Hərbi and.-2018.-6 iyul.-¹25.-S.5.

 

Azərbaycançılıq - istiqlal məfkurəsi

 

Ramilə Qardaşxanqızı

 

Azərbaycançılıq ideyası xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, onun kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər toplusudur ki, bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılığın əhatə dairəsini genişləndirir. İdeyanın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin üzvi şəkildə vəhdəti təşkil etsə də, bu ideologiya həm də dövlətimizin müstəqilliyini arzulayan, onun güclənməsini istəyən, bu yolda xidmət göstərən və eyni bayrağın kölgəsində qardaş olmağı bacaran insanları birləşdirir. Bu birlik üçün isə uzun müddət yol gəlmişik.

 

Azərbaycançılıq - dini və mifoloji aspektdə

 

Vətənçilik, türkçülük və islamçılıq tarixən Azərbaycan xalqının ideologiyasının dayaqları rolunu oynayıb. Vətənçilik bütün xalqlar və etnik qrupların demokratik birliyi, türkçülük dövlət siyasəti, islamçılıq inam, iman və əxlaqımızın təməli, şərqçiliyə bağlılığımızdır. Şərq tarixinin tədqiqatçısı İ.P. Petruşevski Səfəvilər sülaləsinin əslən Cənubi Azərbaycandan, Ərdəbildən ibarət olduğunu, Səfəviyyə sufi-dərviş təriqətinin irsi şeyxləri olduğunu yazırdı. İlk Səfəvi şeyxləri Ərdəbildə yaşayıb, onların doğma dili Azərbaycan dili olub. Şeyx Heydər zamanından Qızılbaş qaziləri döyüşə girərkən Azərbaycan dilində “Ey mənim rəhbərim və mürşidim, sənin uğrunda qurban gedirəm” sözlərini söyləyirmişlər. Şah İsmayıl Xətai tərəfindən ilk dəfə Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi isə onun dil və milli kimliyinə bağlılığını göstərirdi. Bundan başqa, qızılbaşların əsas qüvvəsi də dini ideologiya ətrafında birləşmək olub. Tarixçilər də məhz bu səbəbdən dini əsaslara söykənən ideologiyanı Ş.İ. Xətainin adı ilə bağlayıblar.

XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifəti ilə onun yanına göndərildiyini yazıblar. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı ilə Qədim Yunanıstanın miflərini və əsatirlərini uzlaşdıranda isə dinlə mifologiyanın azərbaycançılıq ideologiyası ilə əlaqəsi görünür.

Mədəni düşüncəmizin ümumdünya bədii təfəkkürü səviyyəsində formalaşmasında islam dininin rolu barədə tənqidçi-ədəbiyyatşünas Timurçin Əfəndiyev yazır ki, farsların, türklərin əsrlər boyu yaratdığı maddi-mənəvi mədəniyyət təcrübəsini təmkin və uğurla özündə sintez edən ümummüsəlman mədəniyyətinin gücü bir də bunda idi ki, onun arsenalında antik yunan incəsənəti və fəlsəfəsi dayanırdı. Müasirlərimizdən isə akademik Kamal Abdullanın üç hissədən ibarət “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud” əsərinin “Anavariantlara doğru” adlı ikinci bölməsində “Kitabi-Dədə Qorqud” dastanı ilə qədim yunan mifləri arasında təhlil olunan paralelləri uzlaşdıranda dastan qəhrəmanlarının antik mif qəhrəmanları ilə oxşarlığı, mifin cəzaları, atalar və oğullar problemi öz əksini tapır.

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100 il əvvəl

 

Ey Azərbaycan Türk Gəncliyi, sənin öhdəndə böyük bir vəzifə var, səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min əziyyətlə yüksəldərək dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz!

M.Ə. Rəsulzadə

 

XVIII əsrin ikinci yarısında Azərbaycanda (Quzey və Güney ərazilərlə birlikdə) 20-dən çox müstəqil xanlıqlar - feodal dövlətlər mövcud olub, lakin birləşərək böyük bir Azərbaycan dövləti qura bilməyiblər və bu səbəbdən XIX əsrin əvvəllərinə qədər Azərbaycanda məhz Azərbaycana məxsus ümumi ideologiya da formalaşmayıb. Müstəqil dövləti və ölkəsi olmayan Azərbaycan xalqı o dövrdə müstəqil ideologiyaya da malik deyildi. Türk xalqlarından ancaq “osmanlıların” müstəqil dövləti var idi. Digər əksər türk xalqları Rusiya imperiyası tərkibində çətin bir vəziyyətdə qalmışdı. Hətta türkçülüyün klassikləri belə siyasi tələblər qaldırmağa cəhd göstərmədən ancaq mədəni inkişafdan danışırdılar.

XIX əsrin əvvəllərində çar Rusiyasının İranla (Qacarlar dövləti) apardığı müharibələrdə (Gülüstan-1813 və Türkmənçay 1828 müqavilələri) Azərbaycan iki yerə parçalandı və bu parçalanma nəticəsində Azərbaycanın quzeyi çar Rusiyasının işğalı altında qaldı. XIX əsrin axırlarında isə türkçülük bir neçə türk ziyalısının çiyinləri üzərində dirçəlməyə başladı.

Qafqazda, o cümlədən Azərbaycanda aparılan ruslaşdırma və erməniləşdirmə siyasəti bir tərəfdən yerli əhalinin adət-ənənələrinə, dini, milli xüsusiyyətlərinə böyük zərbə vurur, başqa tərəfdən isə gələcəkdə daha böyük bir bəlanın, müharibə ocağının yaranmasına - Ermənistan dövlətinin qurulmasına rəvac verirdi. Xalqın öz milli kimliyini dərk edə bilməsi, azad olması, milli dövlətini yaratması üçün savaşmaq lazım idi. Beləliklə də, Azərbaycanın sosial-siyasi və ideoloji mühitində milli oyanış, milli özünüdərk daha güclü formalaşmağa başladı.

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə məhz sinfi, milli, irqi ayrı-seçkiliyə qarşı mübarizə apardı. Bu, onu beynəlmiləl sosial-demokratiya hərəkatına tərəf çəkir və həm də onun inqilabi dünyagörüşünü formalaşdırırdı. Sosial-demokratiya hərəkatının bolşevizmə transformasiyası isə M.Ə. Rəsulzadə və onun silahdaşlarını daha optimal istiqamətdə fəaliyyət göstərməyə sövq etdi. Çünki tezliklə məlum oldu ki, bolşeviklər, həm də onların sırasına qoşulan Azərbaycan bolşevikləri, Rusiya imperiyasında siniflərin bərabərliyi ideologiyasından çıxış etsələr də, mahiyyətcə həmin imperiyadan fərqlənməyən sərt bir unitar “rejimin” tərəfdarıdırlar. M.Ə. Rəsulzadənin uğrunda vuruşduğu amal isə daha böyük, daha möhtəşəm idi.

 

“Sizi bir insan olaraq vətən yaşadır. Sizin diliniz, sizin irz və namusunuz yenə vətəniniz içində salamat qala bilər”

 

M. B. Məmmədzadə

 

Hər bir millətin və dövlətin ana yurdu olduğu kimi, ana dili də olmalıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında publisist, ictimai xadim Mirzə Bala Məmmədzadənin rus imperializminə qarşı Azərbaycan davasını yürütməsi, çoxşaxəli publisistik, ədəbi-bədii, elmi-nəzəri yaradıcılığı da Azərbaycançılıq anlayışının formalaşmasına xidmət etdi. Azərbaycançılıq ideologiyasının tərkibi sayılan, ana dilimizdə “Azərbaycan tarixi” anlayışının elmi-nəzəri əsası, milli istiqlal məfkurəsinin mahiyyəti, səciyyəsi və qayəsi ilə bağlı konseptual məsələlər sistemi də onun əməyi nəticəsində ərsəyə gəldi. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranana qədər çar Rusiyası tərkibində olan Azərbaycanda mətbuat azadlığı yox idi. Buna görə də ana dilində yazıb oxumaq istəyən böyük maneələrlə qarşılaşır, qəzet və dərgilər ciddi senzuralara məruz qalırdı. Cümhuriyyət hökuməti isə mətbuat azadlığını milli şüurun, milli mədəniyyətin inkişafı üçün mühüm şərtlərdən biri hesab edirdi. Beləliklə, AXC hökumətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və KİV-in məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv edildi.

Azərbaycanın mütərəqqi maarifçi ziyalılarından biri olan Mirzə Fətəli Axundov da öz növbəsində bütün varlığı, düşüncə tərzi ilə Azərbaycan xalqının tərəqqi yollarını axtarır, bunun üçün bütün islam və xristian dünyasını öyrənərək təhlil və sintez etməkdən çəkinmirdi. Lakin bütün bunlara baxmayaraq XIX əsrin ortalarında M.F. Axundov tərəfindən qaldırılan və 1926-cı ildə Bakıda keçirilən birinci türkoloji qurultayın qərarı ilə rəsmiləşdirilən latın əlifbası məsələsi öz həllini tapmadı. 1939-cu ildə isə Azərbaycan xalqının milli iradəsi əleyhinə mərkəzdən çıxarılan xüsusi qərarla Azərbaycan dili yeni, kiril əlifbasına keçirildi.

XX əsrin əvvəllərində quzey Azərbaycanda mövcud olan sosial-siyasi və ideoloji mühitin formalaşmasına nəzər yetirəndə bu da məlum olur ki, o dövrdə çar Rusiyasının işğalı altında olan Azərbaycan xalqı, Azərbaycan türkləri azadlıq uğrunda dayanmadan mübarizə aparıb. Bu azadlığı əldə etmək, onu qorumaq, yaşatmaq üçün, xalqımız yadelli işğalçılara qarşı ölüm-dirim savaşı aparmalı, saysız-hesabsız şəhidlər verməli və bu mübarizədə öz milli varlığını qoruyub saxlamalı idi. XX əsrin sonlarına qədər bir çox milli əhəmiyyətli problemlər kimi latın qrafikalı əlifba məsələsi də aktuallığını itirməyərək həllini gözləyirdi. O məqama kimi gözlədi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi qətiyyəti öz bəhrəsini verdi. Ümummilli Lider tərəfindən 2001-ci ilin 18 iyul tarixində imzalanan fərman iki əsrə qədər yol qət edən problemi kökündən çözdü.

 

Toleralizm - multikultural mədəniyyət

 

Azərbaycançılığın şah damarı olan tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bu günkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. İstər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrildi, tolerantlıq və multikulturalizm ənənələri bərpa edildi. Heydər Əliyevin digər tarixi şəxsiyyətlərdən böyük fərqi ondan ibarət oldu ki, o, toleralizm fəlsəfəsini özündə daşıyan azərbaycançılıq ideyasını dövlət ideologiyasına çevirdi və bu günümüzə miras olaraq ötürdü. Bu gün ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri öz ana dillərində danışmaq, yazmaq və oxumaq ixtiyarına da malikdirlər.

Xatirələr: Kəndimizdə (Laçın-Cağazur 1992) tikilən “kazarma” yaxşı yadımdadır. Orda Sovet Ordusunun əsgərləri yerləşdirilmişdi. Guya bizə köməyə gəlmişdilər ki, torpaqlarımzı ona göz dikən, çəpərimizdən içəri daima tülkü kimi boylanan erməni tayfasından qoruyaq. Atam hardasa çox vaxtını onlara həsr edir, anam kündəni təndirə onları öz balalarından öncə düşünüb yapardı və çörəyin çoxunu elə isti-isti də müxtəlif millətlərdən olan o gənclərə paylayardı. Bir ailənin timsalında görsənən bu mənzərə bütöv bir millətin qanında var. Bizi bir qan, can, Azərbaycan olaraq tolerant, humanist, empatik və dostcanlı edən milli xüsusiyyətlərimizdir ki, bizdə Azərbaycançılıq ideyasını formalaşdırıb. Azərbaycançılığımız isə bizi dünya xalqlarından bu cür müsbət keyfiyyətlərimizə görə fərqləndirir. Hər nə qədər ikili standartlar varsa belə, dost da, düşmən də bunu bilir...