Paralel. - 2018.- 6 iyul. - ¹ 117. - S. 10.

 

Tolerantlıq Azərbaycanın ən böyük sərvətidir

 

"Azərbaycanın dövlət siyasəti olan dini dözümlük, milli-mənəvi dəyərlər, tolerantlıq nümunələri gənclər arasında geniş təbliğ olunmalıdır"

 

 Azərbaycanda multikulturalizmin, tolerantlığın və birgəyaşayışın bütün forma və metodlarının qorunub inkişaf etdirilməsində heç şübhəsiz ki, gənclərin də çox böyük rolu və töhfələri var.

Bu da səbəbsiz deyil, əgər gənclər ölkəmizin gələcəyidirsə, deməli, bu ölkədə əsirlərdən bəri qorunub saxlanan milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması vəzifəsi də, onların öhtəsinə düşür. Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, eləcə də Təhsil və Gənclər nazirlikləri kardinasiya olunmüş şəkildə birgə fəaliyyət göstərməlidirlər. Bu sahədə görülən işlər gənclər arasında milli-dini dözümlülük, tolerantlıq kimi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Yuxarıda qeyd etdiyimiz qurumlar gənclər arasında sülhsevərlik və humanizm dəyərlərinin təbliği istiqamətində bir sıra proqramlar həyata keçiriblər. Daha bir layihəyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "ASAN Könüllüləri" ilə birgə start verib.

 "Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi" Proqramı adlanan layihənin gerçəkləşdiriməsi, ölkəmizdə gənclərin bu mövzu ilə tanışlığı baxımından da, xüsusi əhəmiyyət kəsb edir. Layihə barədə danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanın dövlət siyasəti olan dini dözümlük, milli-mənəvi dəyərlər, tolerantlıq nümunələri gənclər arasında geniş təbliğ olunmalıdır. Çünki bu, əsrlərdən bəri formalaşan köklü bir ənənənin, qarşılıqlı hörmət və əməkdaşlığın mövcudluğunun gənclərə çatdırılmasıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən layihədən danışan Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Azərbaycanda dövlət və din münasibətləri ən yüksək səviyyədədir.

Paytaxt Bakını və regionları əhatə edən proqram çərçivəsində "Fotoqrafların gözü ilə dini tolerantlıq" mövzusunda fotosərgi keçirilib, həmçinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan "Şəhadət" filmi nümayiş olunub, bir sıra maarifləndirmə tədbirləri həyata keçirilib.

 Belə tədbirlərdən biri də, Biləsuvar rayonunda keçirilib. Biləsuvar rayonunun Gənclər və İdman İdarəsi "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.1.6. bəndinin icrası məqsədilə rayonun Heydər Əliyev Mərkəzində "Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gənclərin səfərbər edilməsi, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi" mövzusunda toplantı keçirib.

 Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov toplantının əhəmiyyəti və mövzunun aktullağı barədə gənclərə ətraflı məlumat verib. Toplantıda çıxış edən qonaqlar hazırda respublikamızda dövlət siyasətinə çevrilən "İslam həmrəyliyi" ideyası, onun mahiyyəti və müasir beynəlxalq aləmdə bu sahədə görülən işlərə münasibət barədə məlumat veriblər, 2017-ci ilin məhz "İslam Həmrəyliyi ili" elan olunmasının təsadüfü olmadığını və bu ideyanın dünyada dinlərarası dialoqa böyük töhvə verdiyini qeyd ediblər.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrdə olduğu kimi, multikulturalizm və tolerantlıq sahəsinə göstərdiyi davamlı diqqət və qayğı nəticəsində ölkəmizdə din dəyərlər, dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb. Təsadüfi deyil ki, bu gün istənilən dinlərin nümayəndələri ölkəmizdə sərbəst şəkildə öz dini ayinlərini həyata keçirir, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və dövlət qurumlarında təmsil olunurlar. Təbii ki, ölkəmizdə mövcud olan bu vəziyyət, mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

Qəbul edilən və növbəti 5 ildə gənclər sahəsində dövlət siyasətini müəyyən edən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramında "Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi" bəndinin yer alması, Azərbaycanda ölkə siyasətinin tolerantlıq, dialoq mühitinin gücləndirilməsi, gənclərin hüquqlarına riayət olunması, çağdaş dəyərlərin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslandığını bir daha sübut edir. Bunun nəticəsidir ki, bu gün istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda olan bir çox insanlar, Azərbaycanda mövcud olan tolerantlıq prinsiplərinin dövlət səviyyəsində qorunub inkişaf etdirildiyini açıq etiraf edirlər. Heç şübhəsiz ki, Şərq ilə Qərb arasında təkcə coğrafi körpü deyil, həm də mədəniyyət körpüsü olan Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkandır. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri bu ölkədə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Dini dözümlülük və multikultural mühit bu diyarda hər zaman mövcud olub. Bu, Azərbaycanın ən böyük sərvətidir. Bu fikirləri İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq əlaqələr üzrə tanınmış ekspert Arye Qut Azərbaycan mətbuatına açıqlamasında dilə gətirib.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunmasının əhəmiyyətini qeyd edən Arye Qut qeyd edib ki, BMT-nin Sivilizasiyalar Alyansının növbəti Qlobal Forumunun, məhz Azərbaycanda keçirilməsini Odlar Yurdunun beynəlxalq miqyasda geosiyasi uğuru kimi qiymətləndirmək lazımdır.

O həmçinin qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra baş verən hadisələr Azərbaycanda dini və tolerantlıq ənənələri üçün ən ciddi sınaq oldu. Həmin dövrdə Azərbaycan ərazisinin 20 faizini işğal edən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək Azərbaycanı bir milyon qaçqın, məcburi köçkün problemi ilə üz-üzə qoydular. Ermənilər tərəfindən dinc əhalinin qətlə yetirilməsinə və doğma yurdlarından qovulmasına baxmayaraq, bütün xalqların dinc yanaşı yaşamaq prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti olaraq qaldı. Hətta Dağlıq Qarabağda müharibə başlayandan 25 il sonra da, Azərbaycan cəmiyyəti dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməklə yanaşı, onu qoruyur və inkişaf etdirir.

Tanınmış ekspert vurğulayıb ki, İsrail dövləti Azərbaycanda yəhudilərə göstərilən tolerant münasibəti yüksək qiymətləndirir. İki ölkə arasında dərin hörmət və əməkdaşlıq ənənələri, nümunəvi münasibətlər mövcuddur. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. Regionda ilk yəhudi muzeyinin inşası da planlaşdırılır. Qafqazda, yalnız Azərbaycanda "İvrit dilinin tədris mərkəzi" fəaliyyət göstərir. Bu da onun göstəricisidir ki, multikulturalizm Azərbaycanda sözdə deyil, əməldədir. Ölkəmizin Quba rayonunda yerləşən Qırmızı Qəsəbə Azərbaycanın fəxridir. Qubada müsəlmanlarla yəhudiləri bağlayan bir amil də 1918-1919-cu illərin faciəli hadisələridir. Bu hadisələr zamanı Ermənistanın millətçi "Daşnaksütyun" partiyasının üzvləri bu ərazidə yaşayan minlərlə dinc yəhudiyə, azərbaycanlılara və digər azsaylı xalqların nümayəndələrinə divan tutublar.

Bakıda təşkil edilən Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edən Arye Qut qurultayın böyük uğurla keçdiyini dilə gətirib. O, Prezident İlham Əliyevin qurultayın açılış mərasimindəki proqram xarakterli nitqində Azərbaycan diasporu qarşısında bir sıra mühüm vəzifələr qoyduğunu diqqətə çatdırıb: "Prezident haqlı olaraq qeyd etdi ki, xaricdəki azərbaycanlılar yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olmalı və Azərbaycanı ləyaqətlə təmsil etməlidirlər. Dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha çox olmalıdır. Azərbaycanlıların müxtəlif dövlət və qanunvericilik orqanlarında lazımi səviyyədə təmsil olunmaları istiqamətində hələ çox işlər görülməlidir".

Azərbaycan həqiqətlərini dünyaya çatdırılması istiqamətində fəaliyyətini davam etdirən ekspert gələcək planlarından da danışıb: "Bu ilin sentyabrında Akko şəhərində biz "Azərbaycan evi"ni açmağa hazırlaşırıq. "Azərbaycan evi"nin yerləşdiyi küçəyə İsrail-Azərbaycan dostluğunun əsl simvolu, Qarabağ döyüşlərində şəhid olmuş yəhudiəsilli Azərbaycan oğlu Albert Aqarunovun adının verilməsi nəzərdə tutulur. Bu işdə Azərbaycanın dağ yəhudisi diasporunun rəhbəri Şirin Mexamye Mikayılın və Akko şəhərinin meri Şimon Lankın köməyi xüsusi qeyd olunmalıdır.

Bunu da diqqətinizə çatdıraq ki, Akko sakinlərinin 15 faizə yaxını Azərbaycan əsilli yəhudilərdir və onların hər biri Albert kimi doğulduqları vətən üçün canlarından keçməyə hazırdırlar. Onlar Azərbaycan dilini unutmurlar, evdə özləri də, uşaqları da Azərbaycan dilində danışırlar. Akkoda küçədə gedərkən Azərbaycan dilində danışıqları eşidəndə elə bilirsən ki, Bakıda və ya Azərbaycanın hər hansı bir regionundasan.

İsraildə "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının rəsmi əlaqələndiricisi olan Arye Qut Xocalı həqiqətlərinin yayılması ilə bağlı xeyli iş gördüklərini, bu istiqamətdə fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini xüsusi qeyd edib.

 

 

 “Paralel”in Araşdırma Qrupu