Bakı Xəbər. - 2018.- 10 iyul. - ¹ 120. - S. 12.

 

Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan Azərbaycan...

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

1918-1920-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcudluğu mənfur və məkrli düşmənilirimiz olan rus-ingilis və hay-daşnak quldurlarının xalqımıza qarşı yeni silahlı hücumların, qanlı qırğınların, kütləvi qətliamların törədilməsinə səbəb olub. Məqsəd xalqımıza qarşı soyqırım siyasəti yürütməklə dövlətçiliyimizin məhvinə birdəfəlik zəmin yaratmaq idi. Təsadüfi deyil ki, bu məqsədlə başlıca hədəf kimi Bakı şəhəri seçilib.

Bu qanlı ictimai-siyasi və sosial ümumazərbaycan faciəsinin qarşısının alınmasında milli vətənpərvər bütöv Vətən ailəsindən olan görkəmli siyasi, ictimai, hərbi və işıqlı xadimlərimizlə yanaşı, qardaş Türkiyənin (o dövrdə Osmanlı imperiyasının) 1-ci və 5-ci Qafqaz İslam Ordularının zabit-əsgər heyətinin də əməyi qədirbilənliklə yad edilir. Onlar əziz canlarını özlərinə qanbir, canbir, dilbir Vətən sandıqları (və bildikləri) Azərbaycana  fəda etməkdən əsirgəməyiblər. Dünyada müzəffər türk ordusunun 2000-ə qədər üzvü həmin illərdə azğınlaşmış düşmənə qarşı Azərbaycan uğrunda döyüşlərdə Şəhid olaraq yurdumuzun ayrı-ayrı guşələrində (istər Naxçıvan və Zəngəzurda, istərsə Təbriz, Göyçə və Qarabağda, istərsə də Gəncə, Lənkəran, Dərbənd və Qubada, Bakı şəhəri və ətrafında)  müqəddəs məqama qovuşaraq həm də torpaqlarımızı müqəddəs edib, o yerləri ziyarətgaha çeviriblər.

Dövlətimizə və xalqımıza qarşı rus-ingilis və hay-daşnak qüvvələrinin soyqırım faciələrinə yerli milli müdafiə qüvvələri ilə birlikdə mərdliklə sinə gərərək və qanlı savaşlarda qəhrəmanlıq göstərərək Qaziliyini sübut edən Türk-Ər oğullarından  Azərbaycanı sonrakı həyatları üçün xoşbəxt məkan seçənlər də olub. Onlar  ömürlərini bu yurda bağlayıb, sonrakı acılı-şirinli günlərini bu yurdla bölüşüblər. Həm də ümumilikdə Azərbaycan məkanını, ayrı-ayrılıqda isə Bakı, Gəncə, Şəki və Lənkəran şəhərlərini, Qazax, Qəbələ, Göyçay, Tovuz, Oğuz,  Şamaxı, Salyan, Ağcabədi, Qobustan...rayonlarını doğma (və yeni) ünvan kimi həyat səhifələrinə yazıblar.

1918-ci ilin iyun ayında 5-ci Qafqaz İslam Ordusunun sıralarında Göyçay cəbhəsində (Bığır – Qaraməryəm savaşlarında)  gedən döyüşlərdə ağır yaralanan 10-cu Qafqaz alayının tabor üzvlərindən biri də Osman Məhəmməd oğlu (1890-1984) idi. Taleyin hökmü ilə Göyçay rayonunun Cəyirli kəndini özünə ikinci vətən ocağı seçən Osman əfəndinin ulu baba soyu (qolu) Quzey Bolqarıstandan 1877-1878-ci illərə Osmanlı-Rus müharibəsi nəticəsində Türkiyənin Manisa bölgəsinə, oradan isə Saray elinə köç edən əski türk ailəsidir.  Bu ailə həm də 1912-ci ilin iyun-iyul aylarında Balkan savaşlarının acısını yaşayıb. Ailənin üzvü, 22 yaşlı imam Osman əfəndi bu faciələrin şahidi və iştirakçısı olub (amma dini fəaliyyətinə və imamlığına görə orduya çağırılmayıb). Osman əfəndinin sərrast atıcılıq qabiliyyəti, ovçuluğu ilə bərabər mükəmməl saz çalmağı da vardı, qardaşı Hüseynin isə şirin avazı və gözəl səsi olub.

Azərbaycanın 1918-1920-ci illərdə özgürlüyünün və xalq bütövlüyünün qorunmasında, bu günümüzə ötürülməsində  Osmanlı Türkiyəsinin (4 iyun 1918-ci il tarixli tarixi sazişin 4-cü maddəsinin tələblərinə uyğun olaraq)   Şərq cəbhəsinin  Qafqaz İslam Ordusunun əsgərləri ilə yanaşı, Türkiyənin dörd bir yanından yığılan könüllülər, ehtiyatda olanlar arasında Osman əfəndi də (baxmayaraq ki, hərbdə onun iştirak etməməsinə icazə vardı) sıra nəfəri idi.

5-ci Qafqaz İslam Ordusunun 3-cü briqadası sıralarında Göyçay cəbhəsində yarbay Osman paşanın başçılığı ilə gedən döyüşlərdə yaralanan, qəzanın Cəyirli kəndində Məhəmməd Rəhim oğlunun ailəsində müalicə alaraq sağlamlığı bərpa olunandan sonra Türkiyəyə qayıda bilməyən Osman Məhəmməd oğlu bu kənddə Hafizə xanımla ailə quraraq dinc həyata başlayır.

II Dünya müharibəsi başlayarkən Hitler Almaniyasının Qafqaza hücumu həlledici idi. Türkiyə Cümhuriyyətinin Almaniya ilə müttəfiqliyi üzündən SSRİ rəhbərliyi bu regionda türksoylu xalqların köçürülməsi planını hədəfə almışdı. Bu hədəfin ilk qurbanları isə Azərbaycanda yaşayan Qafqaz İslam Ordusunun sıralarında hay-daşnak və bolşevik quldurlarına qarşı mücadilə edən türk ərənləri idi (hay əsilli düşmənlərimiz bu fürsətdən yararlanmağı çoxdan gözləyirdi). Onlardan biri də Osman Məhəmməd oğlu oldu. 1941-ci ildən 1956-ci ilədək uzaq Sibirdə, Tomsk şəhərində sürgün həyatı yaşadı bu igid. Əzablı 15 illik ayrılıqdan sonra Vətənə dönən və ailəsinin yanında yaşayan Osman əfəndi 1984-cü ildə vəfat edib və kənd qəbirstanlığında dəfn olunub.

Qazi Osman Məhəmməd oğlunun ömür salnaməsi  barədə türk yazarı Salman Akının “Həsrət məktubları” adlı sənədli-publisistik əsəri 2014-cü  ildə İstanbul şəhərində işıq üzü görüb.

5-ci Qafqaz  İslam Ordusunun qazilərindən biri – Topallıoğlu Mustafa Mustafa oğlu da (1881-1953) sonrakı ömrünü Azərbaycanda keçirib. Mustafa əfəndi Türkiyənin Kayseri şəhərinin İncəsu qəzasının Qızılörən köyündə (kəndində) doğulub (bu kənd Quba rayonunun Xınalıq kəndi ilə oxşar təbii-coğrafi məkana malikdir), təsərrüfat işləri ilə məşğul olub.

1914-1918-ci illərdə I Dünya savaşının iştirakçısı idi. Cəbhədən qayıtdıqdan sonra elə kənddə biçin işləri zamanı (37 yaşında, ailəli, 3 övladı var ikən) qadınların ağlaşa-ağlaşa –“Azərbaycanda gavurların dinc sakinləri qətlə yetirmələri” barədə üzüntülü xəbərlərini eşitcək məscidə toplanıb namaz qılmaları və oradan “Azərbaycan” deyib yola çıxmaqları tarixi gerçəklikdir. Batumi şəhərinədək yolboyu bütün doğma el-obalarda onlara qoşulanların sayı xeyli artıq idi.

Mustafa əfəndinin 6 qardaşının hamısı Azərbaycanda 5-ci Qafqaz  İslam Ordusunun  tərkibində döyüşüb.

1918-ci ilin sentyabr ayında Bakı şəhərində icazəli gəzintidən hərbi hissəyə gecikən Ər Mustafa hərbi nəzarətçilərdən yayınaraq tramvay xəttinin qonşuluğunda indiki M. Müşfidin abidəsi yaxınlığındakı evlərdən birinin həyətinə keçir. Bu ev Biləcəri kəndindən olan Hacıbala Allahverdi oğlunun (1876-1958) imiş. Taleyin hökmü ilə ev sahibi tərəfindən oğulluğa alınan Mustafanın sonrakı həyatı Biləcəri kəndi ilə bağlanır. Bu kənddə Hafizə Şərif qızı ilə (1896-1970) evlənir, 1 oğul və 2 qız atası olur. Onun Qazi həyatı sonralar əkin-biçin  və təsərrüfat işləri ilə (bostan-tərəvəz məhsulları yetişdirir, çörək bişirib satır) əvəz olunur.

Türk döyüşçüsü olduğu üçün ölkə daxilində 1-ci sürgün həyatını Gədəbəy rayonu, Saratovka kəndində keçirir. Orada da təsərrüfat işləri görür 1941-ci ilədək. II Dünya müharibəsi başlayanda yenidən  Biləcəri kəndinə köçür. Oğlu Ağasəlim (1922-2012) müharibə iştirakçısı kimi Pribaltika cəbhəsində döyüşür.

Qazi Mustafa zəhmətkeş olduğundan,  yaxşı üzüm bağları salır, suvarma mənbəyi kimi həyətində 3 quyu qazır və məhsullarını satmaqla məşğul olur. Növbəti sürgün həyatını isə oğlu Ağasəlimlə birlikdə 1949-cu  ildə yaşayır – bu dəfə uzaq Tomsk vilayətinin Baxçar rayonunun eyniadlı kəndində. Orada meşə təsərrüfatı işi onun əsas məşğuliyyəti idi.

Deyilənə görə, həmin əsir düşərgəsində hay-bolşevik quldurlarına qarşı döyüşlərdə iştirak etmiş, sonralar Tovuz və Oğuz rayonlarında yaşamış 5-ci Qafqaz İslam Ordusunun digər üzvləri də cəza çəkiblər.

Ər Mustafanın isə  ürəyi xiffət edib, qubar bağlayıb  ailəsi üçün, doğmaları üçün. Və 1953-cü ilin yazında o vəfat edir, orada dəfn olunur.

Ağasəlim Mustafa oğlu (1922-2012) sürgündən 1956-cı ildə qayıdır, Biləcəri kəndində yaşayıb ticarətlə məşğul olur. 1964-cü ilin may-iyun aylarında Mustafa bəyin  qərib Tomsk vilayətindəki nəşini Vətənə gətirir və Biləcəri kənd qəbirstanlığında dəfn edir.

Türkiyə Cümhuriyyətinin əhali sayına görə 7-ci, Daxili Anadolu bölgəsində paytaxt Ankara şəhərindən sonra 2-ci böyük sənaye şəhəri olan Kayseri şəhərindən olan İsmayıl Hacı Məmməd oğlu Haqqı (1890-1928) 5-ci Qafqaz İslam Ordusunun tərkibindəki Səlmiyyə süvariləri dəstəsində Azərbaycanın Oğüz-Şəki cəbhəsində düşmənə qarşı vuruşub. Bu bölgədə əsas vuruşlar hay quldurlarlarının məskunlaşdığı yaşayış məntəqələri ətrafında (Şəki rayonunun Səbətli, Qayabaşı, Araban kəndləri, Oğuz rayonunun  bir sıra kəndləri) baş verib.

Yevlax-Şəki yolu üstündə yerləşən döyüş səngərlərindən açılan top atəşləri hay quldurlarının susdurulması üçün kifayət edib. Qalib türk ordusu isə bu cəbhədən geri qayıdaraq Kürdəmir-Şamaxı-İsmayıllı döyüş xəttində qüvvələri xeyli gücləndirə bilib.

Sonrakı  həyatını doğma Azərbaycanda keçirən İsmayıl Haqqı Oğuz rayonu, Muxas kənd sakini Xədicə Aman qızı (1887-1962) ilə ailə həyatı qurub və Şəki şəhərinin Qışlaq məhəlləsində ömür sürüb. Həyətyanı sahəsinə bitişik meşə hissəsində təsərrüfat işləri görüb, mal-heyvan saxlayıb, əkin-biçin işləri ilə ailəsini dolandıra bilib. Ailəsində üç övlad böyüdüb, oğlanları  Məmmədəmin (1928-2005), Məmmədnuru (1922-1997), qızı Sənubər (1926-1996).

Türk ordusunun bu Ər-qazisi hafiz olub - “Qurani-Şərif”i əzbər bilib. Onun oğlu Məmmədəmin də atası kimi irfan yiyəsi olaraq el məclislərində xüsusi hörmətə layiq görülüb. Ər-İsmayılın dini kitablarının xeyli hissəsi sonralar məscidə hədiyyə edilib.

İsmayıl Haqqının yaşıdlarının (Məmmədiyyə Yusif oğlu (1895-1995), Abdurrəhman Əkbər oğlu (1895-1985) söylədiyinə görə o, qılınc çalmaqda mahir idi, birinci zərbə ilə hədəfi iki yerə bölürdü və həmişə də üstündə xəncər gəzdirərdi.

Keçən əsrin 30-cu illərində xalqımıza qarşı növbəti qətliamlar burulğanından taleyin yazı hökmü ilə xilas ilan İsmayıl Haqqının bu “yükünü” həyat yoldaşı – Xədicə xanım çəkməli olub, uzaq sürgün ellərindən 60-cı illərdə qayıdıb, dünya işığından mərhum olmaqla.

Qazinin oğul nəvəsi Vaqif Məmmədəmin oğlunun (1958) bildirdiyinə görə, 1970-ci illərdə Şəki şəhərində yaşayan haylar onların evinin (Əfəndilər məhəlləsindəki 5 nömrəli həyətdəki) qarşısından keçəndə həmişə uşaqlarına bildiriblər ki, bu evin yiyəsi bizim düşmənimizdir. Həmin haylar şəhərin mərkəzi hissəsində 5 saylı məktəbin ətrafında, qədim Alban məbədinin yanında məskunlaşmaqla məbədə sahib çıxmağı da unutmayıb.

İsmayıl Haqqının rayonun  Baş və Aşağı Kəldək kəndləri əhatəsindəki meşə ətəyindəki qəbri nəvəsi Cəbrayıl Məmmədəmin tərəfindən 2013-cü ildə bərpa edilib.