Paralel. - 2018.- 7-9 iyul. - ¹ 118. - S. 10.

 

Ölkəmizdə azsaylı xalqların dillərində məktəblər fəaliyyət göstərir

 

Azərbaycan müasir dünya üçün multikulturalizm və tolerintlıq məkanı kimi xüsusi əhəmiyyət daşıyır

 

 Müasir dünyamızın demokratiya yolu ilə inkişaf edən islam dövlətlərindən biri olan Azərbaycanın tutduğu mövqe həm islam düyasında, həm də inkişaf etmiş Qərb dövlətlərində yüksək qiymətləndirilir və dəstəklənir. Müstəqillik əldə etdikdən sonra Avropaya inteqrasiya yolunu tutan Azərbaycan dövləti, həm sosial-iqtisadi, həm də milli-mənəvi və mədəni inkişafında böyük uğurlara nail ola bildi.

Bu səbəbdən də, bu gün Azərbaycan istər ictimai-siyasi, istərsə də mədəniyyət sahəsində uğurla inkişaf edən ölkələrdən biri hesab olunur. Muxtəlif dini konfessiya nümayəndələrinin, 30-dan çox azsaylı xalqın, etnik qrupların və etnosların heç bir ayrı-seçkilik olmadan əsirlər boyu dinc, yanaşı yaşadıqları Azərbaycan, həm də, müasir dünya üçün multikulturalizm və tolerintlıq məkanı kimi xüsusi əhəmiyyət daşıyır. Buna görə də, Azərbaycan dünyanın bir çox ölkələri, eləcə də Hindistan Respublikası ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıqda mədəniyyət sahəsi də xüsusi çəkiyə malikdir. Bunu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən tədbir də sübut etdi.

Belə ki, Hindistan səfirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə yaratdığı "Şərq Musiqisi və Multikultural dəyərlər" mövzusunda keçirilən yaradıcı və interaktiv görüş, iştirakçılar və təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib. Layihənin rəhbəri, professor Mina Hacıyeva həm də tədbirin aparıcısı missiyasını həyata keçirib.

 Tədbiri giriş sözü ilə açan, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva   Hindistan Respublikasının ölkəmizdəki səfiri Sanjay Rananı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənovu, gözəl rəqs nümayiş etdirən hind rəqqasəsi Xanım Nişa Gövindanı və digər qonaqları salamlayaraq, onları hər zaman Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görmək istədiyini dilə gətirib.

Tədbirdə çıxış edən Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Sanjay Rana bildirib ki, onun üçün də Bakı Musiqi Akademiyasında, musiqiçilərlə bir arada olmaq çox gözəl bir hissdir. Cənab səfir Hind musiqisindən, hind raqalarından danışaraq qeyd edib ki, onlar ölkəmizə gələrkən 3 cilddə İndian Music Oxford ensiklopediyasını, hind raqaları (diskdə), Hindistanın milli alətləri olan sarangi, sarod və santur alətlərini hədiyyə olaraq gətiriblər.

Hind musiqisi, hind musiqi alətləri haqqında Bakı Musiqi Akademiyasının magistr səviyyəsində təhsil alan musiqişünas Əlizadə Könül təqdimatını nümayiş etdirərək bildirib ki, Hindistan dünyanın ən qədim ölkələrindən biri olaraq, qədim sivilizasiyaların önündə gedib və zəngin tarixi-mədəni irsə malikdir. Rəsmi hissədən sonra Bakı Musiqi Akademiyasının magistrantları ilə birgə hind rəqsindən ibarət flashmob təqdim olunub. Bu rəqs nömrəsi qonaqlar və dinləyicilər tərəfindən böyük hərarətlə qarşılanıb.Tədbirin sonunda qonaqlara BMA-nın adından professor Mina xanım Hacıyevanın Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli, bu musiqini dünya səviyyəsinə qaldıran Qara Qarayev haqqında və Firəngiz Əlizadə musiqisinin fəlsəfi dünyası haqqında 3 cilddə azərbaycan, rus və ingilis dillərində, hind raqalarının sirdaşı olan Azərbaycan muğamı haqqına kitablar Hindistan xalqına hədiyyə olunub.

Azərbaycan özünün mədəniyyətini, multikulturalizm və tolerantlıq ənənələrinin təkcə ölkəmizdə təbliği ilə məşğul olmur. Bu gün bəşərityyətin qorunub saxlanmasında mühüm rol oynayan multikulturalizm və tolerantlıq birgəyaşayışın əsas şərtlərindən biridir. Mükəmməl birgəyaşayış qaydalarının bərqərar olunması üçün milli azlıqların hüquqları müdafiə olunmalı, onların assimilasiyasına imkan verilməməlidir. Bunun üçün isə bütün dünya dövlətləri səy göstərməldirlər.

Strasburqda Xorvatiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası və "Regional dillər və ya azsaylı xalqların dilləri üzrə Avropa Xartiyası"nın qüvvəyə minməsinin 20-ci ildönümü münasibətilə yüksək səviyyəli konfransın  keçirilməsi də, bu məsələyə xidmət edir.

Yüksək vəzifəli hökumət rəsmilərinin, o cümlədən nazirlərin, bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin Çərçivə Konvensiyasının Məşvərətçi Komitəsinin və "Regional dillər və ya azsaylı xalqların dilləri üzrə Avropa Xartiyası"nın Ekspertlər Komitəsinin üzvlərinin iştirak etdikləri konfransda Avropa Şurasına üzv ölkələrdə milli azlıqların müasir dövrdə üzləşdiyi məsələlər müzakirə edilib.

Bu mötəbər tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib. O, tədbirdə "Azərbaycan Respublikasında azsaylı xalqların dilləri və təhsili" mövzusunda çıxış edib.

O, Azərbaycanın 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya etdiyi Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasının milli azlıqların dillərində təhsil sahəsi ilə bağlı öhdəliklərin uğurla həyata keçirilməsi barədə tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki, Azərbaycanın multikulturalizm siyasəti çərçivəsində ölkədə yaşayan azsaylı xalqların sosial, iqtisadi və mədəni məsələləri yüksək səviyyədə öz həllini tapıb. Etibar Nəcəfov həmçinin ölkəmizdə milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən mühüm işlər gördüyünü qeyd edib.

Etibar Nəcəfov konkret faktlara istinad edərək bildirib ki, hazırda Azərbaycanda milli azlıqların dillərində 377 ibtidai və ümumtəhsil məktəbi fəaliyyət göstərir. Ölkədə 18 ümumtəhsil məktəbində tədris sırf rus dilində aparılır, 326 ümumtəhsil məktəbinin rus bölməsində isə 90 min şagird bu dildə təhsil alır. Bundan başqa, Azərbaycanda yəhudi, ləzgi, talış, avar, saxur, udi, kürd, xınalıq və digər azsaylı xalqların dillərində məktəblər fəaliyyət göstərir, eyni zamanda milli azlıqların öz dillərində tədris materialları ilə təmin olunması sahəsində dövlət tərəfindən məqsədyönlu işlər görülür. Dövlət səviyyəsində həyata keçirilən bu işlər də, heç şübhəsiz ki, milli azlıqların cəmiyyətə inteqrasiya proseslərinə müsbət təsir göstərir.

Biz azsaylı xalqların hüquqlarından danışdığımız zaman, ölkəmizin ərazisində məskunlaşan xalqların tarixini, mənşəyini, adət və ənənələrini də, dəqiq öyrənməli və tədqiq etməliyik ki, kimlərsə, bunda sui istifadə edə bilməsinlər. Bu məqsədlə də, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) "Qafqazın kilsələri" mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbirdə iştirak edən BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov "Qafqaz Albaniyasını öyrənirik" layihəsi çərçivəsində keçirilən tədbirin mövzusu barədə iştirakçılara məlumat verərək bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Qafqaz Albaniyasını öyrənirik" layihəsi Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı ölkə alimlərinin əldə etdikləri araşdırmaların nəticələrini geniş auditoriyaya çatdırmaq məqsədilə həyata keçirilir.  O qeyd edib ki, dünya alimlərinin ölkəmizə gəlişi, belə mövzularla bağlı tədqiqatların aparması, bizim üçün mühüm əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edən İlahiyyat Universitetinin rektoru Ceyhun Məmmədov tədbirin əhəmiyyətini, mövzunun günümüzün olduqca aktual məsələləri sırasında yer aldığını vurğulayaraq bildirib ki, Azərbaycan hökuməti belə məsələlərə həssas yanaşır və buna xüsusi önəm verir. Zaman-zaman ermənilər albanların tarixi varisləri olduqları barədə iddialar irəli sürüblər. Müstəqillik əldə etdikdən sonra aparılan araşdırmalar zamanı gürcülərin də, bu cür iddialar irəli sürdüyü ortaya çıxıb. Bu məsələ tam araşdırıldıqdan sonra məlum olub ki, Qafqaz albanları azərbaycanlılardır. Buna görə də, bu məsələyə olduqca diqqətli və həssas yanaşmaq lazımdır.

Daha sonra çıxış edən qonaqlar bildiriblər ki, Qafqaz Albaniyasının tarixinin araşdırılması işini daha çox azərbaycanlılar həyata keçirməlidir. Bu sahəyə xüsusi diqqət yetirilməli və məsuliyyətlə yanaşılmalıdır. Məruzəçilər Qafqazın müxtəlif kilsələri, tarixi-mədəni mühit, mənbələr, inkişaf mərhələləri, məbədlərin memarlıq tipləri və s. haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsidir, Azərbaycan ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalan tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir məsələdir.

Bütün qeyd olunanların nəticəsi kimi qeyd etmək vacibdir ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir dövlət olaraq, bu gün bütün sivil cəmiyyətlərin qəbul etdiyi və dəstəklədiyi multikulturalizm məkanıdır. Bu prosesin davam etdirilməsi üçün təkcə Azərbaycanın səyləri yetərli deyil. Buna görə də, bütün dövlətlər multikulturalizmin Azərbaycan modelini birgəyaşayışın ən mükəmməl forması kimi qəbul etməlidirlər.  

 

“Paralel”in Araşdırma Qrupu