının Finlandiya Respublikasındakı səfirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Helsinki Universitetinin nəzdində fəaliyyət göstərən Aleksanteri İnstitutunun birgə təşkilatçılığı ilə Helsinkidə keçirilib.

"Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda keçirilən konfransda Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunub.

Tədbirin açılışındı çıxış edən Helsinki Aleksanteri İnstitutunun rəhbəri, professor Markku Kivinen Azərbaycanla bağlı belə bir konfransın Finlandiyada keçirilməsinin böyük əhəmiyyət daşıdığını qeyd edib. Böyük multikulturalizm və birgəyaşayış ənənələrinə malik Azərbaycanın öz nailiyyətlərilə bu gün bütün dünyada maraq doğurduğunu deyən finlandiyalı alim, bu tədbirin keçirilməsi ilə ölkəmizin bu və digər sahələrdəki təcrübəsilə yaxından tanış olmaq imkanı qazanacaqlarını və bu tanışlığın iki ölkə arasında daha sıx əməkdaşlığa töhfə verəcəyinə əmin olduğunu bildirib.

Ölkəmizin Finlandiyadakı səfiri A. Məmmədov tədbirin əhəmiyyəti barədə danışıb. Konfransın qarşısında duran məqsədlərə toxunan səfir bildirib ki, qədim tarixə malik olan Azərbaycanın tolerantlıq ənənəsi, dövlət-din münasibətləri, həmçinin hökumətin din sahəsindəki siyasəti ilə bağlı reallıqlar barədə məlumatların Finlandiya cəmiyyətinə çatdırılması çox əhəmiyyətlidir. Helsinkidə belə bir konfransın təşkilində məqsəd ölkəmizdə və cəmiyyətimizdə uzun illər formalaşan tolerantlıq təcrübəsini, Azərbaycandakı dövlət-din münasibətləri ilə bağlı vəziyyəti Finlandiya ictimaiyyətinə çatdırmaqdır. Daha sonra Azərbaycan xalqının dövlətçilik tarixi haqqında qısa məlumat verən səfir, tarixin bütün dövrlərində xalqımızın multikultural dəyərlərə önəm verdiyini, bu torpaqlarda müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mehriban şəraitdə yaşadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bu da danılmaz faktdır ki, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və titanik səyləri nəticəsində ölkəmizdə tolerantlıq mühiti qoruna və inkişaf etdirilə bildi, bütün xalqlar arasındakı yüzillər böyü mövcud olan dostluq və birgəyaşayış münasibətləri daha da möhkəmləndi. Ümummilli liderin siyasi varisi Prezident İlham Əliyev isə tolerantlıq ənənələrini daha da inkişaf etdirərək dövlət siyasətinə çevirdi. Bu gün keçirilən tədbir də sübut edir ki, Azərbaycanın tolerantlıq siyasəti, yalnız ölkənin hüdudları ilə məhdudlaşmır.

Azərbaycanan birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun nəinki Şərqdə, habelə Avropa ölkələrində kilsə və dini abidələrin, muzeylərin bərpa və təmir olunması sahəsində gördüyü işlər buna bariz nümunədir. Bu xeyriyyə işləri Azərbaycan xalqının və hökumətinin dünya mədəni irsinə və dini-mədəni dəyərlərə verdiyi töhfədir.

Multikulturilizmin inkişaf etdirilməsi həm də təhlukəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də konfransda "Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda məruzə də konfrans iştirakçılarının marağına səbəb olub. Bu mərüzə ilə çıxış edən akademik Kamil Abdulla təhlükəsizlik məsələlərindən danışaraq, ümumi təhlükəsizlik, nəqliyyat, enerji, qida təhlükəsizliyi kimi multikultural təhlükəsizliyin də eyni şəkildə dövlət səviyyəsində qorunmasının vacibliyini qeyd edib. Kamal Abdulla multikultural təhlükəsizliyin ümumi mahiyyətini etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması kimi təqdim edərək, cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunmasının qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb ola biləcəyini dilə gətirib. O deyib: "Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların iddialarını qəbul etməyən Azərbaycan erməniləri də, buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə olmayan xınalıqlılar da Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz sərvəti, öz gücü sayır. Ümummilli lider Heydər Əliyev deyirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir". Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində - siyasətdə, iqtisadiyyatda, təhsildə, humanitar həyatda, bir sözlə, bütün sahələrdə görmək mümkündür".

Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, dövlətin həyata keçirdiyi din siyasəti ölkəmizdə yaranan multikultural mühit, dünya dövlətləri üçün bir örnək rolunu oynayır. Azərbaycanın tolerant ölkə olduğunu, ölkəmizdə milli-mənəvi və dini dəyərlərə çox böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını, artıq dünya miqyasında tanınan bir çox siyasilər və din xadimləri də etiraf edirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dəstəklənən bu siyasətin Azərbaycan üçün çox faydalı olduğu və ölkəmizdə azad cəmiyyətin inkişafına böyük təkan verdiyi də, heç kimdə şübhə doğurmur. Azərbaycanın Şərq ilə Qərbi birləşdirən körpü olaraq regionun siyasətində oynadığı rol, ölkəmizin habelə Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti yer tutur.

Bunun nəticəsidir ki, antisemitizmin bütün dünyada tüğyan etdiyi dövrdə belə, Azərbaycan bu bəladan azad bir məkan kimi özünü göstərə bilib.

Azərbaycan o nadir ölkələrdəndir ki, burada əcnəbi və ya keşiş olduğuna görə heç vaxt pis münasibətlə üzləşməyəcəksən, əksinə, respublikanın hər bir guşəsində hörmətlə qarşılanacaqsan. Buna görə də, hər zaman  multikulturalizm və tolerantlığın gələcəyinə şübhə ilə yanaşan siyasətçiləri və adi insanları Azərbaycana dəvət edirik ki, Azərbaycan dövlətinin adi vətəndaşları ilə birlikdə yaratdığı bərabərhüquqlu cəmiyyəti görsünlər, bundan dərs götürsünlər.

Konfransda həmçinin "Finlandiyanın multikulturalizm və dinlərarası dialoq təcrübəsi" mövzusuna həsr olunan panel iclası keçirilib.

Mikko Palonkorpinin moderatorluğu ilə keçirilən panel iclasında Finlandiya Evangelik Lüteran kilsəsinin Lüteran kilsə camaatı ittifaqının dinlərarası dialoq və əməkdaşlıq üzrə pastoru Heidi Rautionmaa çıxış edərək Azərbaycanın son 15 ildə çox sürətlə inkişaf etdiyini, ölkəmizin regional mərkəz rolu oynadığını bildirib. Heidi Rautionmaa Azərbaycanın həm özü, həm də region üçün vacib olan multikulturalizm sahəsində təşəbbüsü üzərinə götürməsinin çox mühüm bir hadisə olduğunu bildirib.

Finlandiya Xarici İşlər Nazirliyinin insan hüquqları siyasəti bölməsinin direktoru Nina Nordström isə çıxışında multikulturalizmirn inkişafı və təbliğində diplomatiyanın rolundan söz açıb. O qeyd edib ki, diplomatiyanın əsas məqsədi bizi birləşdirən ümumi cəhətləri taparaq üzə çıxarmaq, bizi ayıran cəhətləri isə aradan qaldırmaqdır. Amma bu, o demək deyil ki, biz bir-birinə bənzər insanlara çevrilməliyik. Belə olarsa, dünya çox maraqsız olar. Müxtəliflik çox vacib dəyərdir, amma bu müxtəliflik münaqişələrin və dözümsüzlüyün yaranmasına gətirib çıxarmamalıdır. Bunun üçün biz bir-birimiz barədə daha çox şey öyrənməli və bir-birimizi daha yaxşı başa düşməliyik. Bu tədbir, məhz elə bu məqsədə qulluq edir və biz bu gün Azərbaycan və onun tolerantlıq təcrübəsi barədə çox şey öyrənə bildik. Azərbaycan ilə Finlandiya arasında müxtəlif təşkilatlar səviyyəsində məhsuldar əlaqələrin olduğunu deyən Finlandiya rəsmisi bütün oxşarlıqları nəzərə alaraq, qadın haqları, sülhyaratma, və beynəlxalq hüququn qorunması kimi işlərdə birgə fəaliyyətin mümkünlüyünü diqqətə çatdırıb.

Finlandiyada olan liberal multikulturalizm dəyərlərinin Azərbaycan modelinə bənzərliyini diqqətə çatdıran natiqlər Azərbaycandan olan dini icma rəhbərlərinin birlikdə dünyanın müxtəlif ölkələrinə səfərlər edərək öz təcrübəsini nümayiş etdirmələrinin nümunəvi bir hal olduğunu bildiriblər. Bu gün dünya ölkələrində dini-etnik millətçilik ideyalarının vüsət alması fonunda Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişaf etməsinin hamıya örnək olduğunu diqqətə çatdırıb. Bu da o deməkdir ki, Azərbaycan dövlətinin multikulturalizmin bütün dünyada təbliği missiyası uğurlu nailiyyətlər əldə etməkdədir.

 

“Paralel”in Araşdırma Qrupu